İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyinin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb
Kənd təsərrüfatı naziri İnam Kərimov nazirliyin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə İnam Kərimov kadr potensialının zənginliyinin, peşəkar kadrların mövcudluğunun hər bir sahənin inkişafının əsas amillərindən biri olduğunu deyib. Xaricdə təhsil almış və Kənd Təsərrüfatı Nazirliyi sistemində işə qəbul olunmuş əməkdaşlara uğurlar diləyən nazir bildirib ki, bu əməkdaşlar öz bilik və təcrübələrini aqrar sahənin inkişafı üçün sərf etməlidirlər.
Nazirliyin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdiri Elvin Paşayev nazirlik sistemində xaricdə təhsil almış kadrların sayının artdığını qeyd edib: “Gənclər bu dəstəkdən istifadə edərək ixtisaslı kadr kimi formalaşmalı, öz üzərlərində çalışmalıdırlar”.
Görüşdə çıxış edən Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Əmir Əmirli, Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Toğrul Cəfərov, nazirlik Aparatının elm və təhsil şöbəsinin müdir müavini, təhsil şöbəsinin müdiri Nəzrin Bağırova və digər xaricdə təhsil almış əməkdaşlar göstərilən etimada görə təşəkkür ediblər.
Nazir İnam Kərimov Aqrar Tədqiqatlar Mərkəzində xaricdə təhsil alan əməkdaşların daha çox təmsil olunduğunu qeyd edib, İnsan resurslarının idarəedilməsi şöbəsinə əməkdaşların qısa və uzunmüddətli təhsil proqramlarına cəlb olunması, ixtisasartırma kurslarına göndərilməsi ilə bağlı tapşırıq verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət