Slimfit
  1. TARİX

İlham Əliyev - İlham Əliyevin andiçmə mərasimində nitqi (2003)

İlham Əliyev -  İlham Əliyevin andiçmə mərasimində nitqi (2003)
Sakura

İlham Əliyev - İlham Əliyevin andiçmə mərasimində nitqi (2003)

Hörmətli xanımlar və cənablar! Hörmətli qonaqlar! Azərbaycan Respublikasının Prezidenti seçilməyimlə mənə göstərilmiş bu böyük etimada görə Azərbaycan seçicilərinə, Azərbaycan vətəndaşlarına, bütün Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirirəm. Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm. Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur. Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, İqtisadiyyatın ən mühüm göstəricisi - ümumi daxili məhsul son beş il ərzində hər il 10 faiz artır, inflyasiyanın səviyyəsi 2 faiz təşkil edir. Halbuki, on il bundan əvvəl inflyasiyanın səviyyəsi 1600 faiz idi. Azərbaycanda özəl sektor uğurla inkişaf edir. Çox sevindirici haldır ki, ümumi daxili məhsulun formalaşmasında özəl sektorun payı 70 faiz təşkil edir. Sahibkarlar sinfi yaranır. Genişmiqyaslı özəlləşdirmə proqramı həyata keçirilir. Torpaq islahatı aparılıbdır və torpaq artıq kəndlilərin özəl mülkiyyətinə verilibdir. Bunun nəticəsində kənd təsərrüfatı istehsalı artır. Bütün bunlar onu göstərir ki, Azərbaycanda Heydər Əliyevin rəhbərliyi altında aparılan iqtisadi islahatlar öz gözəl nəticələrini verməkdədir. Azərbaycana xarici sərmayə qoyuluşu çox yüksək səviyyədədir və bu proses davam edir. Sizə deyə bilərəm ki, bütün mənbələrdən qoyulan sərmayələrin həcmi 15 milyard dollar təşkil edir. Adambaşına xarici sərmayənin həcminə görə Azərbaycan keçmiş sovet respublikaları arasında qabaqcıl yerdədir, bəzi Şərqi Avropa dövlətlərini də qabaqlayır. Amma heç kəsə sirr deyil ki, sərmayələr, xüsusilə xarici sərmayələr sabitlik olan ölkələrə qoyulur. Çünki hər bir sərmayədar o qədər də risk etmək istəmir. Bu baxımdan da Azərbaycan sərmayə qoyuluşu üçün çox münasib ölkədir. Azərbaycanda son illər ərzində hökm sürən sabitlik, ictimai-siyasi asayiş sərmayələrin cəlb olunması istiqamətində böyük addımlar atmağa imkan veribdir. Əlbəttə, bizim hamımızın borcudur ki, Azərbaycanda yaranmış bu sabitliyi qoruyaq, saxlayaq, möhkəmləndirək. Əgər Azərbaycanda sabitliyin pozulmasına kimsə can atarsa, biz buna imkan verməyəcəyik, Azərbaycan xalqının rahat, təhlükəsiz, sabitlik şəraitində yaşamasını təmin edəcəyik. Bu sabitlik bizə imkan verəcək ki, gələcəkdə Azərbaycanı daha da sürətlə, hərtərəfli inkişaf etdirək. Bu barədə bizim çoxlu planlarımız vardır. Azərbaycanın hər bir sahəsi inkişaf etməlidir. Təbii ki, Azərbaycan iqtisadiyyatının əsas istiqaməti onun neft strategiyasının həyata keçirilməsidir. 1994- cü ildə Heydər Əliyev tərəfindən başlanmış yeni neft strategiyası Azərbaycana böyük uğurlar gətiribdir. "Əsrin müqaviləsi"nin imzalanması ilə bu strategiya artıq 9 ildir ki, həyata keçirilir. Bunun nəticəsində Azərbaycan öz neft-qaz ehtiyatlarını çox səmərəli şəkildə dünya bazarlarına çıxarır. Azərbaycan Xəzər dənizinin özünə məxsus olan sektorunda xarici şirkətlərlə çox uğurlu əməkdaşlıq edir. Azərbaycanın neft sənayesinə on milyard dollar sərmayə qoyulubdur. On minlərlə yeni iş yerləri açılıb, qısa müddət ərzində qazma qurğuları, platformalar, neft kəmərləri, neft terminalları və ölkəmiz üçün vacib olan digər infrastruktur yaradılıbdır. Azərbaycan öz neftini dünya bazarlarına artıq iki kəmər vasitəsilə çıxarır. Bakı-Novorossiysk neft kəməri ilə hazırda ildə 2,5 milyon ton neft ixrac olunur. Bakı-Supsa neft kəməri vasitəsilə qərb istiqamətində ildə 6,7 milyon ton neft ixrac edilir. Hazırda Bakı-Tbilisi-Ceyhan neft kəməri inşa edilir və artıq işlərin 40 faizi görülübdür. Artıq bu kəmərin inşasına 1 milyard 200 milyon dollar sərmayə qoyulubdur. Gələn ilin sonunda biz bunun açılışını qeyd edəcəyik. Azərbaycan böyük qaz ehtiyatları olan "Şahdəniz" yatağında uğurla işləməyə başlayıbdır. Bakı-Ərzurum qaz kəmərinin tikintisinə vəsait qoyulur və əgər hər şey cədvəl üzrə gedərsə, 2006-cı ildə Azərbaycan qazı Avropaya çatdırılacaqdır. Bütün bu planların, görülən işlərin əsası 1994-cü ildə qoyulubdur. O vaxt, çətin və mürəkkəb şərait vardı, Azərbaycan çox riskli bir ölkə sayılırdı. Azərbaycana sərmayənin cəlb edilməsi üçün cənab Prezident Heydər Əliyev böyük işlər görmüşdür. Nəhayət, əfsanəni reallığa, gerçəkliyə çevirmişdir. Neft strategiyasının tərkib hissəsi ondan ibarətdir ki, neftdən əldə olunan gəlirlər Azərbaycan xalqına səmərəli şəkildə xidmət etsin. Bu məqsədlə Azərbaycan Dövlət Neft Fondu yaradılmışdır. Fondun yaradılması Azərbaycanın müasir tarixində çox əlamətdar hadisədir. O, bütün beynəlxalq standartlara cavab verən, şəffaf qurumdur. Beynəlxalq maliyyə qurumları onun fəaliyyətini çox yüksək qiymətləndirirlər. Hazırda Neft Fondunda 800 milyon dollar vəsait yığılıbdır. Bu, xalqın vəsaitidir. Buna görə də Neft Fondunun fəaliyyəti haqqında ictimaiyyətə mütəmadi qaydada məlumat verilir. Hər bir vətəndaş bilməlidir ki, onun ölkəsinin valyuta ehtiyatları nə qədərdir və necə, hansı istiqamətlərə sərf olunur. Gələcəkdə Azərbaycan öz iqtisadi potensialını inkişaf etdirdikcə, Azərbaycanda yeni neft yataqları kəşf olunandan sonra, Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara veriləndən sonra, əlbəttə, ölkəmizin imkanları daha da artacaqdır. Hər il Azərbaycana milyardlarla dollar vəsait daxil olacaqdır. Bu vəsaitlə Azərbaycanda bütün sahələrdə quruculuq işləri aparılacaq, sosial problemlərin həlli istiqamətində böyük işlər görüləcəkdir. Bilirsiniz ki, Neft Fondundan ayrılan vəsait, ilk növbədə, Azərbaycanda ən çətin vəziyyətdə yaşayan qaçqın-köçkünlərə, onların həyat səviyyəsinin yaxşılaşdırılması üçün sərf olunur. Cənab Prezident Heydər Əliyevin Fərmanları ilə bu məqsəd üçün 70 milyon dollar ayrılmışdır və qaçqın-köçkünlərdən ötrü yeni qəsəbələr, şəhərciklər, evlər tikilir. On minlərlə qaçqın və köçkün artıq çadır düşərgəsindən çıxarılaraq müasir evlərə köçürülüb və bu proses davam edəcəkdir. Biz gələcəkdə də bu məsələyə çox böyük diqqət göstərəcəyik. Əminəm ki, yaxın gələcəkdə işğaldan əziyyət çəkən bütün qaçqın və köçkünlər müasir şəraitlə təmin olunacaqlar. Azərbaycanda digər sosial məsələlər də öz həllini tapır. Bilirsiniz ki, bu yaxınlarda cənab Prezidentin Sərəncamları ilə səhiyyə, təhsil, mədəniyyət işçilərinin və başqalarının əmək haqqı 50 faiz artırılmışdır. Pensiyalar 40 faiz artırılmışdır. Bu, bir daha onu göstərir ki, sosial məsələlər Prezidentimizin daim diqqət mərkəzində olmuşdur. Bu siyasət bundan sonra da davam etdiriləcəkdir. Ölkənin bütün imkanları buna xidmət edəcəkdir. Təsadüfi deyil ki, gələn ilin büdcəsinin 60 faizi sosial məsələlərə sərf olunacaqdır. Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir. Neft strategiyasını davam etdirərək, qısa müddət ərzində ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik. Xüsusilə qeyri-neft sektoruna böyük diqqət göstəriləcəkdir. Yeni zavodlar, fabriklər istifadəyə veriləcəkdir. Sahibkarlığın inkişafı üçün tədbirlər planı, Azərbaycanda iqtisadi inkişaf proqramı hazırlanır. Bu çoxşaxəli inkişaf proqramı Azərbaycanı qısa müddət ərzində zəngin dövlətə çevirməyə imkan verəcəkdir. Bizdə bütün imkanlar - təbii sərvətlər, insan potensialı və ən önəmlisi, xalqın iradəsi vardır. Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik. Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir. Uzun illərdir ki, biz atəşkəs rejimində yaşayırıq. Təəssüflər olsun ki, bu məsələ ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti hələlik heç bir nəticə vermir. Biz hələ də ümidlərimizi itirmirik. Hələ də ümid edirik ki, həmsədrlər bu məsələ ilə daha ciddi şəkildə, məsuliyyətlə məşğul olacaqlar. Bu məsələ öz həllini tapmalıdır. Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir. Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm. Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik. Yaşasın Azərbaycan xalqının milli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyev! Yaşasın qəhrəman Azərbaycan xalqı! Yaşasın azad və müstəqil Azərbaycan!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR