İdarə: Noyabrın 15-dən Bakı məktəblərinin istiliklə təchiz edilməsinə başlanılacaq
Noyabrın 15-dən Bakıdakı bütün ümumi təhsil müəssisələrinin istiliklə təchiz edilməsinə başlanılacaq.
Bu, "Report"un sorğusuna cavab olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan bildirilib.
İdarədən qeyd edilib ki, ümumi təhsil müəssisələrinin istiliklə təchiz edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə hər il noyabrın 15-dən başlayır: "Cari ildə də təhsil müəssisələrinin istilik təminatına noyabr ayının 15-dən başlanılacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 2018-2019-cu tədris ilində payız-qış mövsümünə hazırlığının yoxlanılması məqsədilə ilkin monitorinqlər aparılıb. Monitorinqlər zamanı bəzi təhsil müəssisələrinin istilik sistemlərindəki müəyyən edilmiş problemlərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz işlər görülüb. İstilik sistemləri işə düşdükdən sonra əlavə olaraq hər hansı problem yaranarsa, səbəbi müəyyənləşdirilərək aradan qaldırılacaq".
"BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 137-si “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 167-si fərdi qazanxana vasitəsilə, 6-sı isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir", - cavabda vurğulanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət