Slimfit
  1. SİYASƏT

İlham Əliyev fərman imzaladı

İlham Əliyev fərman imzaladı
Sakura

İlham Əliyev fərman imzaladı

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 40-1-ci maddəsinin 4-cü hissəsinə əsasən hazırlanmışdır və dövlət tərəfindən geoloji parkların yaradılması, idarə edilməsi və onlarda fəaliyyətin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyir.

1.2. Geoloji park xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin yerləşdiyi təbiəti mühafizə, maarifçilik, elmi, mədəni, turizm və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi müəssisə, yaxud təşkilat statuslu ərazidir.

1.3. Geoloji parkın ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazidə olan torpaq, su, bitki və heyvanlar aləmi onların daimi istifadəsinə verilir.

1.4. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının ərazisində beynəlxalq əhəmiyyətli geoloji parklar müəyyən edə bilər.

1.5. Geoloji parkların hüdudlarında yerləşən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrindən Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyənləşdirilmiş hüquqi rejimə riayət etməklə istifadə olunur.

1.6. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyənləşdirilmiş tələblərə əməl etməklə, təbiəti mühafizə, geoloji və coğrafi təbiət obyektlərini, nadir və etalon təbiət ərazilərini, geoloji irsi qoruyub saxlamaq şərtilə, geoloji parklardan elmi tədqiqat, mədəni-maarif və tədris tədbirləri, geoloji monitorinq, sağlamlaşdırma, təlim-tərbiyə, turizm və rekreasiya məqsədləri üçün istifadə edilə bilər.

1.7. Geoloji parklarda onların məqsədli təyinatına, təbiət komplekslərinin və obyektlərin mühafizəsi, bərpası və istifadəsi üzrə müəyyən edilmiş tələblərə zidd olmayan şərtlərlə başqa fəaliyyət növləri həyata keçirilə bilər.

1.8. Geoloji parkın idarə edilməsi və mühafizəsi üçün “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaradılan idarənin xüsusi fondunun və vəsaitinin formalaşdırılması və onlardan istifadə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir.

1.9. Geoloji parkların təbiət qoruğu fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, onların ərazilərinin perspektiv inkişaf şəbəkəsinin müəyyən edilməsi, mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra – Nazirlik) xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrını aparır.

1.10. Geoloji parkın müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Nazirliyin adı və geoloji parkın adı həkk olunmuş möhürü, blankları, ştampları, xəzinə və bank hesabları, bayrağı və emblemi vardır.

1.11. Geoloji parkların saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsait, ətraf mühitin mühafizəsi fondlarının vəsaiti, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

2. Geoloji parkların yaradılması

2.1. Geoloji parklar xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni, turizm və digər məqsədlər üçün istifadə olunan ərazilərdə yaradılır.

2.2. Geoloji parklar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılır.

2.3. Geoloji parkların torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədilə onların sanitariya-mühafizə zonaları müəyyən edilir. Geoloji parkların sanitariya-mühafizə zonalarının müəyyən edilməsi və həmin zonaların mühafizə rejimi “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsi ilə tənzimlənir.

2.4. Geoloji parkların hər biri üçün Nazirlik pasport hazırlayır. Pasportda geoloji parkın adı, yerləşdiyi yer, yaradılma tarixi, əhəmiyyəti, torpaqdan daimi istifadə hüququna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın seriyası və nömrəsi, mühafizə olunan ərazinin xüsusiyyətləri, onun ümumi görünüşünün sxemi, ərazisində müəyyən edilən fəaliyyət zonaları, xüsusi qorunan geoloji abidələr, fəaliyyət prosesində aparılan dəyişikliklər barədə qeydlər öz əksini tapmalıdır. Pasport Nazirlikdə dövlət qeydiyyatına alınmaqla geoloji parklarda saxlanılır.

3. Geoloji parkların vəzifələri

3.1. Geoloji parkların vəzifələri aşağıdakılardır:

3.1.1. geoloji və coğrafi təbiət obyektlərini, nadir və etalon təbiət ərazilərini, geoloji irsi qoruyub saxlamaq;

3.1.2. turizm və rekreasiya üçün şərait yaratmaq;

3.1.3. elmi tədqiqatlar, mədəni-maarif və tədris tədbirləri keçirmək;

3.1.4. təbiəti mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq etmək;

3.1.5. əhalini maarifləndirmək;

3.1.6. geoloji monitorinqi həyata keçirmək.

4. Geoloji parkların xüsusi mühafizə rejiminin xüsusiyyətləri

4.1. Geoloji parkların ərazisi və obyektləri hər hansı fiziki və ya hüquqi şəxsin hüquq və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur və özgəninkiləşdirilə bilməz.

4.2. Geoloji parkların fiziki və hüquqi şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilməsi qadağandır.

4.3. Geoloji parkların ərazilərində, onların təbii geoloji və coğrafi xüsusiyyətləri nəzərə alınmaqla, xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunur və aşağıdakı fəaliyyət zonaları müəyyən edilir:

4.3.1. xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zonalar;

4.3.2. geoturizm və rekreasiya zonaları;

4.3.3. geomuzeylər və tədris-məşğələ obyektləri zonaları;

4.3.4. geoloji parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonaları.

4.4. Geoloji parkların sanitariya-mühafizə zonalarında geoturizm və rekreasiya məqsədləri üçün təbiətdən istifadənin ayrı-ayrı növlərinə (ov, balıq və digər su bioresurslarının idman və həvəskar ovu və sair) yol verilir.

4.5. Geoloji parklarda elmi tədqiqatlar, mədəni-maarif və tədris tədbirləri keçirilə bilər.

4.6. Geoloji parkların sanitariya-mühafizə zonalarında aşağıdakılar qadağan edilir:

4.6.1. təbiət komplekslərinə, genetik fonda, bioloji müxtəlifliyə və tarix-mədəniyyət obyektlərinin varlığına təhlükə yaradan fəaliyyət;

4.6.2. geoloji-kəşfiyyat və dağ-mədən işlərinin aparılması;

4.6.3. hidroloji və hidrogeoloji rejimin dəyişməsinə səbəb olan işlərin aparılması;

4.6.4. kimya sənayesi, metallurgiya, nüvə energetikası və xüsusi ekoloji təhlükə yaradan digər müəssisələrin fəaliyyəti;

4.6.5. geoloji parkların fəaliyyəti ilə bağlı olmayan magistral yolların, boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların çəkilməsi, obyektlərin tikintisi;

4.6.6. müəyyən edilmiş yerlərdən kənarda tonqal yandırılması, turizm və rekreasiya zonaları istisna olmaqla, dayanacaqların təşkili və çadır qurulması;

4.6.7. bu məqsədlər üçün müəyyən edilmiş yerlərdən, ümumi istifadə olunan quru və su yollarından kənar mexaniki nəqliyyat vasitələrinin hərəkəti və dayanacağı, ev heyvanlarının köçürülməsi;

4.6.8. yerli fauna və flora növlərinə uyğun olmayan növlərin introduksiyası;

4.6.9. meşələrin əsas istifadə üçün qırılması.

4.7. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, geoloji parklarda ərazilərin ekoloji, elmi, estetik, mədəni və rekreasiya dəyərini aşağı sala bilən digər fəaliyyət növləri də məhdudlaşdırıla və yaxud qadağan edilə bilər.

4.8. Geoloji parkların mühafizə rejimini həyata keçirən işçilərə xidməti vəzifələrini yerinə yetirərkən xüsusi forma geyinməklə, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidməti silah saxlamaq və gəzdirmək hüququ verilir.

4.9. Geoloji parkın mühafizə xidmətinin aşağıdakı hüquqları vardır:

4.9.1. geoloji parkın ərazisində və onun mühafizə zonasında xüsusi mühafizə rejimini pozanların sənədlərini yoxlamaq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq nəqliyyat vasitələrinə və gəmilərə baxış keçirmək, sübut əhəmiyyəti olan əşyaları və sənədləri götürmək, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmetin aşkar edilməsi məqsədilə şəxsi axtarış həyata keçirmək və əşyaları (o cümlədən ov və balıq ovu alətlərini, əldə olunmuş ov məhsullarını) yoxlamaq;

4.9.2. fiziki və hüquqi şəxslərin geoloji parkın ərazisində və onun mühafizə zonasında “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa və mühafizə rejiminə zidd olan fəaliyyətini dayandırmaq;

4.9.3. geoloji parkın ərazisində və onun mühafizə zonasında mühafizə və istifadə sahəsində pozuntu hallarını aradan qaldırmaq məqsədilə icrası məcburi olan göstərişlər vermək;

4.9.4. geoloji parkın ərazisində xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyi pozmuş, cinayət və ya inzibati xəta törətmiş şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada saxlamaq, onları hüquq mühafizə orqanlarına təhvil vermək.

4.10. Geoloji parkların işçiləri parklarda müəyyən olunmuş mühafizə rejiminin pozulması hallarının qarşısının alınmasında mühafizə xidmətinin əməkdaşlarına kömək göstərməlidirlər.

4.11. Fiziki və hüquqi şəxslər, vətəndaş cəmiyyəti institutları geoloji parkların mühafizəsinə dair təkliflər verə bilərlər və geoloji park həmin təklifləri nəzərə almalıdır.

4.12. Üzərində geoloji park yerləşən torpaq sahələrindən onlar mülkiyyətçilərdən, istifadəçilərdən və icarəçilərdən geri alınmadan, həmin şəxslərin razılığı və ya məhkəmənin qərarı ilə servitut hüququ (özgənin torpaq sahəsindən məhdud istifadə hüququ) əsasında istifadə olunur.

4.13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi xüsusi mühafizə olunan təbiət ərazilərinin sxemləri əsasında geoloji parkların yaradılması və genişləndirilməsi üçün torpaq sahələri müvafiq ehtiyat torpaq fondunda saxlanılır və həmin ərazilərdə torpaqlardan istifadəyə məhdudiyyətlər qoyulur.

4.14. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyin pozulması nəticəsində geoloji parka vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda və təbiətin mühafizəsi ilə bağlı digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada ödənilir.

5. Geoloji parkların elmi tədqiqat fəaliyyəti

5.1. Geoloji parkların elmi tədqiqat fəaliyyəti rekreasiya məqsədilə istifadə olunan şəraitdə ekoloji vəziyyətin proqnozlaşdırılmasına və qiymətləndirilməsinə, səciyyəvi və nadir təbiət komplekslərinin (o cümlədən bioloji müxtəlifliyin) elmi cəhətdən əsaslandırılmış üsullarla qorunmasına yönəldilir.

5.2. Geoloji parklarda elmi tədqiqatlar aparılmasına elmi müəssisə və təşkilatların, habelə ayrı-ayrı mütəxəssislərin cəlb edilməsinə yol verilir.

5.3. Hər bir geoloji parkda elmi tədqiqat, mədəni-maarif, tədris tədbirlərinin həyata keçirilməsi və ekoloji maarifləndirmə işinin təşkili məqsədilə Şura yaradılır. Şuranın fəaliyyətinə geoloji parkın direktoru rəhbərlik edir. Şuranın tərkibini və əsasnaməsini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri təsdiq edir.

5.4. Geoloji parkların elmi, paleontoloji fondu yaradılır və daimi saxlanılır.

5.5. Geoloji park əməkdaşlarının elmi əsərlər çap etdirmək hüququ vardır.

5.6. Geoloji parklarda aparılan elmi tədqiqat işlərində əldə edilmiş nəticələrdən aşağıdakı məqsədlər üçün istifadə olunur:

5.6.1. geoloji (o cümlədən hidrogeoloji) təbiət abidələrinin qorunub saxlanılmasının və onlardan səmərəli istifadənin elmi əsaslarını işləyib hazırlamaq;

5.6.2. geoloji parkların ərazisində təbiət komplekslərinin təbii halda saxlanılmasını təmin edən tədbirləri, təbiət kompleksləri komponentlərinin əhəmiyyətlilik dərəcəsinin qiymətləndirilməsi metodlarını işləyib hazırlamaq;

5.6.3. geoloji parkların tələbatına uyğun olaraq biotexniki tədbirləri həyata keçirmək, hər bir geoloji parkın ərazisində mövcud olan meşə ehtiyatlarının və faunanın uçotunu aparmaq;

5.6.4. təbiətdə baş verən proseslər barədə sistemləşdirilmiş faktiki materiallar və nəzəri nəticələr hesabına elmi bilikləri zənginləşdirmək.

5.7. Elmi tədqiqatlar aparılması metodları geoloji parkların rejiminin tələblərinə zidd olmamalıdır. Aparılan işlərin nəticələri hazırlanmış elmi təkliflər çərçivəsində tətbiq edilir.

5.8. Geoloji parkların elmi tədqiqat işləri, həyata keçiriləcək elmi-texniki və digər elmi tədbirlər hər təqvim ili üçün Nazirliyin təsdiq etdiyi və maliyyələşdirdiyi plan üzrə aparılır. Geoloji parklarla əməkdaşlıq Nazirliyin təsdiq etdiyi müqavilələr əsasında, müvafiq elmi müəssisə və təşkilatlar, habelə ali təhsil müəssisələri ilə birgə həyata keçirilir.

6. Geoloji parkların təsərrüfat fəaliyyəti

6.1. Geoloji parkların təsərrüfat fəaliyyəti geoloji təbiət abidələrinin tələb olunan səviyyədə mühafizəsindən, onlara xidmət və bərpa tədbirlərinin keçirilməsindən, təbiətdə idarə olunan istirahət və turizm tədbirlərinin təşkilindən ibarətdir.

6.2. Elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri üçün geoloji parkların ərazilərindən fiziki və hüquqi şəxslərin istifadəsi ödənişli əsaslarla həyata keçirilir.

6.3. Geoloji parkların geoturizm və rekreasiya, geomuzeylər və tədris-məşğələ obyektləri zonalarının ərazisində yerləşən binalar və qurğular ekoturizmin, o cümlədən təbiətdə istirahətin təşkili məqsədilə fiziki və hüquqi şəxslərə icarəyə və ya istifadəyə verilə bilər.

6.4. Geoloji parkların geoturizm və rekreasiya, geomuzeylər və tədris-məşğələ obyektləri zonalarının ərazisində mehmanxanaların, kempinqlərin, turbazaların və digər iaşə obyektlərinin tikintisi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Turizm haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq geoloji parklarla fiziki və hüquqi şəxslər arasında bağlanmış müqavilələr əsasında həmin obyektlərin dövlət ekoloji ekspertiza rəyi nəzərə alınmaqla həyata keçirilir.

6.5. Geoloji parklarda onların məqsədli təyinatına, habelə təbiət komplekslərinin və obyektlərin mühafizəsi, bərpası və istifadəsi üzrə “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə zidd olmayan başqa fəaliyyət növləri geoloji parklarla fiziki və hüquqi şəxslər arasında bağlanmış müqavilələr əsasında ödənişli olaraq həyata keçirilir.

6.6. Tutumu 300 nəfərdən çox olan turizm və rekreasiya obyektlərinin layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı, həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

6.7. Bu Əsasnamənin 6.6-cı bəndində nəzərdə tutulan mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlığın dəyişdirilməsi üçün ƏMTQ sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair Nazirliyin verdiyi sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişiklik edilir.

6.8. Bu Əsasnamənin 6.6-cı bəndində nəzərdə tutulan mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ƏMTQ aparılmalıdır.

6.9. Bu Əsasnamənin 6.6-cı bəndində nəzərdə tutulan obyektlərə dair ƏMTQ həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun həll olunur.

7. Geoloji parkların mühafizəsinə, qorunmasına və onlardan istifadəyə dövlət nəzarəti

7.1. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, geoloji parkların vəziyyətinə, mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin yerinə yetirilməsinə dövlət nəzarətini Nazirlik həyata keçirir.

7.2. Geoloji parkların mühafizə rejiminin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

Azərbaycan Respublikası Prezidentinin

2020-ci il 15 aprel tarixli Fərmanı ilə

təsdiq edilmişdir

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR