Slimfit
  1. BİOQRAFİYA

İmamqulu Naxçıvani

İmamqulu Naxçıvani
Sakura

İmamqulu Naxçıvani

Azərbaycan torpağının İslam dünyasına bəxş etdiyi görkəmli şəxsiyyətlərdən biri də məşhur övliya və ariflərdən olan Hacı İmamqulu Naxçıvanidir. Miladi XIX əsrin sonları – XX əsrin əvvəllərində yaşamış bu böyük insan Seyyid Əli Qazi Təbatəbainin (1866-1947) müəllimi idi.

Mənbələrdə İmamqulu Naxçıvaninin həyatı haqqında məlumatlar həddən azdır. Məlum olan budur ki, İmamqulu Naxçıvani XIX əsrdə yaşamışdır. O, Naxçıvanda doğulmuş, gənclik illərində dini həyata çox da bağlanmamış, irfan aləmindən uzaq olmuşdur. Deyirlər ki, İmamqulu cavanlıq vaxtında, Naxçıvanda yaşayarkən bir gözələ aşıq olur. Eşq onun ixtiyarını əlindən alır, yemək və yuxu ona haram olur. Bir gün başındakı eşq havası ilə gəzərkən, qəfildən arxadan bir adamın əli ilə onun çiyninə toxunduğunu hiss edir. Dönüb baxanda nurani qiyafəli bir şəxsin ona belə dediyini eşidir: “Bu, əsil eşq deyil, getdiyin yol eşq yolu deyil. Əsil eşq Allaha olan eşqdir. Gərək yalnız Allaha aşiq olasan”.

Bu hadisədən sonra İmamqulunun daxilində təlatüm baş verir. Dünyəvi məhəbbət qəlbindən silinir, onun yerini ilahi eşq tutur. Gözünə görünən həmin nurani şəxs ona Məkkəyə getməyi məsləhət görür. İmamqulu Məkkəyə yola düşür, orada dörd il ibadətlə məşğul olur. Daha sonra ona Məşhəd şəhərinə getmək tapşırılır. İmamqulu Məşhəddə üç ay qalır. Burada İmam Rza (ə) alimin gözünə görünüb göstəriş verir ki, Qəzvinə getsin və məşhur arif Seyyid Qüreyş Qəzviniyə qoşulsun. İmamqulu Qəzvinə yola düşür.

Seyyid Qüreyş Qəzvini İmamqulunun mənəvi tərbiyəsi ilə qısa bir müddət məşğul olduqdan sonra ona deyir: “Gərək Təbrizə gedib orada məskunlaşasan. İstədiyini orada alacaqsan. Təbrizdə bir peşə ilə məşğul ol, halal yolla dolanışığını təmin et”.

İmamqulu ustadın onu öz yanında saxlamadan Təbrizə göndərməsindən təəccüblənsə də, göstərişi yerinə yetirir və Təbrizə gedir. Şəhərdə gördüyü mənzərə onu heyrətə salır. Təbrizdə sufi əqidəsi geniş yayılmışdı. Bir dəstə adam təsəvvüf yolunu tutub şəriətdən uzaqlaşmışdı, camaat da onların təsirinə düşmüşdü. Onlar fəqihlərlə, müctəhilərlə düşmənçilik edirdilər. Hətta zəmanənin ünlü mərceyi-təqlidi “Sahibi-Cəvahir” ləqəbli Şeyx Mühəmməd Həsən Nəcəfi İsfahaniyə təsbeh sayı qədər lənət deyirdilər.

İmamqulu Naxçıvani Təbrizdə baş alıb-gedən təhriflərlə mübarizəyə qalxır, həqiqi İslamı xalqa çatdırır. Onun səyləri nəticəsində bu mənfi təfəkkür şəhərdə süqut edir, sufilərin özləri də ibadət və təqlid yoluna qayıdırlar. İmamqulu bu zaman başa düşür ki, Seyyid Qüreyş tərəfindən Təbrizə göndərilməsinin səbəbi bu imiş.

İmamqulu Naxçıvani ustadının tapşırığına əməl edərək Təbriz bazarında dükan açır, düyü alveri ilə məşğul olmağa başlayır. Seyyid Əli Qazi Təbatəbainin atası Seyyid Hüseyn təhsilini başa vurub Təbrizə qayıdandan sonra təsadüfən bazarda İmamqulu Naxçıvani ilə tanış olur. Naxçıvaninin dərin irfan sahibi olduğunu kəşf edən Seyyid Hüseyn onun müridinə çevrilir.

Seyyid Hüseyn öz oğlu Seyyid Əliyə də məsləhət görür ki, Naxçıvaninin irfan dünyasından bəhrələnsin. Seyyid Əli Qazi Təbatəbai yeniyetmə yaşlarında hər gün İmamqulu Naxçıvaninin yanına gedir və orada bir neçə saat əyləşirdi. Atası ona tapşırmışdı ki, əgər Naxçıvaninin hüzurunda söhbət düşsə və ustad danışmağa başlasa, diqqətlə qulaq asıb hər deyilən sözü yadında saxlasın. Əgər ustad sakit durub heç nə danışmasa belə, Seyyid Əli onun davranışını, oturuş-duruşunu, zikr və duasını izləsin, bunlardan özünə lazım olan dərsi alsın.

Müasirlərin ifadəsinə görə, İmamqulu uca boylu idi. Həmişə, hətta iş görərkən və alış-veriş edərkən susar, vüqar və sükut halında öz müştərilərini yola salardı.

İmamqulu Naxçıvani bəzi təriqət şeyxlərinin buyurduğu kimi çilə keçirməyi, ruhu və bədəni yoran riyazətlər icra etməyi, uzun-uzadı yuxusuz qalmağı, ardıcıl oruc tutmağı, qısa müddətdə Quran xətm etməyi, çətin və dolaşıq virdlər söyləməyi qəbul etmirdi. Zahiri əlamətlərlə, qiyafə ilə özünü göstərməyi bəyənmirdi. Onun fikrincə, əsil arif müəyyən bir peşə sahibi olmalıdır, başqasına möhtac olmamaq üçün əlinin zəhməti ilə öz dolanışığını təmin etməlidir. Alim irfan yolunda məsumlara təvəssül etməyi zəruri şərt bilirdi. Onun fikirncə, məsumlara üz tutmadan, onların buyurduqları yolla getmədən qeyd edilən məqamların heç birini qazanmaq mümkün deyil; hətta başqa yollarla qazanılan hər bir nailiyyət əslində azğınlıq və ziyandır.

İmamqulu Naxçıvani hicri 1305-ci ildə (miladi 1887-88-ci illər) Nəcəfi-əşrəfə köçür. Deyirlər ki, Nəcəfdə vəba xəstəliyi yayılanda onun övladları da bir-birinin ardınca bu xəstəlikdən vəfat etmişdi. Övladlarının vəfat xəbərini alimə gətirəndə bu müsibəti inanılmaz səbr və dəyanətlə qarşılayır, nəinki Allaha asi olmur, hətta ona şükür və həmd edirdi. Ətrafdakılar onun iradə gücünə heyran qalırdılar. Alimdən, balalarının ölümü müqabilində öz sakitliyini necə qoruduğunu soruşanda cavab vermişdi ki, bir kəs torpaq sahəsi alanda o torpaqla istədiyini edir. İstəsə torpağı əkib-becərir, istəsə satır, ya da başqasına bağışlayır. Mənim hər şeyimin, o cümlədən, övladlarımın da əsil sahibi və maliki Allahdır. O, öz mülkü ilə istədiyi kimi rəftar edə bilər. Onun etdiyinin qarşısında nə etiraz, nə də üsyan etmək mənə yaraşmaz.

İmamqulu Naxçıvani irfanda uca məqama çatmışdı. O, kəşf sahibi idi. Kəşf elə bir məqamdır ki, insana məna aləminin qapıları açılır, hadisələrin mahiyyətini görür, batini aləmi duyur. Bəsirət gözü açıq olan Naxçıvani ömrünün ahıl vaxtında kəşf halında duyduqlarından bir nümunəni özü belə təsvir edirdi:

Bir gün Şeytanla özümü bir dağın başında üz-üzə durmuş vəziyyətdə gördüm. Ağarmış saqqalıma əlimlə işarə edib Şeytana dedim: “Artıq qocalmışam. Səndən xahiş edirəm, heç olmazsa, bu yaşımda məndən əl çək, hiylələrini məndən uzaq et”. Şeytan, üzərində durduğumuz dağın dibini mənə göstərib dedi: “Bura bax”. Aşağıda çox dərin və qorxunc bir dərə gördüm. Hündürlükdən başım gicəlləndi, vahimədən az qaldı ki, ağlım başımdan uçsun. Bu zaman Şeytanın səsini eşitdim: “Mənim heç kimə zərrəcə yazığım gəlməz, kimsəyə acımaram. Əgər caynaqlarımı sənə batıra bilsəm, tutub gördüyün bu dərənin dibinə ataram, bədənin param-parça olar”.

Mənbə: İslam.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR