I sinfə şagird qəbulunun vaxtı bitib
Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində 48 814 şagird I sinifdə təhsil alır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a verilən məlumata görə, onlardan 46 051 şagird idarənin tabeliyindəki, 2 763 şagird isə Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində oxuyur.
Ümumilikdə 48 814 birinci sinif şagirdindən 45 949 nəfəri ümumi təhsil məktəblərində, 2 865 nəfəri isə lisey və gimnaziyalarda təhsil alır.
Qeyd edək ki, hər il olduğu kimi, 2019-2020-ci tədris ilində də I sinfə şagird qəbulunun vaxtı oktyabrın 15-dək uzadılıb. Belə ki, dərslərin başlanmasına baxmayaraq, I sinfə şagird qəbulu üzrə uşaqların elektron qeydiyyatı valideynin (qanuni nümayəndənin) üzrlü səbəb (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) göstərilməklə, “Əlaqə” bölməsi vasitəsilə (elektron ərizə əsasında) aparılıb. Valideynlər uşaq elektron qeydiyyatdan keçirildikdən sonra müvafiq sənədləri məktəbə təqdim ediblər.
Azərbaycan Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi məqsədi ilə I sinfə qəbul prosesi elektron qaydada aparılır.
I sinfə qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi valideynlərin rahatlığının təmin olunması, uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi və cəmiyyətdə informasiya texnologiyalarından istifadə göstəricilərinin artırılması məqsədlərinə xidmət edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət