Slimfit
  1. AZƏRBAYCAN

İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik etdi

İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik etdi
Sakura

İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik etdi

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə təbrik məktubu ünvanlayıb. 

Təbrik mətnində deyilir:  

“Hörmətli neft sənayesi işçiləri!

Sizi ölkəmizin həyatında mühüm strateji rol oynamış “Əsrin müqaviləsi”nin 25 illiyi və peşə bayramınız olan “Neftçilər Günü” münasibətilə ürəkdən təbrik edirəm.

“Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü” haqqında 1994-cü il 20 sentyabr tarixli Saziş müstəqil Azərbaycanın gələcək inkişafının başlıca mənbəyinə çevrilmiş, onun dinamik templə sonrakı davamlı yüksəlişini təmin etmişdir.

Dövlət müstəqilliyimizin ilk illərindəki gərgin geosiyasi şəraitdə xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi qətiyyəti nəticəsində imzalanmış və yüksək dəyərləndirilərək “Əsrin müqaviləsi” adını qazanmış bu Saziş respublikamızın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft anlaşması idi.

Müqavilə bütövlükdə regionun enerji xəritəsini köklü şəkildə dəyişərək Xəzər dənizi hövzəsində əməkdaşlığa əlverişli zəmin yaratmışdır. Bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu enerji strategiyasının ölkəmizin qısa vaxtda dünya iqtisadiyyatına inteqrasiyası və beynəlxalq mövqelərinin güclənməsində müstəsna əhəmiyyəti vardır.

Azərbaycan nefti və qazı bu gün dünyada sülhün, təhlükəsizliyin və tərəqqinin amillərindəndir. Ölkəmizin təşəbbüsü və liderliyi ilə Cənub Qaz Dəhlizi çərçivəsində gerçəkləşdirilən işlər Azərbaycanın potensialını nümayiş etdirir. Respublikamız, eyni zamanda, aparıcı xarici neft şirkətləri ilə ötən illərdə uğurlu əməkdaşlıq formatı reallaşdırmışdır.

Tərəfdaşların təşəbbüsü ilə “Əsrin müqaviləsi”nin yenidən işlənməsi və sazişin müddətinin 2050-ci ilədək uzadılması bunun aydın təzahürüdür. Regional və qlobal əhəmiyyətli neft, qaz layihələrində ölkəmizi layiqincə təmsil edən və dünya enerji bazarında mövqelərini möhkəmləndirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin həyata keçirdiyi investisiya layihələri isə ölkəmizin iqtisadi qüdrətini təcəssüm etdirir.

“Əsrin müqaviləsi”nin misilsiz uğurları neftçilərimizin fədakar əməyinin bəhrəsidir. Məhz onların sayəsində Azərbaycan neft sənayesinin geniş infrastrukturuna malik olub, dünyada neft ölkəsi kimi tanınmışdır. Neftlə bağlı ən müxtəlif istiqamətlər üzrə görkəmli alim və mütəxəssislərimiz zəngin neft-qaz sərvətlərinin Vətənimizin yüksəlişi naminə istifadəsi üçün nəhəng işlər görmüş, ölkəmizin neft salnaməsinə parlaq səhifələr yazmışlar.

Azərbaycan neftçilərinin indiki nəsli olaraq siz onların yolunu böyük müvəffəqiyyətlə davam etdirirsiniz. Bu yolda hamınıza yeni nailiyyətlər arzulayıram”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR