Slimfit
  1. ƏDƏBİYYAT

Hüseyn Cavid - İblis/İlk pərdə (I hissə)

Hüseyn Cavid - İblis/İlk pərdə (I hissə)
Sakura

Hüseyn Cavid - İblis/İlk pərdə (I hissə)

Bağdad civarında ağaclıq, mənzərəli bir guşə... Bir tərəfdə dışarısı yeşilliklərlə mühat bir çardaq, içərisi həsirlə döşənmiş sadə bir qülbəcik... Qülbənin iki pəncərəsi, sağda, solda və qarşıda birər qapısı var. Taqçada bir taqım kitablar nəzərə çarpar. Ağustos, ikindi çağı... Pərdə açıldıqda Arif bir tərəfdə, taxta bir karyola üzərində əlinə təkyə edərək, uzanıb düşüncəyə dalmış, səhnə qaranlıq, ətrafda göy gurultusu, şimşək çaqışı, tranpete sədaları, top, tüfək, bomba patlayışları... Qarşıda, səhnənin nihayətində iki böyük göz (pəncərə) atəşlər, alevlər içində dəhşətli bir müharibə təsvir edər. Bir qaç zabit əldə durbin müharibə komandasilə məşğul... Gözlərin birində İblis, digərində Mələk görünür. Gurultudan sonra sükut...

İblis 

(məmnun qəhqəhələrlə) 

Dəryalarə hökm etmədə tufan, 
Səhraları sarsıtmada vulkan, 
Sellər kibi aqmaqda qızıl qan, 
Canlar yaqar, evlər yıqar insan... 

(qəhqəhə) 

Mələk 

Yarəb, bu nə dəhşət, nə fəlakət? 
Yarəb, bu nə vəhşət, nə zəlalət? 
Yoq kimsədə insafü mürüvvət, 
İblisəmi uymuş bəşəriyyət!? 

İblisin müstəhzi və sürəkli qəhqəhələrilə bərabər yenə göy gurultusu, top, mitralyoz sədaları başlar. Sonra sükut...

İblis 

(çılğın qəhqəhələrlə) 

Toplar veriyor aləmə dəhşət, 
Dəhşət!.. Qopiyor sanki qiyamət, 
Yağmur kibi göydən yağar atəş!.. 
Atəş!.. Qaralar, dalğalar atəş!.. 

Mələk 

Yarəb, azacıq lütfü inayət! 
Qəhr olmada artıq bəşəriyyət. 
Başdan-başa həp yer yüzü vəhşət, 
İblis ilə həmrəngi-siyasət. 

Gözlər qapanır, səhnə aydınlaşır. 

Arif 
(Uyqudan oyanır kibi alnını və gözlərini ovuşdurur. 
Yerindən qalqar, göyə doğru) 

Dünyaları yoqdan yaratan, ey ulu tanrı! 
Ey xaliqi-hikmət! 
Duyduqca, düşündükcə olur qəlbimə tarı 
Bin şübhəli illət. 
Duyduqca, əvət, pərdəli hikmətləri hər an, 
Bin dürlü həqiqət, 
Bin dürlü müəmmalı həqiqət bana xəndan, 
Həpsində də zülmət... 
Bülbüllərin əlhanı, çiçəklərdəki əlvan 
Ya şöleyi-əcram, 
Olmaz şu bənim çıldıracaq könlümə əlan 
Bir mənbəi-ilham. 
Ey varlığı yoq, yoqluğu vardan daha dilbər! 
Ruhum səni izlər. 
Lütf et, o gözəl çöhrəni bir an bana göstər, 
Könlüm səni özlər. 
Uydum da peyəmbərlərə, qanunə, kitabə, 
Duydum yenə qəsvət. 
Başdan-başa həp qəhrü qəzəb, tövbə-inabə, 
Həp zəfə əlamət... 
Hər fəlsəfə bir vəlvələ, həp tatlı xəyalat, 
Yoq rəhbəri-vicdan. 
Sənsiz doğamaz qəlbimə, vicdanıma heyhat, 
Bir şöleyi-irfan. 
En gəl bana, yaxud bəni yüksəklərə qaldır, 
Gəzdir qonağında. 
Yerlərdə süründüm, yetişir, göylərə qaldır, 
Dindir qucağında. 
Qaldır bəni, bir seyr edəyim xoşmu, gözəlmi
Cənnətdə mələklər? 
Qaldır bəni, ta görməyim insandakı zülmi, 
Baq, yer yüzü inlər. 
Yarəb, bu cinayət, bu xəyanət, bu səfalət 
Bulmazmı nihayət? 
İnsanları xəlq etmədə var bəlkə də hikmət, 
İblisə nə hacət?! 

Yorğun və düşüncəli bir halda iskəmləyə oturur. Dərhal səhnənin işığı azalır. İblis sürəkli və istehzalı qəhqəhələrlə yerdən — alevlər içindən çıqar. Yaldızlı və əflatuni ridasının ətəkləri hərəkət etdikcə atəşrəng sima və əlbisəsi parlar, durur. 

İblis 

Arif! Bana baq, səndəmi evhamə qapıldın? 
Biçarə çocuq, səndəmi İblisə taqıldın? 
Dahilər, ululəzm nəbilər belə bəndən 
Hiç vəchlə təxlisi-giriban edəməzkən 
Daim bəni təhqir edərək əyləniyorsun... 
Həp söyləniyor, söyləniyor, söyləniyorsun... 
Bir gün gəlir, əlbəttə, şu izan ilə sən də 
Bazicə olursun qoca İblisin əlində. 
İblis, o böyük qüdrət, o atəşli müəmma 
Bir gün səni də kəndinə eylər kölə... amma 
Heyhat, olamaz dərdinə bir kimsədən imdad, 
İmdadə qoşar, qoşsa fəqət ah ilə fəryad. 

Ridasının ətəklərini Arifin yüzünə sürər, laübali qəhqəhələrlə çəkilib gedər. Səhnə aydınlaşır. 

Arif 

(şaşqın, sinirli bir tevr ilə saçlarını qarışdırır, içəri 
girməkdə olan İxtiyara həyəcanlı və müztərib) 

Gəl, gəl bana! Gəl, eylə bənim dərdimə çarə! 

İxtiyar 

Oğlum, yenə dərdin nə imiş, söylə, nə çarə? 

Arif 

(acı təbəssümlərlə) 

Yar beynimi, aç qəlbimi! Eyvah, açamazsın, 
Qaç bəndən uzaqlaş, xayır, əsla qaçamazsın. 
Bən çılğınım artıq, bana yaqlaşma, kənar ol, 
Gəl, qaçma, xayır, dərdimə lütf et də, dəva bul. 

İxtiyar 

Oğlum, mədəni aləmi nifrətlə bıraqdın, 
Gəldin şu cədəlsiz, bədəvi aləmə çıqdın. 
İnsandakı haqsızlığı, zülmü unut artıq, 
Qəlbindəki nifrətləri, vəhşətləri yaq, yıq. 
Yüz, bin deyil İblisə uyan... həp bəşəriyyət 
Etmiş bu gün ev yıqmağa, qan içməyə adət. 
Arif! Unut, oğlum, unut artıq bəni, dinlə, 
Sən kəndini məhv eyləyəcəksin bu gedişlə. 

Arif 
(acı qəhqəhələrlə) 

Mümkünmü unutmaq?! Dayanılmaz buna əsla, 
Əsla dayanılmaz şu böyük vəhşətə... zira, 
Yalnız deyil insanlara, vəhşilərə sorsan, 
Onlar belə insandakı vəhşiliyə heyran. 

(göyə doğru, sinirli və həyəcanlı) 

Bilməm şu cinayət, şu xəyanət, şu fəlakət 
Bitməzmi, ilahi! Bu qədər səbrə nə hacət? 

(çılğın ) 

Ver, bir buyuruq ver də cəhənnəmlər açılsın, 
Coşsun, bütün atəşləri dünyaya saçılsın. 
Yaqsın da, şu zalım bəşərin yurdunu yıqsın, 
Həp yer üzü bir ah olaraq göylərə çıqsın. 

Bu sırada dəhşətli göy gurultusu başlar. Gurultu ilə bərabər İblisin şiddətli qəhqəhələri eşidilir. İxtiyar məyus və düşüncəli bir halda qülbədən çıqar. Arif əli alnında olaraq gurultu və qəhqəhələri dinlər. Eyni zamanda səhnənin işığı azalır. İblis arifin qarşısına keçi verir. 

Arif 
(fəsini qoyaraq, şaşqın) 

Kimsin, nəçisin? Söylə, nədir fikrü məramın? 
Nerdən gəliyorsun, nə imiş şöhrətü namın? 

İblis 

(məğrur qəhqəhələrlə) 

Bən şimdi bir atəş, fəqət əvvəlcə mələkdim, 
Həp xaliqə təsbih idi, təhlil idi virdim. 
İlk öncə mələklər bəni təqdis ediyordu, 
Adəm kibi bir sayğısız axır ləkə vurdu. 
Alçalmadı, yüksəldi fəqət şöhrətü şanım, 
Allah ilə bir zikr edilir namü nişanım. 

Arif 

Artıq yetişir, anladım, izahə nə hacət? 
Qarşımdakı İblis imiş, eyvah, nə dəhşət! 
Həp qəhr oluyorkən şu cihan xain əlinlə, 
Bilməm nəyə gəldin, nəyə gəldin, bana söylə! 

İblis 

Baqdım, əziyor ruhunu həp qeydi-əsarət, 
Gəldim edəyim ta səni hürriyyətə dəvət. 
Baqdım, səni məhv etmədə bin dürlü xəyalət, 
Gəldim verəyim qəlbinə bir nuri-həqiqət. 

Arif 

Uymam sana, hər mələnətin bəncə əyandır, 
Dəf ol da, get, azğınları, sapqınları qandır. 
Hürriyyətə əsla bəni sən irdirəməzsin, 
Bir zülmət ikən nuri-həqiqət verəməzsin. 

İblis 
(istehzalı qəhqəhələrlə) 

Lakin bu xəta... Atəşi zülmət sanıyorsun, 
Sən arif ikən, halbuki, pək aldanıyorsun. 
Zülmət deyilim, iştə bənim hər sözüm atəş... 
Atəş, özüm atəş, yüzüm atəş, gözüm atəş. 

Arif 

Bən nurə fəqət talibim, atəş nəmə lazim?! 

İblis 

Atəşsiz, inan, nur olamaz sabitü qaim. 
Atəş, günəş atəş, bəşəriyyət bütün atəş, 
Hər bir hərəkət, məbdəi-xilqət bütün atəş... 
Zərdüştü düşün, fəlsəfəsi, fikri, dəhası 
Həp atəşə tapdırmaq idi zümreyi-nası. 
Yalnız bunu dərk etdi o əllameyi-məşhur, 
Yalnız o böyük baş şu böyük kəşflə məğrur... 

Arif 

(sinirli) 

Məhv olsa da həp bənliyim uymam sana, dəf ol! 

İblis 

Durmam, gedərim... 

(qəhqəhə ilə çəkilir) 

Arif 

Haydı, çəkil, iştə açıq yol!.. 

(Fəsini bir tərəfə atıb əsəbi hallar keçirir. Səhnə 
aydınlaşır) 

Xavər 

(gəlir, həyəcan və təlaş ilə) 

Söylə, Arif! Aman nə oldu yenə, 
Yenə kimlər göründü gözlərinə? 

Arif 

Sorma, hiç sorma, nazənin Xavər, 
Bəni məhv etdi iztirabü kədər. 

(onu qolları arasına alır) 

Sən, əvət, sən də olmasan, heyhat! 
Bəni bir gün boğar şu qanlı həyat. 
Ah, o gözlər bilirmisin nə diyor? 

Xavər 

Nə diyor, söylə... 

Arif 

Ruhu cəzb ediyor, 
Söylüyor əski xatiratı bana. 

(ətrafa) 

Sanki qarşımdadır gözəl Rəna. 

Xavər 

Bana baq, səndə gizli bir söz var... 

Arif 

Onu hiç sorma, sevgilim! 

Xavər 

(ətrafa) 

Qəddar! 

Bu sırada İxtiyar ilə bərabər İbn Yəmin, Rəna, zənci çavuş və bir əskər, əlində ufaq bir çanta daxil olurlar. 

 

(II hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR