Hüseyn Cavid - Elmi-bəşər
“Bir məktub münasibətilə”
Bəradərimə:
“Kəsbi-ürfan için, fəzilət için
Durma, yüksəl!” deyirsən...İştə mənim
Ən böyük, ən sevimli amalım,
Qayeyi-məqsədim budur. Lakin,
Nə için gizləmək gərək, yetişir...
Nə qədər pürümidü biaram
Gecə-gündüz çalışsam, uğraşsam
Yenə ən son nəticə heçlikdir.
“Aramaq, bulmaq, içtihad etmək,
Arif olmaq...” deyirdin, iştə bu bir
Ruhpərvər, sevimli xülyadir
Ki, inanmaq əbəs... nasıl, nə demək.
İstərəm anlayırmısan? Məsəla:
İmdi yerdən səmayə doğru dərin,
Çox dərin bir fəza təsəvvür edin,
Yüksəlib bir bəyaz qanadlı hüma,
— Tizpərvaz bir fəriştə kimi —
Böylə dalsın onun dərinliyinə;
Nə olar? Şübhə yox ki, şəhpərinə
Bir rəxavət olar da müstövli;
Yorulur, sonra çırpınır, bayılır,
Sönər əvvəlki etila həvəsi;
Uçamaz artıq, iştə son nəfəsi...
Qafil insan da həp o fikrə əsir.
Bəşəriyyət zavallı, çox məsum...
Daima bir sərabə aldanaraq,
Qoşuyor, sanki bir dəniz bulacaq,
“Bilmək, öyrənmək” öylə bir uçurum
Ki, onun intəhası yox, dibi yox...
“Bilirəm” söyləyən də var pək çox.
Nəmə lazım... o bir xəyalətdir.
“Elmü ürfan” nədir, mən anlamadım,
Çünki həp cəhlə doğrudur hər adım.
“Bəşəriyyət kamalı buldu” denir...
İştə bürhan! “Bu gün də bir qanun
Kəşf olunmuş...” fəqət bitərmi zünun?!
Bir həqiqət bu gün müsəlləm ikən,
Onu mütləq yarınki hikmətlər
Zəhrxəndiylə örsələr, zədələr,
İki gün sonra eyni hikmətdən
Daha çox şübhələr, tərəddüdlər
Duyar insan, bu, iştə elmi-bəşər!..
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət