Slimfit
  1. SİYASƏT

İlham Əliyevin pandemiya dövründə verdiyi tapşırıqlar xalqın rifahına xidmət edir

İlham Əliyevin pandemiya dövründə verdiyi tapşırıqlar xalqın rifahına xidmət edir
Sakura

İlham Əliyevin pandemiya dövründə verdiyi tapşırıqlar xalqın rifahına xidmət edir

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasının qarşısını almaq məqsədilə dövlət tərəfindən çox ciddi tədbirlər həyata keçirilir.

Oxu.Az xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı profilaktik və preventiv tədbirlər görülməklə bərabər, dövlət və qeyri-dövlət sektorunda məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır.

Belə ki, dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiq edilmiş “Tədbirlər Planı”nda məşğulluğa və sosial rifaha dəstək məqsədilə dörd istiqamət üzrə on tədbir əksini tapıb. Ümumilikdə iki milyon vətəndaşı əhatə edən bu tədbirlər üçün 400 milyon manat vəsait ayrılıb.

Pandemiya ilə əlaqədar olaraq, dövlət və qeyri-dövlət sektorunda çalışan işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi üçün zəruri tapşırıqlar verilib. Dövlət sektorunda minimal işçi sayı ilə fəaliyyət davam etdirilib, məzuniyyətə buraxılan işçilərin evdən işləmələri ilə əməkhaqlarının saxlanılması təmin edilib. Bu tədbir dövlət sektorunda çalışan 910 min işçini əhatə edib.

Hökumət qeyri-dövlət sektorunda çalışanları da diqqətdən kənarda qoymayıb. Qeyri-dövlət sektorunda çalışanların iş yerlərinin qorunması məqsədilə elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilib. Əvvəlcədən işəgötürənlərə müvafiq bildiriş-xəbərdarlıq göndərilib. Həmçinin, işçi qüvvəsinə ehtiyac olmadığı hallarda qanunvericiliklə görülməsi mümkün olan və iş yerlərinin qorunub saxlanmasına imkan verən alternativ üsullar təqdim edilib. Bütün bu işlər qeyri-dövlət sektorunda çalışan 710 min işçini əhatə edib.

Görülən tədbirlər öz müsbət nəticələrini verib. Qeyd etmək lazımdır ki, özəl sektorda nəinki əmək müqavilələrinin sayında azalma baş verməyib, əksinə, artım dinamikası müşahidə edilib. 2020-ci ilin 1 aprel tarixinə əmək müqavilələrinin sayı 664 119 olubsa, 14 aprel tarixinə bu göstərici 715 mini ötüb. Beləliklə, əmək müqavilələrinin sayında 1 aprel tarixindən 51 min, 1 yanvar tarixindən isə 73 min müqavilə artımı baş verib. Bu kifayət qədər müsbət nəticədir.

Eyni zamanda, təsdiq olunan “Tədbirlər Planı”nda 300 min muzdlu işçinin əməkhaqlarının bir hissəsinin maliyyələşdirilməsi və təqribən 300 min fərdi sahibkara dəstək verilməsi İqtisadiyyat Nazirliyinə tapşırılıb.

Bundan başqa, işini və qazancını itirmiş şəxslərə də dövlət tərəfindən dəstək verilib. Bu məsələ ilə bağlı Nazirlər Kabineti tərəfindən aprelin 7-də qərar təsdiq edilib, eləcə də müvafiq şərtlər və qaydalar müəyyənləşdirilib. İşsiz kimi qeydiyyat üçün vətəndaşlara elektron portal və telefon zəngi vasitəsilə qeydiyyat imkanı yaradılıb. Bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi üçün onlara birdəfəlik ödəmə olaraq 190 manat məbləğində dəstək verilib. Bunun üçün dövlət büdcəsindən 70 milyon manat vəsait ayrılıb. Ödənişi məşğulluq orqanında qeydiyyatdan keçmiş işsiz statusu olan və dövlətdən sosial ödəniş almayan şəxslər alırlar.

Xatırladaq ki, işsiz kimi qeydiyyata alınma və birdəfəlik ödəmənin verilməsi qaydasına dair hər gün KİV-də və sosial şəbəkələrdə məlumatlandırma aparılıb, müvafiq mövzuda videotəlimat hazırlanaraq, ictimaiyyətə təqdim edilib. Vətəndaşların müddəti bitmiş şəxsiyyət vəsiqələri ilə də qeydiyyata düşə bilmələri üçün onların etibarlılıq müddəti uzadılıb.

Çox qısa zaman ərzində ödənişlərə başlanılıb və ümumilikdə 9-14 apreldə 100 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib. Birdəfəlik ödəmə köçürülməsi ilə bağlı vətəndaşa SMS göndərilir. Ödəniş nağdsız qaydada, bank filialları və ya poçt şöbələri vasitəsilə vətəndaşlara çatdırılır. SMS alan şəxslər öz şəxsiyyət vəsiqəsini təqdim etməklə ödəmələri ala bilərlər.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə aprelin 1-dən işsizlik sığortasının müddəti bitmiş şəxslərə ödənişin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən növbəti ayın 1-dək uzadılıb. İki min nəfəri əhatə edən bu sosial müdafiə tədbiri üçün 600 min manat ayrılıb.

Mövcud karantin dövründə əhalinin məşğulluq imkanlarının artırılması istiqamətində də ciddi tədbirlər həyata keçirilib. Bu məqsədlə rayonlarda (şəhər) Məşğulluq Mərkəzlərinin fəaliyyəti gücləndirilib. Aprel-may ayı üçün DOST İş Mərkəzi vasitəsi ilə nəzərdə tutulan əlavə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanılıb. Bu məqsədlə 30 milyon manat vəsait ayrılıb.

Əlavə ictimai iş yerlərinin rayon və şəhərlər üzrə bölgüsü təsdiqlənib, prosedur və mexanizmlər hazırlanıb. Həmin ictimai iş yerləri əsasən dezinfeksiya, sosial xidmətlər və s. istiqamətləri əhatə edəcək.

Ölkədə özünüməşğulluq proqramının genişləndirilməsi sürətləndirilib. Belə ki, bu il üzrə 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulub. Bu ilin əvvəlindən artıq 2600 nəfər proqrama cəlb edilib və proses davam edir. Bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat ayrılıb. Layihə çərçivəsində Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (hər il 250 ailə) və banklarla əməkdaşlıq edilir.

Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb və bunun əsasında aprelin 8-də banklar tərəfindən aktivlərin verilməsinə başlanılıb.

Bundan başqa, bu il özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə birgə layihəyə də başlanılacaq. Dünya Bankı layihəsi çərçivəsində hər il beş min ailənin özünüməşğulluğu təmin ediləcək.

BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq çərçivəsində isə 500 nəfər əlilliyi olan şəxsin də biznes-planları banklar tərəfindən qiymətləndirilib, hazırda biznes-planların onlayn formada müdafiəsi həyata keçirilir.

Ölkə başçısı əhalinin xüsusi həssas təbəqələrinin rifahının yaxşılaşdırılması məqsədilə sosial müdafiə tədbirlərinin gücləndirilməsini tapşırıb. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyatından istifadə olunmaqla əhaliyə sosial ödənişlərin davamlılığı təmin edilir və il ərzində bu proses davam etdiriləcək. Bu ödənişləri (pensiya, müavinət, təqaüd və s.) alanların sayı 2,3 milyon nəfərdir.

Aprelin 8-15-də respublika üzrə bu ayın bütün pensiyaları ödənilib. Ayın 20-21-də müavinət, təqaüd və kompensasiya, ayın 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq. Pensiya və digər sosial ödənişlər zamanı bankomatlar qarşısında sıxlığın olmaması, həmçinin, əlçatanlığın təmin olunması üçün Mərkəzi Bankla birlikdə görülən işlər nəticəsində müvafiq ödənişlər ölkədə fəaliyyət göstərən bütün bankların, eləcə də “Azərpoçt”un bankomatlarından və posterminallarından faiz tutulmadan, yəni komissiyasız ödənilib və belə də davam edəcək.

Pensiyaçıların yaxınları, ailə üzvləri (evdən çıxmaq üçün müvafiq icazə əsasında), habelə tənhalara xidmət edən sosial xidmətçilər həmin vəsaitləri istənilən bankın, həmçinin, “Azərpoçt”un bankomatlarından və ya posterminallarından alaraq sahiblərinə çatdıra bilərlər.

Karantin rejiminin tətbiq edildiyi müddətdə əhalinin aztəminatlı təbəqəsinə ünvanlı dövlət sosial yardımlarının verilməsi müddəti uzadılmaqla yanaşı, həm də sadələşdirilib. Belə ki, ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bunun üçün əlavə üç milyon manat ayrılıb.

Aprelin 1-dən 14-dək ünvanlı sosial yardım alanların sayı doqquz min ailə və ya 35 min insan artıb. Ümumilikdə, 14 aprel tarixinə 79 min ailənin 330 min üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olunur. Hər ailəyə düşən yardımın məbləği 222 manatdır. Aztəminatlı ailələrin bu proqramdan faydalanmaq imkanlarının və proqrama əlçatanlığının artırılması işləri nəticəsində bu yardımı alanların sayı artmaqda davam edir.

Nəzərinizə çatdıraq ki, koronavirus təhlükəsi ilə əlaqədar risk qrupuna daxil olan və yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Onlar arasında yalnız yaşayan ahıl şəxslərin olduğunu da nəzərə alsaq, dövlət tərəfindən həmin şəxslərə də sosial xidmətlərin göstərilməsi barədə qaydalar hazırlanıb.

Belə ki, yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlər göstərilir. Xüsusi qayğıya ehtiyacı olan şəxslərə isə sosial xidmət müəssisələrində bütün lazımi yardımlar edilir. Bu günə qədər 15 mindən çox tənha yaşlıya sosial xidmətlər göstərilib. Sosial tərəfdaşlar vasitəsilə artıq 14 100 tənha ahıla və əlilliyi olan şəxslərin evlərinə ərzaq payları aparılıb. Bu proses də müvafiq dövr müddətində davam etdiriləcək. Hazırda doqquz sosial xidmət müəssisəsində 1000-dən çox şəxs stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur.

Azərbaycan əhalisi görülən bütün tədbirlərə görə, ölkə başçısı İlham Əliyevə minlərlə təşəkkür məktubu ünvanlayıb. Ölkə ərazisində görülən tədbirlər bununla da bitmir.

Qeyd edək ki, martın 1-dən etibarən əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların başa çatan əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bu tədbir öz növbəsində 14 min nəfəri əhatə edir və bu məqsədlə 2,6 milyon manat vəsait ayrılıb.

Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılıb. Bunun üçün (iki aylıq) 10 milyon manat vəsait ayrılıb.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr də diqqətdə saxlanılıb. Onların təhsil haqqı xərclərinin ödənilməsini dövlət öz öhdəsinə götürüb. Təxminən 17 min tələbəni əhatə edən güşəştlər üçün (il ərzində) 40 milyon manat vəsait ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - “Çağrı mərkəzi” tərəfindən aprelin 1-dən 15-dək 82 min vətəndaşın müraciəti cavablandırılıb. Çağrı Mərkəzinin işçi heyəti üç dəfə, iş saatları isə 00:00-dək artırılıb.

Dünya ölkələri ilə yanaşı, Azərbaycan da öz əhalisinin sağlamlığını qorumaq, COVID-19 pandemiyasından minimum zərərlə çıxmaq üçün bütün zəruri tədbirləri görür və görməyə davam edəcək. Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən bütün tədbirlər Prezident İlham Əliyevin “Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır” fikrini bir daha əməli müstəvidə təsdiq edir.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR