Slimfit
  1. AZƏRBAYCAN

İcra başçılarını həbsə aparan yol – “Qırmızı xətt” arxada qaldı

İcra başçılarını həbsə aparan yol – “Qırmızı xətt” arxada qaldı
Sakura

İcra başçılarını həbsə aparan yol – “Qırmızı xətt” arxada qaldı

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, onun müavini Ramiz Tatarov, Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun həbsi ölkədə böyük rezonansa səbəb olub.

Hər iki məmurun qanunsuz əməlləri sırasında sahibkarlardan rüşvət alınması, ictimai işlərə cəlb olunan şəxslər üçün nəzərdə tutulan vəsaitlərin mənimsənilməsi əsas yeri tutur. Halbuki son aylarda ölkə prezidenti hər iki qanunsuzluğa yol verən məmurların ciddi cəzalanacağına dair dəfələrlə sərt xəbərdarlıqlar səsləndirmişdi.

Qeyd edək ki, rəsmi məlumatlara əsasən bu ilin sentyabrına Yevlaxda ictimai işlərə cəlb olunaraq əmək haqqı alan ictimai işçilərin sayı 469 nəfər, Ağstafada isə 307 nəfər olub.

Yayılan videokadrlardan aydın olur ki, N.Quliyev 7 gün ərzində rayondakı idarə və müəssisələrdən, sahibkarlardan ümumilikdə 200 min manata qədər rüşvət toplayıb. Nəzərə alsaq ki, Ağstafa həm əhali, həm ərazi baxımından Azərbaycanın ən kiçik rayonlarından biridir, bu halda icra başçısının əməlinin soyğunçuluq həddinə çatdığını söyləyə bilərik. Rəsmi statistikaya əsasən bu rayonda 2016-ci ilin sonuna qeydiyyatda olan kiçik və sahibkarlıq subyektlərinin sayı 1456 olub. Bunun 1433-ü kiçik, 23-ü orta sahibkarlıq subyekti olub. 2017-ci ildə rayonda sahibkarlıq subyektlərinin sayında kəskin azalma baş verib - 1144. Bundan 1124-ü kiçik, 20-si orta sahibkarlıq subyekti olub. Ağstafada ümumi daxili məhsul istehsalında da azalma qeydə alınıb. Belə ki, 2017-ci ildə 215130,9 min dollar, 2018-ci ildə isə 189774,1 min dollarlıq məhsul istehsal olunub.

İcra başçılarının korrupsiya və rüşvətə görə həbsi ictimaiyyət tərəfindən böyük razılıqla qarşılanmaqdadır. Əksər ekspertlər cəza mexanizminin sərt şəkildə tətbiqinin ölkədə korrupsiya və rüşvətxorluğun qarşısının alınmasına mühüm rol oynayacağı qənaətindədirlər. 

Hüquqşünas Əsabəli Mustafayevin “Yeni Müsavat”a dediyinə görə, həbs olunan məmurlara hansı cəzanın kəsiləcəyi onların hansı maddələrlə ittiham edilməsindən asılı olacaq: “Burada sənədlərin saxtalaşdırılmasından tutmuş, vəzifə səlahiyyətlərindən sui-istifadəyə qədər çoxsaylı maddələr üzrə tövsif olunma mümkündür. Yalnız korrupsiya ittihamları üzrə bu adamlar 8-12 il müddətinə azadlıqdan məhrum edilə bilərlər. Amma istintaqın gedişində ağırlaşdırıcı faktlar da aşkarlana və cəza daha da ağırlaşa bilər”.

Hüquqşünas hesab edir ki, korrupsiya və rüşvətxorluğa qarşı cəza tədbirləri ardıcıl olarsa, bu kimi halların azalmasına gətirib çıxara bilər: “Etiraf edək ki, bu kimi faktlar çoxlu sayda icra başçılarına dair dəfələrlə açıqlanıb. Yəni belə hallar geniş yayılıb. Əgər proses ardıcıl aparılsa, çox ciddi çəkindirici faktora çevrilə bilər. Çox istəyərdik ki, bu addımlar davamlı olsun”.

İqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, əsas məsələ problem doğuran səbəbləri aradan qaldırmaqdır: “Effektiv idarəetmə üçün belə bir yanaşma var: problemin həlli üçün simptomları yox, səbəbləri aradan qaldırmaq lazımdır. Məsələn, qızdırma simptomdur, səbəbini doğru tapıb müalicə eləmək lazımdır.

İqtisadiyyat, idarəetmə üçün hər problem özlüyündə bir xəstəlikdir, diaqnostikası dəqiq olmalıdır. Səbəblə mübarizə yoxdursa, problemin fundamental həlli də yoxdur. Problemin səbəbi yerli idarəetmənin müasir tələblərə, adını bazar münasibətləri qoyduğumuz iqtisadi sistemə yad bir element kimi qalmasıdır".

Ekspertin fikrincə, vəzifəli şəxslərin gəlirləri açıqlanmalıdır: “Əgər icra başçıları korrupsiya, rüşvət ittihamı ilə həbs edilirsə, kütləvi şəkildə bütün vəzifəli şəxslərin xidməti otaqlarına kameralar yerləşdirməkdən daha mükəmməl mexanizm var. Həm də bu mexanizm selektiv yanaşmır, istənilən məmurun fəaliyyətini, həyat tərzini izləməyə imkan verir, korrupsioner olub-olmadığını, xırda rüşvətxor, yoxsa iri korrupsioner olduğunu dərhal aşkarlamağa imkan verir. Vəzifəli şəxslərin xərclərinin və aktivlərinin onların gəlirlərinə uyğunluğunun izlənməsinə dair işlək mexanizmlər qəbul edilməli, uyğunsuzluq aşkarlandıqda onların əmlakının dərhal konfiskasiyasını nəzərdə tutmalıdır. Bütün məmurların və onların ailə üzvlərinin gəlir və əmlak bəyannaməsi vətəndaş üçün açıq olmalıdır. Ailəsinin və özünün xərcləri və sahib olduqları sərvətlər rəsmi gəlirlərini üstələdiyi an prokurorluq orqanları təqdimat gözləmədən araşdırma, zərurət yarandıqda istintaq başlamaqla bağlı müstəsna səlahiyyətlər qazanmalıdır”.

Milli Məclisin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Orucun qəzetə bildirdiyinə görə, ölkənin birinci şəxsi hər zaman daşıdığı ali xüsusiyyətlərlə-mötəbərlik, inam, çeviklik, xalqla yaxınlıq, təşəbbüskarlıqla komandasını formalaşdırmağa çalışıb. O, daha strateji planlar üzərində Azərbaycanı iqtisadi müstəqil və təhlükəsiz bir məkana çevirərkən, etimad göstərdiyi adamların səhvlərinə dözüm və humanizm nümayiş etdirib: “2003-cü ildən sonrakı regional və beynəlxalq reallıqlar məhz belə bir yanaşmanı tələb edirdi. Lakin əgər Prezident xarici təhlükələri dəf edərkən, ordunu, təhlükəsizlik sistemini təmizləyərkən kimlərsə hesab edirdilərsə ki, bunlar müəyyən müddət sonra unudulacaq və xalqın haqqına girən adamlar cəzasılıq zolagında qalmaqda davam edəcəklər, onlar son bir ilin böyük miqyaslı dəyişiklikləri fonunda yanıldıqlarını gördülər. İlham Əliyevin kadrlara münasibətdə güzəşt limiti bitib və dövlətçilik mənafelərindən uzaq düşənlərin ”qırmızı xətti" keçməsi zamanı artıq arxada qalıb. Artıq hamı zəngin sosial-iqtisadi qərarların ardınca bütün hakimiyyət qollarına xalqın etibarını gücləndirmək məramı ilə həyata keçirilən böyük islahatlar kursunun ilin sonunda daha yeni məzmun kəsb etdiyinə əyani şahidlik edir. Əgər biz ona sadəcə islahatlar və yeni kurs siyasəti desək, onda biz baş verən total dəyişiklikləri ideoloji-siyasi baxımından məhdud ölçüdə götürmüş olarıq. “Prezident yeni hakimiyyət qurur” ifadəsi məna tutumuna və məzmununa görə İlham Əliyevin həqiqi məramını daha dolğun özündə əks etdirir, yeni elita quruculuğu “köhnələr və təzələr”, “Qərb təhsillilər və ya milli məktəblər” istilahlarına deyil, daha çox “xalqa xidmətin alternativi yoxdur” devizi ilə yola davam fəlsəfəsinə uyğundur".

Mərkəz rəhbərinin fikrincə, bu prosesin davam edəcəyinə şübhə yoxdur: “Oktyabrın 15-də fərqli bir formatda keçirilən iqtisadi müşavirədə bəyan olunmuşdu ki, 21-ci əsrin tələbləri ayrıdır, burada ayrı təfəkkür tərzi, ayrı yanaşmalar olmalıdır. Daha sonra yerlərdə sahibkarların fəaliyyətinə imkan verilməməsi halları, haqsız rəqabət, məmurların biznes maraqları üzərindən  sahibkarlığa vurduqları ziyanlar haqda danışan dövlət başçısı bütün ölkədəki proseslərin nəbzinin olun əlində olduğunu göstərməklə çevik qərarlar qəbul etdi və ən qatı əleydarların da platformalarını əllərindən aldı. Xatırlatmaq yerinə düşər ki, Mikayıl Cabbarovu yeni vəzifəyə təyinatla bağlı qəbul edərkən kölgə iqtisadiyyatına qarşı mübarizədən, 100 mindən çox iş yerinin rəsmiləşdirilməsindən və nazirə edilən təsirlərə onun sinə gərməsindən danışılması iqtisadi komanda içərisində tam dönüşə nail olduqdan sonra siyasi sistemdə qəti addımların atılacağı mesajları daha aydın sezilməkdə idi. Son həbslər göstərdi ki, qəyyumluq mühitində özünü xalqa qarşı qoyanlar kölgədə toxunumazlıqlarını sürdürürə bilməyəcəklər və ona görə də dövlətin, onun rəhbərin işığında olmaqdan başqa yol yoxdur”.

Z.Oruc deyir ki, islahatlar millətin ürəyincədir: “Vətəndaşlarımızın dövlətə və ona başçılıq edən şəxsiyyətə rəğbəti bu il özünün ən yüksək həddindədir. Lakin DTX-nın yaydığı son kadrlar ayrıca təhlil olunmalıdır. Yeri gəlmişkən, bu taleyüklü və düzgün qərarların fonunda həm də köhnə MTN sisteminin ləğv edilib, ora milli bir peşəkarı təyin etməyin nə qədər doğru olduğu göründü. Vəzifəli şəxslərin və sabiq məmurun saxlanmasından bəhs edən səhnələr son dərəcə düşündürücü, narahatlıq doğuran mənəviyyat, idarəetmə və kadr probleminin ən bariz mənzərəsidir. Bunu başqa amillərlə izah etmək onların əməllərinin yanında olmaq deməkdir.

Ən fədakar zəhmət sahibi olan icra nümayəndələrindən alınan o rüşvət səhnələri, şəhid ailələrinə yardım adı ilə pərdələnən əməllər, dövlətin bölgələrdə sosial layihələrə yönələn vəsaitlərinə dikilən gözlər və hər qarış Vətən torpağının sadə insanlara bac-xəracla satılması rəzil məmur hərəkətləridir. Xatırlayaq ki, məhz birinci şəxsin dilindən 2 ay öncə “biz imkan verə bilmərik ki, yaramaz məmurlar bizim uğurlara kölgə salsın” bəyanatı da o özü sərtliklə söyləmişdi.

Cəbhə xəttində, ona yaxın ərazilərdə yaşayan əhalinin hüquqlarını tapdalayan, onların ailələrinə dövlətin ayırdığı vəsaitləri mənimsəyən adamlar heç vaxt bağışlana bilməzlər. İcra hakimiyyəti orqanları nəzərə almalıdılar ki, ölkə rəhbəri 2015-ci ildə ölkənin milli təhlükəsizlik orqanının rəhbərliyinə özünün sərt üzünü göstərib, o qurumun tamamilə yenidən təşkil olunmasına qərar vermişdi. Ardınca vergi sistemində ciddi şəffaflaşdırma həyata keçirildi. Yerlərdə birbaşa prezidenti təmsil edən bu adamlar fəaliyyətlərində ikiqat məsuliyyətli, şəffaf olmalı, xalqcanlı davranmalıdılar. İki rayonun yeni təyin olunan icra başçılarını qəbul edərkən də ölkə rəhbəri açıq mətnlə dedi ki,  xalqa xidmət etməyənləri sərt cəza gözləyir, onlar vəzifədən çıxarılmaqla iş bitməyəcək. Görünür, özlərini toxunulmaz hesab edən adamlar başa düşmədilər ki, ortada prezidentin iradəsi var və bir gün gəlib onların qapılarını döyəcəklər. Biz əlbəttə, günahsızlıq prezumpsiyasını nəzərə alırıq, lakin faktlar inkarolunmazdır. Prezident əhalini, sahibkarları narahat edən ən ağrılı nöqtələri gözəl bilir və onları aradan qaldırmaqda qəti mövqe qoyub: “Bu mövqe yalnız yerli icra hakimiyyətləri üçün deyil, bütün hökumət üçün, hakimiyyət qolları üçün fəaliyyət prinsiplərini müəyyən edir”.

Mərkəz rəhbəri hesab edir ki, institusional idarəetmədə siyasət müəyyənləşdirilərkən bir çox amillər nəzərə alınmalıdır: “İndiyədək Azərbaycanda vergilər, təhsil, fövqəladə hallar qurumlarının regional bölmələri yaradılıb. Burada biz bəzi vətəndaşların bir rayondan digərinə getmək kimi problemdən narazılığını eşidirik. Amma idarəetmədə dəyişikliklər baş verməkdədir. Baxın, əmlak məsələləri ilə bağlı vətəndaşların həssaslığını nəzərə alınaraq, onu İqtisadiyyat nazirliyinə birləşdirməklə və antinhisar siyasətinə yeni yanaşma ilə əslində struktur dəyikliklərin gələn il də davam etdirləcəyi aydındır. Monopoliyaya qarşı mübarizə sahəsinin də şəffaf reputasiyalı məmur Mikayıl Cabbarova həvalə edilməsi tam başadüşülən və inam yaradan qərarlardır. Yerli icra hakimiyyətlərinin bir neçəsində yoxlamalar davam etdirilir. Gələcəkdə bu sahədə aparılacaq islahatlar həm də yeni parlamentin bir nömrəli vəzifəsi olmalıdır. Ona görə də xalqımızın həyatında öz zənginliyi və xeyrinə görə müstəsna əhəmiyyət daşıyan bu ili xalqımızın üçün uğurlu, düşərli saymağa tam əsasımız var”.

Mənbə: Yenisabah.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR