Slimfit
  1. BİOQRAFİYA

İlham Əliyev

İlham Əliyev
Sakura

İlham Heydər oğlu Əliyev - Azərbaycan siyasətçisi, prezidenti

İlham Heydər oğlu Əliyev (d. 24 dekabr 1961, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanın dövlət, siyasi və olimpiya hərəkatı xadimi, Azərbaycan Respublikasının Prezidenti (2003-cü ildən).

Həmçinin, 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, 2003-cü il avqust-noyabr aylarında Azərbaycan Respublikasının Baş naziri, 2005-ci ildən Yeni Azərbaycan Partiyasının sədridir.

İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləmişdir. 1991-1994-cü illərdə özəl biznes sahəsində çalışmışdır. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olmuşdur. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.

1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir. 1999-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir. 2001-2003-cü illərdə Avropa Şurası Parlament AssambleyasındaAzərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur. 2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmişdir. 2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir. 2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır. 2008-ci ildə yenidən prezident seçilmişdir. 2013-cü ildə üçüncü müddətə prezident seçilmişdir. .2018-ci ildə səslərin 86.03% -ni toplayaraq dördüncü müddətə Azərbaycan Respublikasının prezidenti seçilmiş və hazırda prezident vəzifəsini icra edir.

Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir. Ailəlidir. Üç övladı, dörd nəvəsi vardır.

1999-cu ildə İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, 2001-ci ildə YAP-ın ikinci konqresində isə YAP sədrinin birinci müavini seçildi. 26 Mart 2005-ci ildə keçirilən YAP-ın üçüncü konqresində Prezident İlham Əliyev yekdilliklə YAP-ın sədri seçildi. 2008 və 2013-cü illərdə keçirilən YAP-ın dördüncü və beşinci konqresində İlham Əliyevin prezidentliyə namizədliyi yekdilliklə dəstəkləndi. Onun sədrliyi dövründə partiya üzvlərinin sayı 700 min nəfəri keçdi.

Mədəniyyət siyasəti

Mədəniyyətlərarası dialoq Prezident Əliyevin mədəniyyət siyasətində prioritet sahələrdən biri olmuşdur. İlham Əliyev 2008-ci ildə “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün “Bakı prosesi”nin başladılması təşəbbüsü ilə çıxış etdi. Prezident Əliyev 23 sentyabr 2010-cu ildə Nyu-Yorkda BMT Baş Assambleyasının 65-ci sessiyasının açılışında çıxış edərkən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu təşkil etmək niyyətini açıqladı. Onun bu təşəbbüsü YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Təşkilatı, İSESKO və s. kimi beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndi. 2011-ci ildən başlayaraq 2017-ci ilə qədər Bakıda dörd dəfə  Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. 15 iyun 2014-cü ildə Prezident Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında Fərman imzaladı. 11 yanvar 2016-cı ildə qəbul etdiyi sərəncamla 2016-cı ili  Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan etdi. İlham Əliyev tolerantlıq və multikulturalizmi Azərbaycanda dövlət siyasəti və həyat tərzi kimi xarakterizə etmişdir. Onun liderliyi altında Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının  “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında 2016-cı il 25-27 aprel tarixlərində keçirilən 7-ci Qlobal Forumuna ev sahibliyi etdi.

 

Elm siyasəti

İlham Əliyev 5 may 2004-cü ildə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yaradılması haqqında Sərəncam imzaladı. Təqribən dörd il sonra-10 aprel 2008-ci ildə o, Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında başqa bir Sərəncam imzaladı. 21 oktyabr 2009-cu ildə imzalanan Sərəncamla isə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunu yaradıldı. Dörd ay sonra-19 fevral 2009-cu ildə İlham Əliyev Fondun Nizamnaməsini təstiq etdi. Prezident Əliyev 14 yanvar 2016-cı ildə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında Sərəncam imzaladı. O, həmçinin, 19 dekabr 2012-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsini yaratdı. 8 noyabr 2016-cı ildə Prezident Əliyev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında başqa bir Sərəncam imzaladı. 9 aprel 2018-ci ildə Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalamışdır.

Humanitar siyasət

İlham Əliyevin tapşırığı ilə Azərbaycandan Nepala, Fələstinə, 10 aprel 2017-ci ildə Cibutiyə və 8 sentyabr 2017-ci ildə isə Rohinqya qaçqınlarına humanitar yardım göndərilmişdir. 27 fevral 2012-ci ildə Serbiya Olimpiya Komitəsinin sədri, “Ana və Vlade Divats Fondu”nun təsisçisi Vlade Divats digər fəaliyyətləri ilə yanaşı humanitar yardımları və siyasətinə görə İlham Əliyevi “Ana və Vlade Divats Fondu”nun “Balkanların ləyaqətli dostu” beynəlxalq mükafatına layiq görüldüyünü bildirdi və bu mükafatı ona təqdim etdi. İlham Əliyev Vladimir Putinlə birgə Bakı Beynəlxalq Humanitar Formunu təsis etmişdir. O digər yüksək vəzifəli dövlət rəsmilərinin və beynəlxalq təşkilatların nümayəndələri ilə birlikdə 2011, 2012, 2013, 2014, 2015 və 2016-cı illərdə keçirilən birinci, ikinci, üçüncü, dördüncü və beşinci Bakı Beynəlxalq Humanitar Formlarının açılış mərasimlərində iştirak etmiş və çıxış etmişdir. O, Bakı Beynəlxalq Humanitar Formunda tədbirin əhəmiyyətini aşağıdakı sözlərlə qiymətləndirmişdir: “...humanitar tədbirlər dünyaya da bir siqnal göndərir ki, dünyanın mütərəqqi nümayəndələri səylərini daha da sıx birləşdirməlidirlər... Beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi müəyyən dərəcədə bu mənfi meyillərin qarşısını ala və müsbət meyilləri gücləndirə bilər”.

Səhiyyə siyasəti

Ilham Əliyev 2003-ci ildə “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, 2005-ci ildə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, 2010-cu ildə “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, 2012-ci ildə “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, 2013- cü ildə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikası Qanunlarını imzalamışdır. Prezident Əliyev 2007-ci il 27 dekabr tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması haqqında Sərəncam imzaladı. İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təstiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxiş” İnkişaf Konsepsiyasinda əhaliyə göstərilən səhiyyə xidmətlərinin yüksək keyfiyyətini qoruyub saxlamaq əsas prioritetlərdən biri kimi müəyyən olunmuşdur. İlham Əliyev 29 noyabr 2016-cı ildə “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” başqa bir Fərman imzaladı.

Gənclər siyasəti

İlham Əliyev 19 oktyabr 2006-cı ildə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında Sərəncam imzaladı və həmin Sərəncamla müvafiq icra hakimiyyəti orqanlarına Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramını hazırlamağı tapşırdı. Buna uyğun olaraq o, 16 aprel 2007-ci ildə 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramını təstiq etdi. 9 fevral 2007-ci ildə prezident Əliyev qəbul etdiyi başqa bir Sərəncamla 2007-ci ili “Gənclər ili” elan etdi. 2007-ci ildə Azərbaycan Heydər Əliyev Fondu, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Təşkilatının Gənclər Forumu, BMT-nin İnkişaf Proqramı, İSESCO və Avropa Şurası ilə birgə təşkil edilmiş “Gənclər Sivilizasiyaların Alyansı uğrunda” beynəlxalq konfransına ev sahibliyi etdi. 19 dekabr 2011-ci ildə İlham Əliyev gənclərin cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması haqqında” Fərman imzaladı. 15 sentyabr 2017-ci ildə isə o, “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq etdi.

Ətraf mühit siyasəti

24 mart 2006-cı ildə İlham Əliyev Azərbaycan Respublikasında bioloji müxtəlifliyinin  qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planının təsdiq etdi. 10 il sonra-3 oktyabr 2016-cı ildə o, “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında” Sərəncam imzaladı. Prezident Əliyev 8 iyul 2008-ci ildə isə ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarını təsdiq etdi. Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında Prezident İlham Əliyev 2010- cul ilin “Ekologiya ili” elan edilməsini təklif etdi. Bunun davamı olaraq 4 ay sonra-18 fevral 2010-cu ildə o ekoloji problemlərə həsr olunmuş iclasa sədrlik etdi. “Ekologiya ili” çərçivəsində İlham Əliyevin 17 sentyabr 2010-cu ildə ziyarət etdiyi “Azərbaycan yaşıl dünya naminə” beynəlxalq ekologiya sərgisi keçirildi. O, prezidentliyi dövründə Hirkan, Altıağac, Abşeron, Şahdağ, Göygöl və digər milli park, qoruq və yasaqlıqların yaradılması haqqında Sərəncamlar imzalamışdır.

İqtisadi siyasət

İlham Əliyevin iqtisadi siyasəti nəticəsində 2003-2016-cı illər arasında Azərbaycanın Ümumi Daxili Məhsulu (ÜDM) 5 dəfədən çox artdı. Belə ki, Dünya Bankının statistikalarına əsasən İlham Əliyev 2003-cü ildə ilk dəfə Prezident seçilərkən Azərbaycanın ÜDM-i 7,276 milyard ABŞ dolları idisə, 2016-cı ildə bu göstərici 37,848 milyard ABŞ dolları olmuşdur. Prezident Əliyev 6 mart 2007-ci ildə “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” Fərman imzalamışdır. 20 aprel 2016-cı ildə isə onun imzaladığı başqa bir Fərmanla İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yaradıldı. Bundan başqa, İlham Əliyev 6 noyabr 2017-ci ildə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Fərman imzaladı. Prezident Əliyev 2013, 2014, 2015, 2016, 2017 və 2018-ci illərdə İsveçrədə keçirilən Davos Dünya iqtisadi Forumunda iştirak etmişdir. İlham Əliyev ixracın şaxələndirilməsini milli iqtisadiyyat üçün gələcəkdə əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edir.

Din

İlham Əliyev 10 yanvar 2017-ci ildə 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etdi. Daha sonra o, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar keçiriləcək bir sıra tədbirlərin maddi təminatı haqqında Sərəncam imzaladı. Prezident Əliyev 2014, 2016 və 2017-ci illərdə Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında üç ayrı Sərəncam imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılan yardımlar Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumu, Bakı şəhəri Dağ yəhudiləri dini icması, Avropa yəhudilərinin Bakı dini icması, Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası dini qurumu və Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icması arasında bölüşdürülmüşdür. Bundan başqa, Prezident Əliyev 2014 və 2015-ci illərdə “Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” iki Sərəncam imzalamışdır. Sərəncamlara əsasən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan hər dəfə 3,0 (üç) milyon manat olmaqla “Dini mədəniyyətin inkişafı” fonduna cəmi 6,0 (altı) milyon manat ayrılmışdır. 2015-ci ilin 17 iyulunda isə İlham Əliyev Azərbaycanda dini tarix və mədəniyyət abidələrinin bərpasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,0 (üç) milyon manat ayırmışdır.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası İlham Əliyevin ölkənin gələcək inkşafı məqsədilə göstərdiyi əsas strateji təşəbbüslərdən biri kimi qəbul olunur. Bu konsepsiyanın hazırlanması barədə müvafiq Sərəncam 29 noyabr 2011-ci ildə qəbul olundu və 29 dekabr 2012-ci ildə isə qəbul olunmuş Fərmanla konsepsiya təstiq olundu. Konsepsiya 2020-ci ilə qədər iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı və ictimai rifahın artırılması üçün tədbirlər və fəaliyyətlər nəzərdə tutur. BMT-nin Dayanıqlı İnkşaf Məqsədlərinin tətbiqi haqqında Azərbaycanın könüllü məruzəsinin qiymətləndirilməsində İlham Əliyev tərəfindən təstiqlənmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası uzunmüddətli milli istəkləri, sərmayəçilər üçün imkanları və bu məqsədlər barəsində əsas məsələləri əks etdirən strategiya kimi təsvir olunmuşdur. Eyni yanaşma 2015-ci il Dünya İqtisadi Forumu üçün hazırlanmış və Xarici Siyasət jurnalında nəşr olunmuş Məruzədə də qeyd olunmuşdur. qtisadi sahədə ixtisaslaşmış “The Business Year” jurnalı İlham Əliyev tərəfindən təşəbbüs edilən konsepsiyanı Azərbaycanın milli iqtisadi maraqlarını qorumaq məqsədilə hazırlanmış ağıllı strategiya kimi qiymətləndirdi.

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri

İlham Əliyev 6 dekabr 2016-cı ildə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərman imzaladı. 16 yanvar 2017-ci il tarixində Prezident Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində Strateji Yol Xəritəsinin hazırlanmasında iştirak edən McKinsey şirkətinin qlobal idarəedici tərəfdaşı Dominik Barton ilə görüşdü.

İnzibati idarəçilik islahatları

İlham Əliyev çıxışlarında dəfələrlə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin dövlət siyasətində prioritet istiqamət olduğu və bu məqsədlə hökumətinin inzibati tədbirlər həyata keçirdiyini və institusional islahatların apardığını qeyd etmişdir. O, 2003-cü ildən-prezidentliyi dövründə korrupsiyaya qarşı mübarizə və inzibati idarəçilik islahatları sahələrində 5 mühüm sənəd imzalamışdır: 1. Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər); 2. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya; 3. Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı; 4. Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı; 5. Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı.

Prezident Əliyev 3 mart 2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Sərəncam imzaladı. Bu Sərəncamla Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi yaradıldı. Sərəncamla, həmçinin, Nazirlər Kabinetinə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin layihəsini hazırlamaq tapşırıldı. Nəticədə, 1 iyun 2005-ci ildə İlham Əliyev “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Sərəncam imzaladı. 18 noyabr 2016-cı ildə Prezident Əliyev çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”nı təsdiq etdi.

İlham Əliyev dəfələrlə Nazirlər Kabinetinin iclaslarında və çıxışlarında Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin inkşafının əhəmiyyətini vurğulamış və Azərbaycanın bu layihələrlə bağlı verdiyi vədlərinə sadiq qaldığını ifadə etmişdir. 2012-ci ilin iyununda İlham Əliyevlə Türkiyə Respublikasının baş naziri Rəcəb Tayyib Ərdoğan TANAP layihəsinin reallaşdırılmasına dair hökumətlərarası müqavilə imzaladılar. TANAP layihəsinin təməli 17 mart 2015-ci ildə İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili tərəfindən Qarsda atıldı. Cənub Qaz Dəhlizinin tərkib hissələri olan TAP və TANAP layihələri Prezident Əliyev və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç tərəfindən razılaşdırılan Cənub Qaz Dəhlizinin Məşvərət Şurası tərəfindən 2014-cü ilin noyabrında dəstənləndi. 2013-cü ilin yanvarında Bakıda İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Jose Manuel Barroso Azərbaycan qazının Avropaya daşınması haqqında birgə Bəyannamə imzaladılar. Prezident Əliyev 30 oktyabr 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində iştirak etdi.

İlham Əliyev 1997-ci ildən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidentidir. Onun Milli Olimpiya Komitəsinə prezidentliyi dövründə Azərbaycan I Avropa Oyunları, IV İslam Həmrəylik Oyunları və 42-ci Şahmat Olimpiyadası kimi bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi etmişdir.

2013-cü ildə İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasının Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsi haqqında qərarına müvafiq olaraq 8 sentyabr 2015-ci ildə İlham Əliyev Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı. Oyunlar 2017-ci il 12-22 may tarixlərində keçirildi və ildə İslam Həmrəyliyi İdman Federasiyasının bütün üzvləri oyunlarda iştirak etdilər.

2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsinin 2012-ci il 7-8 dekabr tarixlərində Romada keçirilən 41-ci Baş Assambleyasının 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərarına müvafiq olaraq Prezident Əliyev 17 yanvar 2013-cü ildə I Avropa Oyunlarının Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı.  Avropa Oyunları 2015- cil il 12-28 iyun tarixləri arasında 20 idman növü üzrə 50 ölkədən təqribən 6,000 idmançının iştirakı ilə keçirildi.

83-cü FİDE Konqresinin Şahmat Olimpiyadasının Azərbaycanda keçirilməsi qərarına uyğun olaraq 14 fevral 2013-cü ildə İlham Əliyev 42-ci Şahmat Olimpiyadasının Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı. Oyunlar 2016-cı il 1-16 sentyabr tarixlərində   yarışda 175 ölkəni təmsil edən 181 kişi və 142 qadın komandasında cəmi 1587 şahmatçının iştirakı ilə Bakı Kristal Zalında keçirildi.

 

Birləşmiş Millətlər Təşkilatı ilə münasibətlər

İlham Əliyev Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Qərargahını bir neçə dəfə ziyarət etmişdir. O 2004-cü ildə BMT Baş Assambleyasının 59-cu sessiyasının, 2010-cu ilin sentyabrında 65-ci sessiyasının və 2017-ci ilin sentyabrında 72-ci sessiyasının açılışında iştirak etmişdir. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan 2011-ci ilin oktyabrın 24-də Şərqi Avropa dövlətləri qrupundan 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.

 İlham Əliyev 4 may 2012-ci ildə “Terrorizmə qarşı mübarizənin həyata keçirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi”nə dair BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasına sədrlik etmişdir. O, ABŞ-a səfərləri zamanı Nyu-Yorkda 2004-cü il 24 setyabrında BMT Baş Katibi Kofi Annan, 4 may 2012-ci ildə Pan Gi Mun və 20 sentyabr 2017-ci ildə Antonio Quteereşlə görüşdü. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan BMT-nin ixtisaslaşmış agentlikləri və orqanları ilə ikitərəfli münasibətləri inkşaf etdirmişdir.

Azərbaycan 2003-2005 və 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasının, 2006-2009-cu illər üçün isə BMT-nin İnsan Hüquqları Şurasının üzvü seçildi. 19 Dekabr 2005-ci ildə Prezident İlham Əliyev YUNİSEF-lə Azərbaycan arasında Ölkə Proqramının 2005-2009-cu illər üçün Fəaliyyət Planını təstiq etdi.

İlham Əliyev prezidentliyi dövründə Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı genişləndirmişdir. Prezident Əliyev prezident seçildikdən bir il sonra-2004-cü ildə Azərbaycan Cənubi Qafqaz dövləti kimi Aİ-nin Avropa Qonşuluq Siyasətinə (AQS) daxil edilmişdir. İki il sonra-2006-cı ildə Azərbaycan adından Prezident İlham Əliyev, Aİ adından isə Aİ Şurasının keçmiş Prezidenti Matti Vanhanen və Avropa Komissiyasınınkeçmiş Prezidenti José Manuel Barroso Strateji Tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzaladılar.

2009-cu ildə Azərbaycan Aİ-nin Şərq Tərəfdaşlığı Proqramına daxil edildi. İki il sonra-2011-ci ildə İlham Əliyev və José Manuel Barroso Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzaladılar. İlham Əliyev 2013-cü ildə Brüsselə səfəri zamanı Birgə Bəyannamənin Azərbaycan və Aİ arasındakı enerji sahəsində əməkdaşlığı üçün əhəmiyyətini aşağıdakı sözlərlə ifadə etdi: “Enerji əməkdaşlığı təbii ki, münasibətlərimizin ən mühüm hissələrindən biridir. Çox şadam ki, 2011-ci ilin əvvəlində sədr Barrozu ilə Bakıda enerji sahəsində strateji əməkdaşlıq haqqında Bəyannaməni imzaladıqdan sonra hazırda onun praktiki nəticələrini görürük. Bu Bəyannamə qaz dəhlizinin həyata keçirilməsində əsas rol oynadı”.

6 fevral 2017-ci ildə Prezident İlham Əliyev ikitərəfli və çoxtərəfli görüşlərdə iştirak etmək üçün Aİ-nın paytaxtı Brüsselə səfər etdi. O, səfər çərçivəsində Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Şurasının və Avropa Komissiyasının prezidentləri və Aİ-nin enerji məsələləri üzrə komissarı ilə görüşdü. Prezident Əliyevin rəsmi səfərindən sonra 7 fevral 2017-ci ildə Azərbaycanla Aİ arasında yeni ikitərəfli müqavilə üzrə danışıqlar başladı.

Rusiya ilə münasibətlər

İlham Əliyev dəfələrlə Azərbaycan və Rusiya münasibətlərini strateji tərəfdaşlıq olaraq xarakterizə etmişdir. 6 fevral 2004-cü ildə İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Rusiya münasibətlərinin əsas prinsiplərini əks etdirən Moskva Bəyannaməsini imzalamışdır. 11 avqust 2004-cü ildə Prezident İlham Əliyev “2005-ci ildə Rusiya Federasiyasında Azərbaycan Respublikası İlinin və 2006-cı ildə Azərbaycan Respublikasında Rusiya Federasiyası İlinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Bundan başqa, 16 fevral 2005-ci ildə İlham Əliyev Moskvaya işgüzar səfər etdi və Rusiyada Azərbaycan Respublikası İlinin açılış mərasimində iştirak etdi. Dörd ay sonra-2005-ci il 14-15 iyun tarixlərində 9-cu beynəlxalq iqtisadi forum çərçivəsində İlham Əliyev yenidən Rusiyaya səfər etdi və Rusiya Prezidenti Vladimir Putinlə görüşdü. 29 iyun 2006-cı ildə İlham Əliyev və Rusiyanın keçmiş Prezidenti Dmitri Medvedev Xəzər Dənizi ilə bağlı Birgə Bəyanat imzaladılar.

1 Noyabr 2017-ci ildə İranın paytaxtı Tehran şəhərində İlham Əliyevlə Vladimir Putin arasında başqa bir görüş baş tutdu. İlham Əliyev Rusiya Federasiyası Federasiya Şurası sədrinin müavinini və Dağıstan Respublikası Xalq Məclisinin sədrini qəbul edərkən Rusiya Azərbaycan arasındakı münasibətləri aşağıdakı sözlərlə ifadə etdi: “Elə dünən axşam Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinlə növbəti görüşdə biz münasibətlərimizin ikitərəfli gündəliyinə nəzər yetirdikdə aşkar etdik ki, öz həllini tələb edən heç bir məsələ yoxdur... Əlbəttə, bu gün Rusiya və Azərbaycan mehriban qonşuluq, tərəfdaşlıq və etibarlı dostluğun yüksək səviyyəsini nümayiş etdirirlər”. İlham Əliyev, həmçinin, Rusiya Ortodoks Kilsəsi ilə də münasibətlər qurmuşdur. Birinci dərəcəli “Sergi Radonejski” ordenindən sonra 24 aprel 2010-cu ildə İlham Əliyev Rusiya Ortodoks Kilsəsinin ən yüksək təltifi olan Birinci dərəcəli “Şərəf və şöhrət” ordeni ilə təltif edildi. 2010-cu ildə Prezident Əliyev Moskvanın və bütün Rusiyanın patriarxı Kirilin “Şərəf” ordeni ilə təltif olunması haqqında sərəncam imzaladı.

Amerika Birləşmiş Ştatları ilə münasibətlər

 

İlham Əliyev Amerika Birləşmiş Ştatları (ABŞ) ilə də münaibətləri genişləndirməyə çalışmışdır. O, Vaşinqtona ilk rəmi səfərini keçmiş ABŞ prezidenti Corc Buşun dəvəti ilə 2006-cı il 25-28 aprel tarixlərində həyata keçirmişdir. Görüşmələr zamanı İlham Əliyev Amerikalı həmkarı ilə neft və qaz sənayesi, regional və qlobal enerji təhlükəsizliyi, nəqliyyat və s. kimi məsələləri müzakirə etmişdir.

24 sentyabr 2010-cu ildə İlham Əliyev BMT Baş Assambleyasının 65-ci sessiyasının açılışında iştirak etmək üçün ABŞ-a səfəri zamanı Nyu-Yorkda 44-cü ABŞ prezidenti Barak Obama ilə görüşmüşdür. Prezident Əliyevin ABŞ-a növbəti səfəri 2016-cı il 31 mart-1 aprel tarixlərində Barak Obamanın dəvəti ilə iştirak etdiyi Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində baş tutdu. Prezident Əliyev səfəri zamanı ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenlə ikitərəfli görüş keçirdi. Tərəflər terrorizmə qarşı mübarizə və müxtəlif sahələrdə əməkdaşlığa dair məsələləri müzakirə etdilər. Co Bayden Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyini gücləndirməsi baxımından vacibliyini vurğuladı.

20 sentyabr 2017-ci ildə İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışında iştirak etmək üçün ABŞ-a səfəri zamanı Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampla sonuncunun təşkil etdiyi dəvətdə görüşdü.

Bakıda keçirilən 24-cü illik Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin və Konfransının açılışında İlham Əliyevə ünvanladığı məktubunda Donald Tramp ABŞ-ın Avropanın enerji təhlükəsizliyini təmin edən Cənub Qaz Dəhlizini və Azərbaycanın bu dəhlizin tamamlanmasına yönəlmiş səylərini qətiyyətlə dəstəklədiyini bildirdi.

NATO ilə münasibətlər

İlham Əliyev 2004-cü ildə Azərbaycanın NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planına (IPAP) qoşulması ilə təşkilatla əməkdaşlığı genişləndirdi. IPAP ikitərəfli tərəfdaşlıqların sistemləşdirilməsi və qarşılıqlı maraq doğuran məsələlərdə əməkdaşlığın əlaqələndirilməsinə imkan yaradır. Azərbaycan İPAP-ın birinci (2005-2007), ikinci (2008-2010) və üçüncü (2012-2013) mərhələlərini yekunlaşdırmışdır. 19 may 2014-cü ildə İlham Əliyev Brüsseldə birinci İPAP sənədini NATO-ya təqdim etdi.

İlham Əliyev 2006-cı ilin mayında Parisə səfər etdi və NATO Parlament Assambleyasının yaz sessiyasında iştirak etdi. 8 noyabr 2006-cı ildə o, Brüsseldə NATO Baş Katibi Yaap de Hoop Sxefferlə görüşdü. 29 aprel 2009-cu ildə Prezident Əliyev Şimali Atlantika Əməkdaşlıq Şurasının iclasından öncə yenidən Yaap de Hoop Sxefferlə ikitərəfli görüş keçirdi. 2012-ci ilin fevralında Brüsselə səfəri zamanı İlham Əliyevi NATO Baş Qərargahında NATO Baş Katibi Anders Foq Rasmussen qarşıladı və onlar Azərbaycan və NATO arasındakı əməkdaşlığın gələcəkdə genişləndirilməsinin mümkünlüyü barədə müzakirələr apardılar. 2014-cü ildə Brüsselə işgüzar səfəri zamanı İlham Əliyev yenidən Anders Foq Rasmussenlə görüşdü və Şimali Atlantika Əməkdaşlıq Şurasının iclasında iştirak etdi.

NATO tərəfinən Əfqanıstanda aparılan əməliyyatlara dəstək verən ölkənin prezidenti kimi İlham Əliyev 2012-ci ildə Çikaqoda və 2014-cü ilin sentyabrında Uelsdə keçirilən NATO sammitləri çərçivəsində bir sıra iclaslarda iştirak etdi. Prezident Əliyev 2016-cı ilin iyulunda NATO-nun Varşavada keçirilən sammitində Əfqanıstana həsr olunmuş iclasda iştirak etdi. 23 noyabr 2017-ci ildə Prezident Əliyev Brüsseldə NATO Baş Katibi Yens Stoltenberqlə görüşdü. Tərəflər görüşdə NATO və Azərbaycan arasındakı əməkdaşlığı və Cənubi Qafqazregionunda təhlükəsizlik məsələlərinin müzakirə etdilər. Baş Katib, həmçinin, Azərbaycanın NATO-nun rəhbərlik etdiyi “Qətiyyətli Dəstək Missiyası”na verdiyi töhfələri qiymətləndirdi.

Azərbaycanın balanslaşdırılmış xarici siyasət aparması və regional əhəmiyyəti ABŞ-ın Baş Qərargah rəisi general Joseph Dunford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimovun ikitərəfli görüş üçün Bakını seçmələrinə şərait yaratdı.

İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlər

İlham Əliyev dəfələrlə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə münasibətlərin Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən biri olduğunu qeyd etmişdir. İlham Əliyev prezidentliyi dövründə İƏT Baş Katibi ilə ilk dəfə İƏT-in 2005-ci ildə Məkkə şəhərində keçirilən üçüncü fövqəladə sammiti zamanı görüşmüşdü.  Daha sonra 2006, 2009, 2012 və 2013-cü illərdə İlham Əliyev İƏT Baş Katibini Bakıda qəbul etdi. 6 aprel 2015-ci ildə o, İƏT-nin Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən Baş Qərargahını ziyarət etdi və İƏT Baş Katibi ilə görüşdü. İlham Əliyev, həmçinin, 2006 və 2007- ci illərdə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun sədrini Bakıda qəbul etdi. Bundan başqa, o, 3 sentyabr 2006-cı ildə Türkiyənin İstanbul şəhərində Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun daimi qərargahının açılış mərasimində iştirak etdi.

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin V Konfransı Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan olunması barədə qərar qəbul etdi. Bu qərar uyğun olaraq İlham Əliyev 27 avqust 2008-ci il tarixində Bakı şəhərində keçiriləcək “Bakı-İslam Mədəniyyətinin Paytaxtıdır” adlı beynəlxalq tədbirə hazırlıq haqqında Sərəncam imzaladı.  Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul olundu. Bu qərara müvafiq olaraq prezident Əliyev “Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncam imzaladı. İƏT dövlətlərinin xarici işlər nazirlərinin 33-cü sessiyasında qəbul olunmuş Bakı bəyannaməsinə müvafiq olaraq İlham Əliyevin himayədarlığı altında 2017-ci il 26-27 aprel tarixlərində dözümlülük və qarşlıqlı anlaşmanın inkişafında medianın roluna dair İƏT Konfransı keçirildi.

Mükafatları

  • "Heydər Əliyev" ordeni
  • "Kral Əbdüləziz" ordeni;
  • "Şərəf" ordeni;
  • "Mübarək əl-Kəbir" ordeni;
  • "Üç ulduz" ordeninin "Böyük xaç kavaleri" dərəcəsi.
  • Bolqarıstan Respublikasının ali mükafatı - "Stara Planina" ordeni
  • Belarus Respublikasının Dostluq ordeni.
  • Beynəlxalq münasibətlər və sülh naminə İhsan Doğramacı mükafatı;
  • "İlin adamı" - 2010-cu ilin noyabr ayında Buxarest şəhərində Rumıniyanın "Balcanii şi Europa" ("Balkanlar və Avropa") jurnalı tərəfindən təqdim edilib..
  • Yunanıstan parlamentinin Qızıl medalı;
  • "Şeyxülislam" ordeni;
  • Rusiya Pravoslav Kilsəsinin "Prepodobnıy Serqiy Radonejskiy" birinci dərəcəli Ordeni;
  • "Böyük Kordon" Şərəf Ordeni (Beynəlxalq Hərbi-İdman Şurası);
  • FİLA-nın Şərəf Zalının ən yüksək "İdman Əfsanəsi" ordeni;
  • Avropa Ədalətli Oyunlar Hərəkatının "Şərəf" nişanı;
  • MDB ölkələrin İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının "Şərəf Ordeni";
  • "Birlik" ordeni;
  • "İsmoili Somoni" ordeni.
  • "Xalqlar dostluğu" ordeni
  • Birinci Dərəcəli Türkiyə Respublikası Dövlət Ordeni (2013) 
  • Azadlıq Ordeni (2013) 
  • Cənub-Cənub mükafatı (2015)
  • “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni.

 

Fəxri doktoru olduğu universitetlər

  • Bakı Dövlət Universitetinin Fəxri doktoru;
  • Linkoln Universitetinin Fəxri Doktoru;
  • Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin Fəxri Doktoru;
  • N.Qumilyov – Avrasiya Milli Universitetin Professoru;
  • Bilkənt Universitetinin Fəxri Doktoru;
  • Vergilər üzrə Milli Akademiyanın Fəxri Doktoru;
  • Ploesti Neft və Qaz Universitetinin Fəxri Doktoru;
  • Milli və Dünya İqtisadiyyatı Universitetinin Fəxri Professoru;
  • Kyung Hee Universitetinin Fəxri Doktoru;
  • İordaniya Universitetinin Fəxri Doktoru;
  • Korvinus Universitetinin ictimai elmlər üzrə Fəxri doktoru;
  • V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru;
  • Taras Şevçenko adına Kiyev Milli Universitetinin Fəxri doktoru;
  • Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin Fəxri professoru;
  • Belarus Dövlət Universitetinin Fəxri professoru;
  • Türk Hava Qurumu Universitetinin Fəxri Doktoru.

 

Fəxri vətəndaşlığı

  • Həştərxan şəhərinin fəxri vətəndaşı.

 

Nitqləri

İlham Əliyevin andiçmə mərasimində nitqi (2003)

 

Təbrikləri

Həmrəylik Günü və Yeni il münasibətilə

İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki (2008)

İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki (2009)

İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki (2010)

İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki (2011)

İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki (2012)

İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki (2013)

İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki (2014)

 

Beynəlxalq Qadınlar Günü münasibətilə

8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik (2014)
8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik (2015)

 

Məktubları

San-Marino Respublikasının Kapitan-Regentləri Zati-aliləri xanım Mariya Luiza Berti və cənab Filippo Tamaniniyə məktub (16.08.2011)
Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Zati-aliləri cənab Raul Kastro Rusa məktub (19.12.2011)
Qvatemala Respublikasının Prezidenti Zati-aliləri cənab Otto Fernando Perez Molinaya məktub (13.01.2012)
Myanma İttifaqı Respublikasının Prezidenti Zati-aliləri cənab Theyn Seynə məktub (13.01.2012
Kambocanın Kralı Əlahəzrət Norodom Siamoniyə məktub (31.10.2012)
Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə məktubu (29.12.2013)
Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Zati-aliləri cənab Raul Kastro Rusa
Honduras Respublikasının Prezidenti Zati-aliləri cənab Xuan Orlando Ernandes Alvaradoya
Liberiya Respublikasının Prezidenti Zati-aliləri xanım Ellen Conson-Serlifə
Monqolustanın Prezidenti Zati-aliləri cənab Saxiaqiyn Elbeqdorja
Peru Respublikasının Prezidenti Zati-aliləri cənab Olyanta Umala Tassoya
Qabon Respublikasının Prezidenti Zati-aliləri cənab Ali Bonqo Ondimbaya
Xalq artisti Afaq Bəşirqızına
Cənab Şevkət Dəmirələ
İndoneziya Respublikasının Prezidenti Zati-aliləri cənab Coko Vidodoya
İsrail Dövlətinin Prezidenti Zati-aliləri cənab Şimon Peresə
Hindistan Respublikasının Prezidenti Zati-aliləri cənab Pranab Mukherciyə
Həşimovlar ailəsinə
İlham Əliyevin Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Anibal Kavaku Silvaya məktubu
Avstraliya İttifaqının General-Qubernatoru Zati-aliləri xanım Kventin Braysa məktubu
İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa məktubu
İlham Əliyevin Belarus Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandr Lukaşenkoya məktubu
İlham Əliyevin Burundi Respublikasının Prezidenti Zati-aliləri cənab Pyer Nkurunzizaya məktubu
İlham Əliyevin Cibuti Respublikasının Prezidenti Zati-aliləri cənab İsmail Ömər Qellehə məktubu
İlham Əliyevin Mozambik Respublikasının Prezidenti Zati-aliləri cənab Filipe Jasinto Nyusiyə məktubu
İlham Əliyevin Yüngül atletika üzrə dünya çempionu Ramil Quliyevə məktubu

 

Fərmanları

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı

 

Sərəncamları

Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının prezidentinin sərəncamı
"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR