Slimfit
  1. TARİX

İlham Əliyev - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki (2009)

İlham Əliyev - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki (2009)
Sakura

İlham Əliyev - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki…

- Hörmətli xanımlar və cənablar!

Əziz həmvətənlər!

Mən sizin hamınızı Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm. Yeni ildə sizə cansağlığı, xoşbəxtlik arzulayıram. 2009-cu il tarixdə qalır. 2009-cu il bütün ölkələr üçün sınaq ili olmuşdur. 2009-cu ildə dünyanı bürümüş maliyyə və iqtisadi böhran, demək olar ki, bütün ölkələrə öz mənfi təsirini göstərmişdir. 2009-cu ildə ölkələr öz imkanları, öz təbii ehtiyatları, apardıqları islahatlar hesabına nəyə qadir olduqlarını nümayiş etdirmişlər.

Azərbaycan 2009-cu ildə bütün çətinliklərə baxmayaraq, uğurlu inkişafı davam etdirmişdir. 2009-cu ildə ölkəmizdə iqtisadi artım 9 faizdən çox olmuşdur. Bu, böhranlı ildə çox böyük göstəricidir. Bütün bölgədə yaşanan böhran və bölgədə müxtəlif istiqamətlərdə aparılan islahatlar hər bir ölkənin iqtisadi və siyasi potensialını ortaya qoydu. Böhran ili kimin nəyə qadir olduğunu çox açıq və aydın şəkildə göstərdi. Azərbaycan o ölkələrdəndir ki, öz hesabına yaşayır. Biz xalqımızın istedadına arxalanırıq, aparılan islahatlara arxalanırıq, Azərbaycan xalqının iradəsinə arxalanırıq.

2009-cu ildə Azərbaycanda bütün istiqamətlərdə irəliləyiş, inkişaf müşahidə olundu. Dediyim kimi, iqtisadi artım 9 faizdən çox olmuşdur, sənaye istehsalı təxminən 9 faiz artmışdır. Ölkəmizdə inflyasiya 2 faizdən aşağı səviyyədədir. Yəni, iqtisadi inkişafın təmin edilməsinə dair əsas göstəricilər ən yüksək səviyyədədir. Bütün bunlara biz sizinlə bərabər düşünülmüş siyasət aparmaqla, islahatlar aparmaqla nail ola bilmişik. Təsadüfi deyil ki, beynəlxalq maliyyə qurumları Azərbaycanın bu istiqamətdə - iqtisadi və siyasi islahatların aparılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirir. 2008-ci ildə Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi qəbul etdi və bunu bəyan etdi. 2009-cu ildə Dünya İqtisadi Forumu - çox mötəbər beynəlxalq təşkilat - Azərbaycanı iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə dünyada 51-ci yerə layiq gördü. Azərbaycan MDB məkanında bu parametrlər üzrə lider ölkədir.

2009-cu ildə bütün planlar, nəzərdə tutulmuş bütün tədbirlər icra edildi. Regionların inkişafı sürətlə davam etdi. Son 6 il ərzində Azərbaycanda 800 mindən çox yeni iş yerləri açılmışdır. Bütün bölgələrdə canlanma vardır, abadlıq, quruculuq işləri aparılır. Ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair ikinci proqram icra olunur. Bu proqram çox müfəssəl proqramdır və proqramın icrası nəticəsində, demək olar ki, 2013-cü ilə qədər ölkə qarşısında duran əsas iqtisadi və sosial məsələlər öz həllini tapmalıdır. Biz görürük ki, bu proqram 2009-cu ilin yekunlarına görə uğurla icra edilir.

Azərbaycanda böyük abadlıq-quruculuq işləri aparılır. Böhran ilinə baxmayaraq, bütün infrastruktur layihələri icra edilir. Yeni yollar çəkilir. Həm Bakıda, həm bizi qonşu ölkələrlə birləşdirən magistral yollar salınır və bu yollar ən yüksək standartlara cavab verir. Elektrik stansiyalarının tikintisi uğurla davam edir. Bunu etməklə Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin edib və biz gələcək illərdə diqqətimizi daha çox bərpa olunan enerji növlərinin yaradılmasına yönəldəcəyik. Azərbaycanda bütün bölgələrin qazlaşdırılması prosesi davam etdirilir. Əhali təmiz içməli su ilə təmin edilir. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində yüz minlərlə vətəndaş içməli su ilə təmin edilibdir. Bu proses davam edir və nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi bizə imkan verəcək ki, Azərbaycan əhalisi içməli su ilə Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun şəkildə təmin edilsin.

Bütün sosial proqramlar icra edilir. Sirr deyil ki, iqtisadiyyatımızın müəyyən hissəsi neftdən əldə olunan gəlirlər hesabına formalaşır və 2009-cu ildə neftin qiyməti dünyada kəskin şəkildə aşağı düşmüşdür. Buna baxmayaraq, bütün sosial proqramlar vaxtında icra edilir. Ünvanlı sosial yardım proqramı aparılır və bu proqram gələcəkdə də davam etdiriləcəkdir. Hər yerdə yeni məktəblər, tibbi mərkəzlər, idman kompleksləri, mədəniyyət ocaqları yaradılıb. Yəni ki, 2008-ci ilin sonunda bu il üçün - 2009-cu il üçün dövlət büdcəsində nəzərdə tutulmuş bütün sosial proqramlar icra edildi.

Erməni işğalından əziyyət çəkən soydaşlarımızın yaşayış səviyyəsinin yaxşılaşdırılması və onların məşğulluğunun artırılması işində əməli addımlar atılmışdır. Yeni qəsəbələr salınır, gözəl evlər, hündürmərtəbəli binalar tikilir. Yəni, bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı öz resurslarına arxalanır. Biz bəzi başqa ölkələr kimi xarici yardım hesabına yaşamırıq. Biz müstəqil siyasət aparırıq, ləyaqətli siyasət aparırıq, öz resurslarımıza arxalanırıq, öz hesabımıza yaşayırıq və ölkəmizi gücləndiririk, abadlaşdırırıq. Ölkəmizin beynəlxalq müstəvidə daha da güclü olması üçün əlimizdən gələni edirik.

2009-cu ildə kənd təsərrüfatının inkişafı sahəsində böyük işlər görülübdür. Üç milyon ton taxıl yığılıbdır. Bu, rekord göstəricidir. Azərbaycan tarixində bu günə qədər heç vaxt bu qədər taxıl istehsal olunmurdu. Bütün başqa kənd təsərrüfatı məhsullarının istehsalı üçün də praktiki işlər görülür, subsidiyalar, kreditlər verilir, soyuducu anbarlar, taxıl anbarları tikilir, suvarma tədbirləri görülür. Yəni, kənd təsərrüfatını daha da inkişaf etdirmək üçün bizim düşünülmüş proqramımız vardır və bunun nəticəsində Azərbaycanda kənd təsərrüfatı məhsulları artır. Biz bu gün özümüzü, demək olar ki, əsas kənd təsərrüfatı məhsulları ilə təmin edirik. Gələcəkdə bu, daha da böyük həcmlə təşkil ediləcəkdir. Həm öz daxili tələbatımızı ödəmək üçün, həm də ixrac potensialımızı artırmaq üçün gələcəkdə əlavə imkanlar yaradılacaqdır. Ölkəmiz üçün həm iqtisadi, həm sosial baxımdan çox vacib olan bu sahənin inkişafı kompleks tədbirlər nəticəsində təmin edilir.

Azərbaycanda sahibkarlığın inkişafı üçün gözəl şərait vardır. Sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi və həm də iqtisadi dəstək alırlar. Əgər Azərbaycan dövləti tərəfindən kreditlər təşkil edilməsəydi, kənd təsərrüfatının inkişafı üzrə bizim böyük problemlərimiz ola bilərdi. Amma kreditlərin vaxtında verilməsi və sahibkarlığın inkişafı üçün görülən bütün tədbirlər, əlbəttə, sahibkarlara da çox gözəl şərait yaradır. Gələcəkdə Azərbaycanın iqtisadiyyatı daha çox sahibkarlığın fəaliyyətindən asılı olacaqdır. Bütün infrastruktur layihələri həyata keçirilir, elektrik stansiyaları, yollar tikilir, - mən artıq bu barədə danışdım, - bunlar, eyni zamanda, sahibkarlığın inkişafı üçün də başlıca şərtdir. Azərbaycanın şəhərləri abadlaşır, gözəlləşir. Sahibkarlığın inkişafı bizim üçün, həmişə olduğu kimi, prioritet məsələdir və bu istiqamətdə növbəti illərdə də lazımi tədbirlər görüləcəkdir.

Azərbaycan enerji təhlükəsizliyi məsələlərini tam şəkildə təmin edib. Qarşıda duran bütün neft-qaz layihələri icra edilib. Biz nəzərdə tutulmuş bütün məsələləri həll etmişik, ixracımızı şaxələndirə bilmişik. Azərbaycan nefti və qazı dünya bazarlarına müxtəlif yollarla çıxarılır və ixrac coğrafiyası gələn ildən başlayaraq daha da genişlənəcəkdir.

2009-cu ildə Azərbaycanda 50 milyon ton neft, 25 milyard kubmetr qaz hasil edilibdir. Gələn il bu rəqəmlər daha da artacaq və beləliklə, ölkəmizə əlavə maliyyə resursları gələcək, eyni zamanda, ixrac imkanlarımız genişlənəcəkdir. Azərbaycan ilə enerji sahəsində əməkdaşlıq etmək istəyən ölkələrin sayı gündən-günə artmaqdadır.

Xarici siyasətə gəldikdə, bu istiqamətdə çox vacib addımlar atılmışdır. 2009-cu ildə Azərbaycan bu istiqamətdə çox vacib işlər görmüşdür. Mənim müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə apardığım danışıqlar, keçirdiyim görüşlər Azərbaycanın dünyadakı mövqeyini daha da gücləndirmişdir. Azərbaycanla dost olmaq istəyən ölkələrin sayı artır. Bizim strateji tərəfdaşlarımızın sayı artır. Sirr deyil ki, bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan ölkədir. Bizim xarici siyasətimiz Azərbaycanın milli maraqlarının tam şəkildə müdafiə edilməsinə yönəldilibdir. Bütün qonşu ölkələrlə qarşılıqlı surətdə faydalı və qarşılıqlı hörmət əsasında qurulmuş münasibətlər mövcuddur. Azərbaycan bütün başqa ölkələrlə öz fəaliyyətini ancaq və ancaq dostluq, əməkdaşlıq şəraitində qurur. Biz xarici siyasətimizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində çox fəal işləyirik. Deyə bilərəm ki, 2009-cu ildə məsələnin həlli üçün çox vacib addımlar atılmışdır. Artıq bütün dünya birliyi və bu məsələ ilə birbaşa məşğul olan tərəflər problemin hansı yollarla həll olunması haqqında öz iradələrini ortaya qoyurlar. Çox sevindiricidir ki, Azərbaycanın uzun illərdir müdafiə etdiyi mövqe üstünlük təşkil edir. Yəni ki, məsələ öz həllini beynəlxalq hüquq əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində tapmalıdır. Bizim həmişə ortaya qoyduğumuz prinsiplər məhz bunlardır.

Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyildir, olmayıbdır və heç vaxt olmayacaqdır. Dağlıq Qarabağ heç vaxt müstəqil ölkə olmayacaqdır, Azərbaycanın razılığı olmadan bu, mümkün deyildir. Azərbaycan isə buna heç vaxt öz razılığını verə bilməz. Dağlıq Qarabağda yaşayan ermənilər və orada yaşayacaq azərbaycanlılar muxtariyyət statusu çərçivəsində yaşamalıdırlar və bu sahədə dünyanın ən qabaqcıl təcrübəsi tətbiq edilməlidir. Bizim prinsipial mövqeyimiz bundan ibarətdir və biz bu mövqedən bir addım geri atmayacağıq. Çalışacağıq bütün imkanları - həm siyasi, həm iqtisadi, həm diplomatik, həm başqa imkanları - işə salaraq, bu məsələni tezliklə, ədalətli, beynəlxalq hüquq normalarına uyğun şəkildə həll edək ki, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına tezliklə qayıda bilsinlər.

Amma bununla bərabər Azərbaycan öz hərbi potensialını da gücləndirir. Bu, bizim suveren hüququmuzdur və biz bu hüquqdan istifadə edirik. Nəzərə alaq ki, Azərbaycan ordu quruculuğu prosesini daxili imkanları hesabına aparır. Təbii ki, bu, bizim daxili işimizdir. Azərbaycan Ordusu son illər ərzində böyük və uğurlu yol keçmişdir. Bu gün ordumuz qarşıda duran bütün vəzifələri icra etməyə qadirdir. Torpaqları işğaldan azad etmək üçün bütün imkanlarımız vardır. Həm döyüş qabiliyyəti, həm vətənpərvərlik ruhu, həm silah-sursat baxımından imkanlarımız genişlənir. Azərbaycanda müdafiə sənayesi artıq dörd ildir ki, fəaliyyət göstərir və bu istiqamətdə böyük uğurlar əldə etmişik. Bizim hərbi potensialımız gündən-günə artır və artacaqdır. 2010-cu ildə bu məqsədləri təmin etmək üçün əlavə böyük vəsait nəzərdə tutulur. Biz Dağlıq Qarabağ məsələsini, Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün bütün imkanlardan istifadə edə bilərik.

Əziz həmvətənlər, əziz dostlar!

Bu gün, eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bütün azərbaycanlılar bu günü qeyd edirlər. Mən dünyada yaşayan bütün azərbaycanlılara uğurlar, cansağlığı, xoşbəxtlik arzulayıram. Onlar bilməlidirlər və bilirlər ki, arxalarında qüdrətli Azərbaycan dövləti dayanır. Eyni zamanda, onların uğuru, yaşadıqları ölkələrdə səmərəli fəaliyyəti Vətənimizi - Azərbaycanı daha da gücləndirir. Mən çox şadam ki, bu gün müxtəlif ölkələrdə, dünyanın, demək olar ki, əksər bölgələrində güclü Azərbaycan təşkilatları formalaşıb, fəaliyyət göstərir. Onlar həm bizneslə məşğul olurlar, eyni zamanda, müxtəlif vəzifələrdə, dövlət vəzifələrində çalışırlar, artıq qanunvericilik orqanlarına seçilirlər. Bu da çox vacibdir. Belə mütəşəkkil Azərbaycan icmaları Azərbaycanı gücləndirirlər və yaşadıqları ölkələrdə onların həyat səviyyəsi daha da artır. Bu, çox müsbət haldır.

Dünyada yaşayan azərbaycanlıların sayı çoxdur və bizim fəallığımız, mütəşəkkil qaydada fəaliyyətimiz bizi gücləndirir. Son vaxtlar Azərbaycana qarşı ədalətsiz qərarlar çıxarılarkən Azərbaycanın diaspor nümayəndələri öz güclərini göstərdilər, kütləvi aksiyalarda iştirak etdilər, müxtəlif etiraz aksiyalarına əl atdılar, mədəni, sivil qaydada öz etiraz səslərini ucaltdılar. Bax, budur Azərbaycanın qüdrəti, budur azərbaycançılıq fəlsəfəsinin təntənəsi.

Mən bu əziz gündə dünyada yaşayan bütün azərbaycanlıları ürəkdən təbrik edirəm. Onların hər biri bizim üçün əzizdir, doğmadır. Onlar bilirlər ki, həmişə doğma Vətənə arxalana bilərlər.

Əziz dostlar!
Əziz bacılar və qardaşlar!
Əziz həmvətənlər!
Bir daha sizi Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, uğurlar arzulayıram.
Bayramınız mübarək olsun!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR