İndoneziya ilə Azərbaycan arasında mədəni əlaqələr genişlənir
Ölkəmizdə səfərdə olan İndoneziyanın mədəniyyət və təhsil naziri Mühacir Əfəndi sentyabrın 13-də mədəniyyət naziri Əbülfəs Qarayev ilə görüşüb. SİA-nın məlumatına görə, Ə.Qarayev iki ölkə arasındakı əlaqələrin inkişafından danışıb.
Nazir iki ölkə arasında bütün istiqamətlərdə olduğu kimi mədəniyyət sahəsində də əlaqələrin inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, İndoneziya səfirliyi son illərdə ölkəmizdə müxtəlif mədəniyyət festivalları keçirir, tədbirlər təşkil edir. Bu da xalqlarımız arasında mədəni əlaqələrin güclənməsinə müsbət təsir göstərir.
Ə.Qarayev Azərbaycanın İslam ölkələri ilə əlaqələrə xüsusi önəm verdiyini qeyd edərək bildirib ki, bu baxımdan hər iki ölkə beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir.
Nazir sentyabrın 11-dən 16-dək Bakıda İndoneziya mədəniyyət festivalı keçirildiyini söyləyib, mədəni əlaqələrin inkişafı baxımından bu tədbirin əhəmiyyətini yüksək dəyərləndirib.
Ə.Qarayev ölkələrimiz arasında münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edən M.Əfəndi ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb.
Ölkələrimiz arasındakı əlaqələrdən bəhs edən indoneziyalı nazir münasibətlərin son illərdə daha da inkişaf etdiyini diqqətə çatdırıb.
M.Əfəndi İndoneziya ilə Azərbaycan arasında mövcud olan iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət