Dərc edildi: Baxış sayı: 1105
“İlan sancan şəxsi yerindən tərpətmək olmaz !” – Ekspertdən mühüm tövsiyələr
“Yaralanan yer hərəkət edərsə qan dövranı sürətlənər və zəhər bədənə tez yayılar ki , bu da insan həyatı üçün təhlükə yaradar”
"Heç bir halda ilan sancan yeri kəsmək , ülgüc ilə çərtmək , od ilə yandırmaq , ağız ilə sorub zəhəri çıxarmaq , ilan sancan hissədə yuxarı yeri elə bərk bağlamaq kimi qeyri-ciddi yardım növlərindən istifadə etməmək lazımdır”
Ölkəmizdə ilan hücumlarının sayı artıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutundan məlumat verilib.
Məlumdur ki, havaların istiləşməsi ilan sancmalarının artmasına səbəb olan əsas amildir. Yay mövsümündə xüsusilə regionda yaşayan əhali ilanların hücumuna məruz qalır. Belə hallarda müəyyən təhlükəsizlik tədbirlərinin görülməsi vacib şərtdir. Bəs bu tədbirlər nədən ibarət olmalıdır?
Sualımızı cavablandıran təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert Elmar Nurəliyev "Sherg.az” bildirib ki, ilan sancan şəxsi yerindən tərpətmək olmaz:
"Yay mövsümünün gəlməsi ilə əlaqədar havaların istiləşməsi ilanların da aktivləşməsinə səbəb olur və ilan sancması hallarına rast gəlinir. İlanlar əsasən isti yerlərdə daha çox olur. Onlar özlərinə təhlükə hiss etdikdə hücuma keçir. Digər ilan növlərinin o qədər qorxusu olmasa da, zəhərli ilan olan gürzələr çox təhlükəlidir. Azərbaycanda gürzələrin 7 növü var və hamısı zəhərlidir. Onların insana hücumu olduqca təhlükəlidir. İlan sancan insanda tərləmə , ürəkbulanma , qusma , nəfəs alma çətinləşir , tənəffüs və ürək döyüntüləri azalır , huşu itir və şok vəziyyətinə düşür. İlan sancan hissə əl yaxud ayaq göyərir , şişir və qızarır”.
Ekspert bildirib ki, ümumiyyətlə ilan sancması zamanı onun zəhərli olub-olmadığını bilmək üçün ilan sancan dəridə 2 deşiyin olması onun zəhərli olmasından xəbər verir:
"Zəhərli ilanlar dişlərinin içərisində olan kanaldan zəhəri sancdığı yerə buraxır. Ona görə ilk öncə sancan ilanın zəhərli olub-olmamasını müəyyənləşdirib sonra ilk tibbi yardım göstərmək lazımdır.
İlan sancan şəxsi uzanıqlı, ayaqlarlı yuxarı vəziyyətdə saxlamaq lazımdır. İlanın sancdığı hissəni (əl , ayaq ) tərpətməyib və düz qalması üçün şina ilə sarıyıb , yaranı bacardıqca sıxıb oradan bir neçə damcı da olsa qan çıxarmaq gərəkir.
Şəraitdən asılı olaraq yaranı çoxlu su ilə yumaq lazımdır . Daha sonra yaranı yod ilə dezinfeksiya etmək və sarğı qoymaq vacibdir. Sarğının üzərinə soyuq kompressor , buz və onlar da olmazsa soyuq suyu bir sellofan pakete doldurub sarğının üzərindən qoymaq olar. Bunlara bərabər həmin hissənin hərəkətsiz qalması təmin edilməlidir. Yaralanan yer hərəkət edərsə qan dövranı sürətlənər və zəhər bədənə tez yayılar ki , bu da insan həyatı üçün təhlükə yaradar.
İlk tibbi yardımı göstərməklə bərabər təxirə salınmadan təcili tibbi yardım briqadasını çağırmaq lazımdır. Yayda evlərdə və əsasən istirahət məkanlarında , bağlarda kotejlərdə insanlar istirahət edərkən pəncərəni açıq saxlayır. Açıq pəncərədə qoruyucu olması mütləqdir. Daha sonra evlərin ətrafını otlardan , kol-koslardan təmiz saxlamaq, lazımsız əşyaları , avadanlıqları ortalıqdan götürmək mütləqdir. Bu ilanlar üçün gizlənməyə əlverişli yerlərdir .
Siz o əşyaları yerindən tərpədəndə ilana toxuna bilərsiz və ilan sizə hücum edər. Yaxşı olarki iş yerlərində , bağlarda , istirahət məkanlarında ilanlara qaşı dərmanlardan istifadə edilərək qabaqlayıcı tədbirlər görülsün . Heç bir halda ilan sancan yeri kəsmək , ülgüc ilə çərtmək , od ilə yandırmaq , ağız ilə sorub zəhəri çıxarmaq , ilan sancan hissədə yuxarı yeri elə bərk bağlamaq kimi qeyri-ciddi yardım növlərindən istifadə etməmək lazımdır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət