Hüseyn Cavid - Rəqs
Ruhum yenə ləbrizi-səadət...
Ya rəb, bu nə tufani-lətafət?!
Göydən yerə enmiş kibi cənnət,
Yer-yer saçılır nuri-məsərrət.
Həp qol-qola pirşevqü şətarət
Rəqs etmədə — azadeyi-sənət —
Ərvahi-lətifi-mələkiyyət.
Bilməm bu nə halət, nə qiyafət?
Ya rəb, bu nə səfvət, nə səbahət!
Həp şerlə əlhani-zərafət
Məmzuc olaraq sanki bu saət,
Qarşımda gülümsər əbədiyyət.
Bu levheyi-ülviyyətə, əlbət,
Röya deyəməm, eyni-həqiqət...
Olmaz bu qədər nəşəli röya,
Ruhum buna qane deyil əsla.
Heyhat!.. Bu bir səhneyi-sevda...
Bir səhneyi-sevda ki, sərapa,
Məczub ona hər bir dili-şeyda,
Ərvahi-məlaik belə guya
Eylər onu həsrətlə tamaşa.
Ənvarə bürünmüş kibi hər yer,
Ahəngi-məsərrətlə gülümsər;
Bin naz ilə hər çöhreyi-dilbər
Ərz etmədə bir nəşeyi-digər;
Gözlər, hələ gözlər, hələ gözlər!..
Ya rəb, nə qədər cazibəpərvər!?
Ya rəb, nə qədər xariqəgüstər!?
Titrək, dağınıq, şuxü füsunkar,
Qumral, sarışın, dalğalı saçlar
Ənzari-tamaşagərə yollar
Mənsur olaraq bir yığın əşar,
Gahi olub əzvaqlə sərşar,
Pürxəndə edər hər ləbi-səhhar,
Parlaq və bəyaz incilər isar.
Əfsus ki, ömrüm kibi hər an,
Hər xətvədə bu leyli-zərəfşan,
Bir hiçliyə olmaqda şitaban,
Həsrətlə baxıb iştə uzaqdan
Dan yıldızı guya edər elan:
“Yaqlaşmada artıq dəmi-hicran.
Ey məsti-məhasin olan insan!
Al! İştə günəşdən sizə fərman!..”
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət