“İcazə vermək olmaz ki, pandemiya idmanda qazandığımız uğurları məhv etsin!”
“İcazə vermək olmaz ki, pandemiya illərlə idmanda qazandığımız uğurları məhv etsin!”
Ens.az Modern.az-a istinadən xəbər verir ki, bu fikirləri bu gün Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov qeyri Olimpiya idman növləri üzrə Federasiyaların rəsmiləri ilə görüşündə bildirib.
Nazir Olimpiya idman növlərində vəziyyətin müqayisədə daha stabil olduğunu, idmançıların icazə əsasında məşqlərini qapalı şəraitdə davam edə bildiklərini diqqətə çatdıraraq, narahatlığın qeyri-olimpiya idman növləri ilə bağlı olduğunu bildirdi.
“Mən həqiqətən çox narahatam. İdmançılarımızın məşqlərdən, idman zallarından uzaq düşmələri, artıq bəzilərinin cangüdən olaraq iş elanları yerləşdirmələri, digərlərinin taksi sürücüsü kimi fəaliyyətə başlamaları, maddi və mənəvi cəhətdən çox çətin dönəm yaşamaları haqda xəbərlər məni çox narahat edir. Düzdür idman yarışlarının və məşqlərin açıq havada keçirilməsi ilə bağlı Operativ Qərargah tərəfindən qərar verildi. Amma siz haqlı şəkildə : “Əgər zala gedə bilmiriksə, avadanlıqlardan istifadə edə bilmiriksə o zaman necə edək?” sualını verə bilərsiniz. Mən sizi nazirliyə dəvət edirəm.”
Fikirlərinin davamında Azad Rəhimov federasiyalara məşqlər üçün nazirliyin balansında olan Olimpia İdman Komplekslərinin açıq məkalarını təklif etməklə bərabər, eyni zamanda, koordinasiya olunmuş şəkildə şəhərin idman üçün münasib yerlərinin də təyin olunaraq orada məşqlərin mümükünlüyünü ifadə etdi. Avadanlıqlara gəldikdə isə, nazir idmançıların müəyyən olunmuş açıq məkanlarda məşqlərə başlayacaqları təqdirdə nazirliyin onları lazımi avadanlıqla təmin edə biləcəyini də söylədi. Eyni zamanda, Azad Rəhimov federasiyaların maliyyə çətinliyi ilə də üz-üzə qaldıqlarından məlumatlı olduğunu bildirib, bu problemin həlli yolları üçün federasiya rəsmilərinin nazirliyin idman növlərinə məsul şəxsləri ilə bir araya gələrək mövcud durumu müzakirə etmələrini və bunün nəticəsində nazirliyin dəstək göstərməyə hazır olduğunu bildirdi. Azad Rəhimov beynəlxalq yarışlarda iştiraka da toxundu :
“Əgər hər hansı bir ölkədə beynəlxalq yarış keçirilirsə və bu ölkəyə giriş-çıxışla bağlı heç bir məhdudiyyət yoxdursa, biz idmançının bu yarışda iştirakına dəstək ola bilərik. Amma bir şərtlə ki, yarış mötəbər və əsasnaməyə cavab verən olsun.”
Çıxışının sonunda Azad Rəhimov idmançıların çox böyük bir ordu olduğunu, ən ümdəsi isə nizamlı olduqlarını söylədi. Federasiya rəhbərlərinə bu çətin pandemiya dönəmində idmançılar arasında daim maarifləndirmə işlərini aparmalarının, dövlət tərəfindən qoyulan qayda-qanunlara hər kəsin əməl etməsinin vacibliyini diqqətə çatdırıldı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət