Slimfit
  1. AZƏRBAYCAN

İlk azərbaycanlı epidemioloqu Elba sahillərindən Vətənə gətirən tale yolu

İlk azərbaycanlı epidemioloqu Elba sahillərindən Vətənə gətirən tale yolu
Sakura

İlk azərbaycanlı epidemioloqu Elba sahillərindən Vətənə gətirən tale yolu

XIX əsrin axırlarında Şamaxıda Cümə məscidindən üzü yuxarı qalxanda həyətində çoxlu meyvə ağacları, bağ-bağçasında müalicəvi əhəmiyyətə malik dərman bitkiləri olan bir ev var idi. Bu ev Məşədi Abdulla oğlu Əbdülxalıqa məxsus idi. Əczaçılıq təhsili almış Əbdülxalıq həyətdə yetişdirdiyi dərman bitkiləri vasitəsilə müxtəlif xəstəlikləri müalicə edirdi.

Bir-birinin ardınca bu evdə 7 övlad dünyaya gəlmişdi: dörd oğlan, üç qız. Böyüyü Ağa, kiçiyi İsmayıl. İsmayıl dünyaya gələndə atası artıq dünyada yox idi. O vaxt nə Əbdülxalıqın, nə onun həyat yoldaşı Sitarənin, nə də heç kimin ağlına gəlməzdi ki, bu ailənin övladlarından Sona Azərbaycanın ilk qadın oftalmoloqlarından, Rəhim ilk aqronomlarından, evin böyüyü Ağa ilk elektrik mühəndisi, sonbeşiyi İsmayıl isə ilk epidemioloqu olacaq…

AZƏRTAC Azərbaycanın ilk epidemioloqu İsmayıl Axundovun həyat yolundan söhbət açır.

Almaniyada təhsil illəri: cərrahlıqdan epidemiologiyaya

Azərbaycan Xalq Cümhuriyyəti qurulan ili İsmayıl Bakıda 2-ci kişi gimnaziyasını bitirib bir müddət quberniya tibb idarəsində işlədi. Yeni hökumət kadr çatışmazlığı ilə üzləşmişdi. Cümhuriyyətin ilk qərarlarından biri dörd fakültədən ibarət Azərbaycan Dövlət Universitetinin açılması idi. Kadr çatışmazlığı sahəsində vəziyyəti qaydaya salmaq üçün 1919-cu ilin noyabrında 100 tələbənin dövlət hesabına xaricdə təhsil alması barədə qərar qəbul edildi. Həmin il dekabrın 24-də “Azərbaycan” qəzetində dərc olunan tələbələrin siyahısında İsmayıl Axundovun da adı var idi. O, Münxendə Lüdviq Maksimilian adına Universitetin tibb fakültəsində təhsil almağa göndərilib. Hələ III kursda oxuyarkən ona əcnəbi tələbələrə alman dilinin qrammatikasından dərs demək təklif olunub.

Sovet hakimiyyəti qurulandan sonra xaricdə təhsil alan tələbələrdən 45 nəfəri pulsuzluq ucundan geri qayıdıb. Qalanları isə orada-burada gözətçi, satıcı, xidmətçi, laborant işləmək hesabına təhsilini davam etdirib. Cərrahlığa böyük həvəs göstərən İsmayıl sonradan məşhur cərrah, akademik Mustafa Topçubaşovun təklifi ilə ixtisasını epidemiologiya üzrə davam etdirir. Məşhur cərrahın təklifi səbəbsiz deyildi: o vaxt Azərbaycanda tək-tük cərrah tapılsa da, infeksion xəstəliklər sahəsində bir nəfər də mütəxəssis yox idi. İsmayıl təhsilini əla qiymətlərlə başa vurduğuna görə onu assistent kimi həmin universitetdə saxlayıblar. Hamburq Tropik Xəstəliklər İnstitutunda məşhur epidemioloq alim, professor Erik Martininin rəhbərliyi altında çalışıb. Həmin illərdə onu yoluxucu xəstəliklərin tüğyan etdiyi Konqo, Əlcəzair, Tunis, Nigeriya kimi Afrika ölkələrində epidemiyaya qarşı mübarizə aparmağa göndəriblər. 1927-ci ildə Bernard Nohth adına Hamburq Tropik Xəstəliklər İnstitutunda namizədlik dissertasiyası müdafiə edən İsmayıl Axundov ilk azərbaycanlı epidemioloq olur. Onun Afrikada əldə etdiyi uğurlu nəticələri və ümumən parazitologiya sahəsindəki böyük potensialını görən Yaponiya və İtaliya universitetlərində işləmək üçün İsmayıl Axundova dəvətlər gəlir.

Azərbaycana qayıdış: yeni mübarizə cəbhəsi

Lakin İsmayıl yalnız Azərbaycandan gələn dəvəti qəbul etdi. O, Hamburq İnstitutundakı işini, oradakı mənzilini qoyub Mustafa Topçubaşovun dəvəti ilə Bakıya qayıdaraq Epidemiologiya və Mikrobiologiya İnstitutunda entomoloji şöbəyə rəhbərlik edib. 20-30-cu illərdə Azərbaycanda epidemiologiya sahəsində vəziyyət əsrin əvvəllərindəki ağır durumdan heç nə ilə fərqlənmirdi. Bölgələrdə, ucqarlarda öldürücü klimatik şərait hökm sürürdü, malyariya “1 nömrəli qatil” adlandırılmışdı, həkim kadrlar yox idi. İsmayıl Axundov məhz belə bir şəraitdə işə başlayır. Malyariya bütün ölkəni bürümüşdü. Suvarma arxları, gölməçələrdə məskən salan ağcaqanadların yaydığı malyariya çox geniş yayılmışdı. Hətta kiçik təyyarələrlə aparılan infeksiya ocaqlarının dərmanlama tədbirləri də fayda vermirdi. Həmin illərdə o, tələbələri ilə birlikdə infeksiya mənbələri ilə mübarizəyə başladı. Qısa müddət ərzində o, bölgələrdə olan bacarıqlı gənc tibb işçilərini seçib respublikada ilk epidemioloq-parazitoloqlar yetişdirməklə məşğul oldu. İsmayıl Axundovun malyariyaya qarşı apardığı mübarizədə əsas yol xəstəliyin mənbəyini məhv etmək, ağcaqanadların süfrə qoyduğu arx, axmazlar və gölməçələri qurutmaqdan və gigiyena maarifləndirilməsi yolu ilə xəstələrin sayını minimum endirmək idi. Onun təklif etdiyi üsullardan biri ölkəmizin çay və göllərində geniş yayılmış diridoğan qambuziya balığından istifadə edilməsi idi. Həmin balıq ağcaqanad süfrələri ilə qidalandığından malyariya mənbələrini məhv etmək, necə deyərlər, elə beşikdəcə boğmaq mümkün idi.

Gənc alim bu sahədə bioloji üsullardan da istifadə edilməsini məqbul hesab edirdi. Onun akademik Yusif Məmmədəliyevlə birlikdə yaratdığı “yaşıl yağ cövhəri” belə üsullardan biri idi. Onun səmərəsi bütün dünyaya yayılmış və bir çox ölkələrdə tətbiq edilirdi.

İsmayıl Axundov Almaniyada müdafiə etdiyi doktorluq dissertasiyasını o dövrün qaydalarına əsəsən Bakıda yenidən müdafiə etməli olur. Doğma Vətənə qayıdandan sonra o, bir sıra mühüm vəzifələrdə çalışaraq bilik, bacarıq və təcrübəsini dəhşətli epidemiyaya qarşı mübarizəyə həsr edib: Epidemiologiya və Mikrobiologiya İnstitutunda işləyə-işləyə Azərbaycan Tibb İnstitutunda patologiya kafedrasının dosenti, Bakı tropik stansiyasının direktoru, Həkimləri Təkmilləşdirmə İnstitutunda kafedra müdiri, Səhiyyə Nazirliyinin malyariya ilə mübarizə şöbəsinin rəisi… Üstündə “meşşan ailəsinin oğlu” damğası olan, günahsız yerə agent adı ilə həbs edilərək Sibirə sürgünə göndərilən böyük qardaşı professor Ağa Axundovdan sonra onu da repressiya edilmək təhlükəsi gözləyirdi. Lakin görünür ki, sovet dövləti belə bir bacarıqlı mütəxəssisi itirmək istəməyib.

Böyük Vətən müharibəsi illərində isə Cənubi Qafqaz cəbhəsində baş epidemioloq kimi onun xidmətindən istifadə edilib. 1942-ci ildə isə onu cəbhədən geri çağıraraq Tibb İnstitutunda epidemiologiya kafedrasını təşkil etmək tapşırılıb. Professor həmin işin öhdəsindən çox uğurla gələrək ömrünün sonuna qədər həmin kafedraya rəhbərlik edib.

Yarımçıq qalan arzular

O, yeni axtarışlar və elmi təcrübələrlə bütün ölkədə yoluxucu xəstəliklərlə mübarizə aparmaq arzusunda idi. Bu sahədə bir-birinin ardınca yeni kitablar çap etdirir, elmi məqalə və monoqrafiyalar yazır, elmi konfranslarda çıxışlar edir, eyni zamanda, parazitologiya və epidemiologiya sahəsində kadrlar hazırlayırdı. Onun müəllifi olduğu "Malyariya və culicidae ağcaqanadları" kitabı, Azərbaycan dilində kitab və monoqrafiyaları bu sahədə çox yaxşı vəsaitlərdən biri, mütəxəssislərin stolüstü kitabıdır.

Tale elə bil ki, bu ailənin ən böyük və ən kiçik övladına bütöv ömür yazmamışdı. Böyük qardaşı Ağa repressiya olunaraq Krasnoyarska sürgünə göndərilmişdi. 1952-ci ildə elmi konfransda iştirak etmək üçün Moskvada olarkən Tropik Xəstəliklər İnstitutunda baş verən yanğın hadisəsi 55 yaşında ikən İsmayıl Axundovun həyatına son qoyur...

Azərbaycanın ilk epidemioloq aliminin arzularla dolu ürəyi həyatının çiçəkləndiyi bir vaxtda dayanır.

Baba sorağı ilə

Aradan illər keçəndən sonra İsmayıl Axundovun nəvəsi Kamal Cuvarlinski onunla bağlı olan sənədləri yığır, arxivini yaradır. Hətta 2012-ci ildə o, Almaniyanın Hamburq şəhərinə üz tutaraq bir ay orada araşdırma aparıb. Babasının işlədiyi institutda olub. Hər səhər onun işə tələsdiyi professor Bernard Noht küçəsini dolaşıb. Vaxtilə onun təhsil aldığı və işlədiyi universitetdə hamı azərbaycanlı epidemioloq-alimi böyük hörmət və ehtiramla xatırlayıblar. Hətta Hamburqdakı Tropik Xəstəliklər İnstitutunun akt zalında professor İsmayıl Axundovun adı ilə bağlı istənilən tədbir və yubiley keçirmək üçün açıq olduğunu bildiriblər.

Almaniyadakı Tropik Xəstəliklər İnstitutuna rəhbərlik etmiş, indi həmin təhsil ocağının idarə edən Şuranın üzvü professor Bernard Fleyşer Kamalla görüşü zamanı Azərbaycana gəlmək, ölkəmizin səhiyyə müəssisələri ilə əməkdaşlıq planlarından danışıb. Bu yaxınlarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin energetika fakültəsinin iki əlaçı tələbəsi üçün professor Ağa Axundov adına təqaüd təsis edilib. Azərbaycan Tibb Universitetində təhsil alan əlaçı epidemioloq tələbələr üçün professor İsmayıl Axundov adına təqaüd təsis etmək də yaxşı olardı. Eyni zamanda, Hamburqdakı Bernard Noht adına Tropik Xəstəliklər İnstitutunda da onun adına təqaüd təsis etmək üçün danışıqlar aparılması da yerinə düşərdi...

Hələlik isə Azərbaycan Tibb Universiteti görkəmli parazitoloq-alim İsmayıl Axundovun 120 illik yubileyini qeyd etməyə hazırlaşır. Böyük alimin, ölkəmizdə epidemiologiyanın cığıraçanı olan professorun təklif etdiyi üsullar bu gün də malyariyaya qarşı mübarizədə müasirdir.

Aradan illər keçsə də…

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR