Slimfit
  1. ƏDƏBİYYAT

Hüseyn Cavid - Peyğəmbər/Dəvət (I hissə)

Hüseyn Cavid - Peyğəmbər/Dəvət (I hissə)
Sakura

Hüseyn Cavid - Peyğəmbər/Dəvət (I hissə)

DƏVƏT

 

Bir zaman sonra, Məkkədə geniş bir yol, uzaqda qara örtülü Kə’bə... Yol kənarında bütçü dükanı, qanbur bir ixtiyar əlində böyücük bir büt yonar. Dükanın önündə dəxi satış için bir qaç danə hazır büt qonulmuş... Qarşıda gözəl yapılı, böyük qapılı bir ev gözə çarpar. Evdən ud səsi eşidilir. 
 
 
İ x t i y a r 
 
(səsini eşidilən ud səsinə uyduraraq aşağıdakı şərqiyi söylər) 
 
Dün gənc idim, bu gün oldum ixtiyar, 
Hər zamanın bir hökmü, bir halı var; 
İnsanların ıssız ruhunda parlar 
Hər gün yeni bir büt, yeni bir tanrı... 
 
 
Dün bir səfil idim, bu gün bəxtiyar, 
Hər anın bir zevqi, bir məlalı var. 
Kəndi əlim, kəndi duyğum hazırlar 
Hər gün yeni bir büt, yeni bir tanrı... 
 
Ud susar. Bu sırada biri sadə geyimli T o p a l , digəri zəngin qiyafətli Nəim – iki 
müştəri gəlir. 
 
T o p a l 
 
Mərhəba, ixtiyar baba! 
 
İ x t i y a r 
 
Mərhəba, oğlum, mərhəba! 
Gəl baqalım nerdəsiniz? 
Artıq bizi tərk etdiniz. 
 
T o p a l 
 
(bütləri gözdən keçirir) 
 
Sorma, ixtiyar, hiç sorma, 
Könlüm pək darılmış sana. 
Səndən hər çeşit büt aldım, 
Uğursuz çıqdı, şaş qaldım. 
Oğul istədim, qız verdi, 
Ah, çəkilməz bu qız dərdi. 
 
N ə i m 
 
(məmnun qəhqəhəylə) 
 
Fəqət bil’əkis bənimki, 
Hiç bir zaman görmədim ki, 
Oğul istəyim, qız versin. 
Şükür, taleyim pək zəngin...  
Dört oğlum, tək bir qızım var. 
Qız deyil, bir ay parçası! 
Hər görən şaşırıb donar; 
Bir mələk, bir gül qonçası. 
 
Peyğəmbər dalğın və düşüncəli bir halda gəlir, onları dinlər. 
 
T o p a l 
 
Onunçin rəhmətli baban 
Nəim ad qoymuşdur sana. 
Bən adsız, səqət bir insan, 
Hər kəs Topal diyor bana. 
Pək uğursuz bənim tanrım, 
Hər yıl qız doğurdu qarım. 
Cümləsini diri-diri 
Gömdüm məzarə... Ah, biri 
Pək gözəldi, acımadım. 
Fəqət sonra oldum nadim. 
 
(Cibindən taxtadan yapılmış bir büt çıqarır, ixtiyarın önünə atar, sinirli və darğın) 
 
Hər kötülük iştə bundan, 
Şu bayquş bütdəndir, inan. 
 
İ x t i y a r 
 
Xayır, oğlum, küfr etmə, dur, 
Bənim əlim uğurludur. 
Həp qülbələr, kaşanələr, 
Ən müqəddəs bütxanələr 
Bən yapdığım sənəmlərlə 
Süslənmişdir... Bəni dinlə! 
 
(Əlində yonduğu bütü göstərir) 
 
Bunu al da, hiç bir zaman 
Bundan sana gəlməz ziyan; 
Oğul verir, sərvət verir, 
Tükənməz səadət verir. 
 
P e y ğ ə m b ə r 
 
(göyə doğru həyəcanlı) 
 
Ulu Tanrı, ey qüdrətli Yaradan! 
Bu sözlər həp sana qarşı bir isyan... 
Şu sayğısız azğınlara qorqu ver, 
Ah, acı da, bunlara bir duyğu ver. 
Bir göz ver ki, haq nurunu duysunlar, 
Bir könül ver, doğru yola uysunlar. 
 
(Ətrafındakılara) 
 
Vətəndaşlar! Yetər, sapqınlıq yetər! 
Yalançı kahinlər sizi məhv edər. 
Əcdadınız doğru yoldan sapmışlar, 
Daşdan, taxtadan büt yapıb tapmışlar... 
O mə’nasız yolu həp unutmalı, 
Unutmalı, haq yolunu tutmalı. 
Bütün mə’budların fevqində parlar 
Yalnız gözəgörünməz bir Tanrı var, 
Odur həp varlığın əvvəli, sonu, 
Bütün kainat təqdis edər onu. 
 
İ x t i y a r 
 
(sinirli) 
 
Yahu nə istərsin bəndən? 
Söylədiyin bütün saçma... 
Çəkil dükanın önündən, 
Müştəriyə əngəl olma! 
 
P e y ğ ə m b ə r 
 
Şu büt yapan əllərinlə 
Yarınki haq divanında 
Cavabın nə olur, söylə?  
 
T o p a l 
 
(istehzalı qəhqəhəylə) 
 
Görünməz allahı yanında 
Bizim əsla işimiz yoq, 
Çünki yüzümüz pək qara... 
 
P e y ğ ə m b ə r 
 
Əfv edər, onun lütfi çoq 
Peşiman olan qullara. 
 
N ə i m 
 
(sinirli) 
 
Ey, Abdulla oğlu! Artıq 
Dinləməkdən usandıq biz. 
 
P e y ğ ə m b ə r 
 
Günəş parlaqsa da, yazıq! 
Pərdələnmiş gözləriniz. 
 
N ə i m 
 
(qara örtülü evi göstərir) 
 
Yahu utan bir Kə’bədən, 
Kə’bədəki tanrılardan. 
Üç yüz altmış büt var ikən, 
Bir Tanrıya uymaz insan. 

P e y ğ ə m b ə r 
 
(Kə’bəyə işarətlə) 
 
Fəqət şu öydüyün məbəd 
Bir panayır[1] qaynağıdır: 
                                                             
 
Yoqsul ərəbçin müəbbəd 
Bir ticarət ocağıdır. 
Şu duyğusuz bütlər dəxi 
Dilsiz birər dəllal demək; 
Görünməz Tanrı halbuki 
Yersiz, yurdsuz olsa gərək. 
 
Bu sırada orta boylu, parlaq nasiyəli, qılıc quşanmış bir gənc Peyğəmbərə doğru gəlir. 
 
T o p a l 
 
İştə, Əbu Talib oğlu! 
 
N ə i m 
 
(Peyğəmbəri süzərək) 
 
Əvət, bunun əmoğlusu! 
 
(Əbu Talib oğluna) 
 
Yaqın gəl! Baban nüfuzlu, 
Şanlı bir nəslin ulusu... 
 
(Həyəcanlı) 
 
Məkkə xalqı: qadın, erkək 
Hörmət bəsliyordu ona. 
O da mərhəmət edərək, 
Böyük arqa oldu buna. 
Şimdi o ölmüş də bunun 
Yardımçısı, arqası yoq. 
Ögüt verin uslu dursun, 
Söylənib durmasın da çoq. 
 
Ə b u T a l i b o ğ l u 
 
Sizin duyğunuz həp sönük, 
Yarasa nurdan nə anlar?  
 
Tanrı elçisi pək böyük... 
Nə söylərsə hikməti var. 
 
N ə i m 
 
(qafasını oynataraq) 
 
Əvət, bildik sən də bunun 
Ayrılmaz bir kölgəsisin. 
Ar olsun sana, ar olsun! 
Gör kimsin, kimin nəsisin. 
 
Ə b u T a l i b o ğ l u 
 
(qılıcını yarıya qədər çəkər, qızğın bir tevrlə) 
 
Azğın hərif, sus! Yoqsa bu 
Qılıc həddini bildirir. 
 
P e y ğ ə m b ə r 
 
(qolundan tutub bir tərəfə çəkər) 
 
Gəl, ey Əbu Talib oğlu! 
Haq onlara cəza verir. 
 
Ə b u T a l i b o ğ l u 
 
(həyəcanlı) 
 
Ah, sanki beynimdəki qan 
Bir alevdir yaqar bəni, 
Şu cahillərdə yoq vicdan, 
Təhqir etdirmə kəndini. 
 
P e y ğ ə m b ə r 
 
Tanrı əmridir, əzizim, 
Alim, cahil eşitməli. 
İştə vəzifəmiz bizim 
Hər acıya səbr etməli... 
 
Ə b u T a l i b o ğ l u 
 
(əli qılıcının qəbzəsində titrər və qınına işarətlə) 
 
Lakin şu qılıc nə zaman 
Şu məhbəsdən qurtulacaq? 

P e y ğ ə m b ə r 

Bəklə, dur, böyük Yaradan 
Nə əmr etsə o olacaq. 
 
(Gedərlər) 
 
T o p a l 
 
Bən Əbu Talib oğlunu 
Bunca qəhrəman bilməzdim. 
Bir çocuq sanırdım onu, 
Cəsur deyilmi, ya Nəim?! 
 
N ə i m 
 
Cəsur, aslan kibi cəsur! 
Əvət, çoq ar olsun bizə, 
Biri çocuq, meydan oqur. 
Biri gülər dinimizə. 
 
T o p a l 
 
Görünür, yeni din için 
Az-çoq hörmət bəsləyən var. 
 
N ə i m 
 
Ona iman edənlərin 
Çoqu çocuqlar, qadınlar...  
 
T o p a l 
 
Əbu Bəkr için sözün nə? 
Can veriyor yeni dinə. 
 
N ə i m 
 
O da ağsaqal bir çocuq, 
Hiç kimsəyə tə’siri yoq... 
 
T o p a l 
 
(ixtiyarın əlindəki bütü göstərir) 
 
İxtiyar! Sən şunu yap da, 
Bən gedəyim, acıqmışım. 
 
İ x t i y a r 
 
Aqşam çağı uğrayıb da 
Alırsın, haydı, qardaşım! 
 
Gedərlər. Bu sırada yuca boylu, uzun və xurmayı saçlı, son dərəcə gözəl, məğrur və əzəmətli bir qız – Şəmsa kəndi həbəşi nədiməsilə gəlir, qarşıdakı evə daxil olur. İçəridən incə və həzin bir ud səsi eşidilməyə başlar. 

 

(1) -  P a n a y ı r – yılda 1-2 dəfə bir qaç gün dəvam edən böyük bazar

 

(II hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR