Slimfit
  1. ƏDƏBİYYAT

Hüseyn Cavid - Şeyx Sənan /Dördüncü pərdə (II səhnə)

Hüseyn Cavid - Şeyx Sənan /Dördüncü pərdə (II səhnə)
Sakura

Hüseyn Cavid - Şeyx Sənan /Dördüncü pərdə (II səhnə)

II SƏHNƏ

 

Qürub zamanı, bir tərəfdə Kür nəhri, bəridə, Kür boyunca yalçın bir qaya... Kənarda,qayanın ta ötəsində bir ormancıq... Görünməz tərəfdən qayanın təpəsinə yol varsa da, səhnə tərəfi fəqət bir uçurumdan ibarətdir. Pərdə açıldıqda, uzaqlarda, səhrayi və məhzunanə bir çoban düdügü iniltisi ruhları məczub edər. 
Şeyx Sən’an əlində dəgnək, başı açıq, saçları dağınıq, düşüncəli və yorğun bir halda qaya başında görünür. Ağır-ağır nəfəs alır, bir qaç adım ataraq dönüb geri baqar. Bir-iki dərin ah çəkib yeniylə alnının tərini silər. Bu sırada ixtiyar, nurani Dərviş ağaclıqdan çıqar. Şeyx Sən’anı bu halda görüncə istehzalı bir baqışdan sonra laübali və ağır qəhqəhələrlə gülər. Şeyx isə ürkək bir tevr ilə Dərvişə baqmağa başlar.
 
Dərviş
Nə qiyafət bu! Söylə, söylə nə var? 
Nerdə əvvəlki şeyxlər, xocalar? 
Söylə, ey şeyxi-dərbədər, bu nə hal? 
Nerdə əvvəlki ehtişamü cəlal? 

Şeyx Sən’an 
(yan tərəfə baqaraq, əlilə Dərvişə göstərir) 
Yalınız şeyxlər deyil, hətta 
Şimdi baq, izliyor papaslar da. 
Bana olmuş cihan pərəstişkar, 
Şimdi pək başqa bir cəlalım var. 
Sanma islamə rəhbərim tənha, 
Peyrəvimdir xıristiyanlar da. 

Dərviş
(Şeyxin göstərdiyi tərəfə baqaraq, heyrətlə) 
Bu gəliş bir hücumu andırıyor, 
İştə baq, yoqmu səndə əqlü şüur!? 
Həpsinin yüz-gözündə qan coşuyor, 
Həpsi bir intiqam için qoşuyor. 

Şeyx Sən’an 
(diqqətlə baqaraq) 
A-h, əvət, həpsi bivəfa, qəddar... 
Qoşuyor, həm də önlərincə Xumar! 

Dərviş
Bir səbəbsiz deyil bu hiddətü kin? 

Şeyx Sən’an 
İxtilaf, ixtilafi-məzhəbü din... 

Dərviş
(yarım qəhqəhə ilə) 
İştə gördünmü din nələr doğurur? 
Nə bəlalar, nə fitnələr doğurur? 
Din bir olsaydı yer yüzündə əgər, 
Daha məs’ud olurdu cinsi-bəşər. 

Şeyx Sən’an 
(uzaq üfüqlərə doğru, dəhşətli və yaralı bir ahənglə) 
Şeyx, ya şeyx, gəl də seyr eylə, 
Yandım atəşdə kəndi rə’yimlə. 
Bən qulaq vermədim dəgərli sözə, 
Həp qadından gəlir nə gəlsə bizə. 

Dərviş
(mütəbəssim) 
Şu xəyali xitab əcəb kimədir? 

Şeyx Sən’an 
Ah, sağ olsaydı şimdi Şeyx Kəbir, 
Ataraq seyr edərdi pək ələni, 
Kəndi mö’cüznüma kəramətini. 

Dərviş
Baqma, şeyxim, şu hali-pürqəminə, 
Giriyorsun həqiqət aləminə. 
Fəzli-həqq runüma kəmalında, 
Parlıyor nuri-həqq cəmalında. 
Səndə bir əhli-hal əlaməti var, 
Səndə əl’an Xuda qiyafəti var. 

Şeyx Sən’an 
(usanmış bir tevr ilə) 
Söylənib durma, sən də get, dəf ol!.. 
Get də bir başqa sayğısız ara, bul! 
Əlverir, istəməz şu mevhumat, 
Getdi, məhv oldu bənliyim, heyhat!.. 
Bəni sən eylədin bu dərdə düçar, 
Get, çəkil, durma... 
(Xumarın gəldiyini görüncə) 
Ah, Xumar, Xumar! 
Niyə gəldin? Deyil bu illətsiz? 
Bəni məhv eyləməkmi niyyətiniz? 

Xumar 
(yaqlaşaraq) 
Şeyx, ya şeyx! Durma, gəl qaçalım, 
Gəl, aman, gəl qaçıb da qurtulalım. 

Şeyx Sən’an 
(sərsəmcə) 
Ah, bəndən nə istiyorsun? Get!.. 

Xumar 
(bir az daha yaqlaşaraq) 
Möhtərəm şeyx! Inadı gəl tərk et. 

Dərviş
Fəzlədir, şeyxim, öylə bir təhqir, 
Daha kafi... Nədamət əfv edilir. 

Xumar 
Əvət əfv et, qüsurə baqma, aman! 
Səndədir könlüm, a-h, səndə... inan! 
Pək müqəddəsdir İştə bəncə sənin 
Hər şeyin, həp təriqətin, dinin. 

Şeyx Sən’an 
(Xumarın saçlarını oqşayaraq) 
Bəni xatırlayıb da gəlmişsin, 
Görünür bivəfa deyilmişsin. 

Dərviş
(qafasını oynataraq, yarım qəhqəhə ilə) 
Bə’zi dilbər mələklərin, Sən’an, 
Halı bir kölgədən seçilməz, inan. 
Onu tə’qibə başlayınca qaçar, 
Yüz çevirsən, həmən peşincə uçar. 

Təkrar mə’nalı bir tərzdə qafasını oynataraq laübali adımlarla çəkilib gedər. Şeyxi düşüncə, Xumarı heyrət alır. Bu sırada yan tərəfdən Özdəmirlə Oğuz, bütün şeyxlər və müridlər qoşaraq gəlirlər. Şeyx Sən’anı qayanın təpəsində görüncə. 

Ümum 
İştə şeyx, İştə möhtərəm Sən’an! 
Sana çoq-çoq şükür, böyük Yaradan!.. 

Şeyx Sən’an 
(heyrətli və istehzalı bir təbəssümlə) 
Sərsərilər, zavallı şaşqınlar! 
Gediniz, haydı, haydı, azğınlar! 

Şeyx Hadi 
(Şeyx Sən’anın saç-saqalının ağardığına diqqət edərək) 
Həp dəyişmiş sevimli siması. 

Şeyx Sədra 
(Sən’anə) 
Şeyxim, en gəl, xətərlidir orası. 

Şeyx Sən’an 
Yüksələn məhv olur, fəqət enməz! 
Nuri-həqq daima yanar, sönməz! 

Şeyx Hadi 
Şu soğuqluq, şu iğbirar nədən? 
Şeyx! Unutdunmu yoqsa bizləri sən? 
En gəl, en gəl! Ziyarət eyliyəlim, 
Sana həp macərayı söylüyəlim. 

Şeyx Sən’an 
Xayır, alçalmam, istəyən gəlsin, 
Bəni hər kim sevərsə, yüksəlsin. 

Əbülüla 
Şeyxim, əfv eylə, çünki mə’zuruz, 
Qürbət eldir, yol-iz nə, bilmiyoruz. 

Şeyx Sən’an 
Kim yol-iz bilmiyorsa, dəf’ olsun, 
Bəni ancaq bu hal edər məmnun. 

Oğuz 
(Şeyx Hadiyə) 
Başqa bir yol da var, gəlin gedəlim. 

Şeyx Hadi 
Gedəlim, haydı, şeyxi dərk edəlim. 

Ümum 
(Oğuzu izləyərək) 
Durmayın, durmayın... Haman varalım, 
Gedəlim, bəlkə şeyxi qurtaralım. 
Qoşub gedərlər. 

Xumar 
(ətrafa baqaraq böyük bir təlaş ilə) 
Qaçalım, şeyx, gəldilər, qaçalım, 
Gəldilər həp bizimkilər, qaçalım. 

Şeyx Sən’an 
Baq, Xumar! İştə hər tərəf uçurum... 

Xumar 
İstəsən bən səninlə məhv olurum. 

Papas və P l a t o n öndə olaraq, gürcülərlə bərabər qayanın üzərində görünürlər. Xumar “ah!” deyə Şeyx Sən’anın qolları arasına sığınır, gürcülərdən bir-ikisi hücum etmək istər. 

Papas 
(gürcülərə) 
Azacıq səbr edin... 
(Xumara) 
Xumar! Xumar! 
Sana layiqmi böylə bir rəftar? 
Bir düşün, bir düşün, nə yapdın sən? 
Yüz çevirmişmidir Xuda səndən? 
(Şeyx Sən’ana işarətlə) 
Ah! O, insan qılıqlı şeytandır, 
Ayrıl ondan, o, xain insandır! 

Xumar 
Bu təmənnayı bir də etmə, saqın! 
Can cəsəddən rəvamı ayrılsın!? 

P l a t o n 
Qəhr olursun, Xumar, inan!.. Həm də
Bəni bədnam edərsin aləmdə. 

Şeyx Sən’an 
(istirham ilə, Xumarə) 
Get, babandır, Xumar, itaət qıl! 
Hər nə əmr etsə dinlə, hürmət qıl! 

Xumar 
İstəməm, şeyxim, iltiması bıraq, 
İstəməm, sənsiz istəməm yaşamaq. 

Papas 
(batmaqda olan günəşi Xumara göstərərək) 
Baq, qızarmış günəş, səbəb var ya! 
Utanıb qaçmaq istiyor... Guya 
O da qızğın sənin zəlalətinə, 
O da küskün sənin bu halətinə. 

Xumar 
(acı təbəssümlə) 
Bən də əl’an əvət, enib gedərim, 
Başqa bir kainatə əzm edərim. 

Şeyx Sən’an 
(Xumarı qolları arasına alaraq) 
Enməyiz, enməyiz, xayır, yalınız 
Ərşi-ə’layə yüksəlib uçarız. 
Uçarız həqqə doğru bərqasa, 
Netəkim uçdu həzrəti-Isa. 

Papas 
(hiddətlə, gürcülərə) 
Nə durub bəkliyorsunuz əcəba? 
Daha baqmaqda yoq səmər əsla. 

Gürcülərdən bir qısmı hücum etmək istər, bu sırada Şeyx Hadi yanındakılarla bərabər qoşub gəlirlər

Özdəmir 
(hücuma hazırlaşan gürcülərə) 
Dur, dur, əl saqla!.. 

Oğuz 
Dur! 

Şeyx Hadi 
Nə var? 

Papas 
Sən’an 
Qızı tərk etmiyor... 

Şeyx Hadi 
(heyrətlə) 
Tuhaf vicdan!.. 
Şeyx Sən’an Xumarə talibdir, 
Xumar ondan ziyadə rağibdir. 
(Şeyx Sən’ana doğru yaqlaşaraq) 

Şeyx Sən’an 
Yaqlaşma, dur... Çəkil, asi! 
(Parmağilə xəyali bir dairə yaparaq) 
Çünki Beytülhəram demək burası, 
Daxil olmaq yasaqdır əğyarə. 
Sən ki, məhrəm deyilsin əsrarə! 

Şeyx Mərvan 
(bir adım iləriləyərək) 
Şeyx! 

Şeyx Sən’an 
Dəf ol, çəkil... Səfil, abdal! 

Papas 
Allah, Allah! Nədir bu müdhiş hal?! 

Şeyx Sən’an 
(Xumarə) 
Söylə, əmrin nədir? 

Xumar 
Xilas olmaq! 

Şeyx Sən’an 
(arqadakı nəhri göstərərək) 
Uçurumdur pənahgah ancaq. 

P l a t o n 
(təlaş və həyəcan ilə) 
Aman, Allah, bıraqmayın... 

Xumar 
(Şeyx Sən’ana) 
Qaçalım... 

Şeyx Sən’an 
(nəhrə doğru baqaraq) 
Uçalım, haqqa doğru, gəl uçalım! 

P l a t o n 
Ah, Xumar! 
Xumar 
Əlvida!.. 

Şeyx Sən’an 
Ya Allah!.. 
Hər ikisi əl-ələ verib nəhrə atılarlar. 

Gürcülər 
Getdilər... 

Ş e y x l ə r v ə m ü r i d l ə r 
Uçdular... 

P l a t o n 
Aman, eyva-h!.. 
(deyə biixtiyar nəhrə atılmaq istər. Oğuz mane olur.) 

Papas 
(hiddətlə) 
Platon! 

P l a t o n 
Ah! Getdi, getdi... 

Papas 
(soğuqqanlı) 
Bıraq! 

P l a t o n 
(çılğın bir halda) 
İştə sənsin səbəb... Rəzil alçaq! 
(Xəncərlə papasa hücum edər, gürcülər mane olur) 

Şeyx Hadi 
(nəhrə tərəf baqaraq) 
Gedəlim, bəlkə var ümidi-nicat... 

Ş e y x l ə r v ə m ü r i d l ə r 
Gedəlim... 

Gürcülər 
Haydı, durmayın!.. 

P l a t o n 
(məyus) 
Heyhat!.. 

Pərdə
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR