Slimfit
  1. ƏDƏBİYYAT

Hüseyn Cavid - Peyğəmbər/Hicrət (I hissə)

Hüseyn Cavid - Peyğəmbər/Hicrət (I hissə)
Sakura

Hüseyn Cavid - Peyğəmbər/Hicrət (I hissə)

HİCRƏT

 


Eyni şəhərdə məzarlıq. Kənarda bir evciyəz, iki-üç xurma ağacı. İkindi çağı... Ev sahibi Səid təlaş ilə gəlir, qapıyı şiddətlə çalar. Qapı açılır. Onun 30 yaşını keçməyən qarısı – Xəttab qızı qarşısına çıqar. 
 
X ə t t a b q ı z ı 
 
Səid, yüz-gözünü saran 
Bu təlaş niçin, əcəba? 
 
S ə i d 
 
Əhd etdi qardaşın əl’an 
Dəhşətli bir qurultayda... 
Sükut... 
 
X ə t t a b q ı z ı 
 
Aman, nədir əhd etdiyi? 
Bu təlaş, bu susmaq niçin? 
 
S ə i d 
 
Xəttab oğlu and içdi ki, 
Peyğəmbəri məhv eyləsin!  
 
X ə t t a b q ı z ı 
 
(sarsılmış və qorqulu) 
 
Ah, bu qorqunc xəbər bəni 
Bir yıldırım kibi vurdu. 
Tanrı qurutsun əlini 
Yoq, o artıq pək qudurdu! 
 
S ə i d 
 
Bilsə hələ sən də, bən də 
O dinə iman etmişiz; 
Hiç sağ bıraqmaz, ilk öncə 
Bizdən öc alır şübhəsiz. 
 
(Uzaqdan Xəttab oğlu görünür) 
 
X ə t t a b q ı z ı 
 
İştə kəndisi! Şərrindən, 
Ya Rəb, sən saqla bizləri. 
 
X ə t t a b o ğ l u 
 
(kinli adımlarla yaqlaşır) 
 
Səid! Sizdən varmı görən 
Hiç o düzmə Peyğəmbəri? 
 
X ə t t a b q ı z ı 
 
Yoq bir kimsənin xəbəri. 
 
(Səidi göstərir) 
 
Nə zevcim görmüş, nə də bən. 
 
(Hər ikisi içəri girər) 
 
 
X ə t t a b o ğ l u 
 
(əli qılıcının qəbzəsində, qızğın) 
 
Xayır, əsla o sərsəri 
Qurtulamaz şu pəncəmdən. 
 
(Bu sırada Əbu Talib oğlu sür’ətli adımlarla gəlib keçər) 
 
Dur, ey Əbu Talib oğlu, 
Bu sur’ətlə sən nerəyə? 
 
Ə b u T a l i b o ğ l u 
 
Gediyorum Tanrı qulu 
Peyğəmbərlə görüşməyə. 
 
X ə t t a b o ğ l u 
 
Sizlərdəki həsəb-nəsəb 
Bəlli, hər kəscə möhtərəm. 
 
Ə b u T a l i b o ğ l u 
 
(onun sözünü kəsərək) 
 
Fəqət bəncə elm, ədəb 
Həsəb-nəsəbdən müqəddəm... 
 
X ə t t a b o ğ l u 
 
Sözlərimi kəsmə, dinlə! 
 
Ə b u T a l i b o ğ l u 
 
Dinliyorum, əvət, söylə. 
 
X ə t t a b o ğ l u 
 
Bəncə atıb yeni dini, 
Əcdadınla öyünməli... 
 
Ə b u T a l i b o ğ l u 
 
İnsan deyil əcdadını, 
Yalnız haqqı düşünməli. 
 
X ə t t a b o ğ l u 
 
Nə istərsiniz əcəba 
Gözə görünməz Tanrıdan? 
 
Ə b u T a l i b o ğ l u 
 
Görmədiyim bir Tanrıya 
Bən əyilməm hiç bir zaman. 
 
X ə t t a b o ğ l u 
 
Nerdə gördün onu, nerdə? 
 
Ə b u T a l i b o ğ l u 
 
Hər zaman iştə hər yerdə, 
Əvət, göstərir hər səda. 
Hər hərəkət onu daim, 
Bir şey görmədim ki, onda 
Tanrıyı görmüş olmayım. 
 
X ə t t a b o ğ l u 
 
(yarımistehza) 
 
Sən bu fevqəl’adə yolu 
Lütf edib də öyrət bana. 
 
Ə b u T a l i b o ğ l u 
 
(eyni ahənglə) 
 
Bir çocuq, ey Xəttab oğlu, 
Öyrətəməz bunu sana.  
 
X ə t t a b o ğ l u 
 
(mə’nalı təbəssümlə) 
 
Fəqət diyorlar Peyğəmbər 
Tapınırkən Tanrısına; 
Daim izhari-əcz edər, 
Heyrətlə der “ma ərəfna”... 
 
Ə b u T a l i b o ğ l u 
 
İzhari əcz edən arif 
Ən böyük idrak əhlidir. 
 
X ə t t a b o ğ l u 
 
(məğrur və istehzalı baqışlarla) 
 
Dursun! Xaliqini hərif 
Bu gün məzarda öyrənir. 
 
Ə b u T a l i b o ğ l u 
 
(əli qılıcının qəbzəsində titrər) 
 
Sakit ol, onun məzarı 
Deyil yerdə, göylərdədir. 
Ona yalnız uca Tanrı 
Öz qucağında yer verir. 
Həm də onu, inan bana, 
Hər yigit qılıcı kəsməz. 
Dünya dağılsa da ona 
Əsla ölüm yeli əsməz. 
 
X ə t t a b o ğ l u 
 
(istehzalı qəhqəhə ilə) 
 
Fəqət rəngin pək dəyişdi, 
Könlün qavğamı istiyor?  
 
Ə b u T a l i b o ğ l u 
 
Xayır, çünki qan dökməyi, 
Böyük Tanrı mən’ ediyor. 
 
X ə t t a b o ğ l u 
 
Bu bir yaldızlı hiylə ki, 
Həp qorqudan nəş’ət eylər. 
 
Ə b u T a l i b o ğ l u 
 
Saqın! O sevməz hiyləyi, 
Nə söylərsə doğru söylər. 
Abdulla oğlunu əsla 
Qorqutacaq bir qüvvət yoq, 
Hiç öyünmə, keçmiş ola; 
 
(əlini köksünə qoyaraq) 
 
Onun yardımçısı pək çoq... 
 
X ə t t a b o ğ l u 
 
İştə qəhrəman bir çocuq! 
Ərəbsin, eşq olsun sana! 
Inan, səndəki məğrurluq 
Ciddən xoş göründü bana! 
Lakin tutub öz əhdimi 
Bən məhv etməliyim onu. 
 
(İstehzalı təbəssümlə) 
 
Tanrıdan xəbər gəldimi, 
Ararsın Xəttab oğlunu. 
 
(Məğrur və əzəmətli adımlarla uzaqlaşır)  
 
Ə b u T a l i b o ğ l u 
 
(sinirli) 
 
Ah, Peyğəmbərin bu helmi 
Həp düşmanları güldürür. 
Yoq, bu dərd yaqar könlümü, 
Çoq sürməz bəni öldürür. 
 
(Kəskin bir əzm ilə) 
 
Xayır, bən Xəttab oğluna 
Yüz verməm tüğyan eyləsin. 
Bıraqmam şu cəllad ona 
Güldən ağır söz söyləsin. 
 
(Sür’ətli və kinli adımlarla eyni yolu izlər) 
 
Bu sırada digər tərəfdən azğın yüzlü, canavar gözlü bir ərəb hənuz beş-altı yaşına varmış qızının qolundan tutub qızğın adımlarla məzarlığa doğru yürür. 
 
Ə r ə b 
 
Artıq usandım, gəl, yetər! 
 
Q ı z 
 
(acı fəryad ilə) 
 
Annəciyim!.. Ah, nerəyə? 
 
Ə r ə b 
 
Sən də bacın kibi gəbər! 
Qızlar məhkumdur hiçliyə! 
 
Q ı z 
 
(yalvarır) 
 
Aman, babacığım, aman!  
 
Ə r ə b 
 
Gəl, yetər!.. 
 
(Hiddətlə sürüklər) 
 
Q ı z 
 
(qorqaraq çığırır) 
 
Ah, annəciyim! 
 
Ə r ə b 
 
Gəl, ölümdür sənin cəzan, 
Artıq yoq fəzlə ətməyim. 
 
Q ı z 
 
Ah, bıraq, anamı bir də 
Görəyim, sonra vur, öldür. 
 
Ə r ə b 
 
Haydı sən dəf’ ol, gəbər də, 
O da həsrətindən ölür. 
 
(Boş məzarın içinə atar) 
 
Q ı z 
 
Ah! 
 
Ə r ə b 
 
(məzarın üzərini iki-üç böyük daşla qapar) 
 
İştə... Sus, yetər, bana 
Qız evladı lazım deyil. 
 
Q ı z ı n s ə s i 
 
Annəciyim... 
 
Ə r ə b 
 
(mütəəssir) 
 
Bədbəxt ana... 
Şimdi yavrusundan qafil... 
 
(Peşiman və məhzunca bir tevrlə əli alnında düşünür, sonra) 
 
Ah, nə duyğusuzmuş Tanrım, 
Bir gün taleyim gülmədi. 
Niçin, bilməm, niçin qarım 
Qız doğururkən ölmədi?! 
 
(Qızğın və sinirli) 
 
Xayır, bən oğuldan başqa 
Evlad istəməm, istəməm. 
Qız və qadın insanmı ya? 
Yoq, bən qıza evlad deməm. 
 
(Kinli adımlarla çəkilib gedər. O getdiyi kibi, S ə i d ilə X ə t t a b qızı təlaş ilə qapıyı açıb çıqarlar) 
 
X ə t t a b q ı z ı 
 
(Səidə) 
 
Aman, durma, nerdə olsa 
Peyğəmbəri get, ara bul! 
Ah, qardaşım onu bulsa, 
Hiç sağ bıraqmaz, əmin ol! 
 
S ə i d 
 
Şaşırma, ey Xəttab qızı, 
Qardaşın gərçi qəhrəman.  
Peyğəmbər o imansızı 
Bir sözlə susdurur, inan! 
 

(II hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR