İlk dəfədir ki, bu qədər ciddi problemlərimiz var - Yurçeviç
Səfərimiz yaxşı keçdi. Amma ümumilikdə, ilk dəfədir ki, heyətlə bağlı bu qədər ciddi problemlərimiz var. Üç futbolçumuz cəzalı durumdadır, 2 futbolçumuzun zədəli olması bəlli idi, son anda isə məlum oldu ki, Qara Qarayevin də zədə ucbatından sabahkı oyunu buraxacağı ehtimalı yüksəkdir.
Axar.az xəbər verir ki, bu fikri səfərdə futbol üzrə Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç oktyabrın 8-də təşkil olunan oyunöncəsi brifinqdə söyləyib.
Xorvatiyalı mütəxəssis deyib: “Bəhreyn yığması ilə yoldaşlıq oyununun Macarıstan millisinə qarşı keçirəcəyimiz qarşılaşmanın qlobal mənada testi, yoxlaması olduğunu düşünmürəm. Bu oyun bəzi futbolçularımızın müxtəlif aspektlərdən nə dərəcədə hazırlıqlı olmasını müəyyənləşdirmək baxımından bizim üçün vacibdir. Təbii ki, daha çox “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində Macarıstan millisi ilə keçirəcəyimiz oyun barədə düşünürük. Hava şəraitinin, yüksək temperaturun bizim üçün problem yarada biləcəyini ehtimal etmirəm. İndiki halda iqlim şərtləri futbolçuların xarakter göstərməsi baxımından əhəmiyyət kəsb edir. İstənilən halda, milli komanda səviyyəsində əhəmiyyətsiz oyun olmur. Yoldaşlıq və ya seçmə mərhələ oyunu olmasından asılı olmayaraq, milli komandanın bütün qarşılaşmaları önəmlidir”.
Oktyabrın 9-da Bəhreyn Milli Stadionunda keçiriləcək matça Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət