İlham Əliyev İnstaqramda məşhur liderlər sırasında
Azərbaycan prezidenti İlham Əliyev, Rusiyanın baş naziri Dmitri Medvedyev, Özbəkistan prezidenti Şavkat Mirziyeyev və Ukrayna prezidenti Petro Poroşenko İnstaqramdan uğurla istifadə edən və istifadəçilərlə fəal ünsiyyət quran postsovet məkanı ölkələrinin liderləri arasındadır.
“Qafqazinfo” xəbər verir ki, BCW (Burson Cohn & Wolfe) piar-agentliyi apardığı “World Leaders on Instagram” tədqiqatı vasitəsilə dünya liderlərinin, hökumət nümayəndələri və beynəlxalq təşkilatların sosial şəbəkələr vasitəsilə necə ünsiyyət qurmalarını araşdırıb.
Hesabat illik “Twiplomacy” tədqiqatına əsaslanır. İlkin olaraq əsas diqqət “Tvitter”ə yönəldilsə də, daha sonra tədqiqat Feysbuk və İnstaqram kimi platformalarda da genişləndirilib.
Tədqiqat çərçivəsində İnstaqramda Azərbaycan prezidentinin və xarici işlər nazirinin səhifəsi də daxil olmaqla, 426 hesabın fəallığı analiz edilib.
Hesabata əsasən, 12 ay ərzində Azərbaycan prezidentinin hesabında 142 post (gündə 0,39 giriş) paylaşılıb. Səhifədə statuslardan 139-u fotolarla (bütün postların 98%-i), 3-ü video ilə (2%) yerləşdirilib. Statuslar ümumilikdə 1 milyon 40 min 994 “like” və şərh toplayıb. Onlardan 1 milyon 38 min 135-i “like”, 2 min 859-u şərhdir (bir posta 7 min 331 “like” və şərh). 12 ay ərzində auditoriya 65 min 420 nəfər (38,18%) artaraq 236 min 749 nəfər istifadəçi təşkil edib.
Azərbaycanın XİN hesabı isə hesabat dövründə 74 posta 29 min 163 “like” və “comment” toplayıb. İzləyici sayı 773 nəfər artaraq ümumilikdə 1304-ə (145,57% artım) çatıb.
Hesabatın nəticələrinə əsasən, istifadəçi sayına görə postovet məkanı ölkələrinin dövlət nümayəndələrinin ilk beşliyinə Rusiyanın baş anziri Dmitri Medvedyev ( 2 milyon 914 min 474 istifadəçi), Özbəkistan prezidenti Şavkat Mirziyeyev (831 min 692 istifadəçi), Azərbaycan prezidenti İlham Əliyev (236 min 749), Ukrayna prezidenti Petro Poroşenko (123 min 649), Qazaxıstanın baş naziri Baxıtcan Saqintayev (77 min 923) daxildir.
Daha sonra Moldova prezidenti İqor Dodon (41 min 870), Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan (13 min 803), Ukraynanın baş naziri Vladimir Qroysman (25 min 391) və Gürcüstanın xarici işlər naziri David Zalkaliani (1174) gəlir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət