Slimfit
  1. AZƏRBAYCAN

İlk şahmatçı qadın: Məhsəti Gəncəvi

İlk şahmatçı qadın: Məhsəti Gəncəvi
Sakura

İlk şahmatçı qadın: Məhsəti Gəncəvi

Dünyanın ilk şahmatçı qadınının azərbaycanlı olduğunu bilirdinizmi? 

Oxu.Az bunu bilməyənlər üçün maraqlı məlumatı çatdırmağa çalışacaq.

Söhbət Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvidən gedir. M.Gəncəvinin adı, ümumiyyətlə, bir çox sahələrdə birincilik qazanmış insan kimi tarixə düşüb. O, şahmatçı qadın olmaqla yanaşı, həm də məşhur Azərbaycan şairəsi, görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımız olub.

M.Gəncəvi, 1089-cu ilin mayın 12-də Azərbaycanın qədimi şəhərlərindən olan Gəncədə doğulub və ömrünün sonuna qədər də orda yaşayıb. Əsl adı Mənicə imiş. 
 

Deyilənlərə görə, Səlcuq hökmdarı Sultan Səncərlə söhbətlərinin birində Mənicə öz mühitində hamıdan kiçik və görünməz olduğunu söyləyir. Sultan isə onunla razılaşmayıb deyir: “To, meh-həsti”. Yəni “Sən hamıdan böyüksən”. Həmçinin bir başqa mənbədə Sultan Səncərin diqqətini onun gözlənilmədən yağan qar haqqında bədahətən söylədiyi bir rübainin çəkdiyi bildirilir: “Göylər sənə gümüşü xalça göndərib ki, atının nalı bulanmasın”. Sultan bu rübaini eşitdikdən sonra şairəni “Mə-histi” (“Ən böyük”) adı ilə mükafatlandırmış və onu öz yaxın əhatəsinə qəbul etmişdi.

Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərinin “Nəticə” adlanan hissəsində irəli sürülmüş fərziyyəyə görə, “Məhsəti” “mah” və “səti” olmaqla iki sözdən ibərətdir və “böyük xanım” anlamına gəlir. Nəhayət, başqa bir ehtimala əsasən, bu ad “Mah” və “səti” (“Ay xanım”) sözlərindən düzəlib (Nizami Gəncəvinin Məhin Banusu (“Xosrov və Şirin“) da bunun analoqudur).
 

Beləliklə də, “meh-həsti” və ya “mə-histi” – “Məhsəti”yə çevrilərək şairənin təxəllüsü olur. Rəvayətlərə əsasən, o, Gəncənin Xərabət məhəlləsində yaşamış, vaxtını məclislərdə, musiqi və rəqs yığıncaqlarında keçirmişdir. Onun şahmatçı olmasına dair fakta isə Azərbaycan Əlyazmalar İnstitutunda, İstanbulda və Londonda saxlanan XIII əsrə aid, müəllifinin Abdulla Cövhəri Zərgər Təbrizi olduğu güman edilən “Məhsəti və Əmir Əhməd” dastanından rast gəlmək olar. 


Məhsətinin şahmatla tanışlığı məclislərdən başlanıb və bu oyun həyatının bütün mərhələlərində onu müşayiət edib. Dastanda deyilir ki, Bəlx şəhərində (indiki Əfqanıstan) yaşayan bir ilahiyyat aliminin qızı olur. Münəccimlər qızın böyük gələcəyindən xəbər versələr də, bildirirlər ki, qızın taleyi xərabət-meyxana ilə bağlı olacaq. Beləliklə, Məhsəti atasının xüsusi səyi ilə mükəmməl təhsil alır, həmçinin, musiqini dərindən mənimsəyir. 

Atasının vəfatından sonra Məhsəti Gəncəyə, Xərabət məhəlləsinə köçür. Burada o, savadı, gözəlliyi, məlahətli səsi və poetik istedadı ilə hamının rəğbətini qazanır. Gələcək sevgilisi və həyat yoldaşı – Gəncə xətibinin oğlu Əmir Əhmədlə də elə burda tanış olur. Məhsəti tezliklə Gəncədə ən güclü şahmat ustası kimi də ad çıxarır. Gəncə şahı kimi tanınan şəhər hakimi Sultan Məhəmməd onu tez-tez saraya dəvət edir. Belə görüşlərin birində şah Məhsəti ilə şahmatda gücünü sınayır. Məhsətinin ilk şahmatçı qadın kimi tanınmasında da məhz bu oyunun müstəsna rolu olur. Çılğın şahmat azarkeşi və oyunçusu olan Mahmud şahı dəfələrlə məğlub etdikdən sonra, Məshətinin şahmatçı kimi sorağı İraqa, Misirə, Orta Asiyaya qədər gedib çıxır. Amma oyunların birində şah nədənsə qəzəblənib Məhsətini öküz dərisinə bükdürüb yeddi günlüyə zindana atdırır. Altıgünlük həbsdən sonra şairə Bəlx şəhərinə qaçır və burda da çılğın oyunu ilə saraydakı şahmat ustalarını, yaradıcılığı ilə saray şairlərini aciz qoyur.

Ümumilikdə götürdükdə, Məshəti üçün şahmat fəlsəfə idi. Sufizmin “Əxi” qolunda ruhi rahatlıq tapan ilk şahmatçı qadınımız hesab edirdi ki, şahmat onu Allaha qovuşduran vasitələrdən biridir. Sufizm düşüncəsinə görə, insanda azarkeş duyğusu, müsbət mənada asılılıq yaradan, onu bu dünyadan alıb-aparan digər hisslər, əslində, ruhun göyə üçması, başqa aləmə, Tanrının dərgahına gedən yola qovuşması deməkdir. Bu yolda sufilər üçün şahmat və musiqi məclisləri əvəzsiz vasitə idi. Rəvayətlərdə qeyd edilir ki, Məhsəti musiqiyə qulaq asanda, özü udda ifa edəndə və nəhayət, şahmat oynayıb gedişlərinə aludə olanda sanki bu dünya ilə əlaqəsini itirirdi. Maraqlıdır ki, çox-çox sonralar Məhəmməd Füzuli, Mövlanə Cəlalədin Rumi kimi sufilərlə yanaşı, Höte, Mendeleyev kimi sufizmə aidiyyəti olmayan dahilərdə də oxşar düşüncə tərzinə rast gəlinib. Onlar da təqribən, eyni fikirləri paylaşaraq bildiriblər ki, şahmat insanı başqa dünyalara aparan qeyri-adi qüvvə və ya bu qüvvənin himayə etdiyi sehrli aləmə aparan yoldur. 

1923-cü ildə Nizami Gəncəvinin qəbri qazılıb, Şah Abbas məscidində basdırılmaq istəyəndə, onun yanında bir qadın sümükləri də aşkarlanır. Bunun Məhsəti Gəncəvi olduğu ehtimal edilir.

Rübailəri ilə tanınmış Məhsəti Gəncəvi əsərləri bu ilin mayın 7-də Nazirlər Kabinetinin qərarı ilə dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR