Slimfit
  1. SİYASƏT

İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətindən danışdı

İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətindən danışdı
Sakura

İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətindən danışdı

"Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir". 

Ens.az Report.az-a istinadən xəbər verir ki,bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında çıxışı zamanı deyib. 

Dövlət başçısı bildirib ki, bu gün Respublika Günüdür: "Əlbəttə ki, Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir. Hər bir Azərbaycan vətəndaşı haqlı olaraq fəxr edir ki, müsəlman aləmində ilk respublika məhz Azərbaycanda yarandı, Azərbaycan xalqı bunun təşəbbüskarı olub. Eyni zamanda, biz bu gün də tarixdən ibrət götürməliyik. Nə üçün Respublika iki ildən də az yaşadı? Nə üçün süqut etdi? Nə üçün müstəqilliyi qoruya bilmədi? Bu suallardır. Biz düzgün nəticə çıxarmaq üçün tarixi bilməliyik. Burada heç bir mifologiyadan söhbət gedə bilməz. Hansısa hadisələri şişirtməklə biz özümüzü aldatmamalıyıq. Nə üçün? Çünki o hadisələr təkrarlanmasın. Nə üçün? Çünki müstəqilliyimiz əbədi olsun. Azərbaycan Xalq Cümhuriyyəti rus imperiyasının dağılması nəticəsində yaranmışdır. Ancaq cəmi iki ilə yaxın yaşadı. Çox önəmli addımlar atılmışdır. Müstəqillik elan olundu, dövlət atributları təsis edildi. Milli Ordu, Bakı Dövlət Universiteti yaradıldı, mütərəqqi qanunlar qəbul edildi. Amma, eyni zamanda, biz bilməliyik ki, o müstəqillik şərti xarakter daşıyırdı. Bakıda söz sahibi xarici generallar idi və Azərbaycan Xalq Cümhuriyyəti öz addımlarını, hətta dövlət atributları ilə bağlı planlarını gərək onlarla razılaşdıraydı. Respublika Azərbaycan ərazisinə tam nəzarət etmirdi. Əlbəttə ki, biz heç vaxt unutmamalıyıq ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri İrəvanı, bizim qədim şəhərimizi Ermənistana vermək idi. Bunu heç cür əsaslandırmaq və heç vaxt bağışlamaq olmaz. Ona görə biz bu həqiqətləri bilməliyik və gənc nəsil də bilməlidir. Biz tarixi olduğu kimi yazmalıyıq və bilməliyik. Həqiqəti bilməliyik ki, bu, təkrarlanmasın. Xalq Cümhuriyyəti cəmi iki ilə yaxın yaşadı, müstəqilliyi qoruya bilmədilər. Azərbaycanın başında duranların bir çoxu ölkəni tərk etdi, müstəqillik əldən getdi. Bilirsiniz, gözəl şüarlar demək olar. Amma bu şüarların arxasında gərək iradə, güc və əməl olsun".

"Bizim 1920-ci ildə endirilən üçrəngli bayrağımızı 70 il sonra Heydər Əliyev Naxçıvanda yenidən qaldırdı. Gücün varsa, bayraq həmişə yüksəklərdə olacaq. O vaxt Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı rəsmi bayraq kimi qəbul edildi. Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, onlar da eyni addımı atsınlar. Etmədilər. Çünki qorxurdular. O vaxt hələ Sovet İttifaqı dağılmamışdı. Qorxurdular ki, Moskvadan bunları tənbeh edəcəklər. Ona görə bu tarixi gün həmişə həm qürur mənbəyimiz olmalıdır, həm də daim yadda saxlamalıyıq ki, biz müstəqilliyi əbədi, dönməz etməliyik. Bunu kim etməlidir? Biz – Azərbaycan xalqı, Azərbaycan hakimiyyəti. Ona görə ölkəmizin gücləndirilməsi, mövqelərimizin möhkəmləndirilməsi, ölkəmizdə aparılan islahatlar iqtisadi, sosial sahədə, milli dəyərlərlə bağlı olan tədbirlərimiz, gənclərin milli ruhda tərbiyə olunması bu məqsədi güdür ki, bundan sonra Azərbaycan heç vaxt müstəmləkə olmasın, həmişə qürurlu, həmişə möhkəm ayaqda dayanan, müstəqil dövlət olsun və xalqımız həmişə azad olsun", - Prezident İlham Əliyev qeyd edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR