Slimfit
  1. ƏDƏBİYYAT

Hüseyn Cavid - Peyğəmbər/Nüsrət (I hissə)

Hüseyn Cavid - Peyğəmbər/Nüsrət (I hissə)
Sakura

Hüseyn Cavid - Peyğəmbər/Nüsrət (I hissə)

NÜSRƏT

 


Səkiz yıl sonra. Məkkədə baş rəisin evi, altın şamdanlarda rəngarəng mumlarla donatılmış, Mısır və Şam qumaşlarıyla süslənmiş, sandaliya və xalılarla göşənilmiş böyük bir qəbul odası... Sağda və solda birər qapı, qarşıda girilmək için basamaqlarla enilir geniş bir qapı və iki böyük pəncərə... Gecə... Iştirak edən əşxasın sima və qiyafətlərində səkizyıllıq bir dəyişiklik gözə çarpar. Iki xidmətçi – qara qul – ötəyi-bəriyi düzəltərək qonuşurlar. 
 
B i r i n c i x i d m ə t ç i 
 
Bana baq, arqadaş! Nə var, nə xəbər? 
Yeni mö’cüzmü yapdı kahinlər? 
Bu tədarik niçin, nədir bu təlaş? 
Söylə, anlat, deyilmiyiz sirdaş? 
 
İ k i n c i x i d m ə t ç i 
 
Yolçu varmış Mədinədən, əl’an 
Gəliyor baş rəis Əbu Süfyan. 
Məkkə əşrafı həp qadın, erkək, 
Onu bəsbəlli görməyə gələcək. 
 
B i r i n c i x i d m ə t ç i 
 
Şu səfərdən nədir murad əcəba? 
Görünür bunda var böyük mə’na. 
 
İ k i n c i x i d m ə t ç i 
 
Ya, səbəbsiz deyil əvət, bu səfər, 
Bir düşün, qaç yıl oldu Peyğəmbər 
Gündə bir hərb için qiyam ediyor, 
Gündə bir başqa macəra güdüyor. 
Qurtulub qaçdı Məkkədən, o zaman 
Ona bir çoqlar etdilər iman. 
Oldu yardımçı həp mədinəlilər, 
Bütün ətrafa şimdi hökm eylər.  
Baş rəis iştə ehtiyat edərək 
Getmiş, etsin onunla bir dərnək. 
Yapa ta öylə bir müahidə ki, 
Qalqa düşmanlıq ortadan, bəlki... 
 
B i r i n c i x i d m ə t ç i 
 
Çoq yazıq baş rəis əfəndimizə, 
Yüz verir hər zavallı kimsəsizə. 
Bu tənəzzül rəvamı sanki ona, 
Gediyor, gör, kimin ayaqlarına. 
 
İ k i n c i x i d m ə t ç i 
 
Saqın, aldanma, kimsəsiz deyil o, 
Var onun arqasında bir ordu. 
Hər nə əmr etsə cümlə baş vuruyor, 
Bütün ətrafı titrədib duruyor. 
 
B i r i n c i x i d m ə t ç i 
 
(yarı açılmış sağ qapıdan baqar) 
 
Pək mükəddər, fəqət, rəisə xanım, 
Gəliyor iştə, baq! 
 
İ k i n c i x i d m ə t ç i 
 
Bıraq, a canım! 
Nəmə lazım, həmən vəzifənə baq, 
Çabuq ol haydı!.. Yoqsa çoq qızacaq. 
 
(Hər ikisi məşğul olur. Rəisə gəlir, əyilirlər) 
 
R ə i s ə 
 
(birinci xidmətçiyə) 
 
Bana baq, sən bulun fəqət burada, 
Hər nə lazımsa, yap, baqıb durma! 
 
(İkinci xidmətçiyə) 
 
Sən də çıq, bəklə, gör nə var, nə xəbər, 
Hər misafir gəlirsə ol rəhbər. 
Bir də Şəmsa gəlirsə ixbar et, 
Bana gəlsin... 
 
İ k i n c i x i d m ə t ç i 
 
Pəki, baş üstünə... 
 
R ə i s ə 
 
Get! 
 
Xidmətçi çıqar. Dışarıda bayquş ötməyə başlar. O ötdükcə rəisənin halı dəyişir, getdikcə həyəcan və qorqusu artar. 
 
O nə? Hər an ötüb durur bayquş... 
Söylüyorlar o pək uğursuzmuş. 
Şu yaman səs bəni xərab ediyor, 
Bənliyim sanki məhv olub gediyor. 
 
(Bayquş təkrar ötər) 
 
Ah, nə dəhşətli səs, nasıl mənhus, 
Bəni daim bu səs qılar mə’yus. 
 
(Sağ qapıdan çıqarkən) 
 
Baş rəisdən gəlirsə bir müжdə, 
Vaqtı qeyb etmə, gəl, həmən bana de. 
 
Xidmətçi itaətlə tə’zim edər. Rəisə çıqdığı kibi, öndə ikinci xidmətçi olaraq birinci, ikinci, üçüncü rəis daxil olur, otururlar. Xidmətçi yenə geri dönər, digəri isə şərbət gətirir. 
 
B i r i n c i r ə i s 
 
Nə qaranlıq! Aman, nə yaslı gecə! 
Sanki göy bir siyah ipəkli peçə...  
 
Saqlıyor bizdən öz çiçəklərini, 
Süzülüb parlayan bənəklərini. 
 
İ k i n c i r ə i s 
 
Pək tuhaf, böylə sisli bir gecədə 
Baş rəis anlaşılmıyor, nerədə? 
Şu gecikmək bilinmiyor ki, nədən? 
O gəlib çıqmalıydı pək erkən. 
 
Ü ç ü n c ü r ə i s 
 
Bəncə bunlar keçib gedən şeylər... 
Ah, o, yalnız o düzmə Peyğəmbər, 
Dün bəlirsiz, ufaq qıvılcım ikən, 
Bir böyük yanğın oldu... bir hiçdən 
Yaradıb anlı-şanlı bir ordu, 
Bizi təhdidə başlamaqdadır o. 
Qapılıb gah Ömər siyasətinə, 
Güvənir gah Əli şücaətinə. 
Dinləyib həp Mədinə əhli onu, 
Sardı ətrafı, kəsdi Şam yolunu. 
Soydu, öldürdü, yaqdı, yıqdı bütün, 
Hərb açıb oldu daima üstün. 
Qorqaraq, xeyrü mənfəət umaraq 
Ona yeltəndi bir yığın alçaq. 
Qara xalq uydu cümlə də’vətinə, 
Kimsə şəkk etmiyor rəsalətinə. 
 
B i r i n c i r ə i s 
 
Pək tuhaf! Bilgisiz, müəllimsiz 
Bir çocuqkən nasıl da parladı tez. 
 
İ k i n c i r ə i s 
 
Görünür Şamə eylədikdə səfər, 
Ona vermiş düşüncə rahiblər.  
 
Ü ç ü n c ü r ə i s 
 
(əlilə onları rədd edər) 
 
Yoq, Əbu Talibin geniş çadırı 
Bəncə darülülumdan yuqarı... 
Orda alim, həkim, ədib və zərif, 
Ən böyük şair, ən dərin arif, 
Hər tərəfdən aqıb gələn səyyah 
Söhbət eylərkən... İbn Abdullah 
Kəsbi-elm etdi həp ağızlardan, 
Oldu bir dahi iştə dünkü çoban. 
 
B i r i n c i r ə i s 
 
(təəssüflə) 
 
Onu kim öldürürsə yüz dəvəlik 
Bir böyük sərvət, iştə və’d etdik. 
Məkkədən qaçdı... qaçdı qurtuldu, 
Sonra getdikcə həp zəfər buldu. 
 
İ k i n c i r ə i s 
 
(əli qılıcının qəbzəsində, qızğın) 
 
Bəncə hiç kimsənin qəbahəti yoq, 
Ah, əvət, bir bənim suçum pək çoq... 
Hanı ya? Siz də vardınız, bir gün 
Bir məzarlıqda pək öyündü... düşün, 
Susayıb Məkkə xalqı həp qanına, 
Qadın, erkək hücum edərdi ona. 
Etmədim bən tənəzzül öncə... faqat 
Sonra atdım beş-on dəyərli toqat. 
 
(Qılıcını yarıya qədər çəkər, təkrar qınına soqar) 
 
Bitirirkən qılıcla həp işini, 
Gəldi Şəmsa o anda tutdu bəni.  
Öncə pək qızdı, sonra yalvardı, 
Onu pəncəmdən aldı, qurtardı. 
 
Ü ç ü n c ü r ə i s 
 
Şu gözəl afətin də halı tuhaf; 
Həm saçar lütf, mərhəmət, insaf, 
Həm də kin bəslər, intiqam izlər. 
Ona rast gəlsə şimdi Peyğəmbər, 
Şübhəsiz kəndi məhv edər də onu, 
Mərhəmət duymadan içər qanını. 
 
Bu sırada dışarıdan i k i n c i x i d m ə t ç i gəlir. Şəmsa əzəmətli və məğrur adımlarla onu izləyərək daxil olur. Məclisdəkilər təmənna edər, o da yünülcə səlamlar və ikinci rəisi yarım baqışla süzərək sağ odaya, hərəmxanəyə keçər. 
 
B i r i n c i r ə i s 
 
Baq, günəş izliyor siyah gecəyi, 
Bu təsadüf, aman, nə xoş, nə eyi... 
 
İ k i n c i r ə i s 
 
Sisli xülya peşincə rəqs edərək, 
Parlayan şe’rə bənziyor o mələk. 
 
Ü ç ü n c ü r ə i s 
 
Bəncə müzlim bulutlar arqasına 
Saqlanan bir pəri qadar Rə’na... 
 
(İkinci rəisə) 
 
O keçərkən səhər nəsimi kibi, 
Səni pək süzdü, yoqmu bir səbəbi? 
 
İ k i n c i r ə i s 
 
Qəlbdən qəlbə şübhəsiz yol var, 
O baqışlar, aman, nə cazibədar!  
Doğurur hər könüldə bir həyəcan, 
Görsə hər kim, həmən qalır heyran. 
Ah o, ağ pənbə bir gövərçin ki; 
 
(istehzalı təbəssümlə) 
 
Ulu Peyğəmbərin bənimsədiyi 
Yuca göylərdə, baği-cənnətdə 
Bir mələk yoq şu hüsni-surətdə... 
 
Bayquş ötər. B a ş k a h i n arqasında camaat – qadın, erkək daxil olur. Məclisdəkilər tə’zim ilə yerindən qalqar. Yenə bayquş ötməyə başlar. Sükut... 
 
B a ş k a h i n 
 
(həyəcanlı) 
 
Nə fəlakət, bu nə dəhşətli zaman?! 
Dağılıb məhv olacaq sanki cihan. 
Gördüyüm qorqulu rö’ya nə bəla! 
Bayquşun ötməsi ondan da fəna. 
 
B i r i n c i r ə i s 
 
O nə rö’yadır, əfəndim, əcəba? 
 
B a ş k a h i n 
 
Ah, dəmin uyquya daldım odada, 
Bir də baqdım qarışıb durdu hava. 
Sarsılır ta təməlindən dünya, 
Gürləyib göy, çaqaraq şimşəklər, 
Yıldırım Kə’bəyi alt-üst eylər. 
Devrilib bütlərimiz həp birdən, 
Kül olub göylərə savruldu həmən. 
 
 
Sükut...  
 
B i r i n c i r ə i s 
 
(ikinciyə) 
 
Şübhəsiz bunda böyük mə’na var. 
 
İ k i n c i r ə i s 
 
Bəlkə gördüklərinin əksi çıqar. 
 
Ü ç ü n c ü r ə i s 
 
(arqadaşına) 
 
Kim bilir, bəlkə də uydurmuş onu. 
 
(Baş kahinə) 
 
Uyqudur, xeyir olur əlbəttə sonu. 
 
Öndə baş rəisin hərəmi və Şəmsa olaraq bir qaç xanım və Nədimə sağ qapıdan girər. Hər kəs əyilir. Sükut... Bu sırada x i d m ə t ç i y l ə bir k a h i n təlaş içində daxil olur. Baş kahinə tə’zim edər. 
 
B a ş k a h i n 
 
Nə xəbər? Söylə çabuq, söylə, nə var! 
 
K a h i n 
 
Kə’bədən şimdicə büt çalmışlar! 
 
B a ş k a h i n 
 
Hanki bütdür? O nasıl büt əcəba? 
 
K a h i n 
 
Böyük altın büt, əfəndim, hanya? 
 
(Rəisəyi göstərir) 
 
Onu yapdırdı xanım qaç sənədir. 
 
B a ş k a h i n 
 
(çılğın) 
 
Dilin-ağzın qurusun, sus, yetişir, 
O bizim tanrıların ən gözəli... 
Onu kim çalsa yaqındır əcəli... 
 
R ə i s ə 
 
Bu xəyanət, bu cəsarət, nə ağır, 
Xain, əlbət ki, cəza bulmalıdır. 
 
B a ş k a h i n 
 
Yarın erkəncə edilsin təftiş, 
Kimsənin həddi deyil, bəncə bu iş. 
Yenə ondan, yenə Peyğəmbərdən. 
Çünki casusları var hər yerdən. 
Tam səkiz yıldır o tüyğan ediyor, 
Həm də getdikcə müsəllət, məğrur... 
Son zamanlar susuyor gərçi, bunun 
Sonu bir fırtınadır pək coşqun... 
Baqa dursun da Qureyş evladı, 
Yarın əlbət yucalır fəryadı. 
 
(Acı təbəssümlə) 
 
Latü Üzzayı bıraqdıq məmnun, 
Bizə ar olsun, əvət, ar olsun. 
 
B i r i n c i r ə i s 
 
Baş rəis iştə yaqındır, gəlsin, 
Baqalım fikri nədir bizlər için. 
 
B a ş k a h i n 
 
Ah, kör olsun fələyin gözləri, kör, 
Nəyə varmış da Qureyşin işi gör. 
Başçımız sülhü səlamət güdüyor, 
Gör gedib kimlə müdara ediyor. 
İşə baq! Dünkü yetim, dünkü çoban 
Saçıyor aləmə dəhşət, həyəcan. 

 

(II hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR