Hüseyn Cavid - Afət/Birinci pərdə
Süslü bir salon... Sağ və soldakı odalara açılır birər qapı, qarşıda iki böyük pəncərə, gözəl mənzərələr, ilk bahar, məhtablı gecə...
Pərdə açıldıqda bağçadan gələn incə və həzin bir kaman səsi iki-üç dəqiqə sami’ələri oqşar.
X a n d ə m i r (sağdakı odadan çıqar, bağça tərəfindən gələn Afətə). Sizi bəkliyoruz, əfəndim. Nerədə qaldınız? Qızlar nə oldu?
A f ə t. Hənuz bağçadan doymamışlar, qonuşub əyləniyorlar.
X a n d ə m i r. Bağçamızı nasıl buldunuz?
A f ə t. Pək gözəl, pək şairanə... Sizdəki bədii zevqə hiç bir deyəcək yoq...
Ö z d ə m i r (içəridən bağırır). Xandəmir, Xandəmir!..
X a n d ə m i r. Gəldim, əfəndim, gəldim.
A f ə t. Yenə Özdəmir nə istiyor?
X a n d ə m i r. Bir şüşə konyak bitdi, şimdi ikincisini istiyorlar.
A f ə t. O bu aqşam çıldıracaq, ah, kaş ki gəlməyəydim
X a n d ə m i r. Zərər yoq, dost evidir; nə yaparsa xoşdur.
A f ə t. Pəki, doktor Qaratay nə oldu? Hənuz gəlmədimi?
X a n d ə m i r. Klubda imiş, bu saat gəlir.
A f ə t. Amma, o da pək nazlanıyor ha...
X a n d ə m i r. Əvət, sanki bənim evim klubdan əskik imiş!..
(Dışarıdan pəncərə önündən keçib gəlməkdə olan doktoru görür)
İştə doktor!.. Doktor Qaratay.
A f ə t (baqar). Əvət, nihayət gəldi çıqdı.
D o k t o r (yarımsərxoş, şad və məmnun daxil olur). Aqşamlar xeyir, əfəndim.
(Afətin əlini öpər, Xandəmirlə əl verir.)
X a n d ə m i r. Xoş gəldiniz, əzizim (Yarım qəhqəhəylə). Fəqət bən söz saqlıyamam, gecikdiyiniz için sevgili Afəti pək darıltmışsınız... Bilməm, sizdə nə görmüş ki, əsla ayrılığınıza dayanamıyor.
D o k t o r. Təbii, bən nə qadar pərəstişkar isəm, o da o qadar lütfkardır.
X a n d ə m i r. Hər halda üzr istəməlisiniz.
D o k t o r. Şübhəsiz əfv edərlər... Əcəba misafirlərdən kim var?
A f ə t. Sizdən başqa hər kəs...
Ö z d ə m i r (içəridən bağırır). Xandəmir, Xandəmir!.. (Qəhqəhə).
X a n d ə m i r. Gəliyorum, gəliyorum (Afətə). Bana müsaidə (sol odaya keçər).
A f ə t. Xandəmir gerçəkdən pək eyi, pək sıcaqqanlı adam... Azacıq abdal isə də yenə kəndini sevdirə biliyor.
D o k t o r. Şaka deyil a! Hərif bir şey bilmədiyi halda maarif müdiri... Gənc olmadığı halda hovarda, az bir maaşla pək zəngin... Daha nə istərsin. Bütün arqadaşları arasında “Müsyo Fırıldaq” deyə şöhrət bulmuşdur (sərxoşca qəhqəhəylə). Bəncə ona “Cahil bilgic” denirsə daha xoşdur.
A f ə t. Aman, sus! Görünür azacıq sərxoşsun.
D o k t o r (yarım qəhqəhəylə). Sərxoş idim, fəqət ayıldım.
Ö z d ə m i r (içəridən şiddətli qəhqəhəylə). Xandəmir!..
D o k t o r. İştə onun səsini eşitdim də ayıldım. Əvət, kölgəndən ayrılmaz ərinin səsi, Özdəmir bəyin nə’rəsi bəni ayıltdı.
A f ə t (süzgün baqışla). Qaratay!..
D o k t o r (onun əllərini yaqalar). Afət!..
Bu sırada Afətin əlindəki ufaq bir mənəkşə dəmətciyi yerə düşər. Doktor dərhal alıb təqdim edər.
A f ə t. Şu mənəkşələr hiç sənin əyilmənə dəyərmi?
D o k t o r. Ah, bən mənəkşəyi pək sevərim. Çünki o pək mə’nalı, pək müəmmalı bir çiçək... Hələ sənin nurdan dökülmüş əllərini, lətif köksünü öpdükləri için pərəstiş edərim.
A f ə t (incə qəhqəhəylə). Bu gün səndə, sənin hər halında dəlicə bir həyəcan görüyorum.
D o k t o r. Zatən sənin könlünü bulmaq, sənin məhəbbətinə nail olmaq hər məcnunu aqil, hər aqili məcnun edə bilir.
A f ə t (şux qəhqəhələrlə). Ah, şu yalan nəvazişlər, şu yaldızlı pərəstişlər!.. (Sükut). Haydı, gəl, bağçaya enəlim. Özdəmir bizi bir yerdə görürsə, haman çıldırıb durur.
Bağçaya doğru getmək istərlər, Altunsaç ilə Alagöz qarşılarına çıqar. Birincinin əlində kaman, ikincinin əlində isə bir şe’r məcmuəsi bulunur.
D o k t o r. İştə Altunsaç ilə Alagöz!
A f ə t. Əvət, iki gövərçin, iki mələkciyəz!
D o k t o r. Biri musiqi pərisi, digəri şe’r ilahəsi!..
A f ə t. Həm də bir-birindən gözəl, bir-birindən dilbər!..
D o k t o r (qızlara). Haydı, bir daha bizimlə bərabər bağçaya enəlim, olmazmı?
A l t u n s a ç. Siz buyurun, biz də sonra gəliriz.
Bu sırada Ö z d ə m i r l ə Q a p l a n sağ tərəfdəki odadan çıqarlar. Özdəmir son dərəcə sərxoş, səndələyərək Qaplanın qoluna taqılmış.
A f ə t (bağçayı göstərir). Xayır, şimdicə bərabər gedəlim.
X a n d ə m i r (əlində iki şüşə konyak gəlir, Afətə). Nerəyə canım, bu olur şeymi ya!? Qadınsız bir məclis, gülsüz bahara, bülbülsüz çəmənzarə bənzər.
D o k t o r. Gerçəkdən, qadın həyat, həyat isə qadın deməkdir.
Ö z d ə m i r (sürəkli və istehzalı qəhqəhələrlə gülər, dürlü hərəkətlər və əl işarətlərilə). Əvət, qadın hər şeydir. O, gah bir çiçək... gah bir kələbəkdir. O, həm bir mələk, həm də... bir ördəkdir.
Hər kəsdə böyük nifrət və şaşqınlıq...
X a n d ə m i r. Özdəmir! Nə söylədiyini düşünüyormusun?
Ö z d ə m i r (təkrar laübali qəhqəhələrlə). Əvət, düşünüyorum. Qadın pək körpə ikən tazə bir çiçək, sonra şətarətli bir kələbək; daha sonra füsunkar bir mələkdir. Yalnız bə’ziləri, əvət, əvət, bə’ziləri isə çamurlarda gəzən bir ördək, azğın və hərcayi bir ördəkdir.
A f ə t. Ah! (Deyə mütəəssir bir halda geri çəkilir. Doktor Qaratay düşəcək zənnilə onun qolunu tutar).
Ö z d ə m i r (acı qəhqəhələrlə). Ah, bəxtiyar doktor! Sana, sənin gözəl taleyinə qibtə ediyorum.
X a n d ə m i r. Gəl, canım, gəl!.. Sən artıq saçmalayorsun. Gəl, gedəlim bir az şahmat oynayalım.
Ö z d ə m i r (Afəti yarım baqışla süzər, mə’nalı bir qəhqəhəylə). Bən çoqdan mat olmuşum.
X a n d ə m i r. Gəl, baqalım, gəl bir daha qədəh-qədəhə vuralım.
Sağdakı odaya keçərlər. Qaplan ilə Altunsaç da onları izlər.
A l a g ö z. Ah, zavallı babacığım!..
(Mütəəssir və müştəki baqışlarla Afəti süzərək içəri girər.)
A f ə t (acı təbəssümlə doktora). Görüyormusun? Alagöz belə şu miskin hərifə acıyor. Fəqət bəni, bənim talesizliyimi əsla düşünəmiyor.
D o k t o r. Pəki birisi kəndini düşünməz, kəndinə acımazsa başqalarından nə uma bilir? Bəncə əsl qəbahət səndə... Əvət, siz qadınlar ayaqlarınıza qapananları təhqir edərsiniz, sizi təhqir edənlərin ayaqlarına qapanarsınız.
A f ə t. Çəkdiyim üzüntülər yetişir, rica edərim, sus!..
D o k t o r. Xayır, bu işə bir nihayət verməli... Ya o, ya bən!.. Başqa dürlü olamaz.
A f ə t. Səndən, səndəki eşqin əbədiyyətindən əmin ola bilsəm...
D o k t o r (onun əlini yaqalar). Afət! Nə demək istiyorsun?
A f ə t. Bən bütün bənliyimi, bütün həyat və səadətimi yoluna fəda etməyə hazırım. Hətta sənin uğrunda cinayətdən belə çəkinməm. Ancaq şu qadar var ki, aldadılmaq istəməm, aldandığımı duysam məhv olurum. Həm də pək kinliyim, anlıyormusun? Bəni aldatmaq istəyənləri əsla əfv etməm. İki gözüm olsa belə intiqam alırım, intiqam!.. Əvət, bən, pək kinliyim. Bəni təhqir edənlər Əzrailin qucağına atılmış olurlar.
Ö z d ə m i r (içəridən bağırır). Afət! Gözəl mələyim!.. Afət, nazlı ördəyim... (Şiddətli qəhqəhə).
D o k t o r. Ah, rəzil!.. Dəmin əxlaqsız qadınları çamurlarda sürünən ördəyə bənzətmişdi, şimdi də səni o adla çağırıyor.
A f ə t (doktora sarılaraq). Aman, bana mərhəmət... Mərhəmət eylə də bəni qurtar. Of!
Bir çarə, bir ilac, bir zəhr, bir atəş bul ki, kəndimi məhv edəyim də şu qaba və çirkin səsi bir dah eşitmiyəyim.
D o k t o r (cibindən ufacıq bir şişə çıqarır, mə’nalı bir tərzdə). İlac hazır... Fəqət xanımlar için deyil, yalnız erkəklərə məxsusdur.
A f ə t (şişəyi alıb cibinə qoyar). Zərər yoq, ilk öncə onu məhv eylərim. Sonra duyulursa, kəndim də o yolu izlərim.
D o k t o r. Hiç təlaş etmə! Bu öylə bir ilac ki, ancaq on dəqiqə sonra icrai-tə’sir edər.
Həm də kimsə bir şey duyamaz. Yalnız burada hər acıya dayanmalı və şu ilacı evinizdə içirməlisin.
A l a g ö z (sarsılmış bir halda gəlir, Afətə sarılaraq). Ah, annəciyim! Gedəlim, evimizə gedəlim.
A f ə t. Niçin, Alagöz! Nə olmuş!
A l a g ö z. Babamın halı pək fəna!.. Ayaqda duramıyor, söylədiyini bilmiyor.
A f ə t. Pəki, yavrum, gedəlim. O səni də məhv edəcək, bəni də.
Sağdakı odaya keçərlər. Bu sırada Ərtoğrul ilə Yavuz sol tərəfdən çıqar.
Ə r t o ğ r u l. Ah, şu Alagöz nə qadar lətif, nə qadar mə’sum bir sima!
Y a v u z. O nə qadar mə’sum isə, Afət də, şu işvəkar qadın da bir o qadar təhlikəlidir.
Ə r t o ğ r u l. Təhlikəli olsa da ləkəli deyil...
Y a v u z. Əmin ol ki, Özdəmiri səfil edən həp Afətdir, həp onun oynaqlığıdır.
Ə r t o ğ r u l. Fəqət Afəti uçurum qarşısında bulunduran da Özdəmirin sərxoşluğu, Özdəmirin sərsəriliyi olsa gərək...
Y a v u z. Sən Afəti eyicə tanıyormusun?
Ə r t o ğ r u l. O, bu şəhərə gələli çoq deyil... Eşitdiyimə görə pək kibar və alafranqa
bir ailəyə mənsub imiş.Fəqət böyük bir fəlakət birdən-birə evlərini söndürmüş, var-yoqları əldən çıqmış, babası fəqir düşüncə qızını Özdəmirə vermiş... Şu hərif də gündən-günə poslayı şaşıraraq ailəsini düşünəməz olmuş... Şimdi hər gün bir oteldə sərxoşca vaqıt keçiriyor. Evə gəldiyi zamanlarda Afəti pək qabaca təhqir ediyormuş... Təbii Afət də şu qabalığa dayanamıyaraq ondan soyuyacaq və get-gedə Qaratay kibi macəraçılara ısınmağa məcbur olacaq...
Y a v u z. Ah, şu qadın öylə bir atəş ki, öylə bir alav ki, yalnız qocasını, qızını deyil,
(kəndinə işarətlə) hətta bu talesiz Yavuzu da yaqıyor, bəni də qəhr edib bitiriyor.
Ə r t o ğ r u l. Pəki, səni niçin?
Y a v u z. Çünki Alagözü seviyorum, həm də həyatım qadar seviyorum. Halbuki anası bütün ümidlərimi qırıyor, bütün düşüncələrimi alt-üst ediyor.
Ə r t o ğ r u l. Bana qalırsa Afət ilə Alagöz, ana ilə qız olmaqdan ziyadə iki həmşirəyi andırıyor. Daha doğrusu həmşirə də deyillər... Çünki aralarındakı fərq yaşca nə qadar küçüksə, sima və təbiətcə bir o qadar böyükdür. Hər halda bu məsələdə anlaşılmaz bir nöqtə var.
Y a v u z (sağ qapıya baqar, təbəssümlə). Şimdilik bən çəkiləyim.
Ə r t o ğ r u l. Niçin, nə oldu?
Y a v u z. Çünki nişanlın gəliyor. Həm də nə qadar əzəmətli, nə qadar məğrur!..
Ə r t o ğ r u l (baqar). Altunsaçmı?.. Pəki, onun nişanlım olduğunu kimdən eşitdin?
Y a v u z. Səndən başqa hər kəsdən.
Ə r t o ğ r u l. Fəqət hənuz ortada rəsmi bir şey yoq.
Y a v u z. Bu gün olmasa da, yarın olur (Sol qapıdan çıqar).
A l t u n s a ç (gəlir). Ərtoğrul! Şimdiyə qadar nerdə idin?
Ə r t o ğ r u l. Bağçada səni arıyordum, bir kələbək kibi səni güllərə, çiçəklərə soruyordum.
A l t u n s a ç (incə qəhqəhələrlə). Xayır, sən bəni güllərə, çiçəklərə deyil, yalnız bitməz-tükənməz fəzalara, fəzalardakı yıldızlara sormalısın. Daha açıq söyləyimmi?.. (İstehzalı təbəssümlə). Sən bəni fəzalara sığmayan qəlbində aramalı; dəhalar izləyən ruhunda bulmalısın.
Ə r t o ğ r u l. Altunsaç, bən sənin hər sözünü yuqarıdan enən xitablar kibi müəmmalı deyil, yalnız çocuqca təbəssümlər kibi sadə və mə’sumanə görmək istərim.
A l t u n s a ç (yarım qəhqəhədən sonra sərt və qartalca bir baqışla). Sənin əlbisə və qiyafətin kibi sadə, deyilmi?
Ə r t o ğ r u l. Altunsaç, ah, Altunsaç! Sən bana gülüyorsun, bənim qiyafətimlə əyləniyorsun.
A l t u n s a ç. Xayır bən sana gülmək için deyil, yalnız gülməkdən zevq aldığım için gülüyorum.
Ə r t o ğ r u l. Fəqət sən bu gülüşlərdən zevq alırkən, başqalarını zəhərliyorsun.
A l t u n s a ç (şux qəhqəhələrlə). Açıq söyləyimmi, əzizim, sən... çocuqsun.
Ə r t o ğ r u l. Bu söz lətifə olsa belə bir həqiqətdir. Çünki çocuq olmasaydım, şu qiyafətlə sənin kibi bir əzəmət və ehtişam heykəlinə uymazdım.
A l t u n s a ç. Fəqət səndə, sənin alavlı gözlərində, kəskin baqışlarında öylə bir əzəmət var ki, yalnız bən deyil, hər kəs o qüvvətə qarşı kiçilir, kiçilməyə məcbur olur.
Ə r t o ğ r u l. Ah, sənin kiçilməndə də bir böyüklük var.
A l t u n s a ç. Əvət, böyüklər kiçikləri böyük görmək istər, kiçiklər isə böyükləri kiçiltməklə təsəlli bulur.
Q a p l a n (nəş’əli və yarımsərxoş bir halda sağ odadan çıqar). Dram, ram, ram...
dara... dara, ra, ram, ram... (deyə əlindəki kamanın tellərini səsləndirir və Altunsaça təqdim edər). Müsaidənizlə, şu sarı tellər çırpınaraq, inliyərək, sızlayaraq sizə yalvarıyor... Pənbə, lətif barmaqlarınızı öpmək istiyor.
A l t u n s a ç (kamanı alıb bir tərəfə bıraqır). Bağışlarsınız, pək yorğunum.
Q a p l a n. İştə yorğunluğu çıqaran şeylərdən biri də musiqidir.
A l t u n s a ç. Fəqət o təsəlli çalanlar için deyil, dinləyənlər içindir.
Q a p l a n (kamanı alaraq). Aman, rica edərim.
A l t u n s a ç. Bir az sonra olmazmı?
Q a p l a n. Xayır, bəkləməyə imkan yoq... Of, bən musiqiyə pərəstiş edərim. (Altunsaçın barmaqlarını göstərir). Hələ şu sehirli barmaqların rəqsini seyrilə keçirdiyim dəmlər, ən xoş dəmlərdir. Xoş dəmlər isə bir an fevt edilməməlidir. Bu sırada Yavuz da gəlir.
A l t u n s a ç. Fəqət sən də şərqi söyləmək şərtilə...
Q a p l a n (sağ qapıya doğru yürür). Pək gözəl, haydı, baqalım.
A l t u n s a ç. Xayır, bən qalabalıqdan xoşlanmam. Burası daha eyi deyilmi ya?
Ə r t o ğ r u l (kinayəli təbəssümlə). Bəncə bağça həpsindən şairanə və asudə bir yer. Həm də təbiət sizin musiqi və şərqilərinizi öpərək, siz də akasiya çiçəklərinin xəfif və gözəl qoqularını əmərsiniz.
A l t u n s a ç. Pək ə’la! (Yavuzla Ərtoğrula). Siz getmiyormusunuz?
Ə r t o ğ r u l. Xayır...
A l t u n s a ç. Bizi rədd ediyorsunuz, öyləmi?
Ə r t o ğ r u l. Buradan dinləriz, olmazmı?
Q a p l a n (məmnun bir tevrilə). Əvət, musiqi və şərqi uzaqdan daha xoş gəlir.
(Altunsaç ilə bərabər bağçaya gedərlər).
Y a v u z (Ərtoğrula). Bana baq, sən Altunsaçla əyləniyorsun; fəqət bu xoş bir iş deyil, doğru gediş deyil və bu yolun sonu uçurumdur.
Ə r t o ğ r u l. Nə olursa-olsun, artıq usandım. Şu çocuqca nazlar, şu mə’nasız ədalar insanı bıqdırıyor.
Y a v u z. Iştə bu da aranızdakı sevginin böyüklük və kəskinliyinə bir əlamət!.. Sən pək qısqanc və sinirlisin; eyni zamanda pək soyuqqanlı görünürsün, yaxud öylə görünmək istiyorsun. Halbuki çoq sürməz də bir gün quş uçurmuş, avı qaçırmış olursun. Əvət, arslanların saymazlığı şikarı tilkilərə qapdırır.
Bu sırada kamanın səsi, Qaplanın şərqisi ətrafa dalğınlıq saçar.
Şərqi:
Dün sıtmalı ruhum anıyorkən səni, birdən
Xülyalərə, sevdalərə daldım, gözəlim, bən;
Pürnəş’ə könül aləmi-lahutə uçarkən
Gördüm səni rö’yadə ipək tüllər içində...
Bir şe’ri-səmavi kibi ağuşuma gəldin,
Gülbusələr ithaf ediyordun bana... Lakin
Röya kibi nagah süzülüb cismi-lətifin
Qeyb oldu bəyaz, pənbə qızılgüllər içində...
Y a v u z. Dinliyormusun?
Ə r t o ğ r u l. Əvət, dinliyorum.
Y a v u z (istehzalı təbəssümlə). Iştə gülbusələr, ipəkli rö’yalər; xülyalər və sevdalərdən bəhs ediliyor.
Ə r t o ğ r u l (sinirli). Anlıyorum, əvət, anlıyorum.
Y a v u z. Yalnız anlamaq yetişməz, anlatmaq da lazım...
Ə r t o ğ r u l. Kimə anlatayım, kimə!? Qaplan sayğısız bir odun parçası, Altunsaç da məğrur bir qaraquş yavrusu...
Y a v u z. Pəki o halda?
Ə r t o ğ r u l (son dərəcə sinirli). Bıraq Allah eşqinə, yetişir...
Sükut... A l t u n s a ç l a Q a p l a n gəlir.
X a n d ə m i r (çıqar, Altunsaça). Nerdəsin, qızım? Hiç bu olurmu ya? Alagöz sana misafir gəlmiş, halbuki sən onu yalnız bıraqıyorsun.
A l t u n s a ç (gülərək babasilə sağ odaya keçər). Bəndə qüsur yoq. Babaciyim, bu xüsusda Qaplan pək qəbahətli...
Q a p l a n (Yavuzla Ərtoğrula). Yenə nə olmuş? Pək qəsvətli görünüyorsunuz.
Ə r t o ğ r u l (sarsılmış bir halda). Bana baq, sən nə yapıyorsun? Nə yapmaq istiyorsun?
Q a p l a n. Sözlərini anlayamıyorum.
Ə r t o ğ r u l (acı təbəssümlə). Burada anlaşılmaz bir şey yoq...
Q a p l a n. Nə demək istədiyini bilsəydim...
Ə r t o ğ r u l (birdən-birə hiddətlə). Ah, sən; pək sapqın, pək azğın bir hərifsin, sən xain bir xırsızsın, sən cani və qatilsin...
Q a p l a n. Xırsızmı, qatilmi? (Istehzalı qəhqəhələrlə). Qaliba çıldırıyorsun.
Ə r t o ğ r u l (daha qızğın). Əvət, xırsız, həm də xain bir xırsızsın. Çünki bənim qayei-əməlimi, müqəddəs heykəlimi kirli əllərinlə qırıb parçalıyorsun, çünki Altunsaçın könlünü çalıyorsun. Əvət, sən qatil, həm də ən vəhşi bir qatilsin; çünki canavarca hərəkətlərinlə hər an qəlbimin birər parçasını gəmiriyorsun; beynimi yaqıb da köksümü didməyə çalışıyorsun.
Bu gurultuya içəridəkilər salona keçərlər.
Q a p l a n (istehzalı təbəssümlə). Bən yenə təkrar ediyorum, sən çıldırıyorsun. (Cibindən revolverini çıqarır, gurultulu bir ahənglə). İştə sana ən parlaq və kəskin bir cəvab!.. (Nişan almaq istər).
Y a v u z (silahı əlindən alır). Nə yapıyorsun?
Ə r t o ğ r u l. Bəni qorqutmaqmı? (Qızğın və acı qəhqəhəylə). Nə böyük cəsarət!
A l t u n s a ç. Nə var yenə, nə olmuş?
Ə r t o ğ r u l. Hiç, Altunsaç, hiç!..
A l t u n s a ç (şux qəhqəhələrlə). Fəqət bu nasıl hiç!..
Ə r t o ğ r u l. Ah, o öylə bir hiç ki, bənim bütün bənliyim, bütün səadət və dirliyim o hiçdən, o mövhum teldən asılıdır. İştə Qaplan o teli gəmiriyor, sən də qəhqəhələrlə seyr ediyorsun.
Q a p l a n (heyrətlə). Fahiş bir iftira, müdhiş bir iftira...
A l t u n s a ç. Ərtoğrul! Sən hər şeyi qüruni-vüstada yaşar kibi düşünüyorsun... Halbuki darülfünun gördün!
Ə r t o ğ r u l. Nə yapayım ki, bən darülfünundan yalnız bir qasırğa kibi geçdim. Onun için qüruni-vüstada yaşar kibi düşünüyorum. Hala əski qafa ilə düşünüyorum, hənuz bir dürlü yeniləşmədim.
Ö z d ə m i r (sərxoşca və istehzalı qəhqəhələrlə). Fəqət bən... bən isə yeniləşdim; əski qafamla bərabər yeniləşdim; daha doğrusu bəni yeniləşdirdilər. Sevgili rəfiqəm, şu gözəl Afət bəni yeniləşdirdi. İştə onu da şu doktor, doktor Qaratay yeniləşdirmiş!.. (Qəhqəhə). Əvət, o yeniləşdirmiş...
Ə r t o ğ r u l. Sən abdalsın.
Ö z d ə m i r. Fəqət sən!.. Sən də... dəlisin (qəhqəhə).
A f ə t. Özdəmir! Nə söylüyorsun?
İ l c a y. Oğlum, nə yapıyorsun?
X a n d ə m i r (Özdəmirə işarətlə, yarım sərxoş). Onda spirto sərsəmliyi, (Ərtoğrula) sən də gənclik sərxoşluğu var. O söylədiyini bilməz, səndə bilmədiyini söylərsin. Iştə Amerika şairlərindən məşhur Lev Tolstoy diyor ki: “Məhəbbət bir bəla şeydir, giriftar olmayan bilməz” (hər kəsdə qəhqəhə). Demək ki, Özdəmir Afətə, sən də Altunsaça o qadar vurulmuşsunuz ki, hər sözdən bir mə’na, hər hiçdən bir müəmma çıqarıyorsunuz.
Ö z d ə m i r (istehzalı və laübali qəhqəhələrlə). Pək doğru, əfəndim, pək doğru!.. (Qəhqəhə). Əvət, Amerika şairi Lev Tolstoy!.. Maarif müdiri Xandəmir!? (Qəhqəhə).
İ l c a y (Xandəmirə). Aman, qardaşım, sən söylə, yoqsa bunlar qızışsa keyfimizə su qatarlar.
X a n d ə m i r. Hətta məhəbbət öylə bir alav ki, bir kərə insanın qəlbini sardımı ölüncəyə qadar sızladıb durur... Fars tarixşünaslarından Əbu Əli Sina diyor ki: “Bən hər, hər dərdə ilac buldum da, yalnız eşqə, məhəbbətə bir çarə bulamadım”.
Ö z d ə m i r (kinayəli qəhqəhə ilə). Əvət, eşq, məhəbbət... Fars tarixşünaslarından Əbu Əli Sina!.. Maarif müdiri Xandəmir!.. (Qəhqəhə).
A l a g ö z (yarım səslə Afətə). Bən gediyorum, annəciyim!
A f ə t. Niçin, yavrum?
A l a g ö z. Hiç kəndim də bilmiyorum.
A f ə t. Azacıq bəklə, bərabər gedəlim.
A l a g ö z. Xayır, bəkləməm.
A f ə t. Pək gözəl, sən get, bən də şimdi gəlirim. Alagöz məhzun adımlarla çıqar; Ərtoğrul da sinirli baqışlarla onu izləmək istər.
İ l c a y. Nerəyə, oğlum?
Ə r t o ğ r u l. Dəlixanəyə.
İ l c a y. Nə demək, dəlixanə buradan eyimi?
Ə r t o ğ r u l (İlcaya xüsusi). Əlbəttə... kəndiləri bilməsə belə ordakıları hər kəs dəli tanıyor. Fəqət bunlar, bu zəncirsiz divanələr isə, nə kəndiləri kim olduğunu biliyorlar, nə də ətrafdakılar.
İ l c a y. Bir az daha bəklə, nə olur. (Xandəmirə işarətlə). Başın için dayın darılır.
Ə r t o ğ r u l (sinirli). Darılsa da gedəcəyim, darılmasa da... Bəndə kiralıq qulaq yoq... Hər saçmayı dinliyəməm.
(Salonu tərk edər)
X a n d ə m i r. Yahu, bunlar nə oluyor? Həp birər-birər savuşub qaçıyorlar.
Ö z d ə m i r. Çünki bu məclisdəki zevqi duyamıyorlar, bu söhbətlərdəki incəliyi anlıyamıyorlar... (Müstəhzi qəhqəhə). Alagöz bənim qaba hallarımdan ürküb qaçdı; Ərtoğrul da sənin dərin fəlsəfələrindən
(Qəhqəhə).
X a n d ə m i r. Ah, şu gənclər, şu dəliqanlılar həp böylə... həpsi xırçın və sinirli! Halbuki bu hallar bizim kibi tərbiyəli və münəvvər ailələrə əsla yaraşmaz.
İ l c a y. Çocuqluq, həp çocuqluq...
X a n d ə m i r (qafasını oynataraq). Nə isə, buyurun, keyfimizə baqalım.
Ö z d ə m i r. Bən buracıqda bir qədəh şərab içmədikcə getməm.
X a n d ə m i r. Bu saət, söyləyim, gətirsinlər.
Ö z d ə m i r (Afəti süzər, məmnun bir qəhqəhəylə). Xayır, bən fəqət gözəl Afətin, sevgili Afətin əllərindən içmək istərim.
A f ə t. Pəki, qalq, gedəlim də, içəlim.
Ö z d ə m i r. Xayır, burada, yalnız buracıqda...
A l t u n s a ç. Bən gətirsəm olmazmı?
Ö z d ə m i r. Əsla! Sən yalnız Ərtoğrula içirməliydin (Qəhqəhə).
A l t u n s a ç. Əfsus ki, o, spirtolu içkiləri və içənləri görmək belə istəmiyor.
Ö z d ə m i r (qəhqəhə). Iştə o da bir nev sofuluq, o da bir nev dəlilik. (Afətə) Haydı, gözəlim, bir qədəh şərab...
A f ə t. Pəki, gətirəyim, sən inadından vaz keçmiyəcəksin.
(Sağ odaya keçər)
Ö z d ə m i r (laübali qəhqəhələrlə). Dəmin söylədim ya, bən yeniləşdim; hər xüsusda yeniləşdim; fəqət iki şeydə deyil: biri əski şərab, biri də əski əhbab!.. (Qəhqəhə). Doktor Qaratay yenilərdənsə də, şübhəsiz bir gün o da əskiləşir, o da kəndi qiymətini bulur.
(Qəhqəhə).
A f ə t (bir qədəh şərab gətirir). Buyurun, əfəndim!
Ö z d ə m i r (qalqıb qədəhi alır). Nasıl! Əfəndimi?.. (Qəhqəhə). Halbuki bən sənin ən aciz qullarından, ən dəyərsiz kölələrindən biriyim.
X a n d ə m i r. Baqalım, kimin şərəfinə içəcək.
Ö z d ə m i r. Bən şu mümtaz qədəhi, yalnız qaranlıqlar və ışıqların, yerlər və göylərin, bütün mühit və kainatın şərəfinə içiyorum. Çünki onlar, onların cümləsi, həmahəng olaraq (Afəti göstərir) şu fevqəladə, şu müstəsna vücudu bəsliyor. Əvət, həpsi şu gözəl və füsunkar Afətə qarşı əyiliyor. Hər kəs onu seviyor və alqışlıyor (İçər, məclisdəkilər əl çalar).
X a n d ə m i r. Yaşasın gözəllik! Var olsun Afət...
Ö z d ə m i r (məmnun bir tevr ilə Afətə). Ah, bu şərab əvvəlkilərə hiç bənzəmiyor, iştə sənin əlini öpər-öpməz datı dəyişiyor, o da başqlaşıyor, o da gözəlləşiyor (hər kəs sağ odaya keçər).
A f ə t (ən arqada qalan doktora). Sən get, daha durma!
D o k t o r. Niçin?
A f ə t. Çünki zəhri içirdim (Misafirləri izlər).
D o k t o r (təlaş ilə). Ah, niçin əcələ etdin... (Saatına baqar).
X a n d ə m i r (geri dönər). Niçin gəlmiyorsun?
D o k t o r (onun əlini sıqayır). Müsaidənizlə, getmək istiyorum.
X a n d ə m i r. Gəl, canım, şaşırdınmı?
D o k t o r. Pək mühüm işim var.
Ö z d ə m i r (içəridən). Doktor!.. Doktor Qaratay!..
X a n d ə m i r. Baq, iştə səni arıyorlar.
D o k t o r. Xayır, əfəndim, getməliyim.
Ö z d ə m i r (əlində konyak dolu büyücək bir qədəh gəlir). Doktor! Doktor Qaratay!.. Iştə bu da sənin şərəfinə...
D o k t o r. Aman, nə yapıyorsun? Hiç bu qədəhlə konyak içilirmi? (mane olmaq istər).
Ö z d ə m i r (zəif və acı qəhqəhə ilə). Içilir, əvət, içilir... var ol! (içər və qədəhi bir tərəfə ataraq). Ah!.. (deyə düşüverir).
X a n d ə m i r (içəriyə). Limon gətirin, limon!..
D o k t o r (köksünü dinlər). Hiç bir şey lazım deyil, artıq keçmiş. İştə qəlb xəstəliyi zavallıyı bitirdi...
A f ə t (əlində bir parça limon gəlir). Nə oldu? Bayıldımı?
D o k t o r. Əvət, bayıldı, fəqət bir daha ayılmamaq üzrə bayıldı.
Sükut...
Pərdə
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət