Slimfit
  1. DÜNYA

İngiltərə

İngiltərə
Sakura

İngiltərə

İngiltərə (ing. England) — Böyük Britaniya krallığına daxil olan tarixi və inzibati ərazi, Böyük Britaniya adasının cənub hissəsində yerləşir. Paytaxtı Londondur. Kraliçaları II Elizabetdir. Rəsmi dili ingilis dilidir. Əsas əhalisi ingilislərdir.

 

Tarix

Antik era

Stounhenc abidəsi.

İngiltərə tarixinin ən qədim abidələrindən sayılan Stounhencidir. Alimlərin fikrinə görə, bu abidə günəş şüasının düşmə dərəcəsini ölçür.

 

Feodal era

XI-XV əsrlər

1066-cı ildə Normandiya hersoqu Vilhelm İngiltərəni işğal etdi. Beləliklə, İngiltərədə mərkəzləşmiş dövlət yaradılmasının başlanğıcı qoyuldu. O, La-Manşı keçdi. Hastinqs vuruşması başlandı. Vilhelm hiyləyə əl atdı. O, qoşununu geri çəkdi. Vilhelmin atlı qoşunu hücuma keçib anqlo-saks qoşunlarına qalib gəldi, döyüşdə anqlo-saks kralı öldürüldü. London tutuldu, Vilhelm Fateh adı ilə İngiltərənin kralı oldu. Yerli feodalların torpağını öz vassallarına payladı. İngiltərə torpağının yeddidə birini özünə götürdü. Nəticədə İngiltərədə kral hakimiyyəti gücləndi və mərkəzləşmiş dövlətin əsası qoyuldu.

XII əsrdə İngiltərə kralı II Henrixin islahatları kral hakimiyyətini daha da gücləndirdi. İslahata əsasən hər bir azad adam yerli feodalı xəbərdar etmədən birbaşa kral məhkəməsinə müraciət edə bilərdi. İstintaqı 12 yerli sakin aparırdı. Onlar düzgün istintaq aparmaq üçün Bibliyaya and içirdilər. İstintaqın nəticəsi kral məhkəməsinə təqdim edilirdi. Beləliklə, demokratik dövlətlərdə olan andlı məhkəmələr yarandı. XII əsrdə kralın hərbi yürüşlərində iştirak etməyə məcbur olan cəngavərlər sonralar krala «qalxan pulu» adlanan xüsusi haqq ödəyirdilər. Kral bu pulla daimi nizami muzdlu ordu saxlayırdı.

1265-ci ildə İngiltərədə ilk dəfə parlament (fransızca «danışmaq» deməkdir) çağırıldı. XIV əsrdə parlament lordlar (ağalar) və nümayəndələr palatasına bölündü. Lordlar palatasına yepiskoplar, abbatlar, feodallar daxil idi. Nümayəndələr palatasına hər qraflıqdan iki cəngavər, hər iri şəhərdən iki şəhərli seçilirdi.

İngiltərə cəngavərləri ilə şəhərliləri arasında Fransada olan silklər arasındakı kimi kəskin ziddiyyətlər yox idi. Buna görə də nümayəndələr palatası razılıq verməsə, hər hansı bir vergi toplanınası barədə heç bir qanun qəbul edilə bilməzdi. İngiltərə parlamenti dövlət işlərinə Fransa Baş Məclisinə nisbətən böyük təsir göstərirdi. Bunun səbəbi silklər arasında barışmaz ziddiyyətlərin olmaması idi. Fransada olduğu kimi, XIII-XIV əsrlərdə İngiltərədə də mərkəzləşdirilmiş dövlət möhkəmləndi. Bu dövlət formaca silki mütləqiyyət idi.

 

Al qızılgül və ağ qızılgül müharibələri

Yüzillik müharibədən sonra İngiltərənin daxilində iki əyan nəsli və onların tərəfdarları arasında hakimiyyət uğrunda müharibə başlandı. Müharibə 30 il (1455-1485) davam etdi. Onlardan birinin gerbində al qızılgül, o birinin gerbində isə ağ qızılgül olduğuna görə bu müharibəni al qızılgül və ağ qızılgül müharibələri adlandırırdılar. Bu müharibələrdə əyanlar, demək olar ki, bir-birini qırıb qurtardılar. Vuruşan əyan nəsillərindən birinin nümayəndəsi olan VII Henrix Tüdor (1485-1509) qalib gəldi və Tüdor sülaləsi (1485-1603) hakimiyyəti başlandı. XV əsrin sonu - XVI əsrin əvvəllərində İngiltərədə kral hakimiyyəti xeyli gücləndi.

 

XVI-XVII əsrlər

XVI əsrdə mahud istehsalı kəndlərdə də yayılırdı. Varlı adamlar yunu və dəzgahı kəndlilərə verir, kəndli istehsal etdiyi mahudu ancaq ona qaytarırdı. Varlı adamlar ustaları kənddə bir emalatxanaya toplayırdılar. Beləliklə, usta kəndlilər indi varlı adamların düzəltdiyi emalatxanada muzdla işləyirdi. Emalatxanın sahibinə kapitalist, işçiyə isə muzdlu fəhlə deyilirdi. Bu cür emalatxanalar kapitalist manufakturası adlanırdı. Sənətkarlar manufakturalarda işləməyə başladılar. Yoxsullar, şagirdlər və usta köməkçiləri manufakturada muzdlu fəhləyə çevrildilər.

1549-cu ildə çəpərləməyə qarşı İngiltərənin şərqində — Norfolk qraflığında xırda mülkədar Robert Ketin başçılığı ilə kəndli üsyanı başladı. Kəndlilər qraflığın paytaxtı Norviç şəhəri yaxınlığındakı meşədə məskən saldılar. Şəhərlilər də onlara qoşuldular. Üsyançılar Norviç şəhərini ələ keçirdilər. Kəndlilər 29 maddədən ibarət tələb hazırladılar. Onlar çəpərləmələrin dayandırılmasını, iri torpaq sahiblərinin icma örüşlərindən istifadə etmələrinin qadağan olunmasını və s. tələb edirdilər. Lakin kəndlilərin bu tələbi qəbul edilmədi. Üsyan məğlub oldu. Robert Ket edam olundu. Çəpərləmə davam etdi.

 

İngiltərənin dəniz ticarəti və müstəmləkələr uğrunda mübarizəsi

I Elizabet — Tüdorlar sülaləsinin sonuncu nümayəndəsi.

XVI əsrin əvvəllərində dünya okeanlarında ağalıq uğrunda İngiltərə və İspaniya mübarizə aparırdı. Dəniz ticarətində İngiltərənin əsas rəqibi İspaniya idi. İspaniya başqa ölkələrin onun müstəmləkələrində ticarət aparmasını qadağan etmişdi. İngiltərə hökuməti bununla razılaşmadı. Elə buna görə də, İngiltərə dəniz quldurları İspaniya müstəmləkələrində, İspaniya sahillərində quldurluğu genişləndirdilər. İngiltərə kraliçası I Elizabeta Tüdor(1558-1603) ticarət və gəmiçiliyi, dəniz quldurluğunu əl altdan (gizli) müdafiə edirdi. O, İngiltərənin qüdrətli donanmasını yaratdı, dəniz quldurlarına kral donanmasının admiralı rütbəsini verdi.

İngiltərədə dəniz quldurluğu çox zaman qul alveri ilə birləşirdi. Gəmi sahibi Con Hokins London varlılarının köməyi ilə Afrikaya ekspedisiya təşkil etdi. Kraliça ona iki hərbi gəmi vermişdi. O, Afrikada 500 qul alıb İspaniyanın müstəmləkələrində satmaq istədi. Lakin ispan qubernatoru qul satmağa icazə vermədi. Hokins toplardan atəş açdı, qubernator qul satışına icazə verməyə məcbur oldu. Bu «qəhrəmanlığa» görə I Elizabeta Tüdor ona cəngavər rütbəsi verdi.

1588-ci ildə ispanlar 130 yelkənli gəmi və 20 min əsgərlə Temza çayının dənizə tökülən hissəsinə yaxınlaşdılar. İspanlar öz donanmalarını «məğlubedilməz Armada» adlandırırdılar. Armada böyük donanma deməkdir. 1588-ci ildə İngilis gəmiləri La-Manş boğazında ispan gəmilərinə hücum etdilər. 2 həftə davam edən döyüşdə ingilislər qalib gəldilər. İngilislər abordaj döyüş qaydasından istifadə etdilər. Abordaj gəmi bortu deməkdir. Döyüş zamanı düşmən gəmisi əks tərəfin gəmisinə yanaşır, qarmaqla onu öz gəmisinə bağlayır və düşmən gəmisinə keçib vuruşur. İspan gəmiləri Şimal dənizinə sıxışdırıldı. Qayalara dəyən gəmilər məhv oldu. Beləliklə, 1588-ci ildə İngiltərə-İspaniya müharibəsi nəticəsində İspaniyanın dəniz qüdrəti sarsıldı, dənizlərdə hökmranlıq tədricən İngiltərənin əlinə keçdi.

 

İngiltərənin ilk müstəmləkələri

İspaniyanın məğlub edilməsi ingilislərin yeni müstəmləkələr ələ keçirməsini asanlaşdırdı. 1607-ci ildə ingilislər Şimali Amerikanın şərq sahillərində özlərinin ilk müstəmləkəsi olan Virciniyanın əsasını qoydular. Buranın yerli əhalisi ingilisləri dostcasına qarşıladı. Lakin az sonra ingilislər onlara divan tutmağa başladı və bütöv tayfaları məhv etdilər.

İngilislər portuqaliyalıları Asiyada sıxışdırmağa başladılar. 1600-cü ildə yaranmış Ost-Hind şirkəti Böyük Moğol hökmdarından Hindistanda gömrüksüz ticarət etməyə icazə aldı.İngilis burjuaziyası öz ölkəsinin zəhmətkeşlərini istismar etmək, dəniz quldurluğu, çəpərləmələr, qul alveri, müstəmləkələri talamaq yolu ilə böyük sərvət topladı. Həmin sərvəti iri müəssisələr tikməyə sərf etdilər.

 

XVII əsr İngiltərə burjua inqilabı

Burjua inqilabı ərəfəsində Avropada başlıca rəqabət İngiltərə ilə Fransa və İngiltərə ilə İspaniya arasında gedirdi. Məlum olduğu kimi, XVI əsrin II yarısında Fransa kralı XII Lüdovikin Avropa diplomatiyası bilavasitə İngiltərənin maraqlarına toxunurdu. Lakin “məğlubedilməz armadanın” süqutundan sonra İngiltərənin Avropa siyasətində rolu artdı. Belə ki, “məğlubedilməz armadanın” aradan qaldırılması sonrakı 400 illik dövr ərzində İngiltərənin xarici siyasətində 'kredo' olan belə bir fikrin formalaşmasına səbəb oldu ki, ayrılıqda götürülmüş ingilis donanması 2 güclü Avropa dövlətinin donanmasının gücünə bərabər olmalıdır.Yalnız 1921-22-ci illər Vaşinqton konfransından sonra həmin qayda nisbi dəyişikliyə məruz qaldı.

Tüdorların xarici siyasət xətti XVII yüzilliyin əvvəlləri üçün İngiltərənin dəniz gücünün olduqca artmasına səbəb olmuşdu ki, sonrakı geosiyasət nəzəriyyəçiləri bunu İngiltərənin varlanmasının başlıca faktoru kimi qeyd edirdilər. Stüartlar sülaləsi hakimiyyətə gəldikdən sonra 1603-1614-cü illər arasındakı dövrdə 6 beynəlxalq şirkət təsis olunmuşdu ki, bunlar Qvineyadan Cənub-şərqi Asiyayadək müxtəlif ərazilərə yayılmışdı. İngiltərənin sürətlə varlanması gedişində Siti bankların dövlət siyasətinə təsiri güclənmişdi. Bu bankın ən güclü bankirlərindən biri Pimi kral Pim adlandırırdılar ki, bu şəxs parlament müxalifətinin başında dururdu.

Oliver Kromvel — Burjua İnqilabının başçısı.

1637-ci ildə Şotlandiyada üsyan başladıqdan sonra kral I Karlvəsait əldə edib üsyanı yatırmaq üçün 1640-cı ilin aprelində yenidən parlament çağırmağa məcbur oldu. Lakin cəmi üç həftədən sonra buraxıldığı üçün Qısamüddətli parlament adı ilə tarixə daxil oldu. Ölkədə mütləq monarxiyaya qarşı genişlənən siyasi mübarizə tezliklə I Karlı geri çəkilməyə vadar etdi. Şotland üsyanının yatırılması məsələsində kral parlamentdən dəstək qazana bilmədi. Çünki yeni vergilərin təyin olunması məsələsinə parlament razılıq vermədi.

Şotland üsyanı İngiltərəyə iki tərəfdən ciddi zərər verdi:

  • İngiltərə diplomatiyasının Avropa siyasətində mövqeləri zəiflədi.
  • İkincisi, Şotland üsyanı İngiltərə puritanizminin güclənməsinə ciddi şəkildə start verməklə hakimiyyət elitasında bir sıra dəyişikliklərin əsasını qoydu. Tori və viqlərin yerində yeni parlament partiyaları olan independentlər və presvetrianlar formalaşmağa başladı.

Müharibənin gedişində Oliver Kromvelin hərbi istedadı parladı. Orta zadəgan ailəsində doğulmuş Kromvel tezliklə independentlərin liderinə çevrildi və ordunu yenidən qurmağa müvəffəq oldu. 1644-­cı ildə Marston-Mur döyüşündə parlament ordusu ilk böyük qələbə çaldı. Bu döyüşdən sonra Kromvelin əsgərləri “dəmirböyürlü” adlanmağa başladı. Orduda əvvəlcə 22 min, sonradan 70 min döyüşçü var idi. Baş komandan Tomas Ferfaksın başçılığı altında 1645-ci il iyunda Neyzbi döyüşündə parlament ordusu tam qələbə çaldı. 1646-cı ilin yazında Kral Şotlandiyaya qaçmağa məcbur oldu, onlar isə kralı pulla parlamentə satdılar. Royalistərin sonuncu istingahları 1647-ci ilin martında süqut etdi.

İngiltərə tarixinin 1649-1653-cü illər dövrü I respublika (İndependent respublikası), 1659-1660-cı illər dövrü isə II respublika dövrü kimi səciyyələnir. Birinci respublikanın dövründə xarici siyasət məsələləri tam şəkildə Kromvelin əlində cəmləşmişdi. Onun Avropa siyasətində üç ölkə: Fransa, İspaniya və Hollandiya mühüm yer tuturdu. Kromvel Hollandiyadan İngiltərəyə ilhaq olunmağı tələb edirdi. İspaniyadan isə inkvizasiyaya son qoyulmasını və Amerika qitəsi ilə ticarətə başqa ölkələrə, o cümlədən dəİngiltərəyə də imkan yaradılmasını tələb edirdi.

İngiltərə burjua inqilabının 1653-1659-cu illər dövrü Kromvel protektoratlığı dövrü adlanır. 1653-cü il 16 dekabrda Kromvel respublikanın lord-protektoru (müdafiəçisi) elan olundu. Respublikanın konstitusiyası qəbul edildi. Ölkə başında general-mayor dayanan dairələrə bölündü. Respublikanı Dövlət Şurası və parlament idarə edirdi. 1657-ci ilin mayında protektorluq irsi elan edildi və lordlar palatası bərpa edildi. 1658-ci ilin payızında Kromvelin ölümündən sonra 1658-1959-cu illərdə oğlu Riçard Kromvel lord -protektor oldu.

İngiltərə burjua inqilabının qələbəsi İngiltərənin dünya birinciliyi yoluna çıxmasını təmin etmişdi. İngiltərə tarixşünaslığı belə bir məsələdə həmrəydir ki, XVII əsrin sonları üçün inqilabdan sonra keçən 40 il ərzindəİngiltərə dünyanın ən böyük müstəmləkə dövlətinə çevrildi.

 

Şotlandiya ilə İngiltərə ittifaq bağlanması

Şotlandiya ilə İngiltərə krallarının eyni olmasına qarşı ayrı parlamentlərə sahib olmağı bir əsr daha davam etdirdilər. Amma Kral Ceyms Şotlandiya parlamentinin və kilsəsinin, 5-ci Ceyms dövründə qazandığı azadlığa icazə vermədi.

XVIII əsrə daxil olarkən İngiltərənin və Şotlandiyanın bəzi ortaq məqsədləri var idi. Hər ikisi də protestant bir kral istəyirdi və hər ikisi də Fransanı ölkələri üçün təhlükəli görürdü. 1702-ci ildə Uilyam və Merinin yerinə taxta keçən Kraliça Anna 1706-cı ildə iki krallığı birləşdirmə planını reallaşdırmaq üçün İngiltərə və Şotlandiyadan nümayəndələr təyin etdi. Əldə olunacaq razılığa görə, birləşən iki krallıq tək bayraq altında və tək bir parlamentlə idarə olunacaqdı. Hər kəs ticarətdə bərabər haqlara sahib olacaq, eyni vergiləri ödəyəcəkdi. Şotlandiya öz kilsəsinə, məhkəmələrinə və xüsusi qanunlarına sahib olmağı davam etdirəcəkdi. Şotlandiyaparlamenti bu təklifləri Birləşmə Aktı adı ilə qəbul etdi. Daha sonra İngiltərə parlamenti də eyni qanunu qəbul etdi. Beləliklə, 1 may 1707-ci ildə İngiltərə və Şotlandiya “Birlik sazişi” imzalayaraq, Birləşmiş Krallıq adı ilə tək bayraq altında birləşdi. [1][2] Bu zaman Birləşmiş krallıq ilə İspaniyaarasında Amerika uğrunda gərgin vəziyyət var idi. XVIII əsrin əvvəllərində Karib dənizi hövzəsinde mübarizəyə başlayan Britaniya ve İspaniyaimperiyaları müharibə üçün səbəb axtarırdılar. Bunu üçün uyğun səbəb də tapıldı: 1738-ci ildə ingilis matrosu Bob Cenkins hansısa səhvinə görə ispaniyalı kapitanın onun qulağını kəsməsindən parlamentə şikayətləndi. İspan gəmisindəki xidmətindən sonra 7 il ərzində qulağını qoruyub saxlayan ingilis dənizçi onun nə vaxtsa, yerinə tikiləcəyinə ümid bəsləyirdi. Sonda parlament ingilis təbəəsinin 7 il əvvəl kəsilən qulağına görə İspaniyaya müharibə elan etdi. 1739-1742-ci illər Britaniya-İspaniya müharibəsi buna görə tarixə “Cenkinsin qulağına göre müharibə” adı ile daxil oldu. Lakin 3 illik qanlı müharibədə qalib olmadı və tərəflər əvvəllki mövqələrində qaldılar.

 

Müasir dövrü

19-cu əsr

19-cu əsrin birinci yarısında İngiltərədə kapitalizmin inkişafı Avropanın başqa ölkələrinə nisbətən sürətlə gedirdi. 19-cu əsrin ortalarında fabriklər üçün lazım olan mexanizmlər, dəzgah və maşınların özləri də maşınlar vasitəsilə istehsal olunmğa başlayırdı. Bu, artıq sənaye çevrilişinin başa çatması demək idi. Maşınlar əl əməyini, eləcə də iri müəssisələr xırda müəssisələri sıxışdırıb aradan çıxarırdı. Istehsal təmərküzləşirdi. Ingiltərə burjiasiyasının dünya bazarlarında rəqibi yox idi. O dövrdə maşınları yalnız İngiltərə ixrac edirdi. Ingiltərə “dünyanın emalatxanası” rolunu oynayırdı. Nəqliyyatın yeni növü olan parovozlu dəmir yolların çəkilişinə təlabat artmışdı. 1825-ci ildə İngiltərədə dünyada ilk dəmir yolu çəkilmişdi. Dəmir yolların çəkilişi metallurgiyanın inkişafına təkan verdi. İlk paroxodlar ABŞ-da meydana gəlsə də, bunlardan əsasən, ingilis gəmi sahibləri istifadə edirdilər. Çünki onlar Amerika gəmi sahiblərindən daha varlı idilər və yelkənli gəmilərin paroxodlarla əvəz edilməsinə iri məbləğdə pul xərcləyə bilirdilər. Buxarla işləyən gəmilərdən ibarət güclü ticarət donanmasının və hərbi donanmanın yaradılması İngiltərənin “dəniz hökmdarı” mövqeyini daha da gücləndirmişdi.

1825-ci ildə İngiltərədə dünyada ilk dəfə olaraq istehsalın bütün sahələrini bürüyən iqtisadi böhran baş verdi. Parlament 1824-cü ildə həmkərlar ittifaqlarını qadağan edən qanunu ləğv etdi. Peşəkar fəhlə ittifaqları olan tred-yunionlar (ingiliscə-peşə və ittifaq sözlərindəndir, peşələrə görə ittifaq deməkdir) yaradıldı. Tred-yunionlar fəhlələrin mənzil və iş şəraitinin yaxşılaşdırılması və əmək haqqının artırılması uğrunda leqal mübarizəyə başladılar.

Burjuaziyanın qətiyyətli tələbi ilə 1832-ci ildə I parlament islahatı keçirildi.İslahata görə "Çürük yerlər"in bir çoxu ləğv edildi.Sənaye şəhərləri parlamentə deputat göndərmək hüququ qazandılar.Bununla da,sənaye burjuaziyası hakimiyyətdə təmsil olunmağa başladı

1866-cı ildə Londonda keçirilən izdihamlı nümayiş nəticəsində fəhlələr sərbəst toplaşmaq hüququ əldə etdilər. 1867-ci ildə II parlament islahatı keçirildi. Şəhərdə öz evi olan və ya ayrıca mənzil kirayə edən bütün kişilər səsvermə hüququ əldə etdilər. Kənddə isə ildə 12 funt-sterlinqdən az olmayaraq icarə haqqı ödəyə bilən icarədarlara da bu hüquq verildi. Beləliklə, xırda burjiaziyadan əlavə, fəhlələrin yuxarı təbəqələri də səs hüququ aldılar. Böyük Btitaniyanın müstəmləkə işğalları davam edirdi. Avstraliya kəşf edildikdən sonra burada bir sıra ingilis məskənləri salınmışdı. 1851-ci ildə Avstraliyada qızıl mədənləri kəşf edildi. Bütün ölkələrdən, xüsusən İngiltərədən qızıl hərisləri bu qitəyə axışırdı. 1867-ci ildə hökumət Kanadaya dominion (ingiliscə-özünüidarə hüququ alan ölkə) hüququverməyə məcbur oldu.

 

20-ci əsr

1911-ci ildə Lordlar palatasının hüquqları xeyli məhdudlaşdırıldı. Belə ki, İcmalar palatası Lordlar palatasının razılığı olmadan qanun layihələrini təsdiq edə bilərdi. Bəhs edilən dövrdə İngiltərə yenə də dünya ticarətində birinci yerdə gedirdi. London dünyanın maliyyə mərkəzinə çevrilmişdi. Eyni zamanda mühüm istehsal göstəricilərinə görə İngiltərə öz rəqibləri olan ABŞ və Almaniyadan geri qalırdı. Lakin İngiltərə kapital ixracı sahəsində dünyada birinciliyi qoruyub saxlaya bilmişdi. Ingiltərənin öz müstəmləkələrini genişləndirmık cəhdi yeni müharibə ilə nəticələndi. Cənubi Afrikada Transvaal və Oranj (Narıncı çay) respublikalarının əhalisi olan burlar (holland, fransız və alman mühacirlərinin törəmələri) 1899-cu ildə İngiltərə təcavüzünə qarşı çıxdılar. Şiddətli müqavimətdən sonra burlar məğlub oldular. 1902-ci ilin iyununda sülh müqaviləsi imzalandı. Ingiltərə, bu respublikalarla birlikdə, bütün Cənubi Afrikanın işğalını başa çatdırdı. 1910-cu ildə buradakı respublikalar birləşərək İngiltərə dominionuna çevrilməklə Cənubi Afrika İttifaqını yaratdılar. xx əsrin əvvəllərində İngiltərə-Almaniya ziddiyyətləri kəskinləşmişdi. Bu ziddiyyətlərin əsasını müstəmləkələr uğrunda və hərbi-dəniz sahəsindəki rəqabət təşkil edirdi. 1904-cü ilin aprelində İngiltərə ilə Fransa arasında gizli olaraq Antantasazişi yaratdı. Dünyanı yenidə bölüşdürmək üçün İngiltərə, Fransa və Rusiyanın yaratdığı hərbi-siyasi blok belə adlanırdı) adlandırılan müqavilə imzalandı. Sazişə görə Fransa İngiltərənin Misirdə ağalığını tanıyırdı. Ingiltərə isə Mərakeşin Fransa tərəfindən işğalını qəbul edirdi.

1907-ci ilin avqustunda Peterburqda İngiltərə ilə Rusiya arasında saziş imzalandı. Bu sazişin bağlanması ilə “Atlanta”nın yaradılması başa çatdırıldı.

 

21-ci əsr

Coğrafiya

İngiltərə Böyük Britaniya adasının 2/3 hissəsini əhatə edir. Birləşmiş Krallığın digər iki ölkəsi ilə- şimaldan Şotlandiya, qərbdən isə Uels ilə həmsərhəddir. Coğrafi baxımdan İngiltərə Britaniyanın digər hissələrinə nəzərən Avropa qitəsinə daha yaxındır. Avropa qitəsində ən yaxın ölkə olan Fransa ilə arasında 34 km (21 mil) məsafə var. İngiltərə həmçinin İrlandiya dənizi, Şimal dənizi və Atlantik okeanı ilə əhatə olunub.

Ölkə daxilində ən uzun çay Temza çayıdır ki, uzunluğu 346 km-ə çatır. İngiltərədə çoxlu göllər var ki, bunlardan ən böyüyü Vindermeredir.

 

İnzibati ərazi bölgüsü

İngiltərənin əyalətləri

İngiltərə ərazisində 83 əyalət və bunlara daxil olan 936 şəhər vardır.

 

İqlim

Ölkənin relyefi kimi iqlim şəraiti də çox müxtəlifdir. Bu müxtəliflik ilk növbədə İngiltərə ərazisinin mülayim və okeanik iqlim qurşaqlarının qovuşduğu sahədə yerləşməsi ilə əlaqədardır.

 

Əhali

2011-ci il yanvar ayına olan rəsmi məlumata əsasən İngiltərədə 53,012,456 nəfər əhali məskunlaşıb. halisinin sayına görə Avropa İttifaqında 4-cü, dünyada isə 25-ci yerdədir. Əhali sıxlığı hər kvadrat kilometrə 407 nəfərdir və bu göstəriciyə əsasən Avropa İttifaqında Maltadan sonra 2-ci yerdədir.

Əhalinin 79%-ni ingilislər, 2,6%-ni hindistanlılar, 2.1% pakistanlılar, 1.3%-ni şotlandlar, 1%-ni irlandlar təşkil edir. Bundan başqa İngiltərədən kənarda çoxlu sayda etnik ingilis yaşayır.

 

Din

İngiltərədə müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Ən geniş yayılmış din xristianlıqdır. İngilislərin 59.4%-i Xristianlıq, 5%-i İslam, 1.5%-i Hinduizm və 0.8%-i Sikx dininə məxsusdur.

 

Səhiyyə

İngiltərədə səhiyyə əsasən "NHS England" tərəfindən təmin edilir. 2010 və 2012 arasında İngiltərədə anadan olanlar üçün həyat davamlılığı kişilər üçün 78,2 il, qadınlar üçün 82,9 il təşkil edir. Bu, Böyük Britaniyada dörd ölkədə ən yüksək həyat davamlılığı təşkil edir.

 

Siyasi sistem

İngiltərə 1536-ci ildən Uelslə, 1707-ci ildən Şotlandiya ilə qanunla rəsmiləşdirilmiş ittifaqdadır. 1205-ci idən İngiltərənin öz parlamenti və icra hakimiyyəti fəaliyyət göstərir, lakin onların səlahiyyəti Şotlandiya, Uels və Şimali İrlandiya kimi təhsil, mədəniyyət, səhiyyə, nəqliyyat, ətraf mühitin mühafizəsi və sair məsələlərlə məhdudlaşmır.

 

Təhsil

İngiltərədə ümumi orta məktəb təhsili üç pillədən - ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir və ümumi orta məktəb təhsili altı yaşdan başlanır.

 

Universitetlər

İngiltərənin ali təhsil tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir. İngiltərənin ən nüfuzlu təhsil müəssisələri Londonda və Midlands reqionunda yerləşir.

Kembric Universiteti

Oksford Universiteti

London Universitet Kolleci

London İmperial Kolleci

Mançester Universiteti

Şeffild Universiteti

İngiltərənin ali təhsil müəssisələrində mütəxəssis hazırlığı üç tsikllidir:

Birinci tsikl – bakalavr;

İkinci tsikl – magistratura;

Üçüncü tsikl – doktorantura.

 

İdman

Old Trafford dünyanın ən tanınmış stadionlarından biridir.

Futbolun beşiyi sayılan İngiltərə eyni zamanda dünyanın ən qədim liqasına ev sahibliyi edir. 1872-ci ildə Qlazqoda futbol üzrə ilk beynəlxalq görüş keçirilmişdir və bu zaman Şotlandiya milli futbol komandası və İngiltərə milli futbol komandası qarşılaşmışdı.[4][5]Atletizm, reqbi, avarçəkmə, velosiped, kriket ən müvəffəqiyyətli idmanlarıdır.

İngiltərə reqbi, kriket, darts, snuker, stolüstü tennis oyunlarının vətəni sayılır.

 

Mədəniyyət

Ədəbiyyat

Musiqi

İngiltərə musiqisi çox əsrlik inkişaf yolu keçmişdir. Onun kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Con Lennon, Freddi Merkyuri, Elton Con, Devid Boui, Dasti Sprinqfild və başqaları XX əsrin əvvəllərində yaranmış məşhur müğənnilərdir.

 

Dövlət bayramları və xüsusi günlər

Rəsmi

Bayram

Tarix

Yeni İl Günü

1 yanvar

Yeni İl Bayramı

2 yanvar

Yaxşı Cümə

Xristian təqvimi ilə dəyişir.

May Günü

1 may

Yaz Bayramı

Mayın son Bazar ertəsi

Yay Bayramı

Avqustun birinci Bazar ertəsi

Milad

25 dekabr

Baksinq Günü

26 dekabr

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR