Slimfit
  1. ƏDƏBİYYAT

Hüseyn Cavid - İblis/Dördüncü pərdə (II hissə)

Hüseyn Cavid - İblis/Dördüncü pərdə (II hissə)
Sakura

Hüseyn Cavid - İblis/Dördüncü pərdə (II hissə)

Kanto 
 
Bən bir qızım, həp ruhumu yaldızlar 
Gündüz çiçəklər, gecələr yıldızlar. 
Qarlı dağlar bənim, 
Yeşil bağlar bənim, 
Bənsiz quşlar uçmaz, 
Bənsiz güllər açmaz. 
 
Dün bir çoban sevdim pınar başında, 
Bir əksiyi yoq gözündə, qaşında. 
Fələk ayrı saldı, 
Bən köçdüm, o qaldı, 
Şimdi bənsiz yaşar, 
İrmaq kibi coşar. 
 
Of, bir qayğı bilməz çingənəyim bən, 
Güldən-gülə uçan pərvanəyim bən, 
Unut, yavrum, unut, 
Baq, iştə hər bulut, 
Söylər unut onu, 
Çünki hiçdir sonu... 
 
Rəqs bitmək üzrə ikən şiddətlə göy gurlar. İblis ağaclar arasından çıqar. 
 
İ b l i s 
 
(Məmnun qəhqəhələrlə) 
 
Bir levhə ki, iştə pək bəyəndim. 
 
E l x a n 
 
Yahu, səni kim bıraqdı?.. 
 
İ b l i s 
 
(məğrur bir tevr ilə əlini köksünə qoyaraq) 
 
Kəndim!  
 
A r i f 
 
(Elxana) 
 
Bir mürşid o, sahibi-kəramət. 
 
(İblisin əlini öpər) 
 
Xoş gəldin, aman, nə mutlu saət!.. 
 
R ə’ n a 
 
(dəxi öpər) 
 
Yormuş sizi şübhəsiz bu yollar. 
 
İ b l i s 
 
(yarımqəhqəhə ilə) 
 
Yoq, zənn edərim ki, səhviniz var, 
Dağ, daş, uçurum, dəniz və orman 
Əngəl olamaz önümdə bir an, 
Bir şəhpər açıb da nagəhani, 
Bən teyy edərim bütün cihanı. 
 
E l x a n 
 
Kimsin, əcəba, səndə ki var böylə məharət? 
 
İ b l i s 
 
Bən hiçlə doğan bir ulu qüvvət, ulu qüdrət, 
Bir qüdrəti-külliyyə ki, aləm bana bədxah, 
Dünyadə əgər varsa rəqibim o da: Allah!.. 
 
(qəhqəhə)  
 
Hər din ilə, məzhəblə, siyasətlə cihanda 
Hər fırtına qopmuşsa, əvət, bən varam orda. 
Hər yerdə ki, vardır əzəmət, qəhr ilə dəhşət, 
Hakimdir o yerlərdə şu qarşındakı xilqət. 
 
E l x a n 
 
Çöhrəndə, əvət, nuri-dəha olmada məşhud, 
Derdim, bən əsatirə inansam, sana mə’bud. 
 
İ b l i s 
 
(laübali qəhqəhə ilə) 
 
Mə’bud deyil, aləmi sarsan ulu mevcud; 
Mevcud deyil, bəlkə vücudi-ədəmalud. 
 
E l x a n 
 
Olduqca müşəvvəşsə də əfkarü məqalın, 
Bir abidi pək andırıyor zahiri-halın. 
 
İ b l i s 
 
Röya kibi hər an olaraq zahirü qaib, 
Bən Şərqdə abid olurum, Qərbdə rahib. 
Bir qazi olub, gah edərim, fitnələr icad, 
Bir mürşid olub, gah edərim aləmi bərbad; 
Bə’zən olurum bir papa! Cənnət satarım bən, 
İsa dirilib gəlsə də qorqar qəzəbimdən. 
Xilqətdəki hər məsələ, hər nöqteyi-mevhum, 
Hər fəlsəfə, hər məzhəbü məslək bana mə’lum, 
Bə’zən olurum bir çoban, azadə bir insan, 
Bə’zən olurum zülmü fəsad aşiqi sultan, 
Bir piri-zəbun olduğum əsnadə dilərsən, 
Təbdili-qiyafətlə həmən gənc olurum bən.  
 
Səhnənin ışığı çəkilir, göy gurlar. İblis omuzundakı əbayı, başındakı sərpuşu və uzun, ağ saqalını qoparıb atar. Səhnə yarım aydınlaşır. İlk pərdədəki əzəmət və dəhşətilə, qorqunc və sürəkli qəhqəhələrilə hər kəsi heyrətdə bıraqmış olur. 
 
Ə t r a f d a k ı l a r 
 
(qorqu və heyrətlə geri çəkilərək) 
 
Ah, iştə fəlakət!.. O nə surət?.. Nə qiyafət?.. 
 
E l x a n 
 
(onlara) 
 
Yoq, zənn edərim, bunca təlaş etməyə hacət. 
 
A r i f 
 
Eyvah! Ona yaqlaşmayın əsla, odur İblis; 
İblis o, əvət, cümlə fəlakətlərə bais... 
 
(Getdikcə acı və əsəbi hallar keçirir) 
 
İ b l i s 
 
(heyrətli qəhqəhələrlə ətrafa) 
 
Şərqin əsəbi çöhrəsi bilməz ki, nə yapsın, 
Bilməz ki, sağır göylərə, yaxud bana tapsın. 
 
(Arifə) 
 
Sən həm əl öpər, həm də qaçarsın, bu nə halət? 
İlk öncə məhəbbət, fəqət ən sonda ədavət... 
 
(Xaricdən acı qəhqəhələr eşidilir) 
 
E l x a n 
 
Bu nasıl qəhqəhə? Kimdir o, baqın!  
 
B i r i n c i h a y d u t 
 
(yola baqar) 
 
Bir səfil iştə, o çılğın, şaşqın... 
 
Bu halda İ x t i y a r – Xavərin babası – başıaçıq olaraq pərişanhal və məcnunanə bir 
qiyafətdə ağacların arasından çıqar. 
 
İ x t i y a r 
 
(həyəcanlı və çılğınca bir fəryad ilə) 
 
Ah, bilməm ki, bu aləm nerəsi? 
Bana bir söylə, cəhənnəm nerəsi? 
Şu sönük qəlbimə atəş dilərim, 
Ağlamaq istər ikən həp gülərim. 
 
(çılğınca bir qəhqəhədən sonra) 
 
Ah, Xavər! Sana kim qıydı, gülüm! 
Bən dururkən sana layiqmi ölüm? 
Onlar, eyvah, o səfil insanlar, 
Qəlbi, vicdanı sönük qaplanlar!.. 
 
E l x a n 
 
(sözünü kəsərək) 
 
Söylə, aç söylə, bilinsin dərdin, 
O sönük qəlbi ısındırmaq için, 
Nə dilərsin yaparım, etmə kədər... 
 
İ x t i y a r 
 
İntiqam istərim, ancaq bu qədər!.. 
 
E l x a n 
 
Söylə kimdən? Əcəba kimlərdən?  
 
İ x t i y a r 
 
Tanrıdan, yırtıcı sərsəmlərdən, 
Şu batan qanlı günəşdən, göydən. 
Hiçliyin qəhqəhəsindən... 
 
(göyə doğru) 
 
Ey sən! 
Sən ki, fəxr etmədəsin ədlinlə, 
Bu nə xilqət, bu nə hikmət? Söylə! 
 
İ b l i s 
 
(mə’nalı qəhqəhə ilə) 
 
Fəzlə, həp fəzlə bütün qəhrü niyaz, 
Üzülüb durma, o hiç aldırmaz. 
Bir çocuqdur ki, o pək bipərva, 
Bir oyuncaqdır onunçin dünya; 
Həm yapar, həm də qırar əylənərək, 
 
(qəhqəhə) 
 
Bu da bir başqa məraq olsa gərək... 
 
E l x a n 
 
Bir xəyal iştə – mühal olsa da – bən 
Tanrı olsaydım əgər, gerçəkdən, 
Ya bu insanları xəlq etməz idim, 
Əgər etsəm, yaşatırdım daim 
Şadü məs’ud... o da olsaydı mühal, 
Yaqaraq həp kül edərdim dərhal. 
 
(qəhqəhə) 
 
Sanki sərsəm yaşayışdan nə çıqar!? 
Bəncə bilmərrə bütün insanlar 
Həp gözəl olmalı, yaxud çirkin, 
Həp fəqir olmalı, yaxud zəngin, 
Həp həkim olmalı, yaxud nadan, 
Həp mələk olmalı, yaxud şeytan. 
 
İ b l i s 
 
(yarımqəhqəhə ilə) 
 
Səni pək aldatıyor hissiyyat, 
Öylə yekrəng olaraq keçsə həyat, 
Bıqar insan, yaşamaqdan yorulur, 
Yaşayış bəlkə də mə’nasız olur. 
 
İ x t i y a r 
 
(müztərib) 
 
Bana imdad edin, eyvah, imdad! 
Əmr edin, şimdi bulunsun cəllad! 
 
İ b l i s 
 
Bulunub gəlsə o xain, əcəba, 
Nə yaparsın? 
 
İ x t i y a r 
 
Veririm dürlü cəza, 
Didərim, parçalarım, məhv edərim. 
 
İ b l i s 
 
(istehzalı qəhqəhə ilə) 
 
Bən sən olsam, onu həp əfv edərim, 
İbn Yusif diri olsaydı, əvət[1]
O da əfv etməni istərdi fəqət. 
                                                             
 
İ x t i y a r 
 
Atdım insanlığı, oldum canavar, 
İntiqam istərim, ancaq bu qadar!.. 
 
X a v ə r i n x ə y a l ı 
 
(görünür və çəkilib gedər) 
 
İntiqam!.. 
 
İ x t i y a r 
 
İştə o, dilbər mələyim! 
Getmə dur, bən də bərabər gələyim. 
 
Çılğınca qəhqəhələrlə onu izlər. İslıq səsi eşidilir. 
 
E l x a n 
 
Gör o kimdir? 
 
B i r i n c i h a y d u t 
 
(yola baqar) 
 
O da bir başqa yigit, 
 
(İbn Yəmini göstərir) 
 
Buna düşman kəsilən bir zabit... 
 
V a s i f v ə İ b n Y ə m i n i n çavuşu iki nəfər başqa haydutla gəlir. 

 

(1) - Yaxud: Şimdi İsa dirilib gəlsə, əvət
 

(III hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR