Slimfit
  1. ƏDƏBİYYAT

Hüseyn Cavid - İblis/İlk pərdə (III hissə)

Hüseyn Cavid - İblis/İlk pərdə (III hissə)
Sakura

Hüseyn Cavid - İblis/İlk pərdə (III hissə)



İntiqam! İntiqam!.. 

Arif 

Aman, bu nə hal? 

Rəna 

Babamın kim bulursa qatilini, 
Ona bən səcdə eylərim ələni. 
Bəni çöllərdə gəzdirən duyğu, 
İntiqam eşqi... həp bu, yalnız bu. 

Arif 

Görünür, sizcə bəllidir qatil? 

Rəna 

Xayır, əsla bilinmiyor o səfil, 
Diyor İbn Yəmin: “İnan bana sən, 
Bulurum nerdə olsa qatili bən.” 

Arif 

Bəncə, bir hiylədir bu,dinləmiyin. 

Xavər 
(dəstiyi gətirir, töküb Rənayə verir) 

Buyurun, pək gözəl su, həm də sərin... 
İbn Yəmin 

(İxtiyar və çavuşla bərabər dönər, su içməkdə olan Rənayə) 

Gedəlim! 

Rəna 

(qalqar, qülbədəkilərə) 

Xeyli razıyım sizdən. 

Çavuş çantayı alır. 

İbn Yəmin 

Gər nəsib olsa, evdət eylərkən 
Qalırız burda bəlkə üç-beş gün. 

İxtiyar 

Ah, o günlər bizimçin ən xoş gün... 

Hər üçü çıqar, İxtiyar ilə Xavər də onları izlər. 

Xavər 

(Rənayə) 

Gəlişin pək gözəl, fəqət gedişin 
Umulur şey deyildi... 

Rəna 

Allah için, 
Yetişir, fəzlə zəhmət etməyiniz. 

Xavər 

Nə olur, mümkün olsa, getməyiniz! 

Arif 

Getmə, pək doğru, getmə sən, Rəna! 

(məhzun və sarsılmış bir halda iskəmləyə oturur) 

Xavər 

(geri dönər) 

Söylə, Arif, nə var, nə oldu sana? 

Arif 

Ah, o, Rəna, o nazlı heykəli-nur 
Sanki qarşımda çırpınıb duruyor. 
Ona bən yardım etməsəm, gerçək 
Bəni vicdan əzabı məhv edəcək. 

Xavər 

İki söz sormaq istərim sana bən, 
Əcaba, hiç sevərmisin onu sən? 


Arif 

Sevərim başqa bir məhəbbətlə, 
Əski, pək əski hissi-hörmətlə... 

Xavər 

Yoq, inanmam, xayır, bu pək yanlış... 
O nə halət, nədir o səs, o baqış? 
Sanki bir inqilab içində sənin 
Çırpınıb durmaq üzrə həp bədənin. 

Arif 

Sən də Arif qədər düşünsəydin 
Ki, nələr yapmaq istər İbn Yəmin, 
Büsbütün sarsılırdı vicdanın, 
Heyrətindən həmən donardı qanın. 

Bu sırada Vasiflə arqadaşı küçük zabit, silahsız olaraq, yaralı bir rus zabiti gətirirlər. 

Vasif 

(küçük zabitə) 

Daha dur, tabı qalmamış artıq. 

İxtiyar 

(onların arqasından yetişib, yardım edər) 

Yaralanmışmı? Ah, zavallı, yazıq... 
Gətirin, bir qədər rahatlansın. 

Arif 

Ya əsir olmalı o, ya qaçqın. 

Vasif 

Xəstə bir rus əsiri, həm yaralı. 

İxtiyar 

Gəl qızım, tez sarıb da bağlamalı. 

(İxtiyarla Xavər yaralının alnını və qolunu sarıb içəri odaya götürürlər.) 

Arif 

(Vasiflə küçük zabitə) 

Ah, nə munis, nə mərhəmətlisiniz; 
Nerdə rast gəldiniz şu zabitə siz? 

Vasif 

Pək yaqınlarda, yol kənarində, 
Baqdıq, əhvalı xeyli pəjmürdə. 

Küçük zabit 

Bir əsir iştə, düşman olsa belə, 
Yenə lazım müavinət edilə. 

Arif 

Həp şu xislətdə olsa cinsi-bəşər 
Hiç görülməzdi bunca vəhşətlər. 

(sol qapıdan içəri keçər) 

Küçük zabit 

Vasif! Düşünür, həp düşünürsün, bu nə halət? 
Məcnun olacaqsın bu təbiətlə nihayət. 

Vasif 

Bulmazsam əgər İbn Yəmin xaini, əlbət - 
Əlbət, qalır üstümdə şu çılğınca təbiət! 
Rəna, hələ Rəna!.. Onu iğva nə deməkdir? 
Bir alçağa layiqmi o gülqönçeyi-bakir? 

Küçük zabit 

Türk ordusu ətrafə bu gün həmlə edərkən, 
İranə və ya Qafqaza imdadə gedərkən, 
Rus ordusu durmaz, çəkilirkən önümüzdən, 
Vasif! Nə rəvadır ki, şu parlaq günümüzdən 
Feyz almayaraq, biz olalım qəflətə mail, 
Satmaz, satamaz milləti şəxsiyyətə aqil. 

Vasif 

Əfsus ki, hiçdir sonu, türk ordusu varsın, 
İstərsə bütün Hindi də, Əfğanı da sarsın, 
İstərsə bütün qarşı çıqan manei yıqsın, 
Turanı basıb bağrına Altaylara çıqsın, 
Mümkün deyil,əsla olamaz naili-amal, 
Etdikcə xəyanət əli bu milləti pamal. 

Küçük zabit 

Lakin saparaq başqası eylərsə xəyanət, 
Seyr eyləyərək, həp baqa dursunmu şu millət? 

Vasif 

Türk ordusu daim basaraq ölkələr almış, 
Ən sonra siyasətdə basılmış da bunalmış. 
İdrakı sönük başçıların qəfləti ancaq 
Etmiş, edəcək milləti həp əldə oyuncaq. 
(ani bir düşüncədən sonra kəskin və şiddətli) 

Turana qılıcdan daha kəskin ulu qüvvət, 
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət. 
(geri dönməkdə olan Arifə) 

Yahu, buradan kimdi bir az öncə keçənlər? 

Arif 

Bir atlı ərəb zabiti, bir qızla bərabər... 

Vasif 

Gördünmü? Gecikdik də qaçırdıq avı əldən. 

Küçük zabit 

İnsan nə qədər qaçsa da, qurtulmaz əcəldən. 

Vasif 

Gəl, durma, hənuz əldə bir az fursətimiz var. 

Küçük zabit 

(yarımqəhqəhə ilə) 

Artıq sən əmin ol, bu gün avcundadır onlar. 

Hər ikisi yüngül təmənnalarla qülbədən çıqar və sürətli adımlarla İbn Yəmin hərəkət etdiyi tərəfə doğru yürürlər. Arif durduğu yerdə baqa qalır. Şaşqınlıqla qarışıq böyük bir hüzn və kədər ruhunu sarmağa başlar. Bu sırada səhnənin işığı azalır. İblis stehzalı və şiddətli qəhqəhələrlə qarşısına çıqar. 

Arif 

Dəf ol, yenə gəldinmi? 

İblis 

...Əzizim, çocuq olma! 
Arif! Bana baq, əczi bıraq, hissə qapılma. 
Çarpışmaq için lazım ikən mərdə cəsarət, 
Bilməm, niçin olmuş sana qalib əsəbiyyət? 
Bən həpsini duymaqdayım, inkar nə lazim; 
Rəna, o sənin şimdi bütün ruhuna hakim, 
Hakim o sənin hissinə, idrakinə... əfsus 
Ayrılsan izindən olur əğyar ilə mənus... 

Arif 

Qandırmaq için Arifi həp nafilə israr, 
Hər halda xainsin, inanmam sana, zinhar... 

İblis 

Lakin şu inadınla pərişan olacaqsın, 
Bir gün gələcəkdir ki, peşiman olacaqsın, 
Əfsus, nədamət sana verməz səmər əsla. 

(əlində bir tapança ilə bir kisə altın tutaraq) 

Al bunları... bas bağrına, Arif, eyi saxla! 
Bunlar edəcək etsə, nihayət, səni məsud, 
Al! İştə bu atəş, bu da ən sevgili məbud! 

(tapançayı bir kərə havaya boşaltaraq) 

Al! İştə bu atəşlə gəlir qəlbinə qüvvət, 
Yalnız bu verir qarşı duran xəsminə dəhşət. 

(kisədəki altınları səsləndirib oynadaraq, Arifə verir) 

Baq, səsləniyor, iştə sədayi-pəri-Cəbril! 
Bunsuz olamaz kimsə, inan, məqsədə nail. 

Arif 

(İblisin vermiş olduğu tapancayı və altınları yerə atar, son dərəcə qızğın və usanmış bir halda) 

Dəf ol, yetişir, eyləmə əsla bəni təltif! 
Möhtac deyil altına, ya qurşuna Arif. 

İblis 

Təkrar edərim, zəfi bıraq, aldanıyorsun, 
Həp aldanıyorsun, bana baq, aldanıyorsun! 

(qəhqəhələrlə çəkilir) 

Arif 

(tərəddüd və düşüncədən sonra) 

Heyhat, o mələk qəhr edilirkən, 
Layiqmi durub seyr edəyim bən? 

(kəskin bir əzmlə) 

Yoq, getməliyim, həm də bu saət, 
Bəndən ona hörmət və məhəbbət... 

(ridasını, “pelerin” və fəsini alıb həmən dışarı fırlar) 

İblis 

(gəlir, istehzalı qəhqəhələrlə) 

Get, lakin o hörmət və məhəbbət 
Bir gün doğurur qanlı ədavət. 
Get, bəllidir insandakı xislət; 
Sizlərdəki ülfət — sonu vəhşət, 
Sizlərdəki şəfqət — sonu nifrət, 
Sizlərdəki rəhmət — sonu lənət!.. 

(sürəkli qəhqəhələr...) 

Pərdə

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR