Slimfit
  1. ƏDƏBİYYAT

İlyas Tapdıq - “sözü çiçəklərin dadında qalan” şair

İlyas Tapdıq - “sözü çiçəklərin dadında qalan” şair
Sakura

İlyas Tapdıq - “sözü çiçəklərin dadında qalan” şair

İlyas Tapdıq - “sözü çiçəklərin dadında qalan” şair

Bu gün - 30 noyabr, imzasını ilk dəfə məktəb dərsliklərində oxuduğum, şirin, səmimi, maraqlı, özünəməxsus uşaq şeirlərinin müəllifi kimi tanıdığım İlyas Tapdığın doğum günüdür. 
 
İlyas Tapdığı öncə uşaq şeirlərinin yaradıcısı kimi tanıdım, sevdim. Hətta çoxları Azərbaycan uşaq ədəbiyyatının "axsadığını", yaxşı inkişaf etmədiyini, şair və yazıçıların bu mövzudan qaçdığını dedikdə, bir çox uşaq yazarları sırasında ilk yadıma düşənlərdən biridir o. Onu əksərən uşaq şairi kimi tanıyır və tanıdırlar. Halbuki 50 kitab müəllifi, mindən çox kitab redaktoru olan şairin poeziyasının əhatə və təsir dairəsi çox genişdir. Onun kövrək qələmi gah dünyanın gərdişini çözələyir, gah ən saf, ən munis insan hisslərinə aram-aram sığal çəkir, gah körpə balaların üzündə təbəssüm olur, gah təbiətin ən kiçik zərrəsinə belə qucaq açacaq qədər böyüyür, gah da canından, qanından, varlığından çox sevdiyi vətəninin adi daşını ömrünün günəşinə çevirir.
 
***
 
O, təkcə şair deyildi, həm də tərcüməçi, redaktor, Azərbaycan ədəbiyyatının bütün istiqamətlərdə inkişafı üçün əlindən gələni əsirgəməyən əsl söz fədaisi idi. Bəlkə Bernard Şou da özündən çıxış edərək məhz İlyas Tapdıq kimi ədəbiyyat, sənət fədailəri haqqında deyirdi: "Yalnız yazıçı olmaq haqqında mən heç vaxt düşünməmişdim, çünki yazıçı kimi doğulmuşdum. Yazıçı olmaq mənim üçün çox təbii bir hal idi, ağızdakı suyun dadı kimi; onun dadını hər gün içirsən deyə hiss eləmirsən..."
 
İlyas Tapdıq da ömrünün hər gününü deyil, hər anını ədəbiyyatın, sözün keşiyində dayanaraq keçirən nadir şəxsiyyətlərimizdən biri idi. O, bir şair olaraq həmişə "nə deyirlər desinlər, dünyadakı hər şey - bəli, bəli, məhz hər şey elə sözdür" amacıyla yazıb-yaradıb. Onun bioqrafiyasına mövzu olan ömür yolu da bunu çox dəqiqliklə sübut edir:
 
Haqqında söz açdığımız İ.Tapdıq düz 84 il öncə - 1934-cü ilin bu günündə Gədəbəy rayonunun Əli İsmayıllı kəndində dünyaya göz açıb. Orta təhsilini yaxınlıqda yerləşən Kiçik Qaramurad kənd məktəbində tamamladıqdan sonra 1952-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olur. Elə onun ədəbi mühitə gəlişi də məhz tələbəlik illərindən başlayır. "Bakının gecəsi" adlı ilk şeiri bütün zamanların ən məşhur və öncül ədəbi orqanlarından olan "Azərbaycan" jurnalında çap olunduqdan sonra Azərbaycan poeziyasında "İlyas Tapdıq" imzası görünməyə və zaman keçdikcə özünü təsdiq etməyə başlayır. 

 

İlyas Tapdıq - “sözü çiçəklərin dadında qalan” şair

1955-ci ildə, dördüncü kursda oxuyarkən ilk şeirlər kitabı çapdan çıxan gənc şair haqqında Səməd Vurğun, Osman Sarıvəlli, Rəsul Rza, Nəbi Xəzri, Hüseyn Arif və digər tanınmış söz adamları dəfələrlə xoş sözlər, maraqlı fikirlər söyləyirlər.
 
1956-cı ildə universiteti bitirdikdən sonra "Uşaqgəncnəşr"də redaktor (1957-1962), "Azərnəşr"də redaktor, böyük redaktor (1962-1968), "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor (1968-1976), Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri (1976-1978), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru (1978-1983), "Azərnəşr"də bədii ədəbiyyat şöbəsinin müdiri (1989-1992), Türkiyənin Türk Standartları İnstitutunda və Xarici İşlər Nazirliyi və kalkınma ajansında müəllim, "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri (1992-1995) vəzifələrində işləyib. "Gənclik" nəşriyyatı redaksiya şurasının üzvü, Azərbaycan komsomolu Şöhrət şurasının, "Türk əsrində Azərbaycan" jurnalının redaksiya heyətinin, bir sıra respublika festival və müsabiqələrində münsiflər heyətinin üzvü olub.
 
1992-1995-ci illərdə Türkiyədə yaşayan şair qardaş ölkənin ədəbi, ictimai həyatında fəal iştirak edib. Bu illər ərzində də şair uzun müddət bir-birindən qopmuş Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin yenidən bərpası və inkişafı üçün misilsiz xidmət göstərib.
 
Ürəyindən əməliyyat olunmuş şair 25 dekabr 2016-cı ildə axşam saatlarında Bakıda, evində vəfat edib. Şair Badamdar qəbirstanlığında, həyat yoldaşının məzarı yanında dəfn olunub.
 
***
 
Onun müxtəlif zamanlarda çıxmış "Bulaq başında", "Gözlər", "Bir eşqin şimşəyi", "Arxalı dağlar", "Əksim və qəlbim", "Meşənin mahnısı", "Qızlar, qağayılar", "Özümlə görüş", "Məhəbbət yolları" və digər kitabları oxucular, ədəbi mühit tərəfindən bu gün  də sevilərək oxunmaqdadır. 
 
İlyas Tapdıq poeziyası haqqında danışarkən deyiləcək ilk sözlərdən biri odur ki, bu poeziya böyük mənada müşahidələrə əsaslanır. Bu, təkcə şair müşahidəsi deyil, dünyanı, həyatı, insanları yaxından tanıyan, uzun illərin təcrübəsini qazanmış qocaman insanın baxışlarıdır. Amma o, yenə də məsələyə təvazökarlıqla yanaşır:
 
Az da olsa görmüşəm dünyanı,
Həyatda ölüm də görmüşəm,
Olum da görmüşəm...
 
Həyatı da, ölümü də görən, dünyanın, insanların hər üzünü müşahidə edib öyrənən müəllif bu kiçik şeirin sonunda bildiklərini ümumiləşdirir, insan oğluna müdrikliklə nəsihət edir:
 
Toxuyublar torpaq ilmə-ilmə;
Uçurumdur
Ömrün dörd yanı,
Büdrəmə, əyilmə!
 
"Bir gilə göz yaşında Dərya həsrəti sezən" həssas qəlbli şair nikbin ruhuna, ürəyində gizlədiyi sonsuz həyat və insan sevgisinə rəğmən bəzən bədbinliyə də qapılır. Bu bədbinlik, küskünlük zaman-zaman onun misralarında da özünü göstərir:
 
Əlimi uzatsam toxunar Aya,
Nə xoşdur uzaqdan baxmaq dünyaya!
Qəlbimin səsini eşitmir çaya,
İnsanam,
Mən insan sorağındayam. 
 
Cəmi beş misrada müdrik insanın dünyaya, insanlığa yanaşması, düşüncələri qısa, amma dəqiq şəkildə əks olunub. İlk misralarda nikbinlik, pozitiv əhval olsa da, şairin sonrakı misralarda əhvalı dəyişir, əsl fikirləri sərgilənir. 
 
İlyas Tapdıq poeziyasında gözlər elementi var ki, şairin ona uyğunlaşdırdığı biçim biz bildiyimizdən kəskin şəkildə fərqlənir. Onun dediyi gözlər baxmaq üçün deyil, görmək və anlamaq üçündür. Xalq arasında "bəsirət gözü" deyilən də yəqin ki, elə budur:
 
Gözlər axtarıram mən -
Namərdliyi, həsrəti,
Əsarəti yandıran
Alovu-közü olsun.
 
Ürəklərə işləsin -
Diləkləri görsün o!
Gözlərin
Gözü olsun!..
 
***
 
İlyas Tapdığın adı həmçinin, aşıq poeziyamızın təbliği və inkişafı mövzusunda da ön planda çəkilir. O, ədəbiyyatımızın, folklorumuzun bu istiqamətində də əvəzsiz xidmətləri olmuş sənətkarlarındandır. Ötən əsrin sonlarında bu sənətə qarşı açıq-aşkar biganəliyin hökm sürdüyü dövrlərdə məhz onun şəxsi qayğısı və təşəbbüsü hesabına televiziya və radioda, qəzet və jurnallarda aşıqlar, saz ifaçıları təbliğ olunub. O, təkcə bununla kifayətlənməyib, eyni zamanda, bir sıra şeirləri ilə bu janrın genişlənib, zənginləşməsinə xidmət göstərmişdir. Onun "Gədəbəydədir", "Dağlar, sizə baş əyməyə gəlmişəm", "Qoşqar", "İndi Gədəbəyin yaxşı vaxtıdır", "Sazda ana laylası var", "Dağların", "Meşəbəyi", "Mən bu günü başqa günə qatmaram" kimi şeirlərini aşıqlar on illərdir ki, ifa etməkdədirlər.
 
Onun saz sevgisi, aşıq poeziyasına olan vurğunluğu soykökündən, genlərindən gəlir. Buna görə də ülvi, təmiz və dərindir. Necə ki, aşıqlar onun poeziyasını, şeiriyyətini sevərdisə, şair də onların sənətini könüldən sevərdi. Şair "O sazı çal, o sazı..." şeirində bu sevgini belə ifadə edib:
 
O sazdadır ürəyim,
Bağrına bas o sazı.
Götür sinən üstünə!
Bala-bala sən məni
Qarışdır öz tüstünə.
 
***
 
Görkəmli rus yazıçısı M.Prilejayeva "Detskaya literatura" jurnalındakı "Salam, İlyas Tapdıq" adlı məqaləsində qeyd edirdi ki, Azərbaycan uşaqları ona görə xoşbəxtdir, onların İlyas Tapdıq kimi gözəl şairləri var. 
 
İlyas Tapdığın uşaq şeirlərinin bu qədər sevilməsindəki ən mühüm cəhət onun uşaq ədəbiyyatının sirlərindən əlavə, uşaqların psixologiyasına, dünyasına dərindən bələdliyidir. O, bu şeirlərində nə forma, nə də məzmun axtarışına qapılmır. Hər ikisinin peşəkar şair intuisiyasından yaranan vəhdəti hələ uzun illər İlyas Tapdıq imzasını Azərbaycan uşaq ədəbiyyatında dərin ehtiramla yad etdirəcək əsərləri yaradıb.
 
O, çox adi, hər kəs üçün normal görünəcək hadisələri şeirlərində son dərəcə incə və poetik dillə qələmə alıb. 
 
Onun şeirlərinin sevilməsindəki əsas cəhətlərdən biri də səmimiyyətidir. O, özündən əhvalatlar uydurmur, heç nəyi şişirtmir, hadisələrə səmimi şəkildə yanaşır. 
 
İlyas Tapdığın alliterasiyaya əsaslanan "Bildirçin" şeiri uşaq poeziyamızın nadir nümunələrindəndir. Bu şeirdə "bildirçin", "bildir", "bildir-bildir", "çildir" və başqa sözlər bir süjet ətrafında məharətlə birləşdirilib.
Şeiri oxuyan hər bir uşaq ona yenidən qayıtmaq istəyir:
 
Bildir uçub bağçanı
Meşə bildi bildirçin.
Arzu çıxıb çığırdı
"Çildir, çildir" bildirçin
dedi:
Hanı quyruğun?
Mənə bildir, bildirçin.
Bəlkə pişik qoparıb
Neçə ildir, bildirçin.
 
Saf dili, axıcı və son dərəcə maraqlı sujetləri ilə seçilən bu uşaq şeirləri M.Ə.Sabir, A.Şaiq, A.Səhhət, R.Əfəndiyevlə başlayan uşaq poeziyamızın davamı kimi çox ibrətlidir.
 
İlyas Tapdığın təbiət təsvirli şeirləri də poeziyamızın önəmli nümunələrindəndir. Burada təbiətin sadə detalları mahir dillə təsvir olunur:
 
Gecə xəlbirdən keçirib
Külək sanki bu qumları,
Əsib-coşub sübhə kimi,
Nə dincəlib,
Nə sahildə çimir alıb.
Yorğun-yorğun çıxıb gedib,
Əyri-üyrü ləpirləri
Dərin qumlar üstə qalıb.
 
***
 
İlyas Tapdığın poeziyası hələ 19 yaşında ilk şeiri "Azərbaycan" jurnalında çap olunduğu dövrdən görkəmli söz adamlarının, ədəbiyyatşünasların, şairlərin diqqətini cəlb edib. Zaman-zaman tanınmış ədəbiyyatçıların onun haqqındakı düşüncələri mətbuatda çap olunub:
 
Yazıçı, ədəbiyyatşünas, professor Mir Cəlal Paşayev: "Azərbaycan oxucusu İlyas Tapdığı səmimi, səmərəli lirik şeirləri ilə tanıyır. Onun şablondan, çılpaq təbliğatdan uzaq - orijinal və şairanə tematikası vardır. 
 
Doğma yurdun insanları, təbiəti və gözəlliyi... şairin təmiz hisslərinin vəhdəti ilə ifadə olunur. İlyas Tapdığın şeirlərinin başlıca xüsusiyyəti təbiilik və səmimiyyətdir. O, nədən yazırsa yazsın, mövzunu poetikləşdirməyi bacarır".
 
Xalq şairi Hüseyn Arif: "İlyas Tapdığın misrası ("Bənövşə xatirinə kol dibinə iz düşdü") yazdırıb bu şeiri mənə:
 
Meh toxunar üzlərinə, 
Nur ələnər gözlərinə.
Kol dibini özlərinə,
Məskən seçər bənövşələr.
 
İlyasın hər şeir kitabı bir qom bənövşəyə oxşayır - təzə-tər, ətirli. Şeirlərində hər söz, hər misra ürək kimi çırpınır".
 
Xalq şairi Məmməd Araz: "Ötən yüzillikdə uşaq ədəbiyyatı sahəsində iki yazıçımızın gərgin əməyini xüsusilə qeyd etmək istərdim. Bunlardan biri adı dillər əzbəri olan Abdulla Şaiqsə, ikincisi onun zəngin ənənəsini davam etdirən, bu sahədə xeyli uğurlu əsərlər müəllifi kimi tanınan İlyas Tapdıqdır". 
 
Akademik Bəkir Nəbiyev: "Peşəkar uşaq ədəbiyyatımızın banisi və ən məhsuldar nümayəndəsi, bu ədəbiyyatın bir sıra klassik nümunələrinin yaradıcısı Abdulla Şaiqdən sonra bu sahədə çalışanlardan üçünün Azərbaycan uşaq ədəbiyyatında özünəməxsus yeri var: Xanımana Əlibəyli, Teymur Elçin və İlyas Tapdığın".
 
Xalq şairi Zəlimxan Yaqub: "İlyas Tapdığın "Şeir sevən balalar" kitabı həcm və məzmun etibarı ilə ən sanballı kitabdır desəm, qətiyyən səhv etmərəm. İnanıram ki, bu kitab məktəbli balalarımızın, şeiri çox sevən körpələrimizin ən sevimli kitabı kimi zaman-zaman oxunacaq. Dərslik kitablarımız bu kitabda nəşr olunan rəngarəng, duru, təravətli şeirlərin hesabına daha da zənginləşəcək:
 
Sözü çiçəklərin dadında qalan,
Eşqi baxışların odunda qalan,
Şeri Zəlimxanın yadında qalan,
Nəfəsi Allaha xoş gələn kişi".
 
Xalq şairi Sabir Rüstəmxanlı isə İlyas Tapdığı belə xatırlayır: "İlyas Tapdıq uşaq ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri idi. Hətta böyüklər üçün də koloritli, seçilən əsərləri var. Şeirləri dərsliklərə düşüb. Uşaqların dilində əzbər olan son dərəcə dəyərli şeirlərin müəllifi kimi tanıyırıq. Uşaqlar üçün yazmaq çox çətindir. Azərbaycanda uşaq ədəbiyyatı, ədəbiyyatın digər növlərinə nisbətən daha kasıbdır və daha az inkişaf edib. İlyas Tapdıq qələmi isə bu sahədə qələbə çalıb. Eyni zamanda, gözəl redaktor olub. Uzun müddət baş redaktor işləyib. Mənim kitabımın redaktoru olub. O vaxtlar bəzi yazılar vardı ki, senzuradan keçməmişdi. Amma İlyas müəllimin cəsarətli redaktorluğu sayəsində kitabda yer almışdı.
 
Məsələn, "Vətən" şeiri vardı. Orada gəncəli Cavad xanın dəfn yeri, Rusiya imperiyasına qarşı vuruşması və Gəncə xanının adını çəkmək çox çətin idi. İlyas müəllim cəsarətli ədəbiyyatın tərəfdarı idi. Onları kitaba daxil etmişdi".
 
Bu gün də İlyas Tapdıq və onun kimi sənətkarlarımız sevilərək oxunur, ehtiramla yad edilir, xatirələri əbədi yaşayır. Onların yaratdıqları nadir sənət əsərləri var olduqca isə yaşamağa davam edəcəklər!

 

 

Mənbə: Parafr.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR