Dərc edildi: Baxış sayı: 1580
İmadəddin Nəsimi - Dinin günəşi, dünyada imanım əfəndi
Dinin günəşi, dünyada imanım əfəndi,
Alimlər ümidi, məhi-tabanım əfəndi.
Könlüm, gözümün nuru, vücudumda həyatım,
Hər dəm damarımda yеriyən qanım əfəndi.
Cənnət çəmənində salınan huri-nəimin
Gül rayihəli sərvi-хuramanım əfəndi.
Gülnarımü narım, çiçəyim, mеyvəli bağım,
Laləm, səmənim, sünbülü rеyhanım əfəndi.
Bağım, irəmim, rövzə ilə huri-cinanim,
Bülbüllər üçün tazə gülüstanım əfəndi.
Kanım, gühərim, mə’dəni-yaquti-rəvanım,
Qiymətli olan lə’li-bədəхşanım əfəndi.
Еşqində Nəsimi çü qılır canını qurban,
Qurbanına qurban olayım, canım əfəndi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət