“Huawei” şirkətinin əməliyyat sistemi “Hongmeng” adlanacaq
Çinin “Huawei” şirkətinin yeni əməliyyat sisteminin adı “Hongmeng” olub.
AZƏRTAC “Huawei Central”a istinadla xəbər verir ki, şirkət tərəfindən istifadəçilərə bütün “Huawei” və “Honor” smartfon və planşetləri üçün təhlükəsizlik sistemi yenilənmələri, satışdan sonrakı xidmətin göstərilməsinin təmin ediləcəyinə dair zəmanət verilir.
“Linux” əməliyyat sisteminə əsaslanan yeni “Hongmeng” sisteminin adı Çin mifologiyasından götürülüb. Sistem telefon və noutbuklar daxil olmaqla kros-platforma kimi, universal əməliyyat sistemi qismində istifadə ediləcək.
Qeyd edək ki, ötən cümə ABŞ Prezidenti Donald Tramp “Huawei” şirkətinin avadanlığından istifadənin qadağan edilməsi haqqında fərman imzalayıb. Bazar ertəsi məlum olub ki, “Google”, “Qualcomm”, “Intel”, “Broadcom” və ABŞ-ın digər mikroçip və proqram təminatı istehsalçıları Çin şirkəti ilə əməkdaşlığı dayandırıb. “Huawei” şirkəti “Google” servis və proqramlarından, o cümlədən “Google Play” əlavələr mağazası və “Gmail” elektron poçtundan istifadədən məhrum edilib. Bundan başqa, Çin istehsalçısı ABŞ-ın “Google” şirkətinin texnologiya və proqram təminatından istifadə edə bilməyəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət