Humanitar aksiya: Hacıqabulda qısa müddətdə 11 min nəfərdən çox sakin kütləvi pulsuz tibbi müayinədən…
Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi, Hacıqabul rayonunda da əhalinin kütləvi dispanserizasiyası yüksək fəallıqla davam edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, humanitar aksiya rayon üzrə 53 min 512 nəfərdən çox əhalini əhatə edir. Kənd, qəsəbə və kollektivlərdə aktivliyi təmin etmək üçün kütləvi izahat, təbliğat-təşviqat işləri aparılır.
Rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsi, qəsəbə, kənd sahə tibb məntəqələri müayinələrin mütəşəkkil keçirilməsi üçün müasir avadanlıqlarla təchiz olunub. Qrafikə əsasən, fevralın 12-dən indiyədək 11 min 530 nəfər rayon sakini müayinə olunub. Müayinələri əsasən, terapevt, oftalmoloq, nevropatoloq, stomatoloq, kardioloq və digər tibb mütəxəssisləri aparırlar. Vətəndaşlar ehtiyac olduqda kardioqram, ultrasəs, rentgen, laborator müayinələrdən də keçirilir.
Müayinələr zamanı xəstəlik aşkar olunan sakinlərdən 321 nəfəri ambulator, 60 nəfər stasionar müayinəyə cəlb olunub, 10 nəfər üzərində cərrahiyə əməliyyatı aparılıb. 17 nəfər isə Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb məntəqələrinə göndərilib.
Prezident İlham Əliyevin hər bir Azərbaycan vətəndaşının sağlamlığına qayğıkeş münasibəti sakinlər tərəfindən razılıqla qarşılanır.
Qeyd edək ki, əhalinin kütləvi pulsuz tibbi müayinəsinin yüksək səviyyədə keçirilməsi üçün rayon mərkəzi xəstəxanası ilə yanaşı, 1 kənd xəstəxanası, həkim və tibb məntəqələri də aksiyaya cəlb olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət