Slimfit
  1. BİOQRAFİYA

Hüseyn Cavid

Hüseyn Cavid
Sakura

Hüseyn Abdulla oğlu Rasizadə - azərbaycanlı şair, yazıçı və dramaturq. Azərbaycan ədəbiyyatında romantizm…

Hüseyn Cavid 1882-ci ildə Naxçıvanın indiki Kəngərli Rayonunun Şahtaxtı kəndində ruhani ailəsındə dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır (1894-1898). 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıdamüəllimlik etmişdir. Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, XX əsr Azərbaycan mütərəqqi romantizmininbanilərindən biri olmuşdur.

Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. "Keçmiş günlər" adlı ilk şeir kitabı 1913-cü ildə çap olunmuşdur. Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır.

Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. Hüseyn Cavid bu dövrdə tədriclə "haq verilmir, alınır" ideyasına gəlib çıxmışdır.

Yaradıcılığında mühüm yer tutan "İblis" (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri - "Insan insana qurddur" fəlsəfəsinin tərəfdarları, "İyirminci əsrin mədəni vəhşiləri" olan dairələri İblis surətində ümumiləşdirilmiş, işğalçı müharibələrə lənət yağdırılmışdır.

1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıtdı.

 

20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. "Peyğəmbər" (1922) və "Topal Teymur" (1925) əsərlərindən sonra yazdığı "Səyavuş" (1933), "Xəyyam" (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu.

Cənubi Azərbaycandakı azərbaycanlıların "şahənşahlıq" üsuli-idarəsi əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi Hüseyn Cavidi düşündürürdü ("Telli saz" dramı, 1930; "Kor Neyzən" poeması, 1930).

Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadanasürgün edilmiş və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində vəfat etmişdir.

Azərbaycan ədəbiyyatının söz və fikir zadəganıdır. Daxili ləyaqəti sənət idealına son dərəcə uyğunlaşmışdı. Bəlkə də bu sənət idealı onun daxili ləyaqətini illər, on illər boyu formalaşdırmışdı. "Gözəllik namına, sevqi namına" yazan böyük sənətkar neft buruqlarından və dəniz qəhrəmanlarından, tarlada səhərdən gecəyədək çalışan əmək qabaqcıllarından tərənnüm dolu süni misraların sayını çoxaltmadı. Azərbaycan yaradıcı fikri bu süni misralar təlatümündə boğulduğu bir zamanda həyatı bahasına olsa da, Cavid öz sənət idealına xain çıxmadı, onu satmadı. Gözəllik və sevgi şairi idi və eləcə də qaldı.

 

Vəfatından sonra

Sovet ideologiyası və rejiminin hakim olduğu bir dövrdə Naxçıvanda qəbul olunmuş qərar hələ heç də hər şey demək deyildi. Onun icrası üçün Kremldə Brejnevin, Lubyankada DTK sədri Andropovun razılığını almaq mütləq şərtlərdən biri idi.

Hüseyn Cavidlə bağlı Moskva müzakirələrindən və razılaşmalarından sonra tarixi qərarın icrası Naxçıvan Vilayət Partiya Komitəsinin katibi Həmid Cəfərova həvalə olunur. 35 ildən sonra Həmid Cəfərov həmin günləri belə xatırlayır:

“Məhz Heydər Əliyevin təşəbbüsü ilə uzaq Sibirin əlçatmaz yerlərindən H. Cavidin cənazəsinin qalıqlarının doğma yurdu Naxçıvana gətirilməsi onun tarixi xidmətlərindəndir.

1982-ci il oktyabrın 3-də Heydər Əliyev Naxçıvanda səfərdə olarkən Cavidin nəşinin Naxçıvana gətirilməsinin əhəmiyyətli olduğunu vurğuladı. 1956-cı il martın 6-da Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə Hüseyn Cavid bəraət aldıqdan sonra onun cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsinə bir neçə dəfə cəhd göstərilsə də, sovet ideologiyasının hökm sürdüyü SSRİ məkanında belə bir məsələnin reallaşması çətin olduğundan, Sibirdəki dəmir seyflərin açılması, “sovsekretno” sənədlərin öyrənilməsi, Cavidin məzarının Sibirdə axtarılıb-tapılması və nəhayət onun Azərbaycana gətirilməsi üçün müvafiq icazələrin alınması o dövrdə həllini tapmamışdı.

Heydər Əliyevin göstərişi ilə 1982-ci il oktyabrın 12-də Naxçıvan Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı qərar qəbul etdi və bu işin icrası Naxçıvan Vilayət Partiya Komitəsinin katibi kimi mənə həvalə olundu. Naxçıvan Vilayət Partiya Komitəsinin qərarından sonra heyət muxtar respublikanın daxili işlər nazirinin müavini, polkovnik Telman Əliyev və SSRİ deputatı Zakir Nəsirovla Sibirə yollandı.

 

1982-ci ildə Naxçıvan Vilayət Partiya Komitəsinin katibi olmuş Həmid Cəfərov həmin günləri belə xatırlayır: “Qərarın icrası məsuliyyətli və çətin olsa da, məhz onun arxasında Heydər Əliyevin adı durduğu üçün heç bir müşküllükdən söhbət gedə bilməzdi. Bu qərarın icra olunmasına bilavasitə Heydər Əliyevin özü rəhbərlik edirdi. Heydər Əliyev “Bakinski raboçi” qəzetinə verdiyi müsahibələrin birində qeyd edirdi ki, o, Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən Azərbaycana gətirilməsi üçün SSRİ kimi nəhəng bir dövlətin “birinci şəxsinə” - Sov.İKP MK-nın Baş katibi Leonid Brejnevə, həmçinin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Yuri Andropovamüraciət etmişdi. Bu məsələni həll etmək üçün SSRİ kimi böyük bir dövlətin rəhbərliyi yanında yüksək nüfuza sahib olmaq və onun icazəsini almaq vacib idi.

Sibirə səfərə göndərilən heyət ilk günündən başlayaraq Cavidlə bağlı bir sıra arxiv sənədləri öyrəndi. Müəyyən edildi ki, Hüseyn Cavid 1941-ci il dekabrın 5-də İrkutsk vilayəti Tayşet rayonunun əlillər xəstəxanasında vəfat edib, Şevçenko kəndindəki qəbiristanlıqda 59 saylı qəbirdə dəfn olunub. Üç gün sonra isə Sov.İKP İrkutsk Vilayət Partiya Komitəsində görüş zamanı Cavidin məzarının yerinin müəyyən edilməsinə, bununla əlaqədar İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndini, 1940-cı illərdə burada yerləşən 21 saylı kaloniyanı və əlillər xəstəxanasını tanıyan adamların tapılmasına sərancam verildi.

Sibirdə olarkən Cavidin sakini olduğu əlillər evinin 1956-cı ildə dağıdılması, Sibirin sıx meşələrindəki Şevçenko kəndinin itib-batması, orada indi heç kimin yaşamaması haqda məlumatlar mövcud idi. Eyni zamanda bildirilirdi ki, 30 dərəcə şaxtada həmin yerlərə getmək həm mümkünsüz, həm də təhlükəlidir. Müəyyən çətinliklərdən sonra zirehli maşınlar 1982-ci il oktyabrın 21-də Tayşet şəhərindən 75 kilometr məsafədə yerləşən Şevçenko kəndinə istiqamət aldı. Bu səfərə rəsmi olaraq partiya, hüquq-mühafizə, ədliyyə, səhiyyə orqanlarının məsul işçiləri qatılmışdılar. 1941-ci ildə Cavidin sakini olduğu islah-əmək düşərgəsində keşikçi dəstəsinin rəisi işləmiş 72 yaşlı Darafiy Tradyakola qətiyyətlə bildiridi ki, Şevçenkoda 40 min insanın dəfn olunduğu qəbiristanlıq dağılmayıb. Heyət oktyabrın 21-də Şevçenko kəndinə çatdı. Kənd 100 hektarlarla ərazisi olan sərt Sibir meşəsi idi. Məzarlıq tapıldıqdan sonra iki saat davam edən axtarış nəticəsində Şevçenko rayon prokuroru Yelena Xaritinova 59 saylı qəbiri taparaq onun açılması üçün sanksiya imzalandı və Cavidin qəbri qazıldı.

Planlaşdırdığı kimi Hüseyn Cavid Şevçenko-Tayşet-İrkutsk-Moskva-Yerevan-Naxçıvan marşrutu ilə Naxçıvana qayıtmalı idi. İrkutskdan Moskvaya uçarkən Heydər Əliyevin göstərişi ilə oktyabrın 26-da 861-ci reyslə Moskvadan birbaşa Bakıya uçmalısınız. Heydər Əliyevin bu tapşırığı ilə marşrut dəyişildi. Buna səbəb Cavidin nəşinin İrəvandan keçməməli olması idi.

1982-ci il oktyabrın 26-da Hüseyn Cavidin nəşi Moskvadan Bakıya, sonra isə Naxçıvana gətirilir. Naxçıvanda - evinin qarşısında dəfn olunur.

Yaradıcılığı

 

Şeirləri

 

Hüseyn Cavidin poeziyası onun romantik şeirlərindən və poemalarından ibarətdir.

İdealla varlıq arasındakı ziddiyyət, ideal həqiqət axtarıcılığına istiqamətlənən xəyallardan yaranan lirik-fəlsəfi düşüncələr Cavid şeirinin başlıca məzmununu təyin edir. Şairin lirik “mən”i qayğılı, narahat düşüncələr və zəngin xəyallarla yaşayan filosof xarakterli aşiqdir:

Xəyal!.. Əvət, yaşadan yalnız əhli-halı odur,

Yaşarsa bir könül, az-çox xəyal içində yaşar.

H.Cavid bədii yaradıcılığa klassik lirika üslubunda yazılmış qəzəllərlə başladığı üçün ədəbi fəaliyyətinin birinci dövründəki şeirlərinin dilində ərəb-fars tərkiblərinə rast gəlinir. Lakin belə ifadələr əsasən lirikada əsrlərdən bəri qanuniləşən “qəmi-hicran”, “zülfü-yar”, “əhli-dərd”, “zənciri-zülf”, kimi anlaşıqlı təsvir vasitələrindən ibarətdir:

Məndən fələk ayırdı vəfapişə yarımı,

Tar etdi zülfi-yar kimi ruzigarımı.

Səbrim tükəndi, yox qəmi-hicranə taqətim,

Hicri-nigar əlimdən alıb ixtiyarımı.

Bir əhli-dərd yoxdu bu viranə şəhərdə,

Tainki şərh edəm ona mən qəlbi-zarımı.

...Hər kəs ki, Salika, çəkib eşqin bəlasını –

Mən eyləməz görəndə mənim ah-zarımı.

Sonrakı illərdə İstanbulda təhsil alması, türk poeziyasını dərindən öyrənməsi onun şeir dilində Anadolu şivəsinə məxsus ifadələrin fəallığını bir qədər artırmışdır. Şairin təhsil illəri zamanı qələmə aldığı “Rəqs”, “Pəmbə çarşav”, “Uyuyur”, “Ah yalnız sən” və s. şeirləri də və 1913-cü ildə Tiflisdə nəşr olunan “Keçmiş günlər” şeir Kitabında toplanan digər nümunələrdə Anadolu şivəsinin müəyyən əlamətləri nəzər çarpır. Lakin İstanbul mühitində ayrıldıqdan sonra şairin əsərlərində Anadolu şivəsinə məxsus əlamətlər get-gedə azalmış, nəhayət, davamlı bir prosesdən sonra təxminən aradan qalxmışdır.

H.Cavidin şeir yaradıcılığının ilk mərhələsində janr baxımından ənənəvi iki üslubluluq özünü göstərir. Şair həmin illərdə həm klassik lirika üslubunda qəzəllər, həm də xalq-aşıq şeiri ruhunda qoşma və gəraylılar yazmışdır. Bu dövrün məhsulu olan “Get”, “Könlümü” rədifli şeirlər, habelə “Hər yer səfalı, nəşəli” şeiri qəzəl formasında, “Xuraman-xuraman” şeiri isə qoşma formasındadır. “Rəqs”, “Uyuyur” və s. şeirlərdə müxəmməs və müsəddəslərin müəyyən əlamətləri müşahidə olunur. Bədii yaradıcılığın başlanğıc mərhələsinə xas olan həmin cəhət sənətkarın fərdi üslub axtarışları dövrü üçün səciyyəvi hal hesab oluna bilər. Çünki elə ilk yaradıcılıq mərhələsinin özündə də Cavidin yeni formalı şeirlər yazdığını asanlıqla müşahidə etmək mümkündür. Türkiyədə təhsil illərində yazılan “Yadi mazi”, “Bir ahi-məzlumanə” şeirlərinin quruluşunda müəyyən orijinallıq vardır. Bu şeirlər hər iki üslubun - klassik lirika və xalq-aşıq lirikası üslublarının qovuşuğundan yaranmışdır. Xalq-aşıq poeziyasında olduğu kimi, şeirlər bəndlərdən ibarətdir. Lakin bəndlərin arasında klassik lirikadakı beytlərə bənzər cüt misralar verilmişdir. Dördlüklər çox vaxt çarpaz qafiyə üsulu ilə, beytlər isə məsnəvi formasmda qafiyələndirilmişdir:

Ey Vətən! Ey könül pərəstarı!

Yar ümidim, qüsura bakmayasan.

Bizə tərcih edib də əğyarı,

Burakıb nari-hicrə yıkmayasan.

Səni bu hala saldı qəflətimiz,

Daha əhv et! Yetər nədamətimiz.

Sonrakı dövrlərdə Cavidin yaradıcılığında belə orijinal quruluşlu şeirlərin sayı getdikcə çoxalmışdır. “Otuz yaşmda”, “Bir rəsm qarşısında”, “Dəniz tamaşası” şeirlərində dördlük bəndlər mənanı qüvvətləndirən və tamamlayan beytlərlə növbələşmişdir. Beləliklə, poetik forma axtarışları H.Cavidin janr sahəsində orijinal üslubunun kəşfi ilə nəticələnmişdir. Hətta bir sıra janrları, xüsusən sonet, türkü və marşları Azərbaycan şeirinə ilk dəfə Hüseyn Cavid gətirmişdir. Şairin “Mən istərim ki”, “Çəkinmə, gül” şeirləri Avropada geniş yayılmış italyan soneti formasında qələmə alınmışdır.

H.Cavid şeirlərini həm əruz, həm də heca vəznlərində yazmışdır. Hər iki vəznə yaradıcı münasibət bəsləyən şair onlara əsaslı keyfiyyət dəyişiklikləri gətirmişdir. O, əruzun klassik lirikadan məlum olan xəfif, həzəc, rəməl, müctəs, müzare, mütəqarib bəhrlərində şeirlər yazmaqla bərabər, həm də həzəc bəhrinin yeni bir növünü yaratmağa müvəffəq olmuşdur. Əruzşünaslar həmin növü “Cavid həzəci” adlandırırlar.

Əsrin əvvəllərində əruzdan hecaya keçmək də şeirdə yeni üslub axtarışından irəli gəlirdi. Heca vəznli şeirə üstünlük verməklə, Hüseyn Cavid bu vəznin Azərbaycan yazılı poeziyası üçün daha da doğmalaşmasına xidmət etmişdir. O, XX əsrin əvvəllərində heca vəzninin müxtəlif şəkillərində qiymətli şeirlər yazmağa müvəffəq olmuşdur.

Orijinal təşbeh və metaforalar, epitet və təkrirlər, monoloq və dialoqlar Cavidin şeirlərində fikrin, mənanın qüvvətli və emosional vasitələrlə ifadəsinə xidmət edir. Cavidin şeirlərində təşbeh yaratmaq üçün təbiət hadisələrilə insan həyatı müqayisə olunur. Şair Qara dəniz sahillərində təsvir etdiyi səksən yaşlı qocanın məğrurluğunu canlandırmaq məqsədilə onu “ulu bir dağ”a bənzədir, bədii obrazın dolğun poetik rəsmini çəkir:

Bu keşakeşdə möhtəşəm, məğrur,

Qoca, səksən yaşında bir sima;

Uca bir dağ möhnətilə vüqur,

Qoca bir türk edib namazı əda.

Vird oxur, Həqqa eylər ərzi-niyaz,

Bəlkə dağ sarsılar, o sarsılmaz.

 

Monoloq və dialoqlar

 

Monoloqlar Cavidin romantik-fəlsəfi üslubunu səciyyələndirən qüvvətli poetik əlamətlərdəndir. Monoloqlara müraciət şairin şeirlərinə romantik üslubun təbiətindən doğan təntənə, fəlsəfi vüsət gətirmiş, lirik qəhrəmanm zəngin duyğu və düşüncələr aləminin açılmasına imkan yaratmışdır. Cavidin yaradıcılığındakı başdan-başa monoloqlardan təşkil olunmuş “Sevinmə, gülmə, quzum”, “Məyus bir qəlbin fəryadı”, “Uyuyur”, “Məzlumlar üçün”, “Neçin” şeirlərində hər bənddəki monoloq konkret fikrin, mənalı bir hikmətin poetik ifadəsinə xidmət edir. “Uyuyur” şeirinin birinci bəndi bahar nəsiminə, sonrakı bəndlərindən hər biri ötuşkən quşlara, günəşə, çiçəklərə, mələyə həsr olunmuşdur. Bahar nəsiminə müraciətlə yazılan monoloqda sevgili məşuqə, çiçəklərə poetik münasibətdən yoğrulan monoloqda dünyanı dərk etmək yolundakı şübhələr, günəşə xitabən deyilən monoloqda “buludlu dünyadakı” qüvvətli işıq, səadət xəyalı tərənnüm olunmuşdur. Sonuncu monoloqda isə lirik qəhrəmanı məşğul edən bütün məsələlər onun “qayeyi-amal” ından doğan xəyallar kimi mənalandırılır:

Uyuyur... Of! Ey bəlalı könül,

Çırpınıb durma! Sən də sus artıq,

Vurma, sus! İştə susdu həm bülbül;

Dur, həyatım da getsə dur azacıq,

Uyuyur çünki aşinayi-xəyal,

Uyuyur çünki qayeyi-amal...

Şeirlərindəki dialoqlar Cavidin lirikasına müəyyən süjet əlamətləri daxil etmişdir. Hətta onun bəzi şeirləri kiçik səhnəciyi xatırladır. “Öksüz Ənvər”, “Çiçək sevgisi” şeirlərində lirik vəziyyətlər şeirin müəyyən hissəsindəki yığcam dialoqlarla ifadə olunmuşdur. Dialoqlar əsasında yaradılmış “Qız məktəbində” şeirindəki poetik mükalimə Gülbaharın nəciblik və ülviliyini mənalandırmağa xidmət edir. Əsl zinəti təmizlik və bilgi olan, altun bilərzikləri ilə deyil, sadə geyimi, aydın, zəngin mənəviyyatı ilə fərdiləşən Gülbahar Cavidin şeir yaradıcılığındakı öksüz ənvərlərin, kiçik sərsərilərin bir növ davamıdır.

Dialoqlar “Qız məktəbində” şeirində dramatik mükalimədən çox təbii şeir misraları kimi səslənir, poetik etirafı ifadə edir:

-Quzum, yavrum! Adınnədir?

Gülbahar.

Pəki, sənin anan, baban varmı?

Var.

Nasıl, zənginmidir baban?

Əvət, zəngin, bəyzadə...

Öylə isə geydiyin geyim neçin böylə sadə?..

“Qız məktəbində” şeiri ümumən Azərbaycan şeirində süjetli lirikanın ən mükəmməl nümunəsi sayılmağa layiqdir.

Şairin lirikasındakı poetik və fəlsəfi ümumiləşmələr fikrin hikmət tutumunu artırmış, aforizm səviyyəsinə yüksəlmişdir. Cavidin lirikasmda hətta elə şeirlər də vardır ki, orada bir-birinin ardınca gələn misraların demək olar ki, hamısı aforizmlərdən yoğrulmuşdur:

Yaşadan kainatı qüvvətdir,

Gücsüzün həp nəsibi zillətdir.

...kim ki, biganədir hüquqə, əvət,

Xain ellərdə məhv olur əlbət.

...Yaşamaq istərsən çalış, çabala,

Rəd olub gurla, bərq olub parla!

Bütün bunlar Cavid lirikasının novatorluğunu müəyyən edir.

 

Poemaları

Hüseyn Cavidin yaradıcılığında poema janrının da özünəməxsus yeri vardır. Şair ilk poemalarını hələ XX əsrin əvvəllərində qələmə almışdır. Cavidin ilk poemaları əsasən lirik-romantik, yaxud romantik-fəlsəfi əsərlərdən ibarətdir. Bu poemaların əksəriyyətində süjet əlamətləri və obrazlar yox dərəcəsindədir. Həmin qəbildən olan poemalar sanki Hüseyn Cavidin lirik-romantik monoloqlarından yoğrulmuşdur. Həyata və insanlara romantik münasibət, bədii və fəlsəfi ümumiləşdirmələr bu poemaların əsas qayəsini müəyyən edir. “Bir ahi-məzlumanə” (1907), “İştə bir divanədən bir xatirə” (1912), “Hübuti-Adəm” (1913), poemalarında epik təsvirlərdən qat-qat çox lirik-romantik düşüncələr öz əksini tapmışdır. Yalnız “Hübuti-Adəm” poemasında Adəm peyğəmbərlə Həvvanın münasibətlərindən alınmış bir məqamın təsviri şairə nəfsin fəlakətləri ətrafında poetik mülahizələr irəli sürməyə imkan vermişdir. “Bir ahi-məzlumanə” poeması “küncü-möhnətdə” bəlaya düçar edilmiş, “ayaq altında paymal olmuş” Vətənin acı halına dərin təəssüf hissləri mənalandırılmış, qeyrət etməyə, himmət göstərməyə çağırış motivləri ifadə olunmuşdur.

Hüseyn Cavidin yaradıcılığında ideya-sənətkarlıq baxımından ən kamil poema “Azər” əsəridir. Poemanı şair hələ 1926-cı ildə Almaniyada müalicə olunarkən yazmağa başlamış, nəhayət, 1928-ci ildə tamamlamışdır.

“Azər” poeması Hüseyn Cavidin Qərbə və Şərqə, eyni zamanda Şərq-Qərb müstəvisində Azərbaycana baxışlarını geniş şəkildə ifadə edən mükəmməl sənət əsəridir. Azərin Qərb və Şərq ölkələrinə səyahətləri yeni tarixi mərhələdə dünya gedişatını öyrənmək, inkişafın ən məqbul yolunu seçmək məqsədini izləyir. Poemada həmin ölkələrin fərqli xüsusiyyətləri haqqındakı düşüncələr Azərin simasmda dünyanı, sivilizasiyaları sintez etmək meylinin ifadəsindən ibarətdir:

Şərq elləri irişilməz “xəyal” için yaşarkən,

Qərb aləmi az da olsa həqiqətdən xoşlanar.

Şərqin sönük duyğusunu afyon ruhu qoşarkən,

Onlar yeni bir silah kəşfini səadət sanır.

Şərq uğraşır yalnız “ölməyim” deyə,

Qərb elləri maildir öldürməyə.

Ya o, ya bu qoşar durar hər bir dilək peşində,

Məqsəd ancaq yarışı yok, bir həyatı xoş bulmaq.

Şərqə görə o diyarda azad ikən düşüncə,

Yazıq!.. Yenə mümkün deyil didişmədən qurtarmaq.

Əsərin əsas qəhrəmanı Azər Cavidin əksər dramatik qəhrəmanlarından fərqli olaraq tarixdən deyil, real həyatdan alınmış bir bədii obrazdır. Azər şairin müasiri, daha çox isə onun özünün proobrazıdır. Azərin yaşadığı mühitə, üzvü olduğu cəmiyyətə, Qərbə və Şərqə baxışları müəllifin şəxsi qənaətlərinin və düşüncələrinin ifadəsidir. Poemanın böyük bir hissəsində Azərin Almaniyaya səfərindən söz açılması, əsərin bir çox bölmələrinin Berlində yazılması ilə Hüseyn Cavidin Almaniyaya gedib orada müalicə olunmasının səsləşməsi də obrazla müəllifin baxışları arasında möhkəm bağlılıq olduğunu aydınlaşdırır. Bütövlükdə Azər həyata və cəmiyyətə yeni nəzərlərlə baxan, dünyada gedən prosesləri obyektiv dərk və təhlil etmək qabiliyyətinə malik olan yeni tipli bədii obrazdır. Mənsub olduğu xalqı və ölkəni mədəni millətlərin cərgəsində görmək arzusu onun səciyyəvi cəhətidir. Azərin Qərbə və Şərqə səfərləri sadəcə səyahət, gəzinti, əyləncə olmayıb, dünyanı öyrənib məmləkətini və millətini irəli aparmaq niyyətlərinin ifadəsidir.

Poemada Hüseyn Cavid Azərbaycanda qurulmuş yeni cəmiyyətə münasibətini də ifadə etmişdir. Əsərin “Səlmanın səsi”, “Inqilab xırsızı”, “İsyan” bölmələrində yeni cəmiyyətin bədii dərki məsələləri ön mövqedə dayanır. Hiss olunur ki, Cavid imkan olduqca yeni cəmiyyətə yaxşı tərəfdən baxmaq meylindən çıxış edir. Səlmanm dilindən deyilən “hər gülşənə vardım, çiçəklər güldü, Sevdalı bülbüllər salama gəldi”, yaxud “Susmuş kamançalar ilhama gəldi” kimi nikbin misralar şairin həmin meylinin əks-sədasıdır. Bununla belə, Cavid bu cəmiyyətin mövcud ziddiyyətlərdən xilas olmasının zəruriliyini də qabanq şəkildə nəzərə çarpdırmışdır. Poemanm “İnqilab xırsızı” bölməsində “inqilab kürkünə girmiş” Şura sədrinin törətdiyi özbaşınalıqların təsviri ilə şair yeni qurulmuş cəmiyyətdəki eybəcərlikləri diqqət mərkəzinə çəkmişdir. Cavid Şura sədrinin alova bürünmüş evini göstərməklə geniş mənada yeni quruluşun yaşamasının mümkünsüz hala düşdüyünü ifadə etmək istəmişdir. Poemadakı kənd Şura sədrinə aid edilən “balıq başdan qoxarmış” qənaəti də, heç şübhəsiz, bütövlükdə o cəmiyyətin ən yuxan təbəqələrinin çürüklüyünə, mənəvi-siyasi iflasa məruz qaldığına açıq işarədir. Hətta poemanın epiloqu kimi düşünülmüş “İsyan” bölməsində ifadə olunan aşağıdakı misralar da sadəcə yeni quruluşun təsdiqi mənasında deyil, daha çox çağdaş gəncliyin quracağı böyük gələcəyin, müstəqil ölkənin dəstəklənməsi kimi başa düşmək, mənalandırmaq lazım gəlir:

Bu gün gəncliyə baksan,

Bir sel kimi hər an

Sağlam, yeni məfkurələr izlər.

Bizlər?

...Bizlər yeniləşsək belə, daim,

Bir əskilik az-çox bizə hakim...

...Onlar qoşacaq, çırpışacaqlar,

Bir çox üçürümlar aşacaqlar.

Lazımsa cəhalətlə güləşmək,

Bir çarə var: ancaq yeniləşmək!

Onlardakı himmət və mətanət

Qırmaclayacaq Şərqi nihayət.

Onlardakı qüdrət və məharət,

Er-gec vercək xalqa səadət.

...Onlar güləcək güldürəcəklər,

Bizdən daha xoş gün görəcəklər!

Janr etibarilə “Azər” lirik-epik poemadır. Əsərdə dramatik ünsürlərdən də istifadə olunmuşdur. Poetik vüsətinə görə “Azər” poeması dastan təsiri də bağışlayır.

Hüseyn Cavidin poemaları Azərbaycan ələbiyyatında romantik-fəlsəfi poemanın inkişafında mühüm rol oynamışdır.

 

Dramaturgiyası

Hüseyn Cavidi ədəbiyyat tarixində ən çox məşhurlaşdıran və ona böyük şöhrət qazandıran dram əsərləridir. O, Azərbaycan romantik mənzum dramaturgiyasının görkəmli yaradıcısı və banisidir.

 

"Ana" faciəsi

Ədibin ilk dram əsəri olan “Ana” mənzum faciəsinin (1910) mövzusu Dağıstan həyatından alınmışdır. Əsərin əsas qəhrəmanı olan qonaqpərvər və məğrur Səlma Azərbaycan ədəbiyyatı üçün yeni tipli Ana obrazıdır. Onun İsmət adlı bir çərkəz qızına nişanlı olan oğlu Qanpoladla bu qıza könül salan Orxan arasında rəqabət vardır. İsmət isə kasıb ailəni təmsil edən Qanpolada sadiq qalır və Orxanın cah-cəlalını rədd edir. Orxan dostu Muradın vasitəsilə Qanpoladı öldürtdürür. Murad təhlükədən xilas olmaq üçün kimliyini bilmədən Səlma xanımın - Ananın evində sığınmaq istəyir. Ana oğlunun qatilini tanısa da, dərin daxili sarsıntılarına, mənəvi iztirablarına, qəzəbinə qalib gəlməyi bacarır. “namərd qonağı” evindən uzaqlaşdımaqla cəzalandıran Ana bu acı, qanlı taleyin səbəbini Allahın qisməti ilə əlaqələndirir:

Get, namərd qonaq, get! Alçaq mültəci!

Get, miskin hərif, get! Cəllad, yırtıcı!

Get, vicdansız kəndini qurtar, yaşa!

Ancaq vicdansızları bəslər dünya!

Get, gözüm görməsin! Uzaqlaş, dəf ol!

Nə haqsızlıq etdinsə Allahdan bul!

Get, çəkil get! Dinsiz, Allahsız xain!

Murdar izin bu torpaqdan silinsin!

Övladının qatilini bağışlamağı bacaran Səlma surəti dünya ədəbiyyatı üçün də təkrarsız bədii obrazdır.

Cavidin “Maral” və “Şeyda” pyesləri nəsrlə yazılmışdır. Hər iki əsərdə şeir parçalarından, lirik elementlərdən istifadə olunmuşdur.

 

"Maral" pyesi

Ailə-məişət planında qələmə alınmış “Maral” pyesi (1912) pulun, sərvətin cəmiyyətdə törədə biləcəyi faciələri əks etdirir. Yaşea çox kiçik olan Maralı altun gücünə özünə arvad etmiş Turxanbəy üçün dünyanm bütün səadəti yalnız para ilə bağlıdır. Muasiri Nadirbəyin mənəviyyat, tərbiyə, sağlam düşüncə haqqındakı fikirlərini o, yad baxışlar kimi qəbul edir. Əsərdəki Nadirbəy - Turxanbəy xətti cəmiyyətdə yenilik və köhnəlik arasında gedən proseslərin çətinliklərini bütün təbiiliyi ilə təqdim edir. Atası Turxanbəyə əks mövqedə dayanan, məhəbbəti, sədaqəti hər şeydən uca tutan oğlu Cəmilin saf romantik düşün-cələri ilə müqayisədə də sərvət əsiri olan Turxanbəy miskin görünür. Ər evində özünü dustaq sayan, sərvət içində nisgilli tale yaşayan Maralın ərinin gənc qohumu Arslanbəyə olan təmiz sevgisi də ona səadət deyil, fəlakət gətirir. Arslanbəyə olan münasibətindən xəbər tutan Turxanbəyin Maralı vəhşicəsinə öldürməsi həmin cəmiyyətdə azad sevgiyə, saf mənəviyyata yer olmadığı fikrini əsaslandxrmağa xidmət edir. Lakin Cavid Cəmillə Humay arasmdakı qarşılıqlı məhəbbətə rəğbətini ifadə etməklə yeniliyin köhnəlik üzərində qələbə çalacağına ümid və inam duyğuları aşılaya bilir.

 

"Şeyda" pyesi

Bakı mətbəə işçilərinin həyatından bəhs edən “Şeyda” (1916) pyesində çətin, ağır həyat tərzinin və azadlıq düşüncəsinin təqdimi ön mövqeyə çəkilmişdir. Digər dram əsərlərindən fərqli olaraq Cavid bu əsərdə realist, həyati məsələlərə geniş yer ayırmışdır. Pyesin ilk səhnələrində mətbəə işçisi Şeydanm azadlıq arzusu ilə çıxış etməsi, fəhlələrə öz hüquqlarını başa salması dramaturqun ictimai mübarizəsinin vəziyyəti və vəzifələri haqqındakı qənaətlərini ifadə etməsinə şərait yaradır. İnqilab ruhlu marşları fəhlələr tərəfindən oxunduğu üçün işdən qovulan, həbs edilən Şeydanın ruh düşgünlüyünə qapılması, dərvişvari həyat keçirməsi mübarizənin axıra çatdırılmasına imkan ver-məyən faktor kimi dəyərləndirilir. Başma min bir müsibətlər gətirilən, qardaşı vərəm xəstəliyindən ölən, ağır iş şəraitində qolunun birini itirən, əslində meydanda tək qalan Qara Musanm intiqam hisləri də cə-miyyəti irəliyə apara bilmir. Bütövlükdə “Şeyda” pyesi üsyankar çıxış-lar etməsinə baxmayaraq, real mübarizə yollarmı tapa bilməyən insanların faciəsini ümumiləşdirir.

 

"Şeyx Sənan" faciəsi

Hüseyn Cavidin “Şeyx Sənan” mənzum faciəsi geniş mənada Azərbaycan dramaturgiyasmm şah əsərlərindən biridir. Bu əsər Cavidin romantik dramlarının zirvəsində dayanır. “Şeyx Sənan” mənzum faciəsi (1914) dini-əfsanəvi şəxsiyyət olan Sənanm məhəbbət macərası əsasında insanm mənəvi ucalığı haqqında yazılmış dramatik üvertura təsiri bağışlayır. Cavid bu əsərində əsl eşqin dini etiqad üzərindəki təntənəsini, bütün buxovları dağıtmaq qüdrətini nümayiş etdirmişdir. Pyesdə müsəlmanlar, müridlər, möminlər mühitində hamıdan ucada dayanan Sənanm baxışlarmda gürcü qızı Xumara olan sevgisindən sonra yaranan dəyişikliklərin timsalında bütövlükdə insanın dəyişməsi prosesi dolğun şəkildə canlandırılır. Bu vaxtadək müqəddəs məbədgahlara və ziyarətgahlara səcdə edən Şeyx Sənan bundan sonra ülvi, uca eşqin böyüklüyünə inam bəsləyir. Şeyxin timsalmda Cavid eşq, yoxsa etiqad, möminlik və ya gerçəklik sualları əsasmda qurduğu süjet, yaratdığı dramatik münaqişə vasitəsilə insanın həqiqət axtarıcılığı, məhəbbəti etiqad səviyyəsinə yüksəltmək səyləri ilə ucala biləcəyinin mümkünlüyünü isbat etmişdir. Əsərdə Sənanın dilindən deyilmiş aşağıdakı misralar da bunu bir daha təsdiq edir:

Kim ki, eşq atəşilə oldu hədər,

Onu yandırmaz öylə atəşlər.

Bəni öldürsələr də bən yaşarım,

Tərk edib xəlqi xaliqə qoşarım.

Əbədiyyət bənim məzarımdır,

Çünki sultani-eşq yarımdır.

Eşq üçün can nisan edən ərlər,

Əbədi bir həyat içində gülər.

 

"Uçurum" faciəsi

    “Uçurum” faciəsi (1919) ilə Hüseyn Cavid yaradıcılığının birinci mərhələsi başa çatır. Mövzusu Türkiyə həyatından alınmış bu əsərdə ədib süni avropalaşmanın, yad təsirlərin milli mənəviyyatla uzlaşmayan eybəcərliklərini əks etdirmişdir.

 

"Afət" faciəsi

     Sovet hakimiyyəti illərində yazılmış “Afət” (1922) faciəsində kübar cəmiyyətinin meşşan əxlaqının mənəvi puçluğu açılıb göstərilmişdir. Afətin doktor Qaratayın yalan vədlərinə aldanaraq, kobud, qaba mənəviyyatca kasıb olan əri Özdəmiri öldürməsi, daha sonra isə özünü məhv etməsi həmin dairənin faciəsi kimi ümumiləşdirilir.

 

"Peyğəmbər" və "Topal Teymur" leze dramları

     Hüseyn Cavidin təkcə yaradıcılığında yox, həm də şəxsi taleyində “Peyğəmbər” və “Topal Teymur” leze dramlarının özünəməxsus yeri vardır. Əvvəla, hər iki əsərdə Cavid ilk dəfə idi ki, tarixi şəxsiyyətə və tarixdən alınmış hadisələrə müraciət etmişdi. Ikincisi isə böyük ədib tarixi mövzuya müasir mövqedən yanaşmışdı ki, bu da dövrün ədəbi tənqidi tərəfindən bir çox hallarda mövcud cəmiyyətlə bağlı yozulduğun-dan Hüseyn Cavid üçün müəyyən çətinliklərə səbəb olmuşdu. Cavid əfəndi həm də Teymurləng kimi bir fatehi və Məhəmməd peyğəmbəri ideallaşdırmaqda günahlandırılmışdı. Əslində isə dramaturqun məqsədi “Topal Teymur” əsərində tiranlığı tənqid etməkdən, “Peyğəmbər”də isə insanın müqəddəslik mərtəbəsinə yüksələ bilməsindən bəhs edirdi. Hər iki əsərdə dramatik vasitələrlə yanaşı, təsvirə, təhkiyəyə də müəyyən yer verilmişdir ki, bu da həmin bədii nümunələrin səhnəyə çıxarılmasını çətinləşdirir. “Peyğəmbər” dramı isə bütövlükdə səhnə üçün nəzərdə tutulmamışdır.

 

"Knyaz" dramı

    “Knyaz” dramında (1929) Cavid müasirliyə daha yaxın idi: Bu baxımdan “Knyaz” faciəsi Cavidin yaradxcılığındakı yeni əhvali-ruhiyyəni əks etdirən əsər kimi ciddi maraq doğurur. Xoş güzəran keçirən Knyazın zorla özünə arvad etdiyi kəndli qızı Casmenin onların qapısında qulluqçuluq edən Marqonun oğlu bolşevik Antonu seçməsi və keşməkeşli hadisələrdən sonra ona qovuşması Cavidin yaradıcılığında möhkəm yer tutan azad sevginin və pak mənəviyyatm təntənəsi motivinin yeni şəraitdə canlandırılmasma xidmət etmişdir. Dramaturq gurlayan inqilab dalğalarmdan xoflanıb Avropaya qaçan knyazın və onun ailəsinin faciəsini də məharətlə ümumiləşdirmişdir.

    Görkəmli Iran şairi Əbülqasım Firdovsinin anadan olmasının min illik yubileyi münasibətilə keçirilən müsabiqədə iştirak edən Hüseyn Cavid 1932-ci ildə “Səyavuş” faciəsini yazib tamamlamışdır. Əsər Firdovsinin “Şahnamə” dastanınin motivləri əsasında qələmə alınmışdır. Lakin Cavid böyük Firdovsini təkrar etməmiş, İran-Turan qarşıdurmasının təsvirindən yaranmış “Şahnamə”dən fərqli olaraq insanların, münasibətlərin yaxınlaşdırılması yollarındakı maneələrin aradan qaldırlmasından söz açmışdı.

 

"Xəyyam" dramı

   “Xəyyam” dramında Cavid böyük şair və mütəfəkkir Ömər Xəyyamın simasında dövrünün fövqünə yüksələ bilən bir romantik qəhrəmanı canlandırmışdır. Xəyyam ayıq şübhələri və həyat eşqi Cavidə sənətkar və cəmiyyət probleminə münasibətini ifadə etmək üçün münasib şərait yaratmışdır. Böyük türk hökmdarı Alp Arslanm və onun oğlu Məlikşahm elmi-ədəbi fəaliyyət üçün yaratdığı münbit mühitin Xəyyam kimi sənətkarlan yetişdirə biləcəyini vurğulayan müəllif sanki məntiqi mənada yeni qurulmuş sovet dövrlərində bütün bunları tapa bilmədiyini vurğulamışdı. Qanlı-qadalı repressiya rejiminin başlanması ərəfəsində irəli sürülən bu ideya xeyirlə şərin əzəli-əbədi mübarizəsinin yeni şəraitdəki əks-sədası kimi səslənirdi.

    Azərbaycan teatrlarında Hüseyn Cavidin dram əsərləri böyük müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. Respublikamızda özünəməxsus prinsiplərə malik Cavid teatrı mövcuddur. Cavidin romantik mənzum dramaturgiyası milli mədəniyyətimizin inkişafma böyük töhfə vermişdir. Rejissorların, aktyorların bütöv bir nəsli Cavid teatrı əsasında yetişib formalaşmışdır.

 

Şeirləri

 

Poeması

 

Qəzəlləri

 

Dramları

 

Məqalələri

 

Xatirəsi

 
Hüseyn Cavidin ev-muzeyi (Naxçıvan)

Şairin anadan olmasının 100 illik yubileyi geniş qeyd olunmuşdur. Naxçıvanda ev-muzeyi yaradılmışdır (1981).

Yubiley ərəfəsində cənazəsinin qalıqları İrkutsk vilayətindən Naxçıvana gətirilib, ev-muzeyinin yaxınlığında dəfn edilmişdir. Naxçıvanda onun qəbri üstündə möhtəşəm məqbərə ucaldılmışdır.

Bakı şəhərinin Yasamal rayonundakı Hüseyn Cavid prospekti onun adını daşıyır.

24 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır[5].

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bu sərəncamından sonra Sumqayıt Dövlət Dram Teatrı Nizami Muradoğlunun dahi Azərbaycan şairi Hüseyn Cavidə həsr etdiyi "Zülmətdə nur" mənzum dramını tamaşaya qoymuşdur. Əsər ilk dəfə 27 martda teatrın səhnəsində göstərilmişdir. Sumqayıt Dövlət Dram Teatrı 25 sentyabr tarixində 50 - ci mövsümünün açılışında da "Zülmətdə nur" əsərinə müraciət etmişdir.

 

Ailəsi

  • Mişkinaz Cavidin həyat yoldaşıdır.
  • Turan Cavidin atasıdır.
  • Ərtoğrol Cavidin atasıdır.
  • Şeyx Məhəmməd Rasizadənin qardaşıdır.
  • Əlirza Rasizadənin qardaşıdır.

 

Əsərləri

  • Hüseyn Cavid. Ana. (dram)
  • Hüseyn Cavid. Maral (faciə)
  • Hüseyn Cavid. Səyavuş (faciə)
  • Hüseyn Cavid. Şeyx Sənan (faciə)
  • Hüseyn Cavid. İblis (faciə)
  • Hüseyn Cavid. Azər (poema)

 

Nəşri

  • Hüsеyn Cavid. Əsərləri. Bеş cilddə. I cild – Şeirləri, “Azər” poeması;
  • Hüseyn Cavid. Əsərləri. Beş cilddə. II cild – Dram əsərləri (“Ana”, “Maral”, “Şeyx Sənan”, “Şeyda”, “Uçurum”);
  • Hüseyn Cavid. Əsərləri. Beş cilddə. III cild – Dram əsərləri (“İblis”, “Afət”, “Peyğəmbər”, “Topal Teymur”);
  • Hüseyn Cavid. Əsərləri. Beş cilddə. IV cild – Dram əsərləri (“Knyaz”, “Səyavuş”);
  • Hüseyn Cavid. Əsərləri. Beş cilddə. V cild – Dram əsərləri (“Xəyyam”, “İblisin intiqamı”), məqalələri və məktubları.

 

Filmoqrafiya

  1. Cavidi xatırlarkən (film, 1982)
  2. Topal Teymur (film, 1983)
  3. Hüseyn Cavid (film, 1988)
  4. Qayıdış (film, 1992)
  5. Səma şairi (film, 2003)
  6. Cavid ömrü (film, 2007)

 

Şeirləri əsasında və şairə ithaf musiqilər

  • Məmmədəli Əliyev - Kor ərəbin mahnısı, musiqisi Fikrət Əmirovundur
  • Elxan Əhədzadə - "Niyə getdin" romansı, musiqisi Eldar Mansurovundur
  • Azər Zeynalov - Şükriyyə, musiqisi Emin Sabitoğlunundur
  • Tünzalə Ağayeva - Gülbahar (Qızlar məktəbində)
  • "Bizim dağlar" oratoriya - solist, xor və böyük simfonik orkestr üçün, musiqisi Məmməd Quliyev

 

Əsərlərinə tamaşalar

  • Akademik Milli Dram Teatrı - "Afət" (iki hissəli faciə, 2004), Mehriban Ələkbərzadənin quruluşunda
  • Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı - Şeyx Sənan (2009), Cənnət Səlimovanın quruluşunda
  • Akademik Milli Dram Teatrı - "Şeyda" (iki hissəli faciə, 2009), Mərahim Fərzəlibəyovun quruluşunda

 

Cavidşunas alimlər və əsərləri

  • Məmməd Cəfər - “Hüseyn Cavid”
  • Əjdər İsmayılov - "Dünya romantizm ənənəsı və Hüseyn Cavid". Bakı: Yazıçı, 1982-ci il, 220 səh.
  • Əjdər İsmayılov - "Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi". Bakı: Elm, 1991, 224 səh.
  • Gülbəniz Babaxanlı - “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” (2010); "Heydər Əliyev və Hüseyn Cavid" (2013)
  • Hüseyn Həşimli – Hüseyn Cavidin lirikası və Avropa poetik ənənələri. Bakı: Elm və təhsil, 2012
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR