İlham Əliyev: Bəzi hallarda dövlət məmurları haqsız rəqabət aparırlar
Cənubi Qafqazda bizdən başqa digər ölkələrdə demoqrafik artım yoxdur. Ona görə o ölkələrdə bizim üzləşdiyimiz problemlər də mövcud deyil. Mən dəfələrlə demişəm ki, bizim iqtisadi artımımız demoqrafik artımı üstələməlidir.
Oxu.Az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə - Baş Nazirin müavini təyin olunması ilə əlaqədar qəbul edərkən dilə gətirib.
Dövlət başçısı vurğulayıb ki, buna nail olmaq üçün yeni artım mənbələri aşkar edilməlidir:
“Onlardan biri kölgə iqtisadiyyatına qarşı mübarizədir. Əfsuslar olsun ki, hələ kölgə iqtisadiyyatı bizim iqtisadiyyatımızın bir hissəsini ehtiva edir. Düzdür, bütün postsovet ölkələrində bu problem var və ölkələr çalışırlar ki, bu problemlə mübarizə aparsınlar.
Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə daha mütəşəkkil formada aparılır. Hesab edirəm ki, kölgədən çıxarılacaq biznes, əlbəttə, bizim iqtisadi göstəricilərimizi də düzəldəcək. Yəni, göstəricilər reallığı əks etdirəcək. Eyni zamanda, biznes dairələri bilməlidirlər ki, ölkədə vahid qanunlar, vahid qaydalar mövcuddur.
İnhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır. Bəzi hallarda dövlət məmurları, hansılar ki, eyni zamanda, müxtəlif biznes dairələrinə də kömək göstərirlər, onlar haqsız rəqabət aparırlar.
Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır. Əgər biz buna nail olsaq, əlbəttə, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət