Slimfit
  1. ƏDƏBİYYAT

Hüseyn Cavid - Şeyx Sənan/İlavə

Hüseyn Cavid - Şeyx Sənan/İlavə
Sakura

Hüseyn Cavid - Şeyx Sənan/İlavə

Aydın bir mayıs gecəsi... Kürdən azacıq kənarda çiçəkli yeşil bir dağ kəməri... Şeyx Sən’an Xumarı qolları arasında tutmuş olduğu halda pək güc nəfəs alaraq, yorğun adımlarla dağın təpəsinə çıqmaq istər, fəqət yürüməyə taqəti qalmadığından, Xumarın duyğusuz, hərəkətsiz vücudunu yerə bıraqır və başını dizi üstünə alaraq, dağınıq saçlarını oqşamağa başlar. 

Şeyx Sən’an 
Ruhum, ey qönçeyi-bahar Xumar! 
Nazənin dilbərim Xumar, Xumar! 
Sən niçin böylə duyğusuz qaldın? 
Nə çətin yerdə uyquya daldın? 
(Böyük bir heyrət və məczubiyyətlə) 
Nə qadar şairanə, solğun nur! 
Aman, Allah, nasıl da xoş uyuyur. 
(alnından öpərək) 
Bu ilahi sükutə qarşı, Xumar! 
Həp mələklər olur pərəstişkar. 
Xaliqi-hüsnü eşq, xaliqi-hiss, 
Səni, hiç şübhə yoq, edər təqdis. 
(saçlarını oqşayaraq) 
Uyu, ey gülnihali-qüdsiyyət! 
Uyu, nazəndə heykəli-iffət! 
Uyu, ey yari-məhcəbinim, uyu! 
Uyu, ey tifli-nazəninim, uyu!.. 

Şeyx Hadi 
(sür’ətli adımlarla gələrək) 
Şeyx, ya şeyx! Qalq, aman, gedəlim. 

Şeyx Sən’an 
(məcnunanə) 
Nə diyorsun, nə?.. Söylə kimsin, kim? 

Şeyx Hadi 
Səni itlaf için qoşar cühəla; 
Gedəlim, başqa çarə yoq əsla. 

Şeyx Sən’an 
Ah! Sərxoşmusun, nasıl gedəlim!? 
Uyuyor İştə qayeyi-əməlim. 

Şeyx Hadi daha yaqlaşaraq Xumarın nəbzinə baqmaq istər, Şeyx Sən’an ona sərt bir sillə eşq edərək, hiddətlə. 

Xain, alçaq! Təcavüz etmə, saqın! 
Bir düşün sən nə yapdın, ah, azğın! 

Şeyx Hadi 
Şeyx, bihudə etdiyin israr, 
Çünki pək çoq uzaqda şimdi Xumar. 
Sana biganədir o tifli-əməl, 
Onu səndən, əvət, ayırmış əcəl. 

Şeyx Sən’an 
(çılğın) 
Nə diyorsun, nə! Hiç ölürmü mələk? 

Şeyx Hadi 
Möhtərəm şeyx, bir düşün... 

Şeyx Sən’an 
(pək hiddətli) 
Nə demək!? 
Varmı bir məqsədin, səfil insan! 

Bu sırada Şeyx Mərvan gələrək yaqlaşmaq istər. 

Şeyx Hadi 
(Şeyx Mərvanə) 
Gəlmə!.. 

Şeyx Sən’an 
Yaqlaşma, a-h, kor şeytan! 
(hər ikisinə) 
Bizi məhv eyləməkmi məqsədiniz? 
Gediniz, haydı, dəf’ olub gediniz!.. 

Hər ikisi çəkilib bir tərəfdə durur. Şeyx Mərvan müğbər və hiddətli, Şeyx Hadi isə mütəəssif və mərhəmətli baqışlarla Şeyx Sən’anın halını seyrə dalar. 

Oyan artıq, Xumar, oyan, gedəlim, 
Şu müləvvəs mühiti tərk edəlim. 
Hər tərəfdən hücum edər əğyar, 
Qalq, oyan, nazənin Xuma-r, Xumar! 

(Xumarın əllərini alıb öpər, lakin bıraqdıqda bihiss olaraq düşüverdiyini görüncə halı dəyişir, təkrar yüz-gözünü, saçlarını öpüb oqşayaraq, şaşqın və sarsılmış bir halda) 

Bizə düşmandır İştə həp aləm, 
Xumar, insaf et, of! Qılma sitəm. 

(Bir qadar çılğın və sərsəmcə baqmaqda dəvam edər, sonra şiddətli, fəqət qorqunc bir qəhqəhə ilə) 

Yeni gülmək dilərdi taleyi-dun, 
Ah, vəfasız mələk, niçin susdun? 
Bəni atmaqmı istiyorsun? A-h! 
Bana sənsin fəqət yeganə pənah. 
(təkrar zəhrxənd ilə) 
Bu sükutunda başqa mə’na var, 
Yenə küsdünmü? Söylə, söylə, Xumar! 
Nazəninim! Düşün, deyilmi günah, 
Atsa həmrahı yolda bir həmrah? 
(təbdili-tevr ilə) 
Qaçamazsın, xayır, xayır... hər an 
Səni izlər şu dərbədər Sən’an. 

(Azacıq məcnunanə baqışlarla Xumarı süzdükdən sonra bütün-bütünə sarsılaraq yaralı bir ahənglə) 

Qalq, oyan, dilbərim, aman, gedəlim, 
Xumar, insaf et! Ah, oyan gedəlim! 

(Xumarı qaldırmaq istər, fəqət büsbütün ruhsuz bir cəsəd olduğunu görüncə mə’yus və çılğın bir halda göyə doğru) 

Mərhəmət yoqmu? Ey böyük Yaradan! 
A-h ədalət!? 
(Xumarə) 
Xumar, ey afəti-can! 
(Yaralı və dərin ahlar çəkərək gah göyə, gah Xumara baqar. Sonra məcnunanə bir tevr ilə sırıtaraq həm gülmək, həm də ağlamaq istər, lakin hiç birinə müvəffəq olamaz. Gözləri dışarı fırlamış olduğu halda, Şeyx Hadi ilə Şeyx Mərvana hücum etmək istər. Birdən-birə dönüb Xumara baqar, təkrar sırıtaraq fələkzədə bir sərxoş kibi yarım səslə – “A-h!” deyə düşüverir.) 

Şeyx Hadi 
Getdi, Sən’an da söndü, getdi... əvət, 
Söndü, məhv oldu şö’leyi-hikmət. 

Şeyx Mərvan 
(yapma bir təlaş ilə qoşaraq) 
Baqalım, bəlkə var ümidi-nicat... 

Şeyx Hadi 
Hiç təlaş etmə, çarə yoq, heyhat!.. 
Onu yalnız bıraqmamışdı Xumar. 
O, Xumarsız nasıl cihanda yaşar? 
Bəllidir, ay günəşdən ayrılmaz, 
Günəş olmazsa, ay ışıq salmaz. 

Ş e y x l ə r v ə m ü r i d l ə r 
(qoşub gələrək ahəngi-məxsus ilə) 
Nə müdhiş səadət! Nə dilbər fəlakət! 
Oyan, qalq! Oyan, ey əsiri-məhəbbət! 
Oyan, şeyx! Oyan, şeyxi-sahibkəramət! 
Deyil şimdi əsla dəmi-istirahət. 
Oyan, şeyx, oyan, şeyx, oyan, Şeyx Sən’an! 
Ayıl xabi-rahətdən, ey piri-irfan! 

Gürcülər 
(gələrək ahəngi-məxsus ilə şeyxlərə) 
Nə oldu? Söyləyin, nə var? 
Nədir bu hali-pürfəğan? 
Bu levhə nuri-qəm saçar, 
Nədir bu xabi-naz, aman? 
(Xumarə) 
Oyan, ərusi-nevbahar! 
Ayıl, ey afəti-cihan! 
Oyan, Xumar, oyan, Xumar! 
Oyan, oyan, Xumar, oyan!.. 

Ş e y x l ə r v ə m ü r i d l ə r 
Qavuşdun, böyük şeyx! O dilbər Xumarə, 
Fələk vermədi fürsət amma... nə çarə. 
Bahari-ümidin dönüb son baharə, 
Nihayət vida etdin əğyarə, yarə... 
Oyan, şeyx, oyan, şeyx, oyan, Şeyx Sən’an! 
Ayıl xabi-rahətdən, ey piri-irfan! 

Gürcülər 
Xumar, oyan, gözəl mələk! 
Nə tez dəyişdi halətin! 
Pozuldu sanki bir çiçək, 
Təravətin, lətafətin. 
Visalə irmədin, demək 
Gönüldə qaldı həsrətin... 
Oyan, Xumar, oyan, Xumar! 
Oyan, oyan, Xumar, oyan! 

Dərviş
(Dağın təpəsindən enərək, istehzalı qəhqəhələrlə) 
Əcəba nerdə şeyx? Nerdə Xumar? 
Allah, Allah, nə cahil insanlar? 
Nə için anlamam şu ahü fəğan? 
(cənazələrə işarətlə) 
Bunların fərqi varmı topraqdan? 

Müridlər 
(Dərvişə) 
Səndə bir söz var, aç, bəyan eylə. 

Gürcülər 
Nə demək istiyorsun? Aç söylə!.. 
Ümum, böyük bir məraq ilə cənazələrin ətrafını sararlar

Dərviş
(ümumə) 
Pək tuhaf, bən nə söyləyim!.. Həpiniz 
Adəta canlı bir cənazəsiniz. 
Şeyx Sən’an Xumarı izləyərək, 
Rəqs edər göydə şimdi, sanki mələk. 
Sizdə yalnız gurultu, dəhşət çoq; 
Fəhmü idrak yoq, bəsirət yoq. 
Hər kimin kor deyilsə vicdanı, 
Görür əl’an Xumarı, Sən’anı. 

Bu sözlərdən hər kəsə böyük bir şaşqınlıq gəlir. Dərviş sağ əli ilə üfüqlərə işarətlə

Baqınız, ərşə yüksəlir onlar, 
Baqınız İştə Şeyx! İştə Xumar! 

Hər kəs diqqətlə baqmağa başlar. Şeyx Hadi ilə Şeyx Sədra dalğın, Dərviş isə məğrur və laübali bir vəziyyət alır. 

Şeyx Mərvan 
Həp yalan, saçma... Həpsi mevhumat... 

Şeyx Nəim 
Həm də əhməqcə bir yalan... 

Dərviş
Heyhat! 
Hər kimin korsa qəlbi, vicdanı, 
Edəməz dərk o, nuri-yəzdanı. 

Bu sırada səhnənin işığı çəkilir, ta ucda ikinci pərdə qalqar. Xumar ilə Şeyx Sən’anın qolqola olaraq bulutlar içində uçuşduqları görülür. 

Dərviş
(təkrar göstərir) 
Baqınız İştə!.. 

Gürcülər 
(təsdiq ilə) 
A-h, əvət, onlar... 

Müridlər 
Uçuyor iştə şeyx! 

Gürcülər 
İştə Xumar! 

Dərviş
Uçuyorlar fəzadə sanki mələk. 

Ümum 
Uçuyorlar, əvət gülümsüyərək... 

Dərviş
Allah, Allah! Nasıl də cazibədar? 
Axışır sanki göydə yıldızlar, 
İştə qeyb olmaq istiyorlar... 

Ümum 
A-h!.. 

Bu sırada papas gəlir, şaşırmış bir halda baqıb durur. 

Müridlər 
Ah! Qeyb oldular, əvət... 

Gürcülər 
Eyva-h!.. 

Dərviş
Aldı ağuşə qaliba mələkut, 
İştə qeyb oldular, sükut, sükut! 
Ucdakı pərdə haman qapanır, səhnə təkrar aydınlaşır. 

Papas 
(iləriləyərək qalın və çılğın bir səslə, ahəngi-məxsus ilə, ümumə) 
Ey görgüsüz biçarələr! 
Aldanmayın hər kahinə. 
Ey duyğusuz avarələr! 
Aldanmayın hər xainə. 
Aldanmayın, aldanmayın! 
Əfsunçudur, divanədir. 
Aldanmayın, aldanmayın! 
Həp sözləri əfsanədir. 

Ümum 
(papasa) 
Sən bixəbərsin şübhəsiz, 
Qəlbində yüz bin şübhə var. 
Gördük fəqət biz cümləmiz, 
Yüksəldilər, qeyb oldular. 
Təqdisə layiqdir, inan, 
Həm Şeyx Sən’an, həm Xumar. 
Əfsus, edib əzmi-cinan, 
Qeyb oldular, qeyb oldular! 

Papas 
(hiddətli) 
Gümrah olan insan için 
Cənnətdə yoq əsla məkan, 
Aldanmayın, aldanmayın! 
Uçmaq yalan, qaçmaq yalan... 
Aldanmayın, divanələr! 
Mümkün deyil, uçmaz bəşər. 
Onlar nasıl bibalü pər, 
Göylərdə yüksəlmək dilər?.. 

Ümum 
(uzaq üfüqlərə işarətlə) 
Yüksəldilər Isa kibi, 
Işgəncədən qurtuldular. 
Ruhaşina rö’ya kibi, 
Qeyb oldular, qeyb oldular! 
Yüksəldilər, yüksəldilər, 
Cənnətdə rahət buldular 
Yüksəldilər, yüksəldilər, 
Qeyb oldular, qeyb oldular. 

SON
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR