Slimfit
  1. ƏDƏBİYYAT

Hüseyn Cavid - Şərq qadını

Hüseyn Cavid - Şərq qadını
Sakura

Hüseyn Cavid - Şərq qadını

Mən nə idim?
Şərqin əzilmiş qadını!

(Bir az sükut...)

Mən nə idim? Uf, onu heç sormayınız!
Varlığım bir quru heç!

Keçmişin ən qaba, ən vicdansız,
Kirli dırnaqları qəhr etdi məni.
Görmədim gün işığı;
Doğduğum gündən — əvət — tarixin
Paslı zəncirləri inlətdi məni.

Hər tərəfdən qara bir mövhumat
Pərdələr çəkdi həmən gözlərimə...
Qoparırkən fəryad,
Etdi qanun ilə din istehza
Mənim öksüzcə qırıq sözlərimə.

Yox, yalan söylədim, aldanmayınız;
Vardı bir çox tapınanlar da mana
Çünki pək dilbər idim,
Süslü kaşanələrin qoynunda,
Məni sarmışdı ipəklər, tüllər...
Ağlayırdım gülərək,
Alışıb məhbəsə, altun qəfəsə,
Söndürürdüm qaba şəhvətləri mən...

“Pək gözəlsən” — qaniçən sultanlar
Məni əyləncə yapar,
Çox zamanlar da bağışlar birinə,
“Ən nəfis işvəli bir qüvvə” — deyə.
Oh, nə miskincə həyat!?
Yeri gəldikcə atarlar Nilə,
Yaxud atəşkədəyə...

Duyğusuz tanrıya qurban olaraq,
Kül olurdum yanaraq, qıvrılaraq.
Daha dəhşətli bəla, — çirkin isən, —
Atacaqlar dərhal
Bir çuxur, bir quyuya, bir kanala.
Yapsalar hər qabalıq, alçaqlıq,
Baş əyərdim susaraq of demədən...
Bir zamanlar mən, əvət, bir heç idim,
Qismətim sillə, dayaq, könlüm əsir,
Bir böcəkdən də həqir.

İmdi lakin o tikənlərdən uzaq —
Gülərək, oynayaraq,
Yaşamaq zövqünü duymaqdayım ancaq, ancaq...
Yox, mən artıq sürünən heç deyilim,
Parçalanmış da qaranlıqdan hörülmüş
kəfənim,
Gəmirilməz beynim.
İştə ən şanlı üfüqlərdə uçan
Şərqin azadə, gülər bir qızıyam;
Uca həşmətli fəzalardan aşan
Pənbə bir yıldızıyam!..

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR