İnsan beynini imitasiya edən ən böyük superkompüter işə salınıb
İnsan beynini imitasiya edən “Spiking Neural Network Architecture” (SpiNNaker) superkompüteri saniyədə 200 milyondan çox əməliyyat yerinə yetirir. Onun hər mikrosxemi 100 milyon oynaqlı detalla təchiz edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, superkompüter yaradıcıları konsepsiyanın hazırlanmasına 20 il, yığılmasına 10 il, xərclərinə isə 15 milyon funt-sterlinq sərf ediblər. Əvvəlcə Britaniyanın Mühəndis və Fizika Elmləri üzrə Tədqiqat Şurası (Engineering and Physical Sciences Research Council - EPSRC) tərəfindən maliyyələşdirilən layihəni hazırda Avropanın “Human Brain Project” (HBP) layihəsi dəstəkləyir. Superkompüter ilk dəfə noyabrın 2-də işə salınıb.
Məlumata görə, Mançester Universitetinin informatika məktəbinin hazırladığı və yığdığı “SpiNNaker” real vaxt rejimində digər kompüterlərlə müqayisədə daha çox bioloji neyron modelləşdirə bilir.
Superkompüter adi kompüterlərdən fərqli olaraq standart şəbəkə vasitəsilə A məntəqəsindən B məntəqəsinə iritutumlu informasiya ötürməməsinə görə unikaldır. O, bunun əvəzinə, böyük paralelli kommunikasiya arxitekturasını imitasiya edərək eyni anda minlərlə müxtəlif istiqamətdə kiçik həcmli informasiya ötürür.
Bildirilir ki, kompüter yaradıcıları real vaxtda 1 milyardadək bioloji neyron modelləşdirmək niyyətindədirlər. Müqayisə üçün qeyd edək ki, siçan beyini təxminən 100 milyon, insan beyini isə 1000 dəfə çox neyrondan ibarətdir. Bir milyard neyron təxminən 1 kvadrilyon (15 sıfır vahidi) sinapsla bir-biri ilə sıx birləşmiş 100 milyard neyrondan ibarət insan beyninin miqyasının 1 faizini təşkil edir.
Beyin fəaliyyətini imitasiya edən 1 milyon nüvə prosessoruna malik kompüter ilk növbədə neyrobioloqlara bu orqanın necə işləməsini daha yaxşı anlamağa kömək edir. O, bunu real vaxt rejimində digər kompüterlərin bacarmadığı irimiqyaslı simulyasiyalar etməklə həyata keçirir.
“SpiNNaker”, həmçinin “SpOmnibot” robotunun idarə edilməsi üçün tətbiq edilib. Robot real vaxtda vizual informasiyanın interpretasiyası və müəyyən obyektlərə istiqamət üzrə naviqasiya üçün superkompüter sistemindən istifadə etməklə digər obyektləri nəzərə almır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət