İlham Əliyev: 'Nəqliyyat infrastrukturunun səviyyəsinə görə, Azərbaycan dünyada 34-cü yerdədir'
"Hesab edirəm ki, 2019-cu ildə biz artıq mövcud olan nəqliyyat infrastrukturundan çox səmərəli şəkildə istifadə etdik. Əvvəlki dövrlərdə yaradılmış nəqliyyat infrastrukturu imkan verdi ki, biz əməkdaşlığın miqyasını genişləndirək".
"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində deyib.
Dövlət başçısı bildirib: "Nəqliyyat məsələlərinə gəldikdə, mən həmişə bu məsələləri iki yerə bölürdüm. Birinci, daxili nəqliyyat layihələri, ikinci isə beynəlxalq əməkdaşlıq tələb edən layihələr. Düzdür, bu layihələr bir-biri ilə sıx bağlıdır. Ancaq biz bütün addımlarımızı planlı şəkildə atmalı idik. Belə olan halda uğur da qazanılacaqdı, belə də oldu. Ona görə daxili nəqliyyat layihələrinin icrası bizə imkan verdi ki, biz ölkə daxilində çox müasir nəqliyyat infrastrukturu yaradaq və buna nail olduq. Misal üçün, baxmayaraq ki, ölkə ərazisi o qədər də böyük deyil, bizim yeddi beynəlxalq hava limanımız var və bunların hər biri işlək vəziyyətdədir. Onlardan altısı beynəlxalq uçuşlar da təşkil edir. Digər tərəfdən, bizim dəniz nəqliyyatımız sürətlə inkişaf etdi. Biz Xəzərdə ən böyük donanmaya malikik. Biz hazırda 2003-cü ildə istifadəyə verilmiş gəmiqayırma zavodunda bütün növ gəmiləri istehsal edə bilirik. Bu yaxınlarda tarixdə ilk dəfə olaraq Azərbaycanda bərə gəmisi istifadəyə verildi. Onun adı “Azərbaycan”dır. “Laçın” adlı neft tankerinin də inşası tamamlandı və istifadəyə verildi. Növbəti illərdə Bakının gəmiqayırma zavodunda başqa gəmilər də inşa ediləcəkdir.
Hava nəqliyyatına gəldikdə, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında göstərilir ki, hava nəqliyyatının səmərəliliyinə görə, Azərbaycan dünyada 12-ci yerdədir. Yük daşımaq üçün imkanlar var. Azərbaycan indi tranzit hab kimi öz hava məkanından istifadə edir.
Eyni zamanda, ölkə daxilində dəmir yolu infrastrukturu yenilənib. Əlbəttə ki, Bakı-Tbilisi-Qars dəmir yolunun iki il əvvəl istismara verilməsi böyük dəyişikliklərə gətirib çıxardı. Dəmir yollarının səmərəliliyinə görə, - yenə də Davos Forumuna qayıdıram, - Azərbaycan 11-ci yerdədir. Yəni, bu, çox yüksək göstəricidir. Eyni zamanda, son 16 ildə 16 min kilometr avtomobil yolu inşa edilib - həm magistral, həm şəhərlərarası, kənd yolları. Bu göstəriciyə görə, yolların keyfiyyətinə görə, biz dünyada 27-ci yerdəyik. Bütövlükdə, nəqliyyat infrastrukturunun səviyyəsinə görə, Azərbaycan dünyada 34-cü yerdədir və bu, çox yüksək göstəricidir. Ona görə, nəqliyyatın bütün seqmentləri Azərbaycanda tam müasir standartlara cavab verir. Eyni zamanda, keçən il istifadəyə verilmiş Ələt Dəniz Ticarət Limanı da çox böyük infrastruktur obyektidir. Bu limanın yükaşırma qabiliyyəti hazırda 15 milyon tondur və bunun həcmi 25 milyon tona qədər rahatlıqla artırıla bilər. Beləliklə, bu strateji infrastruktur layihəsi bizə imkan verir ki, Azərbaycan üzərindən yük daşımalarının həcmi artsın.
Bütün bu layihələrin arasında Bakı-Tbilisi-Qars dəmir yolunu mən xüsusilə vurğulamaq istəyirəm. Çünki bu, bir neçə səbəbə görə doğrudan da strateji obyektdir, strateji infrastrukturdur. Birincisi, bizim Türkiyə ilə dəmir yolu bağlantımız olmayıb. Beləliklə, bizim ixracımız, yaxud da ki, Azərbaycan üzərindən təşkil edilən ixracın son nöqtəsi Qara dəniz limanları idi. Orada da gərək yüklər yenə də aşırılardı, daşınardı - yenə də vaxt itkisi, yenə də vəsait itkisi. Limanların da imkanları məhduddur və bir çox hallarda hava şəraitindən asılıdır. İlk növbədə, Novorossiysk limanı. Orada bəlkə də il ərzində günlərin təqribən 20 faizində hava şəraiti imkan vermir ki, yüklər daşınsın. Ona görə bu, birinci məsələ idi. İkinci məsələ ondan ibarət idi ki, biz çox yaxşı başa düşürdük, əgər Bakı-Tbilisi-Qars dəmir yolu tikilərsə, onda biz nəinki Şərq istiqamətindən, hətta Cənub və Şimal istiqamətindən də bu yola yükləri cəlb edə bilərik və buna nail olduq. Ona görə bu, strateji obyekt idi bizim üçün. Mən Prezident kimi fəaliyyətimə başlayanda dərhal bu məsələ ilə məşğul olmağa başladım və araşdırma apardım ki, biz bunu necə icra edək. O vaxt bizim pulumuz yox idi. Beynəlxalq maliyyə qurumları bu layihəyə maraq göstərmirdilər. Biz bəzi ölkələrə müraciət etmişdik. O müraciətə də cavab verilmədi. Ona görə biz gördük ki, bunu özümüz etməliyik və əlbəttə, qonşu ölkələrlə birlikdə. İlk növbədə, Türkiyə tərəfi ilə danışıqlar apardıq və razılığa gəldik. Ondan sonra Gürcüstanla danışıqlar başlanıldı. Bunun böyük hissəsi Gürcüstan üzərindən keçən dəmir yoludur. Gürcüstanın da imkanı yox idi. Ona görə biz bu məsələni öz üzərimizə götürdük və Gürcüstanla kredit anlaşması imzalandı. Bu kredit anlaşmasına görə, təqribən 800 milyon dollara yaxın vəsait nəzərdə tutulurdu, o şərtlə ki, inşaatı Azərbaycan şirkətləri aparsınlar. Yəni, bu vəsaitdən biz özümüz istifadə edəcəyik, eyni zamanda, kredit də ondan sonra qaytarılacaqdır.
Bütün bu məsələləri təşkil edəndən sonra gördük ki, biz indi bəzi beynəlxalq təzyiqlə üzləşirik. Bu, bir qədər gözlənilməz idi. Çünki biz yaxşı bilirdik və xəritəyə baxanda hər kəs görür ki, bu yol çox lazımdır. Ancaq bəzi Qərb ölkələri buna etiraz etdilər. Baxmayaraq ki, biz indi onlardan kredit də almaq fikrində deyildik. Ancaq Gürcüstana təzyiqlər başlanıldı ki, Gürcüstan razılıq verməsin bu layihəyə. Çünki bu layihə həyata keçirilərsə, Ermənistan nəqliyyat dalanında qalacaqdır. Dünyadakı ermənipərəst qüvvələr, erməni lobbisi, diaspor və ermənipərəst siyasətçilər bu layihənin əleyhinə açıq şəkildə çıxdılar. Əgər Gürcüstan buna razılıq verməsəydi, əlbəttə ki, bu layihə həyata keçirilə bilməzdi. Biz Gürcüstan rəhbərliyini inandıra bildik ki, bu layihə onlar üçün də xeyirlidir. Həm minlərlə iş yerləri yaradılacaq, Gürcüstana yaxşı şərtlərlə təqribən 800 milyon dollar dəyərində kredit veriləcək və Gürcüstan üzərindən yükdaşımalarının həcmi kəskin artacaq. Razılığa gələndən sonra, eyni zamanda, mən bəzi Qərb ölkələrinin rəhbərləri ilə açıq söhbət etdim və dedim ki, siz bizə mane olmayın. Kömək etmirsiniz, etməyin. Ancaq siz bizə mane olmayın. Çünki biz də bəzi məsələlərdə sizə mane ola bilərik. Hesab edirəm, bu sözlərdən sonra artıq orada da yəqin edildi ki, daha yaxşı olar ki, bu işə müdaxilə etməsinlər. Beləliklə, Tbilisidə Bakı-Tbilisi-Qars layihəsinin sənədləri imzalanmışdır. İnşaat 2 il bundan əvvəl başa çatdı və bu gün biz nəinki gözlədiyimiz yerlərdən, hətta yeni ünvanlardan da bu yol üzərində yükləri qəbul edirik və ötürürük.
Bu, əlbəttə ki, Çin-Qazaxıstan-Xəzər-Azərbaycan-Gürcüstan-Türkiyə yoludur və eyni zamanda, artıq Türkmənistandan da yüklər gəlir. Türkmənistana mənim səfərim zamanı ancaq nəqliyyat sektoruna aid səkkiz sənəd imzalanmışdır. Artıq Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa dəmir yolu xətləri birləşib. Əfqanıstanda Lapis-Lazuli layihəsi ilə biz Bakı-Tbilisi-Qarsı birləşdirə bildik. Beləliklə, yeni yüklər əldə edildi. Artıq Rusiyadan da Azərbaycan üzərindən Türkiyəyə yüklərin daşınması başlamışdır. Əminəm ki, bu yolla yüklərin həcmi daha da artacaq. Eyni zamanda, biz İrandan da Avropa istiqamətinə Azərbaycan üzərindən yükləri gözləyirik. Bildiyiniz kimi, Şimal-Cənub nəqliyyat dəhlizində də Azərbaycan çox fəal iştirak edir. Biz öz ərazimizdə bu dəhlizlə bağlı bütün işləri başa vurmuşuq. Ona görə bütün bu addımların nəticəsində Azərbaycan - açıq dənizlərə çıxışı olmayan bir ölkə beynəlxalq, yəni Avrasiya nəqliyyat mərkəzlərinin birinə çevrilibdir. Əminəm ki, növbəti illərdə artıq icra edilmiş layihələrin və yeni layihələrin icrası nəticəsində Azərbaycan üzərindən yükdaşımalarının həcmi artacaq.
Bir məsələni də vurğulamaq istəyirəm. Əlbəttə ki, bu, bizə uzunmüddətli gəlirlər gətirəcək, özü də böyük həcmdə. Ancaq, eyni zamanda, bu, beynəlxalq əməkdaşlığı da möhkəmləndirir, ölkələr bir-biri ilə daha sıx bağlanır, qarşılıqlı asılılıq yaranır. Tranzit ölkə olmaq üçün sən mütləq qonşularla yaxşı münasibətlər qurmalısan. Çünki sən qonşularsız tranzit ölkəyə çevrilə bilməzsən. Bizim xarici siyasətlə bağlı dediyim sözlər bunu bir daha təsdiqləyir. Əgər qonşu ölkələrlə səmərəli qarşılıqlı faydalı münasibətlər qurulmasaydı, bu gün nə enerji, nə nəqliyyat layihələri icra edə bilməzdi".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət