Slimfit
  1. TARİX

Hüseyn Cavid - Həsbi-hal (II hissə)

Hüseyn Cavid - Həsbi-hal (II hissə)
Sakura

Hüseyn Cavid - Həsbi-hal (II hissə)

Tə’lim və tərbiyə haqqında veriləcək atidəki mə’lumat bir taqım mevsuq mənbələrə istinad edər. Onlar için mütaliəsi faydasız olmaz zənn edərim. Tərbiyə (pedaqogika) nədir? Və nə yapmalıdır? Alman hükəmasından filosof Kant diyor: “Tərbiyə, təbiəti-bəşəriyyənin bütün qabiliyyətlərini müntəzəmən və mütənasibən təməniyyə etdirməli və bütün insanları qayeyi-müqəddərinə isal eyləməlidir”. İngilis hükəmasından Lokk da diyor ki, “Tərbiyə insanları fəzilətli, cəmiyyətə faydalı və kəndi məsləklərində məharətli bir hala gətirmək için ən qolay və qısa olan üsuldur”. Filosofi-şəhir Herbert Spenserə gəlincə, o da: “Tərbiyənin qayəsi bizi mükəmməl surətdə yaşamağa hazırlamaqdır” deyir. Şimdi bu cümlələri vücudə gətirən kəlmələr birbirinə pək bənzəmiyorsa da nəticə və qayə bir olduğu dərhal nəzərə çarpıyor. Fənnitərbiyənin insanları bəxtiyar edəcəyi, parlaq və məs’ud bir həyata nail eyləyəcəyi hər kəscə müsəlləm bir həqiqət olsa gərək. Lakin tərbiyənin eyi bir nəticəyə vasil olması mürəbbiyələrin, müəllim, əfəndilərin səviyyeyiirfanına, təşəbbüsati-ciddiyyəsinə bağlıdır. Onun için müəllim “elmihəyat”, “elmi-ruh”, “elmi-əxlaq” kibi tərbiyə xüsusunda lazım olan şərtlərə vaqif olmalıdır. Kamilən olmasa belə səthi surətdə bilməsi faydadan xali deyildir. Elmi-həyat, məktəb şagirdlərinin yeyib-içmək, gəzib-oturmaq, zəif və qüvvətli olmaq kibi hallarından bəhs edər. Bədənin və bədəndə olan nəşvü nümanın hanki tə’sir ilə və nə səbəblə dəyişə biləcəyini göstərir. Elmi-ruh, çocuqların fikrini, hissiyyatını, əxlaqını öyrənib bilmək için böyük bir vasitədir. Onunla (elmi-ruh ilə) şu təbii halların təcəlli və təhəvvülünü, hanki tə’sirlər ilə dəyişdiyini və nə surətdə tərbiyə və islah ediləcəyini bir dərəcəyə qədər bilmək mümkündür. Elmi-əxlaq isə xeyir və şərin nədən ibarət olduğunu, tərbiyədə nasıl bir qayə tə’qib edildiyini və həyatın nə tərəfə sürükləndiyini öyrətir. Xülasə, bu üç elm fənni-tərbiyə için birər mühüm əsas təşkil eder. Bir məktəb otağına girilsə, orada olan şagirdlərin çöhrələrinə (fizyanomiya) diqqət edilsə bir-birinə bənzəmədikləri dərhal gözə ilişər, çöhrələri müxtəlif olduğu kibi, əxlaq və təbiətləri də müxtəlif olacağı şübhəsizdir. Bə’zi çocuqlar inadcı, söyüşən, bə’ziləri həlim, dalğın, kimisi haylaz, yaramaz, kimisi də çin fikirli və zərif olur. Onların təbiətlərində bu ixtilaf olduğu halda bə’zi vaqt da birdənbirə bu əxlaqlar dəyişməyə yüz tutar, biri inadcı ikən yumşaq, biri miskin ikən zəki və fəal olur. Bu səbəblərə məbni yekrəng bir tərbiyə daima mənfəət yerinə zərər verir. Bir müəllim elmi-ruh yardımilə bu müxtəlif təbiətlərin cərəyanını nəzəri-diqqətə almalıdır ki, çəkdiyi zəhmətlər hədər olmasın. Bir müəllim bir artist qadar ruhaşina və təbiətşünas olmalıdır. Lakin bir çoq həriflər də var ki, məzkur şəraiti öyrənir də tətbiq edəməz, yenə zəhmətləri nəticəsiz qalır, çünki hər məsləkdə olduğu kibi, tə’lim və tərbiyə için də hər müəllimdə azacıq iste’dad bulunmalıdır. Nəzəriyyat pək də fayda verməz. Bir çocuq anadan doğduğu gündən e’tibarən yedi-səkiz yaşına qadar ata-anası yanında yaşar, qoşar, ev tərbiyəsi, ailə tərbiyəsi alır, sonra da məktəb otağını ziyarət edər; arzusuna, istəyinə görə beş, on, on beş il də məktəbdə keçirir. Şimdi ev tərbiyəsi ilə məktəb tərbiyəsinin hər ikisi çocuqlarda dürlü-dürlü tə’sirlər bağışlar, bir çocuq evdə ata-ana tərbiyəsi sayəsində xəluq, çalışqan, mütəşəbbis bir qəhrəman olduğu halda məktəbə dəvam edər-etməz əxlaqı, təbiəti büsbütün dəyişir, fəna, uyğunsuz bir hal kəsb etmiş olur. Bu halı törədən xassə isə yoldaşlarından, arqadaşlarından aldığı əxlaqlar, müəllimlərdə, mürəbbilərdə gördüyü əhəmiyyətsizliklərdir və bu tə’sirlərin ən əhəmiyyətlisi də yenə müəllimlərə racedir. Müəllimlər tərbiyədən anlayanlardan olsalar, şübhəsiz ki, nə məktəbdə, nə də məktəblilərdə (məktəb şagirdləri) müzürr əxlaq, fəna təbiətlər bulunmaz; bulunsa da pək səthi, pək tə’sirsiz qalır. Şimdi bu məsələnin bir də əks tərəfi var, nasıl ki, bir çocuq evdə pək sırtıq və əxlaqsız olduğu halda bir məktəbə girərgirməz də haman dəyişir, inanılmayacaq dərəcədə zəki və uslu olur. Ailə, məktəb tərbiyəsindən başqa bir də tərbiyeyi-ümumiyyə vardır ki, məktəb təhsili ikmal edildikdən sonra 35, 40 yaşına qadar insanda dəvam edər. Bu tərbiyə yalnız mühiti- ümumiyə race bir tərbiyədir. Çoq zaman mühiti-ümumi, insanın ailə içərisində, məktəblərdə aldığı tərbiyəyi büsbütün dəyişdirib başqa bir aləmə, başqa bir cərəyana tabe edər. Bu xüsusda maddi və mə’nəvi bir taqım tə’sirat insanın aldığı tərbiyələri zirüzəbər edəcək dərəcədə məsləkinə müğayir hallara sevq edə bilir. Azacıq muşikafanə bir nəzərlə baqılsa deyilə bilir ki, bütün bu tərbiyələrin ən əhəmiyyətlisi, ən müqəssiri olsa-olsa yenə tərbiyeyiümumiyyə (tə’siri-mühit) ola bilir. Yalnız mühiti-ümumi tə’sirindən yaqayı qurtaracaq bir müəssir var ki, ona da (nəfs) deyilir. Nəfs əksəriyyən iləriki tərbiyələrə tabe olmaqdan varəstə ola bilməz, lakin mətanəti-fevqəladəyə malik olan insanlarda isə daima qabili-təhəvvül, daima qabiliislahdır.

Ailə tərbiyəsi və vücud sağlamlığı (səhhəti-bədən) həyatibəşəriyyənin ən mühüm əsasını təşkil edər. Vücudun sağlam olmasının yeganə səbəbi və müəssiri isə ata-anadır. Bir çoq çocuqlar anadan xəstə doğar. Xəstə yaşar və xəstə bir vücud ilə tərki-həyat edərlər. Bu xəstəliyi icad edən ata-anadan başqa kimsə deyildir. Çünki bir çoq xəstəlikləri irsi olaraq evlada intiqal edər. Çocuğun atası anasına nisbətlə pək az irasi-məzərrət etmiş olur. Çocuqlara sirayət edən xəstəliklərdə ən dərin fəlakətlərə yol açan analardır. Çünki çocuq ana rəhminə düşdüyü zamandan başlayaraq doqquz ay qadar qanından, təvəllüddən sonra da sütündən bir çoq müzürr səhhəti-təcdiyat ilə illətlənir və mühlik mərəzlərə düçar olur. Biçarə mə’sum böyüdükcə vücudundakı təhlükəli xəstəliklər də onunla bərabər böyüməyə başlar. Bir çocuq ilə dünyaya gələn xəstəliklər ata-anasının irtikab etdiyi naqabili-əfv bir günahdan başqa bir şey deyildir. İştə, Herbert Spenserin ata-analara xitabən söylədiyi şu qısa cümlə şayani-təəmmüldür: “Qəvaidi-səhiyyəyə hər bir müxalifət, bir günahimaddidir”. Bir çoq çocuqlar da olur ki, ata-anasından hiç bir vəchlə məasir olmadığı halda yeyəcəyi, içəcəyi, geyəcəyi yüzündən xəstələnir, tənəffüs etdiyi hava, hərəkətsizlik, valideynin qeydsizliyi bütün-bütün səhhətini ixlal edər. Çocuqları təmiz, saf bir havada yaşatmaq, sihhi bir surətdə bəsləmək, sıq-sıq yıqamaq, oynamaqdan, o yan-bu yana qaçmaqdan mən’ etməmək, müzürri-səhhət libas geydirməmək, sərbəstliyinə mane olmamaq... ata-ana için boyun borcu qadar mühüm birər vəzifədir. Hər şeydən əvvəl çocuqların yeyib-içəcəkləri nəzəri-diqqətə alınmalıdır. Çoq yemək (xörək) müzürri-səhhət olduğu kibi, az yemək də faydalı deyildir. Yeməklərdə ən çoq diqqət ediləcək nüqtə bəsləyici (müqəddi) olmasıdır. Yemək, qarnı doldurmaq, yaxud ləzzət duymaq için də deyildir. Bəlkə həyatı idarə etmək, vücudu bəsləmək içindir. Bir də ən çoq diqqət ediləcək şey yeməklərin müqərrər, müntəzəm bir saətdə, bir zamanda olmasıdır. Yoqsa hər saətdə, hər yarım saətdə ağızda (saqqız çeynər) kibi bir şey yuvarlamaq, bütün-bütün müzürrisəhhətdir. Çünki bu hal həzmi, mə’dəyi xərab etməkdən başqa bir şeyə yaramaz. Fəqət bu qaydayı gözətəcək, nəzəri-diqqətə alacaq kimlərimiz var!? Qafqasiyada çocuq tərbiyəsindən anlayan qaç anaya təsadüf edə biliriz? Çocuq tərbiyəsinə diqqət etmək için tərbiyə görmüş analar lazım deyilmi? Hanı ana yetişdirəcək məktəblərimiz? Hər hanki qəzetəyə baqsan millət böylə? Vətən şöylə? olmalı kibi bir çoq məqalələr, xülyalar görünür. Lakin xülya ilə, boş xəyal ilə iş aşarmı? Vətəni, vətənin qiymət və əhəmiyyətini, tərəqqi və səadətini kimdən bəkləyə biliriz? Beli bükülmüş, ətəh və ətalətə uğramış ixtiyarlardanmı? Bir taqım biqeyd, laübali gənclərdənmi? Yaxud saf, təmiz, mə’sum, ləkəsiz nevzadlardanmı? Şübhəsiz ki, vətənə, millətə, millətin gələcəyinə ağlayacaq, tərəqqisinə çalışacaq olsa-olsa, ancaq ana qucaqlarında, məktəb sıralarında çırpınan mə’sumlar ola bilir. Fəqət bu nevzadların yeyib-içməsinə, geyinib gəzməsinə, tə’lim və tərbiyəsinə diqqət edəcək analar nerdə? Erkək qisminin maddi surətdə doğub böyüməsinə qadınlar səbəb olduğu kibi, mə’nəviyyatca da münəvvərəlfikr, tərəqqipərvər olmalarına yenə yeganə vasitə qadınlardır, demək ki, tərəqqinin ilk vasitəsi qadın və qız məktəbləridir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR