"Seminar xatirələrindən"
Bir dəfə seminarlarımızın birində maraqlı bir mövzunu müzakirə edirdik. İştirakçıların əksəriyyətini gələcək tarixçi, filoloq, iqtisadçı və digər ixtisasa yiyələnməkdə olan tələbələr təşkil edirdi. Bu dəfəki müzakirəmizin mövzusu; “gələcəkdə kim olacağam deyil, kim olmaq istəyirdim”- idi.
İnanmayacaqsınız, (amma əslində inanacaqsınız, çünki sizlə eyni cəmiyyətdə yaşayırıq) iştirakçıların əkəriyyəti “mən polis olacaqdım, lakin uğursuz alındı” etirafını edərək məyusluqla cavab verirdilər. Gələcəyin tarixçisi, filoloqu, bioloqu, iqtisadçıları bu ixtisaslara doğru getdikləri yolda yol polisi ola bilmədikləri üçün məyusluq hissi yaşayırdılar.
Mənim üçün ictimaiyyətin müsbət inkişafına xidmət edən bütün peşələr şərəflidir. Yol Polisi də, müəllimi də, həkimi, iqtisadçısı, dülgəri də və s... Lakin artıq müəllim, həkim, iqtisadçı təhsili almaqda olan bir gənc, niyə daha yüksək dəyərə malik olan peşəni deyil, yol polisi olmaq arzusunda olmalıdır. Öz peşəsinin çətinliyimi onu narahat edir? düşünmürəm. Düşünmürəm ki, yayın istisində, qışın soyuğunda səhərdən axşama qədər yol kənarında dayanaraq vəzifə borcunu yerinə yetirən yol polisi peşəsi asan olsun. Yoxsa, başqa səbəb var? Axı hardandır bizdə insanları cərimələməkdən, tutmaqdan zövq almaq sevgisinin mənbəyi?
Siz nəvaxtsa bir gəncin kitabxanaçılıq ixtisasından məmnunluq duyduğunu görümüsünüz? Mənim belə bir hala rast gəldiyim xatirimdə deyil. Hər gün kitablar arasında olmaq, oxuculara kitab seçimində kömək etmək kimi bir hissi isə duya bilirəm. Şəxsən mən dünyadan müvəqqəti ayrılmaq istəyəndə mütləq kitabxanaya gedirəm. Hüzur verən abu havasından, qoxusundan belə həzz alıram. Kitabxana əməkdaşlarının çöhrəsində mistik dünyanın insanlarının məchul cizgiləri var. Uşaqlıqda kitabxana işçilərini görəndə mənə elə gəlirdi ki, onlar kitabxanada yaşayırlar, kitablarla əhatələnmiş bu divarların çölündəki dünyadan xəbərləri yoxdur, kitablardakı qəhrəmanları, müəllifləri şəxsən tanıyırlar. Onlar Tolstoy, Lermantov, Sartır, Nəcib Məhfuzun yaxınları, qohumları, doğmalarıdırlar. Kitabxana əməkdaşları mənim gözümdə kitab kimi dolu insanlar idi, bu dünyanın adamları deyildi (elə indi də belə düşünürəm).
Amma və lakin seminarda bir gəncin “mən kitabxanaçı olmaq istəyirdim, amma uğursuz oldu” kimi etirafını eşitmədim. İlk baxışdan bu hal bizə adi, maraqsız gəlsə də bu kiçik problemin altında böyük vulkanlar yatır. Və bizə məlum olmayan günlərin birində bu vulkan, öz isti alov dilimləri ilə ona yaxın olan hər kəsi yandırmadan sovuşmayacaq. İntellektual cəmiyyətin hər bir fərdi mütləq intellektli olmalıdır ki, o cəmiyyətdə hüzur, sakitlik, əminamanlıq hökm sürsün. İntellektual cəmiyyət müxtəlif alətlərdə eyni notlara, eyni anda, vaxtında, gecikmədən toxunan böyük bir orkestri xatırladır. Kiçik bir axsama, kiçik bir gecikmə ahəngi pozacaq, mənanı itirəcək, gözəlliyi məhv edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət