I Şah Səfi - Səfəvi şahı
I Şah Səfi (1611 - 11 may 1642) — Səfəvilər xanədanlığından olan VI şah (1629-1642). Əsl adı Sam Mirzədir,
Səfəvi dövlətinin altıncı hökmdarıdır. Atasının adı şahzadə Məhəmməd Baqır Mirzə, anasının adı isə Dilarə xanımdır.[1]Şah Səfi, Şah Abbasdan sonra 18 yaşındaykən dövlətin taxtına oturmuşdur. 13 il müddət ərzində dövləti idarə etmişdir. Şah Abbas böyük oğlu şahzadə Məhəmməd Baqır Mirzəni, onu öldürmək istəyini düşünərək öldürmüşdür. Şah Abbas daha sonra digər oğulları və nəvələrindən də şübhələnmiş geri qalanlarını da öldürmüşdür. Yalnız nəvəsi Səfini varisi olaraq saxlamışdır.
Şah Səfi 1611-ci ildə doğulmuş, 31 yaşındaykən 12 may 1642-ci ildə vəfat etmişdir.
Taxta çıxdığı zaman yaşı az olduğuna görə Sarı Tağı xan ona lələ (atabəy) təyin edilmişdi. Sarı Tağı dövlətin idarə edilməsində çox bacarıqlı şəxs idi, eyni zamanda həm də qəddar və sərt insan idi.
Səfi Mirzənin oğlu Sam Mirzə Şah Abbasın oğul nəslindən qalmış yeganə şəxs idi. Şah yalnız onun səltənətinə ümid bağlaya bilərdi. Atasının qatilinin babası Şah Abbasın nahaq istəklərdə olduğunu düşünən bu gənc səltənətə gəldikdən sonra özünə atasının adını götürdü və "Şah Səfi" ləqəbi ilə məşhurlaşdı. On səkkiz yaş astanasında olan Şah Səfi on dörd ilə yaxın Səfəvi dövlətinin idarəçiliyini əlində saxladı. Səltənətinin başlanğıcı h.q. 1038-ci ilin cəmadiyus-sani ayına, şahın ölümü isə h.q. 1052-ci ilin səfər ayına (Kaşanda) təsadüf etdi. Ölümündən sonra onun qəbrinin gizli qalması üçün üç cəsədi müxtəlif yerlərə birini Nəcəfə, birini Məşhədə və birini də Quma göndərdilər.
Şah Səfi öz ailə üzvlərinə qarşı yol verdiyi cinayətlərə görə tarixin ən daşürəkli şahlarından birinə çevrildi. Bu xasiyyət ona bir miqdar II İsmayılın davranışından, həmçinin elə Şah Abbasın özündən keçmişdi. O özünün on üç il yarımlıq hakimiyyəti dövründə demək olar ki, Səfəvi nəslinin bütün üzvlərini, əmirlərin çoxunu ğldürtdü və ya kor elədi.
O göstəriş verdi ki, Ələmutda yaşayan Məhəmməd Mirzə və İmamqulu adlı iki kor əmisini qalanın başından atsınlar. Onun dəlili bu idi ki, "kor olduqları üçün vücudları faydasızdır". Bunlardan əlavə İmamqulu Mirzənin oğlu Nəcəfqulu Mirzə, eləcə də Süleyman Mirzə Şah Səfinin göstərişi ilə öldürüldülər. Həmçinin Mirzə Möhsün Rəzəvinin oğlu və Şah Abbasın qız nəvəsi Əbülqasim Mirzə h.q. 1041-ci ildə Şah Səfinin göstərişi ilə kor edildi. Eləcə də Şah Abbasın digər bir qız nəvəsi Şahın göstərişi ilə Məşhədin hakimi Mənuçehrin vasitəsi ilə kor edildi.
Şah Abbasın cəbbəxana rəisi İsaxanın həyat yoldaşı olan digər bir qızı Zübeydəxanımın üç uşağı h.q. 1041-ci ildə Şah Səfinin göstərişi ilə öldürüldü. Şah sonradan onun ərini də öldürdü. Həmçinin Şah Abbasın öz zamanda etimadud-dövlə olmuş digər kürəkəni Xəlifə Sultanın dörd uşağının gözü Şah Səfinin göstərişi ilə kor edildi. Şah Abbasın sədrlərindən olmuş digər bir kürəkəni, qızı Hura bəyimin əri Mirzə Rəzinin də dörd uşağının gözü elə həmin il kor edildi.
Şah Abbas zamanının ən böyük əmirlərindən biri Allahverdi xanın oğlu İmamqulu xan olub. Fars sahillərinin Fars körfəzinə kimi olan məntəqələrinin hakimiyyəti illərlə bu ata-balanı əlində olub. Onlar hakimiyyətdə olduqları illərdə Səfəvi sülaləsinə çox xidmətlər göstəriblər və çoxlu sərvət toplayıblar. Əvvəlcə Qarabağın hakimi İmamqulu xanın qardaşı Davud xan müxalifət etməyə başladı və ondan sonra Gürcüstanın hakimi ilə birləşərək Şah Səfiyə qarşı qiyam qaldırmaq istədi. Onun ümidi qardaşı İmamqulu xana idi. İmamqulu xanın Səfiqulu xan adlı bir oğlu da var idi. Deyilənlərə görə bu oğlan Şah Abbasın oğlu olub. Belə ki, onun anası Şah Abbasın kənizi olub və Şah onu İmamqulu xana bağışlayıb. Altı aydan sonra isə Səfiqulu dünyaya gəlib.
Bütün Səfəvi şahzadələrini öldürmüş Şah Səfi bu şəxsin sultan kimi təqdim olunmasından qorxaraq Farsın bəylərbəyi olan İmamqulu xanı öldürmək qərarına gəldi. O İmamqulunu paytaxta çağırtdırdı. Özünü heç bir məsələdə günahkar hesab etməyən İmamqulu xan üç oğlu ilə birgə Şah Səfinin yanına gəldi. Şahın göstərişi ilə əvvəlcə onun üç oğlunun başını kəsib atalarının yanına gətirdilər və sonra xanın özünü öldürdülər.
Bu qətllər Səfəvi dövlətinin digər əyanlarına qarşı da davam edirdi. Şah Abbas zamanının görkəmli etimadud-dövləsi və Hatəm bəyin oğlu Talibxan Şah Səfiyə üç ildən artıq vəzirlik etdikdən sonra onun göstərişi ilə öldürüldü. Astrabadinin yazdığına əsasən "Qazı Muizz İsfahaninin oğlu Qazı Möhsinin düşmənçiliyi faş olduğu üçün gözünü çıxartdı və əllərini kəsdi." Həmçinin cəbbəxana rəisi Çıraqxanın həyat çırağı Şah Səfinin göstərişi ilə söndürüldü. Deyilənlər Şah Səfinin cinayətlərinin bir hissəsidir.
Çətinliklərdən biri çox vaxt yerli torpaq sahibləri tərəfindən təşkil edilən və hədəfi məntəqədə siyasi qüdrəti ələ almaq, hətta müstəqillik və səltənət təbili çalmaq olan daxil üsyanlar idi. Əlbəttə, ola bilər ki, mərkəzi dövlətə bağlı yerli hakimlərin zülmləri də, üsyan bürümüş bölgədə xalqın həmin üsyanları himayə etməsinə təsirsiz olmayıb.
Səfəvi dövrünün üsyan bürümüş məntəqələri arasında Gilan və Mazandaran da vardı. Coğrafi mövqeyi, qədim sülalələri və böyük mülkədarları olması səbəbindən orada bu qisim üsyanlar həmişə mövcud olub. Şah Səfinin səltənətinin lap əvvəllərində Qəribşah adlı bir şəxs üsyan etdi və üsyan yatırıldıqdan sonra onu "Nəqşicahan meydanında dar ağacından asdılar". Az sonra onun qardaşı olduğunu iddia edən digər bir şəxs də üsyan qaldırdı və onun üsyanı da yatırıldı.
H.q. 1041-ci ildə dərvişlərdən biri Dərviş Rza şəhərin "Kafurabad" məhəlləsində ona kəramət verilməsi və həqiqətlərin ilham olunması iddiası ilə "Sahibəz-Zamanın canişini olduğunu bildirdi." Əhalinin bir dəstəsi ona tərəfdar, bir dəstəsi isə müxalif olub, bir-birinə qılınc çəkdi və nəticədə hər iki tərəfdən çoxlu sayda adam öldü. Dərvişin özü də qətlə yetirildi və onun başı Şaha göndərildi.
Astrabadi onun barəsində deyir:
O imarət və binaların tə’miri istiqamətində gözəl sə’y göstərib.
İsfahandakı "Ali qapı"nın bəzi hissələrinin təkmilləşdirilməsi, Qəzvində bir imarətin tikilməsi və həmçinin Rəşt şəhərində atasının qəbrinin üzərində Şəhidiyyə adlı bir məqbərənin tikilməsi onun gördüyü işlərdəndir.
Şah Abbasın ələ keçirmiş olduğu Bağdad uğrunda vuruşmalar bu dövrə də sirayət etdi. Səfinin səltənətinin birinci ilinin axırlarında Osmanlı dövlətinin baş vəziri Xosrov paşa bir qoşunla Osmanlı dövlətinin qərbinə yollandı. Səfəvi qoşunu da öz qoşun başçısı Zeynal xanla oraya üz tutdu. Həmədan yaxınlığında baş verən yüngül döyüşdən sonra Qızılbaşlar Osmanlılara qalib gəldilər. Həmin halda "inadçılardan bir dəstəsi əsilzadə təbiətliləri Zeynal xandan döndərərək" onun qətli göstərişini verdilər. Axır ki, Bağdad Osmanlıların mühasirəsinə düşdü. Qızılbaş qoşunu osmanlılara hücum edərək onların böyük bir hissəsini öldürdü. Osmanlı qoşunu heç bir müvəffəqiyyət əldə etmədən geri döndü. Onlar Hilləyə gedib orada bir qala tikdilər. Amma qızılbaş qoşunu Hillə qalasını iki aydan çox mühasirədə saxladıqdan sonra osmanlıları oradan qaçıra bildi və qaçarkən onların çoxu öldürüldü. Bu hadisələr h.q. 1040-cı ildə baş verdi.
Şah Səfi bir müddət Kərbəla və Nəcəfdə qaldı və orada "müqəddəs ziyarətgahlarda süpürgəçilik və xidmətlə məşğul oldu". Həmçinin Nəcəf qalasının möhkəmləndirilməsi üçün də bir sıra işlər görüldü. Bundan sonra İsfahana qayıtdı və birtərəfli olaraq osmanlıların iki minə yaxın əsirini azad etdi. Onun bu addımı osmanlı dövlətinin Şah Səfiyə təşəkkür etməsinə və dostluq məktubu göndərməsinə səbəb oldu.
Osmanlıların sonrakı hücumları Van gölü istiqamətində oldu. Orada iki qoşun bir müddət bir biri ilə vuruşdu və nəhayət, döyüş osmanlıların qorxudan qaçması ilə nəticələndi. Bir daha qızılbaşların Osmanlı qoşunundan qüvvətli olduğu üzə çıxdı.
Dördüncü Sultan Murad baş vəziri ilə birlikdə 1634-cü ildə İrəvana hücum edərək şəhərin qalasını ələ keçirə bildi. Lakin onlar Təbrizə tərəf gəlmədilər və elə oradan qayıtdılar. "Bu xəbəri eşidən cəmiyyət hiddətləndi, xoşbəxt hökmdar qəzəbləndi" və İrəvan qalasını almaq məqsədi ilə həmin bölgəyə yollandı. Şəhərin mühasirəsi uzun çəkdi. Amma qızılbaşlar "ya Əli deyə-deyə yandırıcı ildırım kimi hücum edib qalanın bürc, sədd və hasarını yerlə yeksan etdilər".
Osmanlı qoşunu bir daha 1638-ci ildə Bağdada yollandı və bu dəfə Bağdad qalasını ala bildi. Böyük qələbə əldə etmiş osmanlılar dərhal sülh təklif etdilər və həmin şəraitdə onu qəbul etməkdən başqa bir çarə qalmamışdı. Bu sülh müqaviləsi 1639-cu ildə Zihabda imzalandı və elə buna görə də Zihab əhdnaməsi (Qəsri-Şirin sülhü)adı ilə məşhurlaşdı.
Bu qarmaqarışıqlığın digər bir amili Mavəraun-nəhr, daha doğrusu özbəklər idi. Onlar da osmanlılarla yanaşı əvvəldən Səfəvi dövlətinin ən mühüm xarici çətinliklərindən hesab edilirdilər. H.q. 1041-ci ildə bir tərəfdən Mərv şəhəri mühasirəyə alındı, digər tərəfdən Bəlx hakimi Nədrməhəmmədxanın qoşunu Səfəvi sərhədlərinə tərəf yollandı. Təhlükənin ciddi olduğunu görən Şah qızılbaş qoşununu göndərdi və özü də Xorasana tərəf hərəkət etdi. Təsadüfdən Səfəvi əmirlərindən biri özbəklərə əsir düşmüşdü və İmamqulu xan ilə qohum olduğu üçün Mavəraun-Nəhrin Şahı onu Mərvə hücumdan saxladı. Hətta həmin şəxsin tövsiyəsi ilə Nədrməhəmmədxan da öz qoşununu qaytardı. Beləliklə, deyilən çətinlik bu cür asanlıqla həll edildi. Amma Mavəraun-nəhr problemi asanlıqla həll ediləsi məsələ deyildi. H.q. 1043-cü ildə özbəklər bir daha hücum etdilər və məğlub olaraq geri çəkildilər. Həmçinin h.q. 1046-cı ildə özbəklərin bir dəstəsi Cəmə gəldilər və Səfəvi qoşunları məğlub olub qayıtdılar.
Səfəvilərin çətinliklərindən biri də, onun Qəndəhara görə Hindistanla əlaqələri idi. Həmin vaxt Dehli hökmdarı Şahcahan idi. O 1637-cı ildə Sultan Murad Osmanlıya məktub yazaraq ondan üç tərəfdən - Osmanlı torpaqlarından, özbəklər tərəfindən və Hindistandan eyni zamanda Səfəvilərə hücum etmələrini istədi. Qəndəharın hakimi Əlimərdan xan Zığ idi. O, əvvəlcə müxalifət etsə də sonra Şahcahanın istəyi ilə razılaşdı və monqol qoşunları 1638-ci ildə Qəndəhara daxil oldular.[3] Bu hadisə və ondan bir müddət sonra baş verən hadisə, yəni Bağdadın da osmanlıların əlinə keçməsi həmin zamanda Səfəvilərə dəymiş çox ağır bir zərbə idi. Şah Səfi Qəndəharı ələ keçirmək üçün hərəkət edərkən yolda xeyli miqdarda alkaqol və narkotik maddə qəbul etdiyinə görə Kaşan şəhərində vəfat etdi.
Həmin dövrdə avropa ölkələri ilə də az-çox əlaqələr olub. Onun nümunələrindən biri Şah Səfinin ingiltərənin padşahı I Karla yazdığı məktubudur ki, Şah Səfi ondan kömək istəyib və müxtəlif ixtisaslı müəllimlərin göndərilməsini xahiş edib.
İkincisi, tam sədaqətlə xəbərdar etmək tələb edir ki, şərəflilərə xas cənabınızda hər bir peşə sahəsində mahir, işbilən və bacarıqlı ustadlar vardır. Bir nəfər mina düzəldən, bir nəfər saatsaz, bir nəfər briliant yonan, bir nəfər güclü zərgər, bir nəfər tüfəng düzəldən, bir nəfər bacarıqlı rəssam və bir nəfər od yağdıran topçu olsun. Şərafətli cənabınıza lazımdır ki, məhəbbət göstərib uca məqamlı vəkillərə əmr edəsiniz ki, həmin sənətkarları özlərinin inanılmış şagirdləri, ləvazımaqları və yoldaşları ilə birlikdə göndərsinlər.
1636-cı ildə Şah Səfi Şlezviq-Holşteyn-Qottorp hersoqu olan III Fridrixin elçilərini qəbul etmişdir. Həmin bu nümayəndə heyəti ticarət əlaqələri qurmaq üçün göndərilmişdi və bu nümayəndə heyətinə Azərbaycan haqqında da qiymətli məlumatlar vermiş Adam Oleari də daxil idi. III Fridrix Rusiya və Səfəvi dövləti ilə böyük ticari əlaqələr qurmaq və yeni əsasını qoyduğu Fridrixştad şəhərini dünya ticarətinin mərkəzinə halına gətirmək istəyirdi. Lakin bu məqsədinə nail ola bilmədi.
Şah Abbasın kürəkəni və həm də vəziri olmuş xəlifə Sultanın oğullarının öldürülməsi ilə Şah Səfi vəzirlik vəzifəsini iyirmi il Şah Abbasın baş vəziri işləmiş Hatəmbəyin oğlu Talibxana həvalə etdi. Lakin onun sədrliyindən çox keçməmişdi ki, h.q. 1043-cü ildə o Şahın göstərişi ilə öldürüldü. Ondan sonra vəzirlik vəzifəsi Səfəvi dövrünün məşhur simalarından olmuş Sarı Tağı adı ilə tanınan Mirzətağıya tapşırıldı. O, Təbriz çörəkçilərindən birinin oğludur. Əvvəlcə Şah Sultanməhəmmədin qoşununa daxil olub. Sonra ləyaqətinə görə birinci Şah Abbas tərəfindən Mazandaran hökümətinə təyin edilib. Bundan sonra uzun illər Şah Səfinin, daha sonra ikinci Abbasın zamanında vəzir olub.
Sədr vəzifəsi Seyid Hüseyn Kərəki Amilinin oğlu Mirzə Həbibullah Sədrə həvalə edildi. Mirzə Abdullah İsfahaninin yazdığına əsasən, o, alimlərin sırasında olsa da nəinki kifayət qədər elmə malik olmayıb, hətta xalq arasında onun savadsızlığı barəsində dastanlar məşhur olub. Amma buna baxmayaraq onun sədrliyi ömrünün sonuna, yəni 1060-cı ilə kimi davam etdi və bəzi yerlərdə onun adı hörmətlə çəkilir.
Məktublar
- I Şah Səfinin Avstriya imperatoru və Macarıstan kralı II Ferdinanda məktubu
- I Şah Səfinin Venedik Divanında Doj Həzrətlərinə göndərdiyi məktub
- I Şah Səfinin Rusiya çarı Mixail Romanova məktubu
Fərmanlar
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət