İlham Əliyev Paşinyanı “öz meydanında” məğlub etdi - Rusiya telekanalında müharibə debatına sözardı
Sentyabrın 29-da “Rossiya 1” kanalında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın müsahibəsi efirə gedib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunmuş “60 dəqiqə” proqramında müsahibələrdən əvvəl efirə verilən kiçik süjetdə əvvəlcə Dağlıq Qarabağda Azərbaycan aviasiyasının bombadrmanı nəticəsində ölən mülki əhali və eləcə də vuruşan erməni əsgərləri nümayiş olunub.
Azərbaycanda isə ziyan dəymiş bir neçə ev və ümumi savaş görüntüləri efirə verilib. Daha sonra isə ilk olaraq Azərbaycan prezidenti canlı şəkildə studiyaya bağlanaraq jurnalistlərin suallarını cavablandırıb.
Prezident İlham Əliyev rusiyalı jurnalsitlərin suallarını ətraflı şəkildə, dəqiq detallara toxunmaqla cavablandırıb. Prezident bilridib ki, hadisələr ermənilərin növbəti təxribatı nəticəsində 11 azərbaycanlı dinc sakin öldürülüb. Azərbaycan ordusu cavab zərbələri endirib və əks-hücuma keçərək işğal altında olan bir neçə yaşayış məntəqələrini azad edib. Maraqlıdır ki, bundan sonra sualların əsas hissəsi Türkiyə ilə bağlı olub. Türkiyənin hərbi əməliyyatlarda rolu, Ermənistan hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulması və Suriyadan gətirilən muzdluların Azərbaycan tərəfdən savaşması. Yalnız bir sual danışıqların yenidən bərpa olunması ehtimalı barədə olub.
Prezident Türkiyə ilə bağlı suallara dəqiq cavab verib. Bildirib ki, Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Dost və qardaş ölkə olaraq Azərbaycanı dəstəkləyib. Ermənistanın beynəlxalq hüququ kobud şəkildə pozaraq Azərbaycan ərazilərini hələ də işğalda saxladığını xatırladan dövlət başçısı Türkiyənin Azərbaycana mənəvi dəstək verdiyini, Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıdığını, “feyk-nyus” olduğunu vurğulayıb. İlham Əliyev bildirib ki, Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır.
Həmçinin Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında iştirakı ilə bağlı erməni tərəfinin iddialarını puça çıxaran Prezident xatırladıb ki, bugünkü müasir texnologiyalar dövründə, peyk müşahidələri imkanları olduğu halda bu cür faktları gizlətmək mümkün deyil. Prezident Türkiyənin hərbi əməliyyatlarda iştirakı üçün hər hansı zərurətin olmadığını, Azərbaycan ordusunun üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirdiyini qeyd edib.
Eyni şəkildə suriyalı muzdlularla bağlı sualı cavablandıran dövlət başçısı Azərbaycanın əhali potensialının yüksək olduğunu, 10 milyonluq ölkənin xaricdən muzdlu gətirməyə ehtiyacının olmadığını qeyd edib.
Prezident qeyd edib ki, Ermənistanın hazırkı rəhbərliyi müxtəlif təxribatçı addımlar atmaqla danışıqlar prosesini pozmağa çalışıb. İlham Əliyev qeyd edib ki, “Qarabağ Ermənistandır və nöqtə” deyən baş nazir Paşinyan faktiki olaraq sülh prosesini baltalayıb.
Daha sonra çıxış edən Ermənistan baş naziri isə bir neçə dəqiqə əvvəl Azərbaycan prezidentinin yalan olduğunu isbat etdiyi “feyk-nyus”ları yenidən təkrarlamağa başlayıb. Paşinyan yenidən Azərbaycanın Qarabağda dinc əhalini atəşə tutduğunu, Türkiyəli yüksək rütbəli hərbçilərin, eyni zamanda suriyalı muzdlularla bağlı ənənəvi yalanları təkrarlayıb. Paşinyan növbəti dəfə absurd iddialarını təkrar edərək Ermənistan təyyarəsinin Türkiyə ordusu tərəfindən vurulduğunu iddia edərək hətta Qarabağda “türk ordusunun” birləşməsi olduğunu iddia edib.
Hər iki liderə Rusiya kanalı demək olar ki, eyni müddət – 12 dəqiqə zaman ayırıb. Hətta rus jurnalsitlərin yönəldici suallarına baxmayaraq İlham Əliyev ayrılmış vaxtda “sual-ittihamları” sakit, əmin şəkildə cavablandırır, yalan xəbərləri bir-bir, məntiqli şəkildə darmadağın edir.
Erməni baş nazir isə ayrılan vaxt ərzində bir az əvvəl İlham Əliyevin cavablandırdığı iftiraları təkrarlayıb, rabitəsiz danışıb, nağılvari hekayələr uydurub. Hətta rus jurnalsitlərin yönlədirməsi Paşinyanın köməyinə çatmayıb, baş nazir efir müddətində sönük, uğursuz çıxışı ilə yadda qalıb.
Paşinyanın çıxışı o qədər sönük göründü ki, hətta rusiyalı ekspertlər Azərbaycan prezidenti qarşısında sönük görünməsini, “darmadağın” olmasını qeyd ediblər. Erməni baş nazirin zəif “performansı” bir tərəfdən onun və ölkəsinin haqsız tərəf olması faktı ilə bağlıdırsa, digər tərəfdən, Azərbaycan prezidentinin yüksək peşəkarlığı və qətiyyətli çıxışı ilə bağlı idi. Paşinyan növbəti dəfə “öz meydanın” Azərbaycan prezidentinə uduzdu. Ordusunun da cəbhədə uduzduğu kimi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət