Slimfit
  1. BİOQRAFİYA

İlk azərbaycanlı hərbi topoqraf - İbrahim ağa Vəkilov

İlk azərbaycanlı hərbi topoqraf - İbrahim ağa Vəkilov
Sakura

İlk azərbaycanlı hərbi topoqraf - İbrahim ağa Vəkilov

1853-cü il mayın 7-də keçmiş Yelizavetpol quberniyası Qazax qəzasının Qırax Salahlı kəndində anadan olan İbrahim ağa Vəkilov on bir yaşında atadan yetim qalıb. Atası Paşa ağa 1864-cü ildə vəfat edib. On nəfərlik ailəni güc-bəla ilə saxlayan anası Tükəzban xanım Yusif ağa qızı İbrahimin fəhmi, fərasəti ilə daha çox öyünür, qürrələnirdi.
Azərbaycan Dövlət Tarix Muzeyinin elmi arxivində saxlanılan əlli altı nömrəli qovluqda İbrahim ağa Vəkilovun 1866-cı il sentyabrın 6-da Tiflisdəki üçüncü Mejavoy Hərbi Gimnaziyasına daxil olduğu göstərilir. Orta məktəb həcmində təhsil verən bu məktəbdə doqquz il oxuduqdan sonra həmyerlisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin məsləhətilə İbrahim Peterburqdakı hərbi topoqrafiya məktəbinə daxil olur.

1879-cu ildə İbrahim ağa Vəkilov həmin məktəbi müvəffəqiyyətlə bitirib, praporşik rütbəsi alır. Qulluq üçün Tiflisə göndərilən gənc zabit bir müddət Qafqaz hərbi dairəsinin topoqrafiya qərargahı şöbəsində çalışır.

Xidmətinin ilk illərində Dağıstanda topoqrafik çəkilişlərlə məşğul olan İbrahim ağa Vəkilov 1883-cü ildə Rus-İran komissiyasının tərkibində Xəzər dənizindən Əfqanıstana qədər olan sərhədlərin dəqiqləşdirilməsində iştirak edir.

Belə bir ciddi işi vaxtından əvvəl-iki ilə müvəffəqiyyətlə yerinə yetirdiyinə görə, İbrahim ağa Vəkilovun xidməti İran hökumətinin ən yüksək "Şire-Xurşid" ordeninə layiq görülür. Beş il Qafqaz hərbi dairəsinin topoqrafiya şöbəsinə rəhbərlik edən İbrahim ağa Qafqazın və Krımın müxtəlif rayonlarında topoqrafik çəkilişlərlə məşğul olur. 1891-ci ildə Türkiyəyə ezam olunan İbrahim ağa Vəkilov dörd il rus səfirliyində yaşayaraq xüsusi tapşırığı yerinə yetirir. Mayor rütbəsində yenidən Qafqaz hərbi dairəsində mühüm işlər icraçısı işləyir. 1901-ci ildən şöbə rəisi podpolkovnik İbrahim ağa Vəkilov Qars vilayətinin Rus-Türk sərhədlərində topoqrafik çəkilişə rəhbərlik edir və Bosforun hərbi xəritəsini hazırlayır.

1912-1913-cü illərdə Rus-İran hökumətinin danışıqlarına əsasən polkovnik İ.Vəkilov Cənubi Azərbaycanın Təbriz, Urmiya və Xoy şəhərlərində keçirilən topoqrafik çəkilişlərə də başçılıq edir. Birinci Dünya müharibəsi illərində döyüşən ordu qərargahında fəaliyyət göstərən polkovnik İbrahim ağa Vəkilov 1917-ci il inqilabından sonra Tiflisə qayıdır. Onun xidmətləri Stanislav, Anna və dördüncü dərəcəli Vladimir ordenlərinə layiq görülür.

İbrahim ağa Vəkilov Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə şəxsiyyətdir. Əsrin əvvələrində İbrahim ağa bir topoqraf kimi çox məşhur olub. general İ.Vəkilov 1934-cu il iyunun 2-də vəfat edib

Qırx ilə yaxın hərbi topoqraf kimi fəaliyyət göstərən İbrahim ağa Vəkilovun xidmətləri Müqəddəs Anna ordeninin üçüncü dərəcəsilə (1886), İranın "Şire-Xorşid" ordenilə (1888), Müqəddəs Stanislav ordeninin ikinci dərəcəsilə (1894), Müqəddəs Anna ordeninin ikinci dərəcəsilə (1897), Müqəddəs Vladimir ordenin dördüncü dərəcəsilə (1903) qiymətləndirilib.

 

Mənbə: AzTarix

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR