İndianada yaşayan bütöv Azərbaycan sevdalısı
ABŞ-da elə azərbaycanlılar vardır ki, sözün əsl mənasında Azərbaycan mədəniyyətinin bu ölkədə təbliğinə ömür sərf edir, fədakarlıq göstərirlər. Onlardan biri də "Azərbaycan-Amerika Mədəniyyət və Təhsil Fondu"nun rəhbəri Şahyar Danişgərdir. Əslən İranın Mərənd şəhərindən olan bu soydaşımız bütöv Azərbaycan sevdası ilə yaşayır. Atası Mirzəvəli Danişgər Pişəvəri hərəkatının fəal üzvlərindən biri olub. Milli mücadilə dövründə zabit kimi döyüşlərdə iştirak edib...
Haqqında söhbət açdığım bu soydaşımız 1974-cü ildə, 20 yaşında olarkən İrandan çıxıb. Almaniyaya gedərək orada kollecə qəbul olunub. Kollec təhsilini başa vurduqdan sonra 1978-ci ildə ABŞ-a gəlib. Bir müddət Nyu York ştatında məskunlaşıb. 1980-ci ildən İndiana ştatının Bluminqton şəhərində yaşayır. İndiana Universitetini bitirib, sonradan filalogiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib.
Şəhriyar müəllimin elmi işi Azərbaycan atalar məsəllərinin izahı və elmi təsnifatı üzrə olub. Elə o vaxtdan da Azərbaycandan kənarda Azərbaycan mədəniyyətinə xidmət göstərir. O qədər işlər görüb ki, adam heyrətlənməyə bilmir. Ali musiqi təhsili olan, peşəkar musiqiçilərdən və ən başlıcası müxtəlif millətlərin nümayəndələrindən ibarət “İpək yolu” ansamblı yaradaraq uzun illərdir ki, ABŞ-ın müxtəlif ştatlarında konsertlər verib Azərbaycan musiqisini təbliğ edir. Evi sanki Azərbaycan milli musiqi alətləri muzeydir. Dəfələrlə Azərbaycanın musiqi nümunələrindən ibarət zövqlə qablaşdırılmış bir neçə disk buraxdırıb. Qapağının altında da Azərbaycan mədəniyyətindən, musiqi tarixindən ingilis dilində söhbət açılan kitabçalar. Neçə illərdir ki, o, ərsəyə gətirdiyi həmin diskləri təmənnasız olaraq amerikalılara hədiyyə edir.
Azərbaycan dilində Təbriz-Naxçıvan ləhcəsi ilə danışan bu insan, ingilis, alman, fars, ərəb, özbək, türkmən, rus dillərini mükəmməl bilir. Hazırda M.F.Axundovun pyeslərinin ingiliscəyə tərcüməsi ilə məşğuldur, tezliklə həmin piyesləri kitab halında ictimaiyyətə təqdim etməyi düşünür.
Ötən əsrin əvvəllərində işıq üzü görən “Molla Nəsrəddin” satirik jurnalının ilk buraxılışından sonuncuyadək bütün saylarını əldə edib. Həmin jurnallardakı karikaturaların üzərindəki sözləri ingiliscəyə tərcümə edərək albom-kitab çıxarmağı planlaşdırır. İngilisdilli tələbələrə Azərbaycan-Türk dillərini tədris etməkdən ötrü yeni dərslik kitab ərsəyə gətirmək istəyir…
2003-cü ildə ABŞ-da yaşayan bir neçə azərbaycanlı soydaşımızla "Azərbaycan-Amerika Mədəniyyət və Təhsil Fondu"nu yaradaraq xeyli işlər görən Şahyar müəllim DAK-ın Los Angiles ştatında keçirilən qurultayına Amerikada yaşayan azərbaycanlı soydaşlarımızın cəlb olunmasında böyük fəallıq göstərib…
Evində çox insanlar qonaq olub. Tanınan musiqiçilərdən Alim Qasımov, Çingiz Sadıqov, Munis Şərifov, Rəhman Əsədullahi, Cavid Təbrizli, Abbasqulu Nəcəfzadə, alimlərdən Cavad Heyət, Doktor Ənsari, şairlərdən xalq şairi Fikrət Qoca, Türkmənistanlı şair İlyas Malayev və s..
Deyir ki,- "Ekalogiya və Təbii Sərvətlər naziri işləmiş Hüseynqulu Bağırov nazir təyin olunmamışdan bir müddət əvvəl, İndiana Universitetində ezamiyyətdə olarkən mənim qonağım olub. Çox savadlı və intelektual ziyalı olduğunu xüsusi vurğulamaq istəyirəm"…
Son dəfə görüşümüz Bluminqton şəhərinin rəsm qalereyasında oldu. Bura bir növ həm də auksionu xatırladırdı. Nümaiş etdirilən rəsmlər satışa çıxarılır, şəhərin elit təbəqəsinin nümayəndələri onları qiymətləndirir, daha çox pul verən isə istədiyi rəsmə yiyələnə bilirdi. Şahyar müəllim isə bu fürsətdən Azərbaycan musiqisinin təbliği naminə istifadə edərək, rəhbəri olduğu “İpək yolu” ansamblının İndiana Universitetinin incəsənət sarayında verəcəyi konsertə dəvətnamələr paylayırdı...
Bəli, ABŞ-ın İndiana ştatının Bluminqton şəhərində Azərbaycandan gələcək hər bir adamın üzünə qapıları açıq olan bir ev vardır- bütöv Azərbaycan sevdalısı Şahyar Danişgərin evi…
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət