Slimfit
  1. ƏDƏBİYYAT

Hüseyn Cavid - İblis/Üçüncü pərdə (I hissə)

Hüseyn Cavid - İblis/Üçüncü pərdə (I hissə)
Sakura

Hüseyn Cavid - İblis/Üçüncü pərdə (I hissə)

Səhnə ilk pərdədə olduğu kibi ixtiyar şeyxin çardağını – qülbəsini göstərir. Şeyx dışarıda, çardağın altında təsbih çəkərək dalıb getmiş... 
 
Son bahar, öylə, sisli hava... 
 
X a v ə r 
 
(yaralı zabitin alnındakı və qolundakı sarğıyı açar) 
 
Çoq şükür, iştə həp sağaldı yaran, 
Baq, nasıl mərhəmətlidir Yaradan. 
 
Y a r a l ı z a b i t 
 
Ah, sağaldıqca artıyor kədərim, 
Bəni məhv eyliyor düşüncələrim 
Yadə gəldikcə ailəm, yurdum, 
Sarsılır istirahətim, uyqum. 
Hələ sən, ah sən! Sənin kədərin 
Bəndə bir iz bıraqdı xeyli dərin; 
Çünki yalnız bənimlə uğraşaraq, 
Aqibət düşdün Arifindən uzaq. 
 
X a v ə r 
 
Hiç məraq istəməz, xayır, haşa 
Bana sən mane olmadın əsla. 
Şu qəza doğdu bir təsadüfdən, 
Bəni tale ayırdı Arifdən. 
Bu sırada iki türk zabiti gəlir. 
 
İ x t i y a r 
 
Mərhəba! 
 
B i r i n c i z a b i t 
Mərhəba, əfəndi baba!  
 
İ k i n c i z a b i t 
 
Qülbənizdə su varmıdır əcəba? 
 
İ x t i y a r 
 
Vardır, əlbəttə, həm də xeyli sərin, 
Buyurun, bir qədər də rahət edin. 
 
İçəri girərlər. Ixtiyar su döküb verir. Xavərlə yaralı zabit bir guşəyə sıqılıb durur. 
 
B i r i n c i z a b i t 
 
Pək sıcaq, qalmamış təvan artıq, 
Ayrılıb ordudan fəna susadıq. 
 
Alnının tərini silib sudan içər. İxtiyar ikinci zabit için də döküb vermək istər. 
 
İk i n c i z a b i t 
 
Dur, babam, dur, aman, rica edərim. 
 
(kəndisi döküb içər) 
 
B i r i n c i z a b i t 
 
(yaralı zabiti süzərək) 
 
Bana baq, ixtiyar, şu zabit kim? 
 
İ x t i y a r 
 
Bir əsir, iştə ordudan aralı. 
 
X a v ə r 
 
Kimsəsiz bir zavallıdır, yaralı. 
 
İk i n c i z a b i t 
 
Bir lehistanlıdır bu, ya bir rus.  
 
B i r i n c i z a b i t 
 
Kim bilir, bəlkə, bəlkə bir casus. 
 
Y a r a l ı z a b i t 
 
Əfv edərsin, xayır, nə bir rusum, 
Nə lehim bən, nə kirli casusum. 
Bir müsəlman, qazanlı bir türküm, 
Bəncə bir ya həyat, yaxud ölüm. 
 
B i r i n c i z a b i t 
 
Başqa millətdən olmuş olsaydın, 
Yenə mümkündü əfvin... Ah, azğın! 
Türk olub türkə atəş etmək için 
Yalınız bir cəzayə layiqsin. 
O da e’dam... 
 
X a v ə r 
 
(təlaş və həyəcan ilə) 
 
Aman, əfəndim, inan, 
O deyil öylə suçlu bir insan. 
 
İ x t i y a r 
 
Xayır, evladım, olmayın əsəbi, 
Başqa, pək başqadır onun qəlbi. 
 
Y a r a l ı z a b i t 
 
(acı qəhqəhələrlə) 
 
Nə tuhaf! Ta küçük yaşımdan bən 
Millətimçin zəfərlər özlərkən, 
Iştə tale! Bənim asılmam için, 
Şimdi siz hökm edərsiniz, lakin, 
Sizə bən vermək istəməm zəhmət...  
 
(Dərhal cibindən bir tabança çıqarır və kəndi qafasını nişan alır.) 
 
X a v ə r 
 
Ah, aman!.. 
 
İ k i n c i z a b i t 
 
(onun biləyini yaqalar) 
 
Dur, təlaşə yoq hacət. 
 
İ x t i y a r 
 
Ah, çılğın, bütün cihan çılğın! 
Bu günün arqasında yoqmu yarın? 
 
Bu sırada bir qara ə r ə b z a b i t i gəlir, məmnun və laübali qəhqəhələrlə gülməyə 
başlar. 
 
B i r i n c i z a b i t 
 
Nə imiş arqadaş, nə var, nə xəbər? 
Varmıdır yoqsa başqa fəthü zəfər? 
 
Ə r ə b z a b i t i 
 
(daha çılğınca qəhqəhələrlə) 
 
Bitdi artıq bütün səfərbərlik, 
Bitdi həp qəhrəmanlıq, əskərlik. 
İştə rahət zamanı gəldi bizə, 
Dönüyor ordu kəndi ölkəmizə. 
 
B i r i n c i z a b i t 
 
Niçin, anlat, niçin bu? 
 
(ətrafa) 
 
Ah, canavar!  
 
Ə r ə b z a b i t i 
 
Açıvermiş hüdudu bolqarlar, 
Kevkəbi-tale, eyləmiş də üful, 
İngilislərlə dolmuş İstanbul. 
 
(Hər kəsdə təəssür və heyrət). 
 
Y a r a l ı z a b i t 
 
Sus yetər, ah, xain alçaq, sus! 
 
Ə r ə b z a b i t i 
 
(istehzalı və məmnun qəhqəhə ilə) 
 
Sanki bən susdum, öylədir əfsus. 
 
B i r i n c i z a b i t 
 
Bu hərif iştə daima bayquş. 
 
İ k i n c i z a b i t 
 
Zənn edərsəm, o həm də pək sərxoş... 
 
Y a r a l ı z a b i t 
 
(sinirli və qızğın) 
 
Ah, ərəb, cismi, ruhu, qəlbi ərəb, 
Həm də məmnun... nədir bu halə səbəb? 
 
(acı qəhqəhədən sonra) 
 
Ya! O sərxoşmu? Yoq, inanma, xayır. 
İştə! 
 
Dərhal qəlbgahindən nişan alır, tabança açılır.  
 
Ə r ə b z a b i t i 
 
Ah! 
 
(Deyə sol əli ilə yarasını tutar, sağ əlilə cibindən tabançayı çıqarıb 
qarşı qoymaq istərsə də müvəffəq olamaz. Silahı hiddətlə bir tərəfə 
atar və iztirablar içində tərki-həyat edər) 
 
Y a r a l ı z a b i t 
 
İştə baq, nasıl ayılır? 
 
Bu sırada dışarıdan İblisin məmnun və sürəkli qəhqəhələri eşidilir. 
 
İ x t i y a r 
 
Sən nə yapdın, nədir bu hal, oğlum! 
 
Y a r a l ı z a b i t 
 
Sadə, bir bayquş ağzı susdurdum. 
 
(zabitlərə) 
 
Bir qüsur iştə, bulsanız haqsız, 
Bəni e’dama şimdi haqlısınız. 
 
(Əlindəki silahı təqdim edər) 
 
B i r i n c i z a b i t 
 
(silahı rədd ilə) 
 
Bu xəbərdən sevinci çoqdu onun, 
Ona layiqdi müжdə bir qurşun. 
 
İ k i n c i z a b i t 
 
(istehzalı təbəssümlə) 
 
Pək yorulmuşdu hərbdən, əlbət, 
Etmək istərdi bir qədər rahət.  
 
Y a r a l ı z a b i t 
 
Daha durmaq xəta, həmən gedəlim, 
Bu xəbər düz də olsa fərz edəlim, 
Bir mücahid dönərmi əzmindən? 
Ah, bən şimdi ölmək istərkən 
Yaşamaq istərim də bir müddət... 
 
B i r i n c i z a b i t 
 
Biz yaşarsaq, əvət yaşar millət. 
Bu halda dışarıdan aşağıdakı marş eşidilir. 
 
M a r ş 
 
Türk oğlu sözündən dönməz, 
Məhv olur da sürüklənməz. 
Həp yüksəlmək dilər, enməz, 
Çarpışır yaşar. 
Yurdumuzun arslanları, 
İzlər durur düşmanları, 
Fırtınalı dənizvarı 
Hər coşub daşar. 
Əngin fəza çardağımız 
Al şəfəqlər bayrağımız, 
Qorqu bilməz oymağımız, 
Haq için qoşar. 
 
 

(II hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR