Slimfit
  1. MƏDƏNİYYƏT

Hörmətsizliyə dözməyib infarktdan ölən əfsanəvi müğənni

Hörmətsizliyə dözməyib infarktdan ölən əfsanəvi müğənni
Sakura

Hörmətsizliyə dözməyib infarktdan ölən əfsanəvi müğənni

28 iyun Azərbaycan musiqi sənətinin əfsanəvi müğənnilərindən Gülağa Məmmədovun doğum günüdür.

Gülağa Məmmədov 1925-ci il iyunun 28-də Lənkəranın Kiçik Bazar məhəlləsində anadan olub.

Kult.az Xalq artisti Gülağa Məmmədovla bağlı 10 maraqlı faktı təqdim edir:

1. O, uşaq ikən qonşuları başına yığıb, mahnılar oxuyarmış. Bir gün təsadüfən küçələrindən keçən dahi bəstəkar Üzeyir Hacıbəyov Gülağanın səsini eşidir və bu böyük istedadı Azərbaycan musiqisinə qazandırır.

2. 12 yaşı olarkən müsabiqədə qalib olur və Moskvada Böyük Teatrda Azərbaycan mədəniyyəti ongünlüyündə iştirak edir. Maestro Niyazinin dirijorluğu ilə “Koroğlu ariyası”nı oxuyur və zaldan gurultulu alqış qopur. Bakıya qayıtdıqdan sonra Üzeyir bəy bunun şərəfinə ona ikiotaqlı ev və təqaüd verilməsinə nail olur.

3. Gülağa Məmmədov 15 yaşına çatanda Böyük Vətən müharibəsi başlayır. Bu dönəmdə o, Şövkət Ələkbərova ilə birgə döyüşçülərin qarşısında, müharibə bölgələrində konsert proqramlarıyla çıxış edir.

4. O, Aliyə adlı qızı sevir, lakin qızın dayısı bu izdivaca mane olur. Çarəsiz qalan Gülağa hiyləyə əl atır. Bir gün sevdiyi qızın pasportunu alır. Sonra Aliyəyə oxşar bir qız tapıb, nikah bağlayır. Gülağa bəy pasportu Aliyəyə qaytaranda qız şoka düşür. Görür ki, artıq Gülağa ilə evlidir.

5. Gülağa Məmmədovla Aliyə xanım uzun illər övlad həsrəti çəkiblər. Hətta həkimlər Aliyənin uşaq dünyaya gətirə bilməyəcəyini deyiblər. Lakin möcüzə baş verib və 1956-cı ildə - evləndikləri vaxtdan on il keçəndən sonra yeganə övladları - Gülarə dünyaya gəlib.

6. Gülarə xanım deyir ki, atası səyahət etməyi xoşlayırdı. “Atamla anam dünyanın az qala yarısını gəziblər”, - Gülarə Məmmədova müsahibələrinin birində deyib.

7. Yaqub Zurufçunu heç kim tanımırdı, məhz Gülağa müəllim onun mahnısını “Ayrılıq” verilişində səsləndirib. Bu mahnıdan sonra Yaqub Zurufçu məşhurlaşıb. O özü də Gülağa müəllimin bu yaxşılığını həmişə qeyd edib.

8. Gülağa müəllim radionun Bədii Şurasının üzvü idi. Şit, bayağı mahnı olanda öz fikrini qəti şəkildə bildirərdi: “Efirə buraxmaq olmaz!” Şuranın digər üzvləri də “baş üstə” deyib onun fikrilə razılaşırdılar. Lakin az sonra həmin mahnı radioda səslənirdi. Bu cür hallar tez-tez təkrarlandığından, o, vəzifədən imtina edir.

9. Xalq artisti Gülağa Məmmədovun nəvəsi Ramiz Pərviz oğlu Taxvelinin adı 2018-ci ildə dəhşətli cinayətdə hallanıb. “Buta Palas”ın art-direktoru Taxveli Ramiz həyat yoldaşı Adelya Taxvelini yaşadıqları evin balkonundan ataraq öldürüb. Hadisəni törədən vaxt onun narkotik maddənin təsirində olduğu bildirilib.

10. Həyat yoldaşının sözlərinə görə, 60 illik yubileyi ərəfəsində ona böyük haqsızlıq olub. Filarmoniyada keçiriləcək yubileyinə digər respublikalardan qonaqlar gələcəkmiş. Lakin son anda Mərkəzi Komitə tədbiri qadağan edib. Belə hörmətsizlik və diqqətsizliklər Gülağa Məmmədova ağır zərbə olub və o, şəkər xəstəliyinə tutulub. Bir gün səhər yeməyindən sonra halı pisləşib. Həyat yoldaşının təkidinə baxmayaraq, işə gedib, çünki orkestrin 60 nəfərlik kollektivi onu gözləyirmiş. Həyətə düşdükdən sonra vəziyyəti daha da pisləşib. Beləcə Azərbaycan musiqi sənətinin unudulmaz ifaçılarından Gülağa Məmmədov 1994-cü il iyunun 7-də infarktdan vəfat edib.

Bonus: Bir gün Gülağa bəy tarzən Hacı Məmmədova qonaqlıq verir. Lakin görür ki, tarzən dostu 5 nəfərlə gəlib. G.Məmmədov vəziyyəti başa düşür. Sakitcə aradan çıxaraq, Hacı Məmmədovun evinə gedir və onun həyat yoldaşına “Məni Hacı göndərib, dedi, 200 manat lazımdır”. Gülağa bəy Hacı Məmmədovun həyat yoldaşından 200 manatı alaraq, məclisə qayıdır və sonda hesabı ödəyir. Beləcə o, dostunun zarafatına belə zarafatyana cavab verir.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR