Slimfit
  1. ƏDƏBİYYAT

Hüseyn Cavid - Şeyx Sənan /Üçüncü pərdə (I səhnə)

Hüseyn Cavid - Şeyx Sənan /Üçüncü pərdə (I səhnə)
Sakura

Hüseyn Cavid - Şeyx Sənan /Üçüncü pərdə (I səhnə)

I SƏHNƏ

 

Bir buçuq sənə sonra, son baharda mehtablı bir gecə... Səhnənin ucunda domuz yatırılmağa məxsus bir dam... Damın qapısı önündə 2-3 domuz yatmış, yan tərəfdə bir su dəstisi var. Içəriyi sönük bir işıq aydınlatır. Pək kənarda Xumarın odası gözə çarpar ki, pəncərəsindən saçılmaqda olan incə bir aydınlıqla nəzəri-diqqəti cəlb edər, ətraf ağaclıqdır. Serğo əlində şərab dəstisi, taxtadan yapılmış bir qədəh və 2-3 əkmək olduğu halda türkü çağıra-çağıra yarımsərxoş və laübali bir tevr ilə domuz damından çıqar. 

Serğo 
(göyə baqaraq) 
Gökyüzünü bəzər parlaq yıldızlar, 
Yer yüzünü bəzər gülyüzlü qızlar, 
Gözəl eşqində gönül yanar-sızlar, 
İnsaf, mərhəmət yoq namərd fələkdə... 
(əlindəkiləri yerə bıraqıb qapının önündə oturur, şərabdan bir qədəh döküb içərək) Uf, ışıqlandı gözlərim ancaq. 
(Şeyx Sən’anı çağırır) 
Ey, çoban şeyx! Nerdəsin? Bana baq! 

Şeyx Sən’an 
(gürcü çobanlarına məxsus bir qiyafətdə, saçı-saqalı uzanmış olduğu halda bağça tərəfindən gələrək) 
Burdayım, Serğo!.. 

Serğo 
Gəl yeyib-içəlim. 

Şeyx Sən’an 
Sən ye-iç, arqadaş, bən ac deyilim. 

Serğo 
Gəl, canım, başqa bir şərabdır bu... 

Şeyx Sən’an 
Adətim səncə bəllidir, yahu! 

Serğo 
Əziz aqşamdır, İştə, gəl... 

Şeyx Sən’an 
Vaz geç! 

Serğo 
(qədəhi dolduraraq) 
Bir qədəh gəl Xumarın eşqinə iç! 

Şeyx Sən’an 
Allah, Allah! Şu zəhrimar əcəba 
İçilir şeymi? 

Serğo 
Söylənib durma, 
Gəl, düdük çal da, ya masal söylə, 
Ya gözəl bir hekayə nəql eylə. 

Şeyx Sən’an 
Yenə halım bir az fəna... Əfv et! 
(Bir tərəfə gedər.) 

Serğo 
(şərabdan bir qədəh içərək, qəhqəhə ilə) 
Pək gözəl, anlaşıldı dərdin, get!.. 
(daha bir qədəh döküb içərək türkü çağırmağa başlar) 
Coşqun şərab eşq odunu söndürməz, 
Yar saçından bir tel kəsib göndərməz. 
Tale bana göz verir, ışıq verməz, 
İnsaf, mərhəmət yoq namərd fələkdə... 

Bu sırada bağçanın bir guşəsindən köpək havlaması eşidilir. 

Əcəba başqa bir adammı? 
(Bağıraraq) 
Kim o? 

Özdəmir 
(əlində xurcun, Oğuzla bərabər gələrək) 
Biz idik, başqa kimsə yoq, Serğo. 

Serğo 
Vay, əfəndim, nasılsınız? 

Özdəmir 
Eyiyiz. 

Serğo 
Buyurun... 

Özdəmir 
Şeyx nerdə?.. 

Getməliyiz. 

Serğo 
Yalnız Allah bilir onun yerini. 

Özdəmir 
(xurcunu Serğoya verir) 
Bunu ver şeyxə; həm də şeylərini 
Tez boşaltın... həmən dönüb gedəriz. 
(Sür’ətli adımlarla çəkilib gedərlər) 

Serğo 
Hiç məraq etmə, cabəca edəriz. 

Xumar Nina ilə bərabər əlində bir qab yemək olduğu halda odasından çıqıb gələrək. 

Xumar 
Bana baq, Serğo!.. 

Serğo 
Söylə, sultanım! 

Xumar 
Şeyx yatmışmı? 

Serğo 
(heyrətlə) 
Hiç yatarmı, canım! 
İştə daim onun təbiəti bu... 
Hiç düşünməz nədir yemək, uyqu. 
Gecə yıldızla, ayla söhbət edər, 
Düşünür daima sabahə qadar. 

Xumar 
(yeməgi Serğoya verdiyi sırada) 
Mümkün olduqca hörmət eylə ona, 
Hər nə əmr etsə, gəl də, söylə bana. 

Nina 
Pək nəzakətli zat imiş Sən’an. 

Xumar 
(Nina ilə bərabər odasına doğru yürüyərək, onu təsdiq ilə) 
Əvət, ən möhtərəm, nəcib insan... 
Hələ dursun kəmalı, mə’rifəti, 
Onda var sanki evliya sifəti. 

Serğo dərhal xurcunu alır, boşaltmaq için domuz damına girər. 

Şeyx Sən’an 
(bir tərəfdən çıqar, Xumarın getdiyini görüncə) 
Gediyor İştə nazlı cananım, 
Gediyor aşinayi-vicdanım, 
Gediyor İştə dinü imanım, 
Gediyor səbrü taqətim, canım... 
(Məhzun və mütəəssir baqışlarla domuz damına yaqlaşır.) 

Serğo 
(çıqaraq) 
Arqadaş! Gəl, yemək gətirdi Xumar. 

Şeyx Sən’an 
İştahım yoq... 

Serğo 
Gəl!.. 

Şeyx Sən’an 
İstəməz israr, 
Yorğunum, sıtma var canımda bir az. 
(içəri girər) 

Serğo 
Azacıq yatsanız fəna olmaz. 
(ətrafa) 
Görünür dərdi tazələndi yenə, 
Çünki canan göründü gözlərinə. 

Simon 
(iki dəliqanlı ilə bərabər gələrək) 
Serğocan, Serğo! 

Serğo 
Vay, Simon, gəl... 

Simon 
Sus! 
Nerdə Sən’an! 

Serğo 
Zavallı pək əfsus, 
Daima qəmli, daima düşkün... 
Yatıyor, İştə xastalandı bu gün. 

Simon 
Sən nə dersin, şu dərbədər Platon 
Şeyx Sən’anə qız verirmi?.. 

Serğo 
Simon! 
O bir insan ki, pək fürumayə... 
And içib Tanrı oğlu Isayə, 
Basmış Incilə əl, inan, verəcək... 

Simon 
Şu hərif pək inadçıdır gerçək, 
Qızı bədbəxt edib də öldürəcək. 

Serğo 
(qafasını oynataraq) 
Burda zənnimcə səhvin olsa gərək, 
Çünki qız, başqa dürlü bir xilqət, 
Onu mütləq görən edər heyrət. 
Şeyxə pək başqa bir məhəbbəti var, 
Daim ikram edər də, hörməti var. 

B i r i n c i d ə l i q a n l ı
Həp manastır deyib dururdu Xumar, 
Nə çabuq fikri döndü? 

Serğo 
(domuz damını göstərir) 
Maneə var; 
Bu uçuq dam Xumar için əl’an 
Daha qiymətlidir manastırdan. 
Bu onun səcdəgahı, qibləsidir, 
Şeyx onun heykəli-müqəddəsidir. 

İ k i n c i d ə l i q a n l ı
(Simona) 
Şimdi fikrin nə? Şübhə qalmadı hiç, 
Qız demək şeyxin oldu, sən vaz geç! 

Serğo 
Şübhəsiz, bitmək üzrədir müddət, 
Şeyxi rədd eyləməz Xumar əlbət. 

Simon 
(qəhrxənd ilə) 
Diridir, ölməmiş Simon hala, 
Ona fürsət verirmiyim? 
(qayət həyəcanlı) 
Əsla!.. 

(Cibindən para ilə dolu bir kisə çıqarır; əlində atıb tutduqdan sonar Serğoya verərək) 

Doludur həp gümüşlə altın, al! 
Bu onun qan bahası olsun, al! 
Öncə Simon, sonra arqadaşları xəncərləri çəkərək şeyxin yatağına hücum etmək istərlər.

Serğo 
(Simona) 
Nə imiş anladım, sənin əməlin. 
(hər üçünə) 
Şimdi olmaz, gedin də, sonra gəlin. 

Bu sırada Özdəmir gəlir, arqa tərəfdə pusub onları dinlər. Nina da Xumarın odasından çıqaraq dərin bir heyrətlə bu əhvalı tamaşa edər. 

B i r i n c i d ə l i q a n l ı
(Simona) 
Doğru, pək doğru söylüyor, gedəlim, 
Gecə keçsin, gəlib də öldürəlim. 

Simon 
Bəncə fürsət qanatlı bir quşdur, 
Kim ki, əldən uçursa, sərxoşdur. 

Həmən hücum etmək istər, Nina böyük bir iztirab içində baqıb durur. Özdəmir çarçabuq Simonun biləyini yaqalar, xəncər əlindən düşüverir. Dəliqanlılar isə hər biri bir tərəfdən Özdəmiri yaqalayıb qımıldanmasına imkan verməzlər. 

İ k i n c i d ə l i q a n l ı
(Özdəmirə) 
Məhv olursun, saqın, qımıldama, dur! 
Bu sırada Oğuz gələrək ağır və məğrur bir baqışdan sonra arqadan hər əlilə bir dəliqanlının boğazından tutub şiddətlə sıqar. Hər ikisi boğulacaq bir hala gəlirlər, hər kəsi dəhşət alır.
 
Oğuz 
İştə xainlərin cəzası budur! 

Özdəmir 
(Simona) 
Bir düşün, bir utan, qızar, yahu! 
Səndə bilməm nasıl təbiət bu? 
Şeyx, o bir möhtərəm, zərərsiz adam, 
Həm misafir, qərib və aciz adam... 
Əcəba səndə yoqmudur vicdan? 
Böylə namərd olurmu hiç insan!? 

Oğuz 
Hanki xain bu nev edər rəftar? 
Ah, namusa küsmüş alçaqlar! 
Sizmi, Sən’anmı ölməyə şayan? 
Baq, şu xəncər verir cəvab əl’an. 
(Həmən xəncərini çəkərək Simona hücum edər) 

Özdəmir 
(Oğuzu tutaraq ağır bir ahənglə) 
Dur!.. Xayır, istəməz bu hiddətü kin, 
Pəki, ondan nə fərqin oldu sənin? 

Oğuz 
Qoy gəbərsin! 

Özdəmir 
Xayır, bu hiç olmaz, 
Güclü gücsüzdən intiqam almaz. 
(Simonla arqadaşlarına) 
Dəf’ olun, haydı, durmayın!.. Lakin, 
Lakin əsla unutmayın, şeyxin 
Qanını içmək istəyən alçaq 
Ən nihayət əlimdə qəhr olacaq. 
Hər üçü silahlarını alıb gedərlər. 

Şeyx Sən’an 
(domuz damından çıqaraq) 
Nə imiş? Söyləyin, nə var, əcəba? 

Özdəmir 
Öylə bir şey deyil, əfəndi baba!.. 

Oğuz 
(Serğonun əlindəki kisəyi alaraq) 
Bu nə? 

Serğo 
(kəkələyərək) 
Bilməm... əvət, bu kisə... xayır... 

Oğuz 
Şeyx için yoqsa qan bahasımıdır? 
(Sərt və atəşli bir sillə eşq edər) 

Şeyx Sən’an 
Allah, Allah!.. Oğuz, nə yapdın sən?.. 

Oğuz 
Sana qəsd etdirən şu xaini bən, 
Azacıq etmək istədim tə’dib. 

Şeyx Sən’an 
Pək yazıq!.. Bir düşün, zavallı qərib. 
(göyə doğru) 
Bu fəlakətlərin bütün səbəbi, 
Həp bənim, bən... bağışla, yarəbbi!.. 

Oğuz 
(Serğoya) 
Baqınıb durma, haydı, kisəyi al! 
Gəl, işim var səninlə, gəl, abdal! 
(Serğo kisəyi yerdən alıb Oğuzu izlər.) 

Özdəmir 
Şimdi fikrin nədir, böyük şeyxim? 
Zənn edərsəm olur nəticə vəxim. 
Səni bunlar epeycə incidəcək, 
Şübhəsiz, ən sonunda rədd edəcək, 
Halınız həm də xeyli qorquludur, 
Kim bilir, bəlkə bir cinayət olur. 
Qızı istərsəniz alıb gedəlim, 
Həm də kim qarşı çıqsa, məhv edəlim. 

Şeyx Sən’an 
Özdəmir! Parça-parça doğransam, 
Yenə bir böylə haqsız iş yapmam. 

Özdəmir 
Bir sözüm yoq bu rə’yə qarşı bənim, 
Lakin olduqca ehtiyat lazim... 

Şeyx Sən’an 
Gediniz, çünki pək uzaq yolunuz, 
Bəni Tanrım qorur, əmin olunuz! 

Özdəmir 
(xurcunu yerdən alır, şeyxin əlini öpərək) 
Bir qəza vaqe olsa, şeyxim, inan, 
Çıqarız həp yolunda var-yoqdan. 
Daima borcumuz itaətdir, 
Bizcə hər əmriniz səadətdir. 
(çəkilib gedər) 

Şeyx Sən’an 
Cümlə ikramü lütfünüz məlum, 
Sağ olun, əskik olmayın, oğlum. 
(Özdəmirin uzaqlaşdığını görüncə) 
Uçurum, İştə hər tərəf uçurum! 
Anlamam bən, nədir bu taleyi-şum!? 
Nə fəlakət!.. Nədir bu, yarəbbi!? 

Nina 
(Səssiz adımlarla çəkilir, Xumarın odasına girdiyi sırada) 
Serğodur iştə həpsinin səbəbi. 

Şeyx Sən’an 
(göyə doğru) 
Deyil əsla bir iştika, bu nida! 
Çünki ülvi Xumarın uğrunda 
Hər bəla bəncə bir səadətdir, 
Hər cəfa sanki bir məhəbbətdir. 

Qapının önündəki dəstiyi alır, su gətirmək için bağçanın bir tərəfinə gedər. Azacıq sonra Anton ağ geyimdə digər tərəfdən çıqar, əbus çöhrəli bir gürcü də əlində yaqıcı maye ilə dolu bir dəsti tutaraq onu izlər. 

Anton 
(yarım səslə) 
Serğocan, Serğo!.. 

Arqadaşı
İstəməz, bir dur. 
(Domuz damına baqaraq) 

İştə Sən’an yataqda... Baq uyuyur. 

Anton 
Serğo!.. 

Arqadaşı
Lazım deyil. Bıraq, gedərim 
Doğrayıb şeyxi, şimdi məhv edərim. 
(Dərhal içəri fırlar) 

Anton 
(qapıdan baqaraq) 
Daha vur! Bir də, bir də... 
(kəndi-kəndinə) 
Şimdi Xumar 
Bən kimim, ya nəyim, duyar, anlar. 

Arqadaşı
(çıqaraq heyrət və dəhşətlə) 
Şu hərif anlamam nə sehr etmiş, 
Bir təsadüf ki, İştə pək müdhiş!.. 
Ona hiç xəncər etmiyor tə’sir, 
Yalnız icra olundu son tədbir. 
Qapıyı qapar, bu sırada içəridə alav parlamağa başlar. 

Anton 
Yoqsa atəşlədinmi? 

Arqadaşı
Öylə, əvət; 
Yandı Sən’an, kül oldu, getdi... 

Anton 
Fəqət, 
Şimdi dilbər Xumarə müjdə gərək, 
Ta gəlib seyrə dalsın inliyərək. 

Xumar Nina ilə bərabər odasından çıqar, onları görür-görməz böyük bir heyrət və təlaş içində baqa qalırlar. 

Arqadaşı
(Antona istehzalı qəhqəhə ilə) 
Şimdi Sən’an yatıb da rö’yadə, 
Zevqə dalmış behişti-ə’ladə. 
(təlaş ilə) 
Daha durmaq xatalı... Gəl, gedəlim... 
Gedəlim, haydı... 

Anton 
Pək gözəl, gedəlim. 

Sür’ətli adımlarla uzaqlaşırlar. 

Xumar 
Ah!.. Bunlar da bir cinayət arar. 

Nina 
Şübhəsiz, başqa bir fəlakət var. 

Bu sırada şiddətli yel əsməsi, gök gurultusu, yanğın çıtırdısı başlar. Ta pərdənin sonuna qadar davam edər. 

Xumar 
(Nina ilə bərabər şaşqın bir halda domuz damına yaqlaşaraq) 
Anladım, şimdi anladım, bildim. 
(hiddət və təlaş ilə) 
Serğo, gəl, Serğo! Nerdəsin? 

Serğo 
(görünərək) 
Gəldim. 

Xumar 
Haydı, qoş, durma!.. Gəl, tez aç qapıyı! 

Nina 
Xain, alçaq, ədəbsiz, aç qapıyı! 

Serğo qapıyı açdığı kibi yanğından hasil olan qızıl alav səhnəyi aydınlatır. 

Gir, çabuq gir, zavallı şeyxi çıqar! 

Xumar 
Durma, biçarə yandı, tez qurtar! 
Serğo içəri girmək istər, fəqət cəsarət edəməz. 

Qomşular 
(üç-dört kişi gələrək) 
Söyləyin bir, nə var? Nə olmuş?.. 

Xumar 
Aman!.. 
Yandı, məhv oldu binəva Sən’an... 

Qomşular 
Baqalım, bəlkə yanmamış... 

Nina 
(hiddətlə Serğoya) 
Cəllad!.. 

Xumar 
A-h, biçarə şeyx!.. Aman!.. Imdad!.. 

Bitab olaraq düşəcək olur. Nina həmən kəndisini dutar. Bu sırada Şeyx Sən’an əlində dəsti bir tərəfdən çıqar, hər kəs heyrətindən dona qalır. 

Şeyx Sən’an 
(pərəstişkaranə bir tevr ilə) 
Şeyxi məhv oldu sanmayın zinhar! 
İştə qarşındayım, sevimli Xumar! 
Kim ki, eşq atəşilə oldu hədər, 
Onu yandırmaz öylə atəşlər. 
Bəni öldürsələr də, bən yaşarım, 
Tərk edib xəlqi xaliqə qoşarım. 
Əbədiyyət bənim məzarımdır, 
Çünki sultani-eşq yarımdır. 
Eşq için can nisar edən ərlər 
Əbədi bir həyat içində gülər. 
Bəni həp parça-parça doğrasalar, 
Ruhum ölməz, səmayi-eşqə uçar. 
Uçar ən möhtəşəm fəzalər aşar, 
Yenə cənnətdə həp səninlə yaşar. 
Son beyt bitmək üzrə ikən həmən pərdə qapanır. 

 

Pərdə

 

 

II SƏHNƏ

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR