Slimfit
  1. MEDİA

Hitlerin kreslosunda oturmuş 100 yaşlı azərbaycanlı ilə müsahibə

Hitlerin kreslosunda oturmuş 100 yaşlı azərbaycanlı ilə müsahibə
Sakura

Hitlerin kreslosunda oturmuş 100 yaşlı azərbaycanlı ilə müsahibə

9 may... Bu gün faşizm üzərində qələbənin 75 ili tamam olur. Böyük Vətən Müharibəsində faşizmə qarşı 700 mindən çox azərbaycanlı mübarizə aparıb. Cəbhədə göstərdikləri şücaətə görə onlardan 139-u “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb. Təəssüf ki, bu gün həmin tarixin canlı şahidlərindən çox az insan həyatda qalıb. Onlardan biri də Sumqayıt şəhərində yaşayan 100 yaşlı Böyük Vətən müharibəsi iştirakçısı Mirməhəmməd Əliyevdir.

Mirməhəmməd Əliyevin 100 yaşı ötən ayın 24-də tamam olub. O, bütöv bir əsrin canlı şahididir. 1920-ci il aprelin 24-də Astara rayonunun Şiəkəran kəndində dünyaya gələn M.Əliyev həyatdan ilk zərbəsini hələ 1921-ci ildə, atasını itirməklə alıb. Ailənin bütün yükünü anasının daşıdığını deyən 100 yaşlı qəhrəmanımızın ailəsi yeddi nəfərdən ibarət olub. 

Orta məktəbi Şiəkəran kəndində bitirən qəhrəmanımız təhsilini 1940-cı ildə Lənkəran Pedaqoji Texnikumunda davam etdirir. Texnikumu bitirib müəllim işləməyə başlayan M.Əliyev çox keçmir ki, 1941-ci ilin iyununda könüllü olaraq cəbhəyə yollanır. Müharibədə iştirak etmək üçün ərizə yazan Mirməhəmməd Əliyev iki ay Ələtdə xüsusi kəşfiyyat təlimləri keçdikdən sonra dekabrın 30-da aralarında bir neçə könüllünün də olduğu 10 min əsgərlə birlikdə Novorossiyskə yola salınır. 

Elə hər şey bundan sonra başlayır...

Oxu.Az yüzlərlə azərbaycanlını xilas edən, bir əsrin yadigarı olan Böyük Vətən Müharibəsi iştirakçısı Mirməhəmməd Əliyev ilə müsahibəni təqdim edir:

- Müharibənin ilk günləri yadınızda necə qalıb?

- Çox çətin dövr idi. 1941-ci ilin sentyabr ayının 30-da Krım cəbhəsinə getdik. Ora çatana qədər çox itki verdik. Əsgərlərimiz hissə-hissə gəmi ilə yola salınırdı. Birinci bölük yola düşdükdən iki saat sonra xəbər aldıq ki, almanlar tərəfindən gəmiyə hücum olub. Bir neçə saat gözlədikdən sonra ikinci gəmi yola düşdü, lakin onu da alman əsgərləri batırdı. Neçə əsgərimizi itirdik. Bizim gəmi yola düşəndə hava dumanlı idi. General əmr vermişdi ki, heç kim atəş açmasın. Amma kapitanımız əmrə tabe olmadı və bizə əlimizdəki silahlarla ilk gördüyümüz alman təyyarəsini vurmağı tapşırdı. Əsgərlərimiz iki alman təyyarəsini vurub suya saldı. Elə sahilə çatmağa 10-20 metr qalmış daha yeddi alman təyyarəsi gəmini mühasirəyə alaraq hücuma keçdi. Çıxış yolumuz yox idi. Gəmi sahilə yan alsa da, içərisinə su dolmağa başladı.

- Bəs siz necə xilas oldunuz?

- Yaxınlıqdan keçən qayıqlar bizi gördü. Dəqiq yadımda deyil 5-6 motorlu qayıq idi. Bizi gəmidən çıxarıb sahilə apardılar. Bu hadisədən sonra işıqlı havada Krıma əsgər daşınmasına qadağa qoydular. Çünki alman təyyarələri bütün gəmiləri atəşə tuturdu. Böyük itki verdik, nəhayət, sağ qalan əsgərlər sahilə çatıb xilas oldu. 

- Qarşıda sizi nə gözlədiyini bilmədiyiniz bir yol. Daha sonra nə baş verdi?

- Dekabrın 31-də axşam Krımdan Kerçə gəldik. Günlərlə ac-susuz, yuxusuz qaldıq. Taqətdən düşmüşdük. Məndən başqa müharibəyə könüllü gələn daha üç azərbaycanlı vardı. Onlardan biri Nemət Nemətov idi. Gecəni birtəhər sabah etdik. Səhər açılanda mütləq qalmağa yer tapmalı idik, soyuqda küçədə qalmaq olmurdu. Heç kim bizi evinə aparmaq istəmirdi. Nəhayət, bir qadın bizə təklif etdi ki, onun evində qalaq. O qadının evində neçə gündən sonra bir stəkan isti çay içdik, bir tikə çörək yedik. Bəlkə də, bir gün yatıb yuxumuzu aldıq. Oyandıqdan sonra küçəyə çıxdıq. Küçəyə çıxmaqla əsgərlər bizi fərari zənn edib komendaturaya apardı. Əmr verildi ki, üçümüzü də güllələsinlər.

- Necə xilas oldunuz?

- Allahın rəhmi gəldi. Onların arasında azərbaycanlı bir leytenant var idi. O, bizim azərbaycanlı olduğumuzu biləndə güllələnməyimizə imkan vermədi. Əmri ləğv etdi. Bizə də dedi ki, getməli olduğumuz hərbi hissə bir neçə küçə irəlidəki məktəb binasındadır. Müharibənin nə demək olduğunu ilk dəfə həmin gün, ölüm əmrimiz veriləndə başa düşdüm.

- Əsgər yoldaşlarınızın ölümünü gözlərinizlə görmüsünüz. Müharibənin amansız qanunları xatirənizdə hansı silinməz izlər qoyub?

- Mən bu gün də fərari sayıldıqları üçün gözlərimin önündə güllələnən əsgərlərin meyitlərinin boş səngərlərdə basdırılmasını xatırlayıram. 1942-ci ilin fevral ayı idi. Bizim bölükdə atlara baxan ukraynalı əsgərin ehtiyatsızlığından heyvanlardan biri qaçmışdı. Bu səhvi ona bağışlamadılar. Qaydalar çox sərt idi. Onu başqalarına ibrət olsun deyə, hamımızın gözü önündə güllələdilər. Bu hadisədən sonra günlərlə özümə gələ bilmədim.

- Əməliyyatlarda fərqləndiyinizə görə sizi "Qırmızı Ulduz" ordeni ilə təltif ediblər.

- Mən və daha iki əsgər yoldaşım təltif olunmuşuq. Bunun səbəbi isə hər üçümüzün alman tanklarını yandırmağımız olub. Bir neçə gün sonra əməliyyata başlayacaqdıq. Hərbi hissədən kənarda içərisində maye olan butulkalar tapmışdıq. Əvvəlcə elə bildik ki, araqdır. Sonra əsgərlərdən biri baxıb dedi ki, bu partlayıcıdır. Hardasa 100-dən çox belə butulka tapdıq və çantalarımıza yığdıq. Bir gün sonra əməliyyat başladı və biz dağın arxasında mövqe tutduq. Alman tanklarının yaxınlaşdığını görəndə həmin butulkalardan bir neçəsini atdım. Əsgər yoldaşlarım da mənim arxamca iki-üç partlayıcı atdı. Beləcə, hər üç tank alışıb yanmağa başladı. Tankların içərisində olan alman əsgərlərinin hamısını güllələdik. Silahlarımız onlarınkı qədər çox deyildi. Bizə xüsusi qumbaralar verilmişdi ki, onları tüfənglərin arxasına keçirib atəş açırdıq. Bir dəfə belə atəşlə alman təyyarəsini vurdum.

1942-ci ilin yanvarında və martında Kerçdə ağır yaralandım. Almanlar ağır artilleriyadan atəşə tutdular. Əsgər yoldaşım yanımda öldü. Mərmi bir neçə santimetr fərqlə kənara düşdü və mən ağır xəsarət aldım. Ağrılardan özümdən getmişəm, elə biliblər ki, ölmüşəm. Müalicə üçün hospitala göndərildim. Üç gündən sonra özümə gəldim. Gözlərimi açanda ağrılara dözə bilmirdim. Xeyli iynə-dərman vuruldu və təxminən 15 gün sonra ağrılarım azalmağa başladı. Bir neçə ay müalicə aldıqdan sonra qayıtdım və silahımı götürüb almanlarla döyüşməyə davam etdim. Əmrə tabe olmayıb, əsgər yoldaşlarımdan aralanıb alman səngərlərinə doğru getdim. Alman əsgərləri dayanmadan atəşə tuturdu. Arxadan məni çağırıb, “geri qayıt” desələr də, onlara fikir vermədim. Hələ də bilmirəm ki, o mərmilərdən necə xilas oldum. Allahın möcüzəsi idi. Həmin döyüşdən sonra göstərdiyim şücaətə, yaxşı xidmətə görə “Qırmızı Ulduz” ordeni verdilər. Ağrılarım gücləndiyi üçün yenidən hospitala qayıtdım.

- Deyilənə görə, yüzlərlə azərbaycanlının həyatını xilas etmisiniz.

- Özüm yaralananda hospitalda müalicə aldığım zaman həkimlərlə əməliyyatlara girirdim. İki aya qədər hospitalda qalmışdım. Təhsilli olduğum üçün əsgərlikdə taqım komandiri idim. Hospitalda da həkim məni ön cəbhəyə qaytarmaq istəmirdi. Tibb sahəsindən az-çox başım çıxırdı deyə, cərrahiyyə əməliyyatlarında həkimlərə kömək edirdim. Üç aydan sonra isə çavuş hərbi rütbəsi verdilər. Tibb bacılarına köməklik göstərir, iynə-dərmanlara nəzarət edirdim. Yüzlərlə azərbaycanlı əsgərin ölümdən xilas olmasına kömək etmişdim. Mənim etdiklərimin qarşılığında sözümü yerə salmırdılar. Hospitala gələn azərbaycanlı əsgərlərin böyük əksəriyyətinin ordudan tərxis olunmasına nail olmuşdum. Ordudan tərxis etdirdiyim əsgərlərdən biri gəlib bizim evimizi tapıb, anama minnətdarlıq etmişdi. Mən çox sonra bildim bunları.

- Nəhayət, 1945-ci ildə Almaniya təslim oldu. Amma siz 1947-ci ilə qədər orduda xidmət etmisiniz. 

- Çətin və ağır müharibə dörd il davam etdi. Nəhayət, Berlinə qədər gəldik. 1945-ci ilin may ayında Almaniya təslim olduğunu bildirdi. Biz qalib gəldik. Qələbə sevinci ilə Berlində bir müddət qalmalı olduq. Berlinin dağılmış halını, Hitlerin məhv olmuş kabinetini görmək istəyi bütün əsgərlərdə var idi. Dayana bilməyib binanın ikinci mərtəbəsindəki kabinetə çıxıb Hitlerin kreslosunda oturdum. Masasının siyirtməsində bahalı siqarlar, içkilər qalmışdı. Heyif ki, o zaman fotoaparat olmadığından kabinetdə xatirə fotosu çəkə bilmədim. 

Almaniya təslim olduqdan sonra bizi Yaponiyaya göndərəcəklərini desələr də, Ukraynaya çatanda plan dəyişdi. ABŞ Yaponiyanı bombaladı və biz Ukraynada qaldıq. Lakin Ukraynadakı günlərimiz də yaxşı olmadı. Orada da bir neçə əməliyyat keçirdik. 1947-ci ilə qədər orduda xidmət etmişəm. Daha sonra, nəhayət, tərxis olunub, vətənə qayıtdım. 

- Heç əsgər yoldaşlarınızla əlaqə saxladınızmı? Həmin Nemət Nemətov hardadı?

- İndi çoxu vəfat edib. Mənim də 100 yaşım var artıq, ömür gedib. Əvvəllər əsgər yoldaşlarımızla görüşürdük, xatirələri yada salırdıq. Uzaqda olanlarla məktublaşırdıq. Nemət Nemətov isə biz tərxis olunub Vətənə qayıdanda qatarda bıçaqlanaraq öldürüldü. Təəssüf ki, onun taleyi acı sonluqla bitdi. Əsgər yoldaşlarımın bəzilərinin adını xatlrlaya bilmirəm. Yaddaşım məni yavaş-yavaş aldadır. 

- Vətənə qayıtdıqdan sonra nə etdiniz?

1948-ci ildə Özbəkistanın Qaraqalpaq MSSR-nin Nukus şəhərində xırda ticarətlə məşğul olmağa başladım. Ticarət sahəsində daha yaxşı uğurlar qazanmaq üçün Səmərqənddə ticarət üzrə texnikumu bitirdim. Sənəd aldıqdan sonra Səmərqənddə kiçik bir restoranda müdir kimi çalışmağa başladım, qastronom müdiri oldum. İlk dəfə 28 yaşımda Qazaxıstanda ailə qurdum, iki övladım anadan oldu. 1981-ci ildə Azərbaycana geri qayıtdım. Burada da ticarətlə məşğul olmağa başladım. İkinci dəfə ailə həyatı qurdum və daha üç övlad atası oldum.

Müharibədən sonra çoxsaylı orden və medallarla təltif olunmuşam, təşəkkürlər almışam. Sumqayıtda Veteranlar Şurasının Rəyasət Heyətinin üzvüyəm.

- Azərbaycanın gənc oğul və qızlarına nə arzu edərdiniz?

- Mən beş övlad, 18 nəvə, 14 nəticə sahibiyəm. 1991-ci ildən Sumqayıtda yaşayıram və burada gənclərin nə qədər vətənpərvər olduğunun şahidiyəm. 100 yaşlı, vətəninə xidmət etmiş biri kimi gənclərimizin hər zaman Vətənə böyük məhəbbətlə bağlı olmasını istərdim. Bu gün ölkəmiz sülh şəraitində yaşayır. İstəmərəm ki, gənclərimiz bizim gördüyümüz ağır, acı müharibə illəri yaşasınlar.

Mirməhəmməd Əliyevi çox yormaq istəmirik. Xatirəsində qalanları bizimlə bölüşdüyü üçün təşəkkür edib oradan ayrılırıq.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR